"80 yaxamdan elə tutub ki..."
Fikrət Qoca: "Hər yaşın öz
dadı, ləzzəti var"
Dünən xalq şairi Fikrət Qocanın doğum
günüydü. Qocaman şair
80-in kürəyini yerə
vurdu. Düzdür,
son vaxtlar ürəyi
sözünə baxmır,
səhhətində narahatlıqlar
yaşıyır, amma
80-i gülə-gülə yola saldı...
Ürəyini hər zaman ağ kağıza
boşaldan, elə bəlkə də bu səbəbdən danışmağı sevməyən
şair "publika.az"a
yubiley müsahibəsi
verib.
- Fikrət müəllim, doğum gününüzdür, hansı
havadasınız?
- Hava istər soyuq olsun, istər isti, mənim öz havam var,
o hava ilə də yaşayıram. Əhval-ruhiyyəmi fəsillər müəyyən
eləmir, öz havam müəyyən edir. Bu havanın
məndən başqa
heç kimə aidiyyəti yoxdur. Ad günümə gəlincə, adi günlərdən birini yaşayıram. Ümumiyyətlə, mən günlərə fərq qoymuram. Bu həyat mənimdir,
ağrı-acısı, şirinliyi
ilə. Heç vaxt
ağlayıb-sızlamağı, zarımağı xoşlamamışam,
dərdimi əlimdə
bayraq edib qışqırmamışam. İçimdə qışqırıram, içimdə ağlayıram.
Çünki istəmirəm başqalarını
da öz dərdimlə yükləyim.
- Nə çox dərddən-acıdan
danışırsınız, çoxmu dərd çəkmisiniz?
- Yox, o qədər də çox olmayıb. Dərdim olsaydı, çox yaşamazdım...
- 80 yaşı
sizə heç yaraşdıra bilmirik. Maşallah, yaşınızdan
çox cavan görünürsünüz...
- Yəqin sizin gözünüzə
elə görünürəm.
Amma mən də nə illah eləyirəm
80-dən qaçıb gizlənə
bilmirəm. Mümkün deyil, çünki dayanıb qarşımda, gizlənməyə imkan vermir. Amma onunla hesablaşmağa
məcburam. Dostlarım olub
ki, 35-40 yaşda dünyadan köçüblər,
amma mən şanslıyam ki, 80-i də yaşadım.
- Ümumiyyətlə,
sizin üçün
yaş məsələsində
rəqəmlərin önəmi
varmı? 30 olsun,
50 olsun, ya 80?
- Qətiyyən.
Mənim
dünyaya gəlişimin
özü elə bir şansdır. Demək ki, naxışım gətirib, bu dünyaya gəlmişəm.
Dünyaya gəlmək Tanrının
lütfüdür.
- Onda deyin görək, hansı yaşınızı
daha çox sevmisiniz?
- Heç birinə fərq qoymamışam.
- İnsanlar var ki, qocalığa
nifrət edir, yaşlanmaqdan qorxur...
- Çox böyük səhvə yol verirlər. Hər yaşın öz dadı, ləzzəti var.
Mənim öz dünyam var, orda ömrümü davam etdirirəm. Bax, indi sizinlə danışıram, amma öz dünyamın içindəyəm, sizinlə
danışa-danışa öz
düşüncələrimlə baş-başayam.
- "Dəstəyə əl atıb çağırdım:
- Alo! Təciliyardım, kömək eləyin.
- Alo! Buyurun, deyin, xəstənin neçə
yaşı var?
- Milyard, daha çox olar...
-Sizin misralarınızdır. Yəqin, ruhların
əbədi olacağına
işarə etmisiniz.
Amma çox vaxt yaşlı insanlardan yaşını
soruşanda, ruhlarının
çox gənc olduğunu deyirlər...
