Böyük alim, nadir şəxsiyyət

 

Mikayıl Rəfili-110

 

Gəlişi, gedişi eyni gündədir, Rəfili bəşərin beşiyindədir. Teyyub Qurban

Bu gün görkəmli alim və yazıçı Mikayıl Rəfilinin doğum günü, anadan olmasının 110-cu ildönümüdür. Aprelin 25-i həm də onun dünyaya gözlərini yumduğu gündür...

   Mikayıl Həsən oğlu Rəfili 1905-ci il aprelin 25-də Goranboy rayonunun (keçmiş Qasım İsmayılov) Borsunlu kəndində varlı ailəsində doğulub. Yelizavetpol (Gəncə) klassik gimnaziyasında təhsil aldığı illərdə bədii yaradıcılığa başlamışdı. "Mikayıl Rəfizadə" imzası ilə ilk qələm təcrübələrini - "Mücadileyi-həyat" hekayəsi, "Elmə doğru" şeiri və "Qərb mədəniyyəti" məqaləsini "Əfkari-mütəəllimin" jurnalında dərc etdirmişdi.

   Azərbaycanda bolşeviklər hakimiyyətə gəldikdən sonra Borsunlu kəndində müəlim və məktəb müdiri işləyən Rəfili 1921-ci ildə orta təhsil almaq üçün Gəncəyə gəlir. İctimai işlərdə fəallıq göstərdiyi üçün III Azərbaycan qurultayına nümayəndə seçilir. Bakıda Azərbaycan Politexnik İnstitutuna daxil olur, həm də Azərbaycan Dövlət Universitetinin Şərq dilləri fakültəsində məşğələlərin dinləyicisi olur və "Maarif və mədəniyyət" jurnalının redaksiyasında işləyir.

   1927-ci ildə Moskva Dövlət Universitetində təhsil alan Rəfili həm də Kremldə qanunların Azərbaycan mətnlərinin redaktoru işləyir.

   Bakıda Azərbaycan Dövlət Nəşriyyatında bədii şöbənin müdiri işlədiyi zaman Azərbaycan Proletar Yazıçıları Birliyində fəal çalışan gənc yazıçı 1929-cu ildə Moskvaya I Ümumittifaq proletar yazıçılarının qurultayına nümayəndə seçilir. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda rus ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent (1930-1935) işləyən Rəfili eyni zamanda "Bakinski raboçi" qəzeti redaksiyasında mədəniyyət şöbəsinin müdir müavini olmuşdu. SSRİ yazıçılarının təşkilat komitəsinin üzvü seçilən Rəfili "Hücum" və "Zərbəçi" ("Udarnik") jurnalları redaksiya heyətinin üzvü olur, Qorki, Mayakovski, Serafimoviç haqqında monoqrafiya, "Sevastopol" və "Leninqrad" poemalarını qələmə alır.

   SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında elmi işçi işləyərkən (1934-1935) Sovet yazıçılarının I Ümumittifaq qurutayına nümayəndə seçilir. 1935-1936-cı illərdə SSRİ EA-nın (Leninqrad) aspiranturasında təhsil alan Rəfili "Azərbaycan ədəbiyyatının rus mədəniyyəti ilə əlaqələri haqqında" mövzusunda dissertasiya müdafiə edir, "Puşkinin həyat və yaradıcılığı", "Puşkin və Azərbaycan", "M.F.Axundov" əsərlərini yazır.

   Nizami yubiley komitəsi tərkibində məsul katib olan Rəfili 1938-ci ildən Azərbaycan Pedaqo;i İnstitutunda və Azərbaycan Dövlət Universitetində professor olmuş, Azərbaycan ədəbiyyatı tarixi kursunu aparmışdı.

   İkinci Dünya müharibəsi illərində radioda, Qızıl Ordu hissələrində, hərbi xəstəxanalarda çıxışlar edir, "Səbuhi" filminin ssenarisini, "Şirvanşah İbrahim" pyesini yazır. SSRİ Yazıçıları İdarəsinin üzvü olan Rəfili 1944-cü ildə doktorluq dissertasiyası müdafiə edir.

   "Şərəf nişanı" ordenimedallarla təltif olunan alim-yazıçı 1958-ci il aprelin 25-də 53 yaşında dünyaya gözlərini yumur...

   Mikayıl Rəfili böyük alimböyük pedaqoq idi. Azərbaycanın sonralar məşhurlaşan bir çox alimləri onun tələbəsi olmuşdular.

   Professor Paşa Əfəndiyev müəllimini geniş erudisiya, bilik, ədəbi və elmi istedada malik nadir şəxsiyyət kimi dəyərləndirir: "Professor Rəfilinin tədqiqat obyekti Azərbaycan ədəbiyyatı tarixi idi. Ən qədim dövrlərdən başlayaraq M.F.Axundov da daxil olmaqla ədəbiyyatımız haqqında onun çoxlu məqalələri və kitabı var. Rəfilinin ən böyük xidmətlərindən biri də Azərbaycan ədəbiyyatı və mədəniyyətimizi rus və digər xalqlar içində yayması və təbliğ etməsi idi. Böyük qürur hissiiftixarla Nizami, Xaqani, Qazi Bürhanəddin, Nəsimi haqqında, Füzuli, Vaqif, M.F.Axundov haqqında danışırdı.

   Bununla belə, professorun tədqiqat coğrafiyası bütün dünya ədəbiyyatı idi. Xüsusilə XIX əsrin axırları - XX əsrin əvvəllərində yaşayan dünya ədəbiyyatı korifeyləri haqqında. Burada bir incə mətləb var idi. O, dünyanın hər hansı böyük sənətkarı haqqında yazanda Azərbaycan ədəbiyyatı ilə əlaqə tapırdı. Beləliklə, Nəsimi, Füzuli, Vaqif, M.F.Axundov kimi ədəbiyyatımızın nəhəngləri dünya sənətkarları səviyyəsində öyrənilirdi.

   Rəfilinin axtarışlar coğrafiyası bütün dünya ədəbiyyatını əhatə edirdi. O, XIX-XX əsrlərdə dünyanın ən böyük sənətkarları haqqında yazıb. Həmin sənətkarlar dünyagörüşü, yaradıcılıq metoduüslub etibarilə tamamilə müxtəlif şəxsiyyətlərdir. Məsələn, alman Nautman (Nobel mükafatı laureatı), Bexer, Heyne, Şiller, italyan Dante, fransızlar - Romen Rolan, Anri Barbüs, Viktor Hüqo, Onore de Balzak, Şekspir, Bernard Şou, Drayzer, Cek London, Hamsun (Nobel mükafatı laureatı), Anderson, Stevan Sveyq, Servantes, Robendranat Taqor və başqaları. Bu sənətkarların yaradıcılıq metodu ekspressionizmi, impressionizm, simvolizm, sentimentalizm, romantizm, realizmbaşqa ədəbi cərəyanlardan ibarət idi. Bu cərəyanları dərk etmək özü bir problemdir...

   Rəfili böyük tərcüməçi idi. Özü çox zaman buya digər xarici yazıçının əsərini öz dilində oxuyurxoşa gəlirdisə, ana dilimizə çevirib Azərbaycan oxucularına verirdi. Xarici dillərdən V.Hüqonun "Paris Notr Dam kilsəsi" (1936), "Səfillər" (1958), Balzakın "Qorio Ata", novellalar, L.N.Tolstoyun "Dirilmə" (1951), Qoqolun əsərləri, I cildbaşqa yazıçı və şairlərin əsərlərini ana dilimizə tərcümə etmişdir.

   Rəfili həm də keçmiş sovetlər ölkəsində yaşayan xalqların ədəbiyyatından həm tərcümələr etmiş və həm də məqalələr yazmışdır. Şota Rustaveli, Ukrayna şairləri Pavlo Tisina, Mikola Basan, Pribaltika şairi Raynis, Orta Asiya türklərinin Nəvai, Lahuti, Abay, Firdovsinin "Şahnamə"si və s. haqqında yazmışdır...

   Professor M.Rəfili M.F.Axundov haqqında "Səbuhi" adlı kinossenari, "XosrovŞirin" adlı opera librettosu yazıb. Operanın musiqisi Niyazinindir. Professor Rəfili Azərbaycanın orta məktəbləri ilə də bağlı olmuşdur. Hələ Böyük Vətən müharibəsindən əvvəl orta məktəblər üçün, xüsusilə VIII siniflər üçün "Qədim ədəbiyyat" dərsliyini yazmışdır. Bu kitab müəllifin ölümünə qədər fasiləsiz olaraq hər il çap olunmuşdur. Ali məktəb tələbələri üçün 1958-ci ildə yazdığı "Ədəbiyyatşünaslığa giriş" dərsliyi də öz təravətini saxlayır.

   Mikayıl Rəfili auditoriyaya əlində qeydlərsiz daxil olmazdı. Ədəbi aləmdə, ədəbiyyatşünaslıqda olan yeniliklərə hamıdan əvvəl Rəfili bələd olardı, həm kafedra üzvlərinə, həm də tələbələrinə danışardı. Ona qulaq asmaqdan doymaq olmazdı. O zaman M.F.Axundov adına Dillər İnstitutu hələ ayrılmamışdı, bir fakültə kimi bizim institutun tərkibində idi. Aspirant olandan sonra məni həm Azərbaycan, həm də rus şöbələrində olan mühazirələrinə aparırdı. Onun ilhamla, ürəklə, pafosla oxuduğu mühazirələrin əks-sədası indi də qulaqlarımdadır" (Teyyub Qurban. "Həqiqət olduğu kimi". 2011).

