Onu kim unudar...

 

Əziz unudulmaz Müşfiq Səfiyevin xatirəsinə

 

Bu yazını Müşfiq müəllimin qırx mərasimi üçün yazmaq istəmədim. İtirdikdən sonra hər gün andığım, mənalı baxışları, yumşaq təbəssümlü çöhrəsi gözümün önündən çəkilməyən əziz dostum və qardaşımı sadəcə hüzn günü münasibəti ilə anmaq, yada salmaq içimi göynədirdi.

   Onun barəsində keçmiş zamanda yazmaq çətindir, ürəyim gəlmir, aciz qalırım. İndibu sətirləri yazarkən, onun siması canlanır, sanki, onun həlim, azacıq eyhamlı səsini eşidirəm...

   Amansız itkiyə, dözülməz acıya, qəfil gedişə necə sarsılmayasan?!.

   Bu itki, onun ağrısı-acısı hələ çox içimizi yandırıb-yaxacaq, ürəyimizi sızladacaq. Bu ölümə hələ də özümü nə inandıra bilir, nə də barışa bilirəm. Nə qara çərşənbə günü - fevralın 25-də acı xəbəri eşidib şoka düşdükdə, nə də Xocalı faciəsinin ildönümü günündə onu son mənzilə yola salanda buna inana bildim. Ağlım kəsdirmir, ürəyim üzülür, göz gördüyünə inanmırdı - onu necə torpağa tapşırmaq olar?!.

   DAĞ kimi insandı - arxamız idi, QIZIL kimi insandı - gözəl, nəcib, kövrək qəlbli...

   İtirdik, hamımızı qəfil tərk etdi... Səfiyevlər ocağına dağ çəkdi, onu qardaşdan da əziz sayan dostlarını, yaxınlarını, məsləkdaşlarını gözüyaşlı qoyub getdi...

   Elə insanlar, yaxınlar və tanıdıqların olur ki, onların dünyasını dəyişməsi səni müəyyən müddətə kədərə, matəmə salır. Amma Müşfiq müəllimin bizləri vaxtsız tərk etməsi amansız, sarsıdıcı oldu. Ürək parçalayan müsibət oldu. Azərbaycan miqyasında tanınmış ziyalılarımızdan olan Müşfiq Səfiyevin bu fani dünyaya gözlərini yumması yalnız Səfiyevlər ailəsini, əzizlərini, doğmalarını, yaxınlarını deyil, çoxlarını yandırıb-yaxdı, ürəkləri yaraladı...

   Ağrımız hələ də istidir, amma çətin ki, soyusun. Elə bir insanı itirdik ki, onun yarası keçməz, unudulmaz, ürəkdə qaysaq bağlar...

   Ağlarsa analar ağlar,

   Gerisi yalan ağlar...

     Kim Göyərçin ananı ovundura bilər, ana ürəyi sevimli oğlunun itkisinə necə dözsün?

   Sevimli şairimiz Əli Vəkil - Göyçə nisgili, ağrısı içində qovrulan ağsaqqal ziyalımız bu faciəyə, Müşfiq kimi oğlun itkisinə necə tab gətirsin? Min bir məhrumiyyətlərlə, çətinliklərlə özünə ad-san qazanan, Vətən üçün üç oğul böyüdən şair bu ağrı ilə necə yaşasın?!.

   Yeganə təsəllimiz odur ki, Müşfiq müəllim xatirələrimizdə özünü yaşada biləcək, yaddaşımıza iz qoyacaq bir şəxsiyyət idi. Əli müəllim Vətən üçün vətənpərvər, millətsevər, xeyirxah, alicənab, təmiz qəlbli, vəfalı bir oğlu yetişdirmişdi...

   50 yaşı fevralın 11-də tamam olmuşdu. Artıq onu itirməyimizin 50-ci günü yaxınlaşır. Bu günlərin o tayında Müşfiq müəllim vardı. Bu günlər qədər sürətlə keçdi...

