Bəsti Sevdiyeva:
"Muğam mənim
sevgilimdi..."
"Hərdən mənə elə gəlir ki, üç övladım var: oğlum, qızım və muğam"
Qadın xanəndələr arasında əməkdar artist Bəsti Sevdiyevanın öz yeri, öz səsi var. Muğamsız yaşaya bilməyəcəyini deyən sənətçi, demək olar ki, əksər muğamlarımızı öz yanımlı-yatımlı səsi ilə oxuyaraq tamaşaçıların rəğbətini qazanıb. Lütviyar İmanov, Canəli Əkbərov kimi ustad sənətkarlarımızdan dərs alıb, muğamın sirlərini öyrənib. Bu gün özü də muğamın sirlərini tələbələrinə yorulmadan, böyük həvəslə öyrədir. Biz də onunla elə dərs dediyi Mədəniyyət və İncəsənət Universitetində görüşdük, keçdiyi həyat yolu, sənət barədə danışdıqlarını qələmə aldıq.
- Bəsti xanım, musiqiyə gəlişinizi, bu sənəti sevməyinizi necə xatırlayırsınız?
- Bizim ailəmizdə musiqiçi olmayıb. Amma xalq musiqisinə həddən ziyadə həvəs olub. Mən uşaq idim, heç nə anlamırdım. Amma bilirdim ki, atam "Çahargah"a qulaq asırdı. Muğam saatı olanda, evdə səs olmamalıydı. Babam, atam muğama qulaq asırdılar. Nənəm həmişə mənim üçün bayatı deyirdi. Başımı qoyurdum dizinin üstünə, sığallaya-sığallaya elə gözəl bayatılar deyirdi... Mən də o bayatılarla yuxuya gedirdim. Hətta böyük qız idim, universitetdə oxuyurdum, onda da nənəmin dizinin üstünə başımı qoymağa ehtiyacım olurdu. Nənəmin yaxşı da səsi var idi, amma oxuyan deyildi...
Məktəbdə oxuyanda, ilk mahnım "Qaranquş" olub. Yaxşı yadımdadır, bizim məktəbdə tədbir olacaqdı, mən də o mahnını oxuyacaqdım. Ağladım, özümü gecədən öldürdüm ki, mənə paltar tikin, yaxası ağ olsun. Anam da hirsləndi ki, ay bala, bir gecəyə sənin üçün bu paltarı necə tikim? Elə ağlayırdım, elə ağlayırdım... Gedib ucuz qiymətə ağ-qara parça aldılar. Anam əsl ev xanımı idi, əlindən hər şey gəlirdi. Onu bir gecədə mənim üçün tikdi. Paltarı geyinib tədbirə getdim. Orda "Yüz bir" rəqsi oynadım qızlarla. Birinci, ya da ikinci sinifdə oxuyurdum onda...
Yeddi bacı olmuşuq. Atam-anam bizə çox yaxşı baxıblar. Bacılarımın hamısının muğama sevgisi var, amma bir dənə oxuyan mənəm. İlk dəfə 6-cı sinifdə, Süleyman Abdullayevin bir təsnifi var idi "Qadan mən alım, körpə maralım", onu məktəbimizin tədbirində oxudum. Konsert qurtarandan sonra sinif rəhbərimiz gəlib məni danladı, hətta ağlatdı. Tədbirin təşkilatçısına dedi ki, "o, uşaqdır, qanmır, o nə sözdür, altıncı sinif şagirdi sevgidən oxuyur..." Yəni ki, yaşıma uyğun oxumalıydım. Özüm-özümə dedim ki, niyə belə tərbiyəsiz mahnı oxumuşam. Ağladım. Atam əlimdən tutub məni tədbirlərə aparırdı. Gözəl insan idi. Allah ona qəni-qəni rəhmət eləsin. Deyirdi ki, "ay Bəsti, elə istəyərəm muğamat oxuyasan". Atamıza qardaş deyirdik. Ona deyirdim ki, qorxuram muğam oxumağa. Atam deyirdi ki, sənin səsin muğam səsidir. Bunu ilk dəfə atam mənə deyib. Bütün tədbirlərin "xalq artisti"ydim. Sonra atam məni Qaradağ Rayon Mədəniyyət Evinin özfəaliyyət dərnəyinə apardı. Artıq bir az böyüyürdüm. O vaxt Sabir Quliyevin rəhbərlik etdiyi gözəl bir ansambl var idi. Sabir müəllim səsimə qulaq asdı, məni götürdü. O vaxtdan o ansamblın solisti oldum. Sonra "Oxu tar -73" və "Oxu tar -75" müsabiqəsi keçirildi. Onda Sabir müəllim məni ansamblla müsabiqəyə saldı. Müsabiqələr Tibb İşçilərinin Mədəniyyət Evində keçirilirdi. Münsiflər heyətində Şəmsi Bədəlbəyli, Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Şövkət Ələkbərova, İslam Rzayev otururdu. Mən "Oxu tar -73"-də "Segah" təsnifini, "Oxu tar -75"-də isə "Qatar" muğamını oxumuşdum. "Qatar"ı İslam Rzayev mənə öyrətmişdi...