   Professor böyük ədəbiyyatşünas və tənqidçi olmaqla yanaşı, həm də gözəl şair idi. Əslində, Mikayıl Rəfili Azərbaycan sərbəst şeirinin banisidir...

   Professor həyatının son illərində haqsız hücumlara, əsassız tənqidlərə məruz qalırdı. Çoxları təəccüb edirdi ki, nə əcəb Rəfilini indiyədək həbs etməyiblər?

   Çox uzun illərdən sonra bu suala tanınmış yazıçı-tədqiqatçımız Teyyub Qurban "Həqiqət olduğu kimi" kitabında cavab verdi. Bəlli oldu ki, alimi onu sevməyənlərin əlindən Mir Cəfər Bağırov xilas edibmiş.

 

   Mikayıl Rəfilinin qızı Selcan Rəfilinin sözlərinə görə, 40-cı ilərin axırlarında və 50-ci illərin əvvəllərində atasına qarşı tənqidlər kəskinləşmiş, o, kafedra müdiri vəzifəsindən və bir neçə ali məktəbdə müəllimlikdən kənarlaşdırılmışdı. Qərəzkarlar onu mətbuat səhifələrində tənqid atəşinə tutur, yazılarında mənliyini alçaldan kobud ifadələr işlədirdilər.

   Selcan xanım "Həqiqət olduğu kimi" kitabının "Ön söz əvəzi"ndə yazır: "Dünən atama mədhnamə oxuyanlar ondan üz döndərdilər, hətta salam da vermədilər. Bəzi dostları da atamdan uzaq qaçdılar. Həmin vahiməli çağları xatırlayanda anam deyərdi ki, gözlərimizə yuxu getməzdi, ümidimiz hər şeydən və hər kəsdən üzülmüşdü. Gözləyirdik ki, qapımız döyüləcək və...

   Belə səksəkəli günlərdən birində (mən o günü "xoş gün" adlandırıram, başqa cür adlandırmaq da olmaz) axşamdan xeyli keçmiş qapımız döyüldü. Nənəm, anam və mən mətbəxə qısıldıq. Atam qapıya tərəf getdi. Və birdən mətbəxə, bizimlə görüşüb salamlaşmağa atamın yanında qonaq da gəldi. Gözlərimizə inanmadıq, elə bil yuxu görürdük - bu, Mir Cəfər Bağırov idi. Bizimlə bir masa arxasında çay içdi, sonra atamla birlikdə yan otağa keçdi, atamın kabinetinə. Onlar uzun-uzadı söhbət etdilər... M.C.Bağırov atamla, nənəmlə, anamla və mənimlə vidalaşıb mənzili tərk etdi, hamımız dinməz-söyləməz bir-birinin üzünə baxaraq sükuta daldıq. Sən demə, həmin gün atamın həyatında dönüş anı imiş. Ertəsi günü onu bütün vəzifələrinə bərpa etdilər, əsərləri yenidən çap üzü görməyə başladı, hamımız rahat nəfəs aldıq. Atamın başına gətirilən müsibətlər zamanı M.C.Bağırovun bəd ayaqda ona necə kömək etməsi barədə atamın vəfatından sonra anamdan çox şeylər eşitmişəm. İndi, o dövrlərdən uzun illər keçdiyi bir vaxtda tarixin çətin və mürəkkəb sınaqlarından çıxmış o müdrik və zəhmli insanı - Mir Cəfər Bağırovu dərin minnətdarlıq hissi ilə təsəvvürümdə atamla yanaşı canlandırıram. Bəli, Mir Cəfər Bağırov yaxşı dərk etmişdi ki, xalqımızın istedad sahiblərini qorumaq lazımdır".

   Teyyub Qurban kitabında alimin son günləri ilə bağlı belə yazır: "Mikayıl Rəfili dünyaya gəldiyi gün dünyasını dəyişdi. Matəm karvanı APİ-nin qarşısından baş aldı, Fəxri Xiyabanın yanından yuxarı qalxdı..."

   Teyyub Qurban yazır ki, mərhumun qırxı çıxandan sonra Yazıçılar İttifaqının sədri Mehdi Hüseyn Mərkəzi Komitəyə professor Mikayıl Rəfilinin ailə üzvlərinə (87 yaşlı anası Həyat, 46 yaşlı xanımı Zoya və 10 yaşlı qızı Selcan) təqaüd verilməsi xahişi ilə məktub göndərmişdi. Azərbaycan KP MK-nın o zamankı birinci katibi İmam Mustafayev məsələyə MK-nın Bürosunda baxılmasına razılıq vermiş, Büro isə Azərbaycan SSR Nazirlər Kabinetinə tapşırmışdı ki, "Rəfilinin ailəsinə pensiya verilməsi imkanlarına baxsın".

   Amma Mehdi Hüseynin xahişi işə keçmədi: nə məktuba, nə də tapşırığa baxdılar...

 

    X.Rüstəm

   Ekspress.-2015.- 25-27 aprel- S.14.