   "Ekspress" qəzetinin arxivində Müşfiq müəllimin öz əli yazdığı tərcümeyi-halını tapdım. Onu təqdim etmək istəyirəm: "Mən Səfiyev Müşfiq Əli oğlu 1965-ci il fevralın 11-də İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşam. 1971-ci ildə İrəvan şəhər M.F.Axundov adına orta məktəbin 1-ci sinifinə daxil olunmuşam. Valideynlərimin İrəvandan Bakıya köçməsi ilə əlaqədar 1972-ci ildə Bakı şəhər 39 saylı orta məktəbinin 2-ci sinfinə daxil olmuş 1981-ci ildə həmin orta məktəbi fərqlənmə diplomu ilə bitirmişəm.

   1981-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının neft-mexanika fakültəsinə qəbul olunmuş 1986-cı ildə həmin fakültəni bitirmişəm.

   1986-1989-cu illərdə Səttərxan adına Maşınqayırma zavodunda sex ustası, daha sonra ekspert sahəsinin rəisi vəzifəsində çalışmışam. 1989-1995-ci illərdə Azərbaycanda Rusiyada biznes fəaliyyəti ilə məşğul olmuşam.

   1995-ci ildən indiyədək "Ekspress" qəzetinin "Ekspress-Servis" mətbəəsinin təsisçisiyəm.

   Evliyəm. İki oğlum var..."

   Ailəsinə, ata-anasına, qardaşlarına, yaxınlarına dostlarına böyük dəyər verən insandı. Bu dəyərlər onun üçün önəmli idi, onlar üçün həyatını qurban verməyə hazır idi.

   Gözəl bir ailə başçısı olan Müşfiq müəllim canı-gözü kimi sevdiyi iki oğlunu xalqımızın yüksək mənəviyyatına, adət-ənənələrinə, tarixinə, dilinə sevgi ehtiramla yanaşan övladlar kimi yetişdirirdi.

   Zira Müşfiq Səfiyevin özü Əli müəllimin ailəsində belə yetişmişdi. Əmək fəaliyyətinə sex ustası kimi başlayaraq nəhayətdə, ölkə miqyasında tanınan bir ziyalı şəxs adamı olmuşdu. O, milli-mənəvi dəyərləri biznes maraqlarından üstün tutan adamlarımızdan idi. Milli ruhlu, vətənpərvər olan kəs başqa cür ola da bilməzdi...

   Müşfiq Əli oğlu Səfiyev "Ekspress"in təsisçisi, indisə əbədi qurucusu kimi yalnız sadəcə rəhbər deyildi, doğma yaxın bir insandı - dostumuz idi, qardaşımız idi, himayədarımız idi.

   Əfsuslar olsun ki, "Ekspress" 20 yaşında öz Müşfiq müəllimini itirdi. O, səmimi idi, təmənnasızdı, qəzet sahibi kimi yalnız yalnız milli dəyərləri, dövlətçilik maraqlarını üstün tutan himayəçimiz idi. Redaksiyamızda hamımıza həyan olur, dərdlərimizi eşidir, problemlərimizi həll edirdi. Biz çətin anlarda belə maddi, mənəvi sıxıntılar yaşadıq.

   Redaksiyamızın bütün əməkdaşlarının sevincində kədərində, xeyir-şərində yaxından iştirak edərdi. Bütünlükdə yalnız biz deyil, çox sayda media təmsilçisi Müşfiq müəllimdən umdusa, heç biri rədd cavabı eşitmədi. Jurnalistlər ona hörmət izzətlə yanaşardılar. Müxtəlif tədbirlərdə baş redaktorlar öncə məndən Müşfiq müəllimi soruşardılar. Ona qarşı xüsusi sevgi ehtiramları vardı, dəfələrlə onunla xarici səfərlərdə yol yoldaşı olmuşdular.

   Müşfiq müəllim sözünə sadiq, sözü düz bir adamdı. Əliaçıq, səxavətli bacardığından da artıq xeyirxahlıq edən bir şəxsiyyətdi. Bu onun həyat prinsipi idi. Belə nurlu, işıqlı insanlar az-az rast gəlinir. Müşfiq müəllim mənən ruhən əvəzolunmazdı. Belə dəyərli insanların yeri doldurulmur...

   Çox saf, çox nəcib, şəffaf, ürəyi təmiz səmimi idi, müxtəlif tədbirlərdə, məclislərdə olmağı sevərdi bu zaman öz söz-söhbəti ilə həmişə seçilərdi. Nikbindi, zarafatcıldı, qanı qara olanda belə heç büruzə verməzdi. İnsanlara sevinc bəxş etmək, onları sevindirmək istərdi.

   Mən onun üzündə həmişə təbəssüm gördüm. Hətta çox zamanlar qəzetlə bağlı iradları olanda nöqsanlarımızı yumşaq dillə ifadə edir, yüngül eyhamla kifayətlənirdi. Mən heç zaman onun səsini ucaltdığını görmədim, ondan məzəmmət eşitmədim.

   Bu onun yüksək mənəviyyat, mədəniyyət sahibi olmasından irəli gəlirdi.

   Həyəcan yaratmağa deyil, problemləri həll etməyə çalışardı.

 

   Bununla yanaşı, həyatında prinsipial adamdı, ədalətsizliyi, başdansovdu işi sevməzdi, bu zaman sərtləşə bilirdi. Lakin bu sərtlik uzun sürməzdi, çünki Müşfiq müəllim xasiyyətcə çox mülayim idi.

   Tez-tez zəngləşərdik, vaxtaşırı həftə sonlarında bir yerdə olardıq. Bəzən harasa səfərdən Bakıya qayıdanda "gəl görüşək", - deyə telefon açardı. İşdən, olandan-keçəndən danışardıq. Bəzən hansısa mövzuda polemika düşərdi. Müşfiq müəllim geniş dünyagörüşü sahibi idi. Çox bilgili, intellektual səviyyəsi yüksək idi. Ölkə həyatından tutmuş, beynəlxalq hadisələrə, biznes dünyasında baş verənlərədək hər şeydən xəbərdar olurdu ən əsası, öz mövqeyi, baxışı vardı. İdmandan da danışardıq, elmdən, ədəbiyyatdan da. Şair ailəsində dünyaya göz açdığı üçün sənətə, sənət adamlarına xüsusi maraq sevgisi vardı.

   Yüksək bədii zövqü vardı. Təsadüfi deyil ki, Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış şairimiz Əli Vəkilin 75 illik yubileyi qeyd edilərkən atasının yaradıcılığı ilə bağlı maraqlı çıxış etmişdi...

   O mənim üçün çox əziz idi, qardaş idi. Şəxsən həyatımın ən çətin məqamlarında Müşfiq müəllim mənə həmişə dayaq olub. Xeyir işdə şərdə tək buraxmazdı. İndiyədək şəxsi həyatımda işimdə nail olduqlarıma görə özümü Müşfiq müəllimə borclu sayıram. Bəlkə doğma qardaşları üçün etmədiyi yaxşılıqları bu sətirlərin müəllifi üçün edib. Ona minnətdarlığım sonsuzdur!

       Sən Müşfiqin yanında,

   qalginən sənə qurban,

   İstəsən bu canımı,

   alginən sənə qurban...

       Mikayıl Müşfiqin "Sənə qurban" şeirini bu şeirə yazılmış mahnını çox sevirdi. Bu misralar bizə indi daha çox onu xatırladacaq...

   Müşfiq müəllimi, bu gözəl insanı unutmaq mümkün deyil, imkansızdır. Uca mənəviyyata sahib dostum qardaşımın xatirəsi, şübhəsiz ki, yalnız bəndənizin deyil, çoxlarının, olduqca çox insanın ruhuna işləyib qəlbindədir. orada əbədi olaraq yaşayacaqdır.

   Allah sənə qəni-qəni rəhmət eləsin, torpağın bol olsun, Müşfiq müəllim!

 

   Qəzənfər Həmidoğlu

   Ekspress.-2015.- 11-13 aprel- S.12.