Kimin naxışı tutdusa, tutdu...

 

Aktyor Möylə Mirzəyev: "Bizim sənətdə bəxt məsələsi deyilən bir şey var"

 

Musiqili Teatrda rejissor Cənnət Səlimovanın quruluşunda hazırlanan "Məşədi İbad" tamaşasında Rüstəm bəy obrazının ifaçısı Möylə Mirzəyevi səhnədə izləyərkən elə təəssürat yaranırdı ki, sanki o, Gülçöhrəni deyil, öz doğma qızını evləndirməyə hazırlaşır.

   Sən demə, Musiqili Komediya Teatrının aktyoru Möylə Mirzəyev, doğrudan da, qızının toy tədarükünə hazırlaşırdı. Elə aktyorla söhbətimiz də qızının toyundan bir neçə gün sonra baş tutdu...

       - Sənətdəki ilk addımlarınızı OperaBalet Teatrında çətin bir dövrdə atmışdınız. O günləri necə xatırlayırsınız?

   - 1990-cı illər tariximizə çətin illər kimi yazılıb. Müstəqillik əldə etmək istəyən mütləq savaşmalı idi, qan bahasına olsa da, istəyinə çatmalı idi. Ölkəmiz çox ağır itkilər verdi, ancaq qazandı. O çətin günlərdə bütün sahələrdə gərginlik hökm sürürdü, çətinliklər çox idi. Təəssüflər olsun ki, o gərgin dövr bizim nəslin gənclik illərinə düşdü. Bəlkə daha çox görə bilərdik, ancaq yaşanan çətinliklər sanki həvəsimizə əngəl oldu.

   1998-ci ildə Musiqili Komediya Teatrına gəldim. Sonralar teatr aləmində canlanma yaranmağa başladı.

   Bizim sənətdə bəxt məsələsi deyilən bir şey var, kimin naxışı tutdusa, tutdu.

   - Siz özünüzü bəxti gətirən aktyor sayırsınızmı?

   - Zənnimcə, yox...

   - Ancaq Sizi şanslı da saymaq olar, Musiqili Komediya Teatrında bir vaxtlar ustadlarla tərərfmüqabili olmusunuz, heç vaxt rol iddianız olmasa da, ən maraqlı obrazlara səhnə həyatı vermisiniz...

   - Bu baxımdan haqlısınız. Heç bir vaxt rol iddiasında olmamışam, rejissorlar məni hansı rolda görüblərsə, sözsüz-sovsuz qəbul edərək oynamışam. Əsas rolları necə həvəslə oynamışamsa, epizod rola da eyni həvəslə yanaşmışam. Hacıbaba Bağırovun dövründə əsas rollarda oynayırdım. Böyük sənətkar idi, onu heç bir vaxt unutmuram, nə qədər nəfəsim var, unutmayacağam da. Onunla eyni səhnəni paylaşmaq, canlı səhnədə ünsiyyət qurmaq, tərəfmüqabili olmaq bizim nəsil üçün böyük məktəb idi. Bir məqamı xüsusilə diqqətinizə çatdırmaq istərdim. Sənət hər zaman bir nəslin içindən yetişən, tarixə düşən ustadların, fədakar insanların sayəsində bu günlərə gəlib çıxıb. Misal üçün, Nəsibə Zeynalova, Bəşir Səfəroğlu və Lütfəli Abdullayevin dövrünü götürək. Onların hər biri ilə bir səhnəni paylaşmaq şərəfinə nail olanlar o günləri hər zaman fəxrlə xatırlayırlar. Şəxsən mən də Nəsibə xanımla məşqlərdə qarşılaşmışam. Sonra başqa bir nəsil səhnəyə gəldi, Hacıbaba Bağırov, Səyavuş Aslan, Ofeliya Aslan, Afaq Bəşirqızı və başqaları. Yəni, bu aktyorların hər biri öz dövründə çox böyük işlər gördü, onların hər birinin sənətdə öz çəkisi var idi. Bəxtim onda gətirdi ki, onların hər biri ilə tərərfmüqabil oldum, çiyin-çiyinə çalışdım...

   Həm də böyük-kiçik yeri var idi. Ağsaqqal, ağbirçək sözü boş söz deyil, bu məqama mütləq diqqət edilməlidir. Ağsaqqal o adama deyilir ki, həmin insan artıq müəyyən bir ömür yaşayıb, həyatı görüb, yaşadığı həyatda qarşılaşdığı çətinliklərdən təcrübə qazanıb, artıq çıxdığı yolda gedəcəyi istiqaməti bilir və bildiklərini də gənc nəslə öyrədir. İnsan ömrü nədir ki, 70-80 il, bəlkə az görünə bilər, ancaq bu qədər il təcrübədir artıq. Biz sənəti sənətdə fədakarlıq edən ağsaqqallardan öyrəndik, artıq onlardan öyrəndiklərimizi öyrətməyə çalışırıq.