- Bir lətifə yadıma düşdü, qoyun sizə də danışım. Dost olan
iki 85 yaşlı qoca kişi
bir-biri ilə qarşılaşır. Biri o birindən
hal-əhval tutur, soruşur ki, necəsən? Dost da
cavab verir ki, "bəs, həkimə getmişdim, məni müayinə edib dedi, top kimisən, get istədiyini elə, kefini çək". O biri dost da həkimə
gedir ki, "bəs, mənim yaşıdıma demisiniz
ki, top kimisən, görün, mən necəyəm? Həkim də ona qayıdır
ki, "mən ona bunu demişəm,
amma o demək deyil ki, həmin
adam top kimidir.
Gedin, siz də necə istəyirsinizsə, elə
də deyin". Yəni, sözümün canı budur ki, insanın
nə deməsi yox, əslində, necə olması şərtdir. Mən də
yalandan deyə bilərəm ki, hər şey əladır, 80 yaşımda
top kimiyəm. Amma belə
deyil axı. 80 yaxamdan elə
tutub ki, çətin onun əlindən çıxa
bilim. Qaldı ki, ruhumun neçə yaşında
olmasına, əslində,
ruhun yaşı olmur, əbədidir.
Mən də cismani ömrümü başa vurandan sonra ruh halında həyatım davam edəcək. Ruh həmişə
cavan olacaq. Biz hamımız bilirik
ki, bu həyatda
cismən varıq və bir gün
ölüm bizi bu həyatdan ayıracaq.
- Fikrət müəllim, ölümdən
danışmaq tez deyil?
- Heç vaxt məndə ölüm qorxusu olmayıb. Dünyaya gələndən bilirik ki, ölümə
doğru gedirik. Onun bizi qarşılayacağını
bilə-bilə niyə
qorxaq ki?
- Deyirsiniz, yəni, bu həqiqəti
qəbul etməliyik?
- Qəbul etməyib neyləyəcəyik
ki? Başqa çarəmiz də
yoxdur. Buna görə də ölüm qorxusu yaşaya-yaşaya həyatı
cəhənnəmə döndərməkdənsə,
elə o həqiqəti
bilib rahat yaşamaq lazımdır.
Qorxusuz-hürküsüz...
- Heç ömrünüzdə bir
dəfə də olsun, intihar barədə düşünmüsünüz?
- Ola bilsin ki, bir dəfə
intihar etmək istəmişəm, amma bu hal keçicidir.
Hər kəsdə belə hal olur, amma
bir-iki saat sonra fikrindən daşınır.
- Həyatı
istədiyiniz kimi yaşaya bilirsinizmi?
- Çalışmışam
istədiyim kimi yaşayım. Amma bu o qədər
də asan olmayıb, maneələrdən
də yan keçməmişəm. Körpə də anadan olan kimi başlayır
əl-qol atmağa, istədiyi kimi yaşamağa çalışır.
Amma onu bələyib əl-ayağını bir
yerə yığırlar
ki, çapalamasın.
- Çoxmu çapalamısınız həyatda?
- Çapalamışam
ki, bu günə
qədər gəlib çıxmışam. Çapalamasaydım,
yaşamazdım yəqin...
- Mənə çox maraqlıdır, heç dost xəyanətinə
tuş gəlmisiniz?
- Çox olub...
- Bəs, reaksiyanız necə olub?
- Hətta ürəyimdə həmin
dosta "çox sağ ol"
demişəm ki, xain olduğunu vaxtında bildirib. Bildirməsəydi, ömrümün sonuna qədər həmin dostun qulluğunda duracaqdım.
Çünki çox dostcanlı
adamam və demək olar ki, dostun quluyam.
- Bəs özünüz-özünüzə necə, xəyanət etmisniz?
- Nə gizlədim, olub, amma nadir hallarda. Məcburiyyət qarşısında özümə xəyanət
etmişəm. Elə məqamlar
olub ki, istəmədiyim halda güzəştə getmişəm.
Ümumiyyətlə, susmağı, kənardan
baxmağı və öyrənməyi sevirəm.
- Hansı illəri həyatınızdan
silib atardınız?
- Heç birini, hətta saniyəsini də atmaram. Ömrümün hər anına
belə cavabdehəