Cümhuriyyət tələbələri

 

I fəsil

Azərbaycan Cümhuryyətinin ali təhsil almaq üçün xaricə göndərdiyi tələbələrin bir qrupu. Paris. 1920-ci ilin əvvəli.

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

   Mehdi bəy Hacınski Azərbaycan Cümhuriyyəti Parlamentində "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. O, 1879-cu il may ayının 24-də Quba şəhərində anadan olmuşdur. M.Hacınski 1905-ci ildə Bakı şəhər idarəsinin üzvü seçilmiş, müsəlman xeyriyyə cəmiyyətlərinin təşkilatçılarından biri kimi fəaliyyət göstərmişdir. Tanınmış teatr xadimi, aktyor və publisist, ictimai-siyasi xadim olan M.Hacınski müasiri Mirzə Ələkbər Sabirlə dost olmuş, şairin ölümündən sonra əsərlərinin nəşrində yaxından iştirak etmişdir.

   Mehdi bəy Hacınski Məhəmməd Əmin Rəsulzadənin və Mirzəbala Məmmədzadənin yaxın silahdaşlarından biri olmuşdur. O, 1917-ci ildə "Müsavat" partiyasına daxil olmuş, partiyanın Bakı bürosunun tərkibinə seçilmişdir.

   1918-ci il may ayının 27-də Milli Şuranın Azərbaycan istiqlal bəyannaməsini qəbul etmiş 26 üzvündən biri də məhz M.Hacınskidir. M.Hacınski Azərbaycan Parlamentinin Rəyasət Heyətinin katibi vəzifəsində çalışmışdır.

   Sovet hakimiyyəti illərində bir çox ziyalılar kimi, Mehdi bəy Hacınski də Mir Cəfər Bağırovun himayəsi ilə əhatə edilmişdi. Keçmiş müsavatçı və parlament deputatı Azərbaycan SSR məhkəmə xadimlərinin birinci qurultayında xalq hakimləri şurası rəyasət heyətinin üzvü seçilmişdir. Sonralar Azərbaycan SSR Ədliyyə Komissarlığında təlimatçı vəzifəsində işləmişdir.

   Ömrünün son bir neçə ilini M.Hacınski Naxçıvan torpağında keçirmişdir. O, burada xalq ərzaq komissarı, xalq maarif komissarının müavini, Naxçıvan MSSR Ali İqtisadi Şurasının üzvü vəzifələrində çalışmışdır.

   Mehdi bəy Süleyman oğlu Hacınski 1941-ci ilin iyun ayında 62 yaşında dünyasını dəyişmişdir.

   ***

   Qarabəy Qarabəyov parlamentin "İttihad" fraksiyasının üzvü idi. O, 1873-cü il yanvar ayının 14-də Yelizavetpol (Gəncə) quberniyasının Yuxarı Ayıblı kəndində anadan olmuşdur. İlk təhsilini Şəmkir alman-rus litseyində almışdır. Daha sonra Tiflis klassik gimnaziyasına daxil olmuşdur. 1982-ci ildə Moskva Universitetinin tibb fakültəsinə daxil olmuş və 1896-cı ildə ali məktəbin son kursunda Qara bəy çar Rusiyasının məmurları tərəfindən siyasi fəaliyyətinə görə həbs edilmişdir.

 

   Birillik həbsxanada cəza çəkdikdən sonra təhsilini Yuryev (Tartu) universitetinin tibb fakültəsində davam etdirmişdir. 1899-cu ildə tam ali savad aldıqdan iki il Moskvada işlədikdən sonra 1901-ci ildə Bakıya qayıtmış, müstəqil həkim kimi fəaliyyət göstərmişdir. Q.Qarabəyov Bakı şəhərində ilk dəfə olaraq, zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açmışdır.

   Qarabəy Qarabəyov birinci rus inqilabı dövründə ictimai fəaliyyət meydanına atılaraq, 1905-ci il avqustun 15-də Nijni Novqorod şəhərində keçirilmiş Rusiya müsəlmanlarının birinci qurultayında iştirak etmişdir. O, həmçinin "İttifaqi-müslimin" təşkilatının rəhbərlərindən biri olmuşdur.

   1908-ci ildə İstanbula gələn Q.Qarabəyov burada "Səadət" adlı təşkilat yaratmış, 1911-ci ildə Bakıya qayıtdıqdan sonra həkimlik və publisistik fəaliyyətini davam etdirmişdir. "Haqq yolu" adlı jurnal, Azərbaycanda ikicildlik türk-rus lüğətinin nəşri də onun adıyla bağlıdır. Birinci dünya müharibəsi dövründə Q.Qarabəyov müsəlmanlardan ibarət "Vəhşi diviziya" alayının baş həkimi olmuşdur. Ordudan təxris olunandan sonra "Kaspi" və "Yeni həyat" qəzetlərinin baş redaktoru kimi fəaliyyət göstərmişdir.

   Qarabəy Qarabəyov 1919-cu ilin aprelində "İttihad" partiyasının sədri seçilmişdir.

   Aprel inqilabından sonra "İttihad" partiyasının sədri həbs olunmuş, Nəriman Nərimanovun işə qarışması nəticəsində azad edilərək, Moskvaya köçmüş, Rusiya Fövqəladə Komissarlığının xəstəxanasında həkim işləmişdir. Eyni zamanda, komissarlığın işlər idarəsində tərcüməçilik etmişdir. Azərbaycan Cümhuriyyəti Parlamentinin sabiq üzvü ömrünün on ilini Özbəkistanın Səmərqənd şəhərində keçirmiş, şəhərin vərəm sanatoriyasının baş həkimi vəzifəsində çalışmışdır. 1936-cı ildə "panislamist" damğası ilə on il müddətinə Maqadan vilayətinə sürgün edilmişdir.

   Kəşməkəşli və əzablı bir yol keçmiş Qarabəy Qarabəyov 1953-cü ildə 80 yaşında Səmərqənddə vəfat etmişdir.

   ***

   Azərbaycan Cümhuriyyəti Parlamentinin "Sosialistlər" fraksiyasının üzvü Pepinov Əhməd bəy Ömər oğlu 1883-cü ildə Gürcüstanın Axalkələk mahalının Bolazur kəndində anadan olmuşdur. Tiflis gimnaziyasını bitirmiş, sonra isə Moskva universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. 1918-ci ildə ali təhsilini başa vuraraq, Bakıya qayıdan Əhməd bəy Pepinov siyasi fəaliyyəti ilə də fərqlənmiş, Zaqafqaziya seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. XI Qırmızı Ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla birlikdə danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdi.

   Aprel işğalından sonra Ə.Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmiş, ömrünün son illərində Qazaxıstan SSR maarif nazirinin müavini vəzifəsində çalışmışdır. 1938-ci ildə repressiya qurbanı olmuşdur.

   ***

   Azərbaycan Cümhuriyyəti Parlamentinin "Sol müstəqillər" fraksiyasını təmsil edən Abdulla bəy İsmayıl oğlu Əfəndiyev 1873-cü ildə Şəkidə ruhani ailəsində anadan olmuşdur. Yelizavetpolda (Gəncədə) sənət məktəbini bitirmiş, Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda ali pedaqoji təhsil almışdır. 1898-1920-ci illərdə Bakıda müxtəlif məktəblərdə müəllim və müdir işləmişdir. Qafqaz müsəlman müəllimlərinin birinci (1906-cı il) və ikinci (1907-ci il) qurultaylarının işində fəal iştirak etmiş, Süleyman Sani Axundov və Fərhad Ağazadə ilə birlikdə yeni əlifba layihəsini müzakirəyə çıxarmışdır. Əfsuslar olsun ki, aprel işğalından sonra onun taleyi barədə heç bir məlumat yoxdur.

   ***

 

   Yuxarıda haqqında bəhs olunan komissiya üzvləri Azərbaycan Maarif Nazirliyində tələbələrin seçilməsi məsələlərilə məşğul idilər. Bu sahədə Maarif Nazirliyinin nəzdində olan "Yaşıl qələm" cəmiyyətinin də rolu böyük idi. Azərbaycan Cümhuriyyəti dövrünün həqiqətən "yazıçılar birliyi" olan bu cəmiyyətin təsis toplantısı 1919-cu il avqust ayının 26-da keçirilmişdi. Təsis yığıncağında Seyid Hüseyn, Məhəmməd Ağaoğlu, Ümmugülsüm, Əli Yusif, Mirzə Bala Məmmədzadə idarə heyətinə seçilmişdilər. Seyid Hüseyn yekdilliklə sədr olmuşdu. Cəmiyyətin iclaslarında Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Hüseyn Cavid, Əhməd Cavad, Cəfər Cabbarlı, Salman Mümtaz, Abdulla Şaiq və başqaları iştirak edirdilər.

   Avropa ölkələrinə 100 nəfər soydaşımızın ali təhsil almağa göndərilməsində "Yaşıl qələm" də yaxından iştirak edirdi. "Azərbaycan" qəzetinin 1920-ci il 13 yanvar tarixli sayındakı bir yazıda göstərilirdi ki, tələbələrin birinci partiyası yanvarın 14-də Bakıdan yola düşəcəkdir. Həmin qəzet səhifəsində "Yaşıl qələm" cəmiyyətinin tədbiri haqqında da məlumat verilir: ""Yaşıl qələm"də Avropaya gedənlərin şərəfinə çay məclisi tərtib edilmişdi. Üzvlərindən başqa, osmanlı şair və mühərrirlərindən Feyzulla Sacid, Rəşid Sürəyabəniz və Məhəmməd Əmin Rəsulzadə dəxi məclisdə hazır idilər. Məclisi "Yaşıl qələm"in üzvü şair Salman Mümtaz əfəndi idarə edirdi. Nitqlər söyləndi, şeirlər oxundu. Sabahı gün stansiyaya gedib Avropaya gedənləri yola saldılar. Salman Mümtaz mütəfəriq olan (bir kənara çəkilmiş mənasında - T.Q.) 30 nəfər tələbəni bir araya topladı və "Yaşıl qələm" üzvlərilə böyük bir süfrə açdı. Çaylar içildi, nitqlər söylənildi".

   "Azərbaycan" qəzetinin 1920-ci il 17 yanvar tarixli sayında "Yola salınma mərasimi" belə təsvir olunur: "Yanvarın 14-də xarici ölkələrə ali təhsil almağa göndərilənlərin böyük bir hissəsi yola salındı. Sürət qatarı səhər saat 8.48-də vağzaldan tərpənəcəkdir. Ancaq saat 7-dən vağzala çoxlu adam yığışmışdır. Vağzala həmçinin parlament üzvləri gəlmişlər. Onların arasında Məhəmməd Əmin Rəsulzadə, İbrahim bəy Əbilov, Səməd ağa Ağamalıoğlu, Aslanbəy Səfikürdski, Abbasqulu bəy Kazımzadə, Əhməd bəy Pepinov və başqaları vardı. Vağzalın 2-ci zalında çay süfrəsi açılmışdı. Süfrə arxasındakılardan M.Ə.Rəsulzadə, İ.Ədilov, A.Səfikürdski, P.Mürsəlzadə və başqaları çıxış edərək, tələbələrə uğurlu yol və təhsildə müvəffəqiyyət arzuladılar. Sonra tələbələr onlar üçün nəzərdə tutulmuş vaqona qalxdılar. Vaqonun qapıları Azərbaycan bayraqları ilə bəzədilmişdir, hamının əhval-ruhiyyəsi yüksəkdir. Vaqonun içərisindən tarın səsi ətrafa yayılır, segah çalınır. Nəhayət, üçüncü zəng çalınır və qatar "Segah" sədaları altında yola düşür. "Yaşasın Azərbaycan!" şüarı ucadan səslənir".

   Tələbələri aparan qatarı Azərbaycanın dəmir yolu boyu yerləşən şəhər və rayonlarının əhalisi də hərarətlə salamlayırdılar. "Azərbaycan" qəzetində (1920-ci il, fevral, H20) tələbələrin qatardan Gəncə şəhər valisinə ünvanladıqları teleqramın mətni dərc olunmuşdur. Burada deyilir: "Avropa ölkələrinə ezam olunan Azərbaycan tələbələrinin sonuncu dəstəsi Gəncə stansiyasından keçərkən Azərbaycanın bu qədim mərkəzinin qapısı qarşısında baş əyir və Gəncə əhalisinə səmimi salamlar göndərir".

   "Azərbaycan" qəzetinin 1920-ci il mart-aprel saylarında tələbələrin Türkiyədən, İtaliyadan, Fransadan məktubları dərc olunmuşdur. Qəzetin 1920-ci il 23 aprel tarixli sayında "Tələbələrimiz xaricdə" başlığı ilə verilmiş xəbərlərdə deyilir ki, Paris şəhərinə çatan tələbələr Əlimərdan bəy Topçubaşov tərəfindən səmimiyyətlə qarşılanmışdır. O, tələbələrə müraciətlə böyük nitq söyləmişdir. Tələbələr Paris şəhərindən Avropanın müxtəlif ölkələrinə yollanmışlar. Əfsuslar olsun ki, bu, aprel ayında sonuncu məktub idi.

   Aprelin 27-də Şimaldan Azərbaycan ərazisinə daxil olan zirehli rus qatarı tələbə qatarlarının qəsdinə durdular.

   Bəs bu 100 nəfər kimlər idi?..

 

   (ardı var)

 

  Teyyub QURBAN

   Ekspress.-2015.- 18-20 aprel- S.15.