 

   - Artıq sizlərin üzərinə böyük məsuliyyət yükü düşür...

   - Doğrudur, bu, çox böyük məsuliyyətdir. Bizim nəsil ağsaqqallara böyük hörmət göstərirdi. Doğrudur, hər dövrdə laqeydlik olub, ancaq böyük-kiçik yeri bilinməyən yerdə bir qədər çətinliklər olur...

   - İndi böyük-kiçik yeri bilinmirmi?

   - Sanki cılızlaşma gedir, səhlənkarlıq çoxdur. Bir misal çəkim. Rəhmətlik Xanım Qafarova ilə uzun illər tərəfmüqabili olmuşam. Bu baxımdan Süleyman Ələsgərovun "Hərənin öz ulduzu" tamaşasının adını çəkə bilərəm. Həmkarlarımızdan Xanım, Elçin başqaları gənc yaşlarında dünyalarını dəyişdilər, ancaq yaşadıqları ömrü sənət üçün fəda etdilər.

   - Bildiyimə görə, "Hərənin öz ulduzu" uzun illər repertuardan düşməyib...

   - 17 il repertuarda oldu. Çox baxımlı bir tamaşa idi, tamaşada olan səmimiyyət tamaşaçını xüsusilə cəlb edirdi.

   İndi repertuardan çıxarılsa da, Əliqismət müəllimdən (Əliqismət Lalayev - red.) xahiş etmişəm, inşallah qastrollara aparacağam. Bunu deyim ki, bu tamaşa ilk dəfə təqdim edildiyi zaman dirijoru Süleyman Ələsgərov idi. Hər birimizə xatirə olaraq öz kitabını hədiyyə etmişdi, həmçinin xanımlara ətir, kişilərə qələm vermişdi.

   - Bu tamaşanın uzun müddət repertuarda qalması dövrün nəbzini tutmasında, səmimiliyində idi...

   - İstər teatrda, istərsə kinoda təbliğat elə qurulmalıdır ki, orda hər şey şəffaf olsun. Məsələn, SSRİ dövründə kənddən şəhərə gələn axının qarşısını almaq məqsədilə ilk növbədə kəndin mədəni həyatına diqqət ayrılırdı həmin mövzuya aid elə əsərlər yazılır, tamaşalar hazırlanır, filmlər çəkilirdi ki, bu da birbaşa təbliğat xarakteri daşıyırdı. Yəni, tamaşaçı, tutaq ki, filmə baxarkən tamamilə dərk edirdi ki, əslində insan yaşadığı hər yerdə öz xoşbəxtliyini tapar ən əsası kənddə tapmaq mümkündür, orda da hər sahədə işçi qüvvəsinə ehtiyac var. Bu baxımdan "Hərənin öz ulduzu" tamaşasının tərbiyəvi əhəmiyyəti böyük idi.

   - Sizcə hazırda belə əsərlərə ehtiyac yoxdurmu, şəhərlərə axın indi daha güclənib. Yeri gəlmişkən, Türkiyədə çəkilən filmlərin, serialların əksəriyyəti məhz kənd mövzusu üzərində qurulub...

   - Türkiyə filmlərini, seriallarını mən izləyirəm, daha doğrusu, mövzu baxımından diqqətimi çəkənlərə mütləq baxıram. Eksperiment tamaşalarına da baxıram, xüsusilə Kamal Sunalın oğlu Ali Sunalın teatrının ("Güldür, güldür" red.) hazırladığı tamaşalar (sketçlər- red.) çox maraqlıdır. Ancaq fikrimcə, bizdə olan aktyor potensialı onlarda yoxdur. Söhbət sadəcə çalışdığım Musiqili Teatrın aktyorlarından getmir, eyni zamanda Milli Dram Teatrının aktyorları, Gənc Tamaşaçıların aktyorları s. hər birində güclü potensialı olan aktyorlar var.

   - Maddi durum baxımından kinoda, seriallarda bir qədər geri qalırıq. Ancaq teatrlarımız heç başqa ölkələrin teatrlarından geri qalmır...