Daha çox xalq mahnılarına üstünlük verirdim. Mahnıların aralarında qısa muğamlar oxuyurdum. Çünki onda muğamı dərindən bilmirdim. Mən "Qatar" muğamı ilə qalib olandan sonra İsalm Rzayev dedi ki, sən artıq muğam oxumalısan. Mən onda 9-10-cu sinifdə oxuyurdum.
Sənədlərimi İncəsənət Universitetinə verdim, qəbul oldum. Orda xalq mahnıları keçirdilər, muğam keçilmirdi. Qulu Əsgərov dərs deyirdi. Qəbulda məni Lütviyar İmanovun sinfinə saldılar. Mənim oxuduğum "Ay Laçın" mahnısı onun çox xoşuna gəlmişdi. Dedi ki, "bunun qəribə səs tembri var. Ariyalar, romanslar oxuya bilər". Lütviyar müəllim Bakıda az tapılırdı, xaricdə operettalar oxuyurdu. Gəlməyəndə, bizi Qulu müəllimə tapşırırdı. Özü isə dərsi evində keçirdi. Üç-dörd tələbə onun evinə gedirdik. Qulu müəllim mənə bir az "Bayatı Qacar" öyrətdi. İsalm Rzayev Qulu Əsgərovla dost idi. Biz dərsdə olanda, ora gəlirdi. Qulu müəllim ona İsi deyirdi. İslam müəllim ona dedi ki, "Qulu, Bəstini gətir ansambla, onun səsinin tembrinə qulaq asaq. Bir gün dərsdən sonra Qulu Əsgərovla İslam müəllimin ansamblına gəldik. İslam müəllim dedi ki, ürəyin nə istəyir, onu oxu. Mən də oxudum. Dedi ki, gələ biləcəksən məşqə? Dedim ki, "yolum uzaqdır, qaranlıq olur". İki-üç dəfə atam məni məşqə gətirdi. 17-18 yaşım var idi. İslam müəllim birinci məni oxutdururdu. Elmira Rəhimova, Yaşar Səfərov ora gəlirdi. Qulu Əsgərov özü orda oxuyurdu. Orda bir dənə uşaq mən və məndən balaca Xeyransa Məmmədova idi. İslam müəllim onlara deyirdi ki, Bəstinin yolu uzaqdır, qoy hava qaralmamış evlərinə gedib çıxsın. Məşqdən çıxanda, İslam müəllim soruşurdu ki, cibimdə pulum var?
İnstitutda oxuyanda, bir dəfə Opera Teatrında bir şairin xatirə gecəsi keçiirlirdi. Canəli Əkbərov da orda oxuyurdu. O konsertə məni də salmışdılar. Mən orda "Uca dağlar, qarlı dağlar" mahnısını oxudum, bir az segah elədim. Ordan çıxanda, Canəli müəllim qayıtdı ki, "Bəsti, bir dəqiqə bura gəl". İslam Rzayevin ansamblından məni tanıyırdı. Həm də Canəli müəllim bizim institutda oxuyurdu. Biz orta məktəbdən gəlmişdik, onlar gec girmişdilər. Dedi ki, "Bəsti, sən niyə muğam oxumursan, mən sənə məəttəl qalmışam. "Segah" oxudun, yaxşı alındı". Ona baxıb dedim ki, "Canəli müəllim, mən muğam oxumaqdan qorxuram". Dedi, "Nədən? Sən niyə muğam dəsgahları oxumursan?" Mənə elə bil üşütmə gəldi. Dedi ki, "qorxma, bunu mən sənə deyirəm. Sənin çox yatımlı səsin var. Səsin elə bil muğama ölçülüb-biçilib". Mənim muğamdan başım çıxmırdı axı. Canəli müəllim məni Konservatoriyaya dəvət etdi. İlk dəfə mənə "Mirzə Hüseyn" segahı verdi. Yeddi-səkkiz ay dərs keçdi. Sonra gedib Əhməd Bakıxanov adına ansamblla bunu dövlət televiziyasında oxudum. Bir az sonra mənə dedi ki, "sənin yaşıdların arasında "Rast" muğamı oxunmayıb, bu muğamların maye yerləri qadınlar üçün çətindir". Mənim də səsim qaltanlı olduğuna görə uyğun gəlirdi, cır səslərdə bu alınmırdı. Dedi ki, "bəmləri də götürürsən". Bir ilə yaxın bu muğamı keçdi mənə. Məndə bir həvəs yarandı, eşq yarandı, indi məni saxlamaq olmur... Bu muğamı iki dəfə oxudum. Birinci dəfə Şəfiqə Eyvazova ilə Möhlət Müslümov məni müşayiət elədi...
Beləcə, mənim muğama gəlişim "Rast"la olub. Məndən qabaq bunu Həqiqət Rzayeva oxumuşdu. Məndən də sonra kimlərsə oxudu. "Humayun"u da Rübabə Muradovadan sonra mən oxumuşam. "Rahab"ı oxudum, "Bayatı Qacar"ı oxudum. Hansı ki, onu oxuyan yox idi. O vaxt Qulu Əsgərov oxumuşdu, bir də Ağaxan Abdullayev. Elə adamlar var ki, yaradıcılığına baxırsan, görürsən, bir-iki dəsgahı ancaq oxuyublar. Yüz-yüz əllidən artıq xalq, bəstəkar mahnıları, "Şirvan şikəstəsi" oxudum...
- İndi özünüz tələbələrlə necə işləyirsiniz?
- Yaxşısı da var, orta oxuyanı da. Ələkdi də, ələnir... Muğam çətin sənətdir. Siz gördüyünüz indi oxyan Şəhran adlı oğlan Astaradandır. Çox tərbiyəlidir. "Rast" muğamını keçirdik. Qəzəlləri yaxşı bilmirdi, dedim öyrənmək lazımdır. Beynəlxalq Muğam Simpoziumuna dəstək devizi ilə hərə bir muğam götürüb öz tələbələri ilə oxudu. İlk olaraq "Rast" muğamını mən öz tələbələrimlə oxudum. Sonra Zakir Əliyev, Teyyub Aslanov və başqaları tələbələri ilə oxudu. Bu, çox gözəl bir şeydi. Bu, bizim Universitetimizin rektoru Fərəh Əliyevanın layihəsidir.
Elvin adlı tələbəm Muğam Teatrında işləyir. İki tələbəm əsgərdir. Bir tələbəm Mirəli Mirizadə də istedadlıdır, gələcəyi var. Bu gün 20-30 tələbədən biri ortalığa çıxırsa, bu, böyük göstəricidir. Bizim özümüz də sənətə belə gəlmişik.
- Toylara gedirsiniz?
- Durum, yalandan deyim ki, gündə toydayam, bu, belə deyil. İstənilən yerə gedirəm. Əgər mənə orda qulaq asılacaqsa, niyə də getməməliyəm. Öz repertuarımdan oxuyuram. Qane edir verilən məbləğ.
- Hansı xanəndələrə qulaq asırsınız?
- Mən ürəyimə yatan hər bir xanəndəyə qulaq asıram. Əgər onun oxumağı ürəyimcədirsə, söndürmürəm televizoru, qulaq asıram. Eləsi də var ki, televizoru söndürürəm, ona qulaq asmıram. Təbii ki, mənim damarımda axan muğamdı. Mənim bir oğlum, bir qızım var. Amma hərdən mənə elə gəlir ki, üç övladım var: oğlum, qızım, bir də muğam. Evdə danışanda, gülürlər. Deyirəm ki, muğam mənim sevgilimdi. Sevirəm muğamı. Musiqinin dili, dini yoxdur. Mən hər hansı bir xarici musiqiyə də qulaq asıram.
- Belə cavan, yaraşıqlı qalmaq üçün plastik əməliyyat elətdirmisiniz heç?
- Bizim ailə həmişə dinə bağlı olub. Yoldaşımgil Şuşadandı. Yoldaşım elmlər doktoru, professor, ədəbiyyat tənqidçisi Nazim Axundovun oğludu. Kübar bir ailədə yaşayıram. Özümü xoşbəxt sayıram. Bu vaxta qədər heç nə eləməmişəm. Sevmirəm ki, qadınlar şinyon qoysun. Onu görəndə, məndə allergiya olur. Əgər bir insanın saçı yoxdursa, neyləsin, efirə çıxmalıdır, ya-yox? Səhnə adamıdırsa, mən buna normal baxıram.
Mən iki dəfə Həcc ziyarətində olmuşam. Qurban olum Allaha. Allah-taala nə veribsə, ona toxunmaq olmaz.
- Həcc ziyarətinə getməyiniz necə oldu?
- Allaha olan sevgimdən Həcc ziyarətinə getmişəm. Mənim üçün çox maraqlı idi. Namaz qılıram. Quranı da qavradığım qədər bir neçə dəfə oxumuşam. Mənim Həccə getmək fikrim qətiyyən olmayıb. Bir dəfə anam mənə demişdi ki, "ay Bəsti, qızım, flankəs Həcc ziyarətinə gedib, elə ürəyim Həcc ziyarətinə getmək istəyir". Həcc haqqında məlumatım olmadığı üçün anamdan nə üçün ora getmək istədiyini soruşdum...
2006-cı ildə getdim Həccə. Yorulmuşdum. Gəlib Kəbənin qapısının ağzında əlində Quran olan bir türk kişinin yanında oturdum. Mənə dedi ki, ərəbsən? Dedim ki, azərbaycanlıyam. Dedi ki, "daha çox ərəb qızlarına oxşayırsınız". Soruşdu ki, ilk dəfədir gəlirəm? Dedim ki, ikinci dəfədir. Dedi ki, "sən nə xoşbəxt insansan?". Bir ildə iki dəfə fərqinə varmadan getdim Həccə. Kişi məni başa saldı ki, "36 ildən bir "Hacı Sultan", "Hacı Əkbər" ziyarəti var. Sən 36 ildən bir olan ziyarətə düşmüsən. Bir ildə iki qurban düşür".
Mən yuxda gördüm ki, Həcdəyəm. Yuxumu tanış din xadiminə danışdım. Dedi ki, "get çemodanlarını hazırla, sən Həcc ziyarətinə gedirsən". Güldüm, dedim ki, belə bir şey içimdən keçmir. Dedi ki, "sən artıq yol üstəsən", yenə də inanmadım. Dedim ki, yuxudu da gördüm, kişi də bunu belə yozdu. Mənə axşam televiziyada işləyən bir nəfər zəng etdi, dedi ki, "gəl televiziyaya, bir neçə müğənninin də telefonunu ver. Verilişlər çəkib verəcəyəm ki, Həccə gedib gələnə qədər istifadə etsinlər..." Bir gündən sonra gedib öyrəndim necə gedim Həccə. Dedilər ki, artıq gecdir. Artıq başladım kasetlərə baxmağa həclə bağlı. Hara gedirdimsə orda həclə bağlı söhbətlər gedirdi... Gecə mənə zəng elədilər "Təzə Pir" məscidindən. Dedilər ki, "siz Həccə getmək istəyirdiniz?" Dedim ki, "yer olmadı, canınız sağ olsun, gələn il gedərəm". Dedilər ki, "Həccə gedən bir nəfərin anası rəhmətə gedib, onun yerinə sənin adını siyahıya salmışıq. O adam pulunu ödəyib, sənədlərini qaytarırıq. Siz pulu ona ödəyərsiniz". Mən şok yaşayırdım artıq. Beş gün qalmışdı. Öz qızım mənə namazı, hərəkətləri öyrətdi. Qızım altıncı sinifdən namaz qılırdı.
- Hansı arzularla yaşayırsınız?
- İşimdən zövq alıram. Məni yaşadan sənətimdir. Mənə güc, stimul verir. Qızım xarici dövlətdə magistraturada oxuyur. Yayda bitirib gələcək evimizə. Oğlum sistem işçisidir. Ən ümdə arzum onların ailə qurmasıdır. Onları ev-eşik sahibi eləmək istəyirəm...
Hər yaşın öz gözəlliyi var. Arzu edirəm, yaşımın üstünə yaş gəlsin, amma gözəl yaşayım. Uşaqlara hərdən deyirəm ki, hansınız qabağa düşürsünüz düşün, mən nəvə istəyirəm. Amma 3-5 il bundan qabaq bunu deyə bilməzdim.
Möhtərəm prezidentimiz ötən ilin mart ayında mənə ev verdi. Allah ondan razı olsun. Ona, ailəsinə can sağlığı versin. Məni, ailəmi çox sevindirdi...
Namiq MƏMMƏDLİ
Ekspress.-2015.- 18-20 aprel-
S.20.