   - Serialların zəifliyindən, problemlərindən çox danışmaq lazımdır. Çünki danışmasaq, o problem haqqında düşünən, onun səbəblərini həlli yollarını axtaran olmaz. Ola bilsin ki, 5-6 il sonra seriallar üçün yaxşı aktyor potensialı olacaq, ancaq hazırda yoxdur. Hazırda seriallara sənətə dəxli olmayanlar çəkilir. Çünki sənətə dəxli olmayan qonorar istəmir, sadəcə məhşurlaşmaq, tanınmaq istəyir, yəni ucuz şöhrət dalınca qaçırlar. Ancaq peşəkar seriala dəvət olununca qonorar istəyir. Bu onun haqqıdır. Məhz qonorar verməmək üçün qohumunu, əqrəbasını, qonşusunu seriala çəkir ki, nəticədə ortaya keyfiyyətsiz çıxır. Ancaq əcnəbi ölkələrdə seriallara pul qoyulur, pul götürülür. Çünki ortaya çıxardıqları keyfiyyətlidir bütün dünyanın diqqətində dayanır.

 

   - Deyəsən, bizdə belə maraqlar yoxdur. Serialı çəkən rejissorların çoxunun teatrlarla heç bağlantısı olmur. Əvvəllər film çəkilişinə dəvət olunan aktyorların seçimi teatrlarda aparılardı...

   - Doğrudur, teatra gəlmirlər. Ona görə mətni oxuduqları zaman rəsmi, pafoslu alınır. Obrazları bəzəyə bilmirlər, rəngləndirə bilmirlər. Rejissor fikri yox, operator fikri yox, sadəcə mətni üzündən oxuma var, belə serial olar?!.

   - Seriallara dəvət olunmusunuz?

   - "Aramızda qalsın" serialının son bölümünə dəvət etmişdilər. Ata obrazı yaratdım, Natiq Fərzəliyev oğul, mən onun atası rolunda çəkildim, yüksək reytinq toplamışdı. Hətta hamı elə bilirdi ki, davamı da çəkiləcək, deyəsən, çox maraqlı alınmışdı ki, davamını gözləyirdilər. Aktyora yeriş öyrədilməməlidir, aktyora sadəcə vəziyyəti anlatmaq lazımdır. Kino gözlərin oynamağını, mimikaları, jestləri sevir. Ancaq ən çətini teatrdır, çünki burda artıq canlı ünsiyyətdir. Bu baxımdan teatrdakı aktyor potensialı seriallara cəlb edilməlidir.

   - Siz komediya janrındakı əsərlərdə rol alırsınız, ancaq dramatik səpgili aktyorsunuz...

   - Doğrudur, mən Hacı Qaranı oynamaq istərdim, onun fəryadını verərdim. Bütün var-dövlətini itirmiş Hacı Qaranın fəryadını səhnədə sözün həqiqi mənasında yaşamaq istərdim. Məşədi İbad obrazı da çox düşündürücüdür. Onun da yaşantısını, başına gələn hadisələri elə təqdim edərəm ki...

   - Ancaq "Məşədi İbad" tamaşasında Rüstəm bəy obrazını oynadınız...

   - Çox xoşbəxtəm ki, dahi Üzeyir bəy Hacıbəylinin iki əsərində rol almışam. "Ər arvad"da Şeyx Kərbəlayi, "Məşədi İbad"da Rüstəm bəy obrazını oynadım, hər iki rolum maraqlıdır, xarakter rollarıdır.

   - "Məşədi İbad"da maraqlı aktyor heyəti olsa da, yaş məhdudiyyəti baxımından bir uyğunsuzluq vardı. Məsələn, Rüstəm bəyin ətrafı daha güclü seçilə bilərdi...

   - Əslində məni düşündürən sualı verdiniz. Rüstəm bəy, Qoçu Əsgər yaşlarına uyğun seçilib, ancaq digərlərin əksəriyyəti çox gəncdir, talantlı gənclərimizdir, ancaq yaş uyğunsuzluğu var. Elə şeylər var ki, orda mütləq hər xırda detala fikir vermək lazımdır.

   - Səhnədə Rüstəm bəy olaraq qızınız Gülnazı ərə verir, həyatda isə Möylə Mirzəyev olaraq öz qızınızın toy hazırlıqları ilə məşğul idiniz. Bu Sizdə necə bir duyğu yaradırdı? Yeri gəlmişkən, qızınıza xoşbəxtlik, ailə səadəti arzulayırıq, xeyirli-uğurlu olsun.

   -Çox sağ olun, necə deyərlər, subaylar üçün olsun. Sualınıza gəldikdəsə, deyim ki, hər ikisi çox gözəl duyğudur, hər ikisi məsuliyyətdir. Fürsətdən istifadə edib teatrımızın rəhbərliyinə, kollektivinə minnətdarlığımı bildirirəm ki, qızımın xeyirli günündə bizlərlə bərabər oldular toyun son saatlarına qədər maraqlı, əyləncəli əhval-ruhiyyə yaratdılar...

 

   Ulduzə QARAQIZI

   Ekspress.-2015.- 18-20 aprel- S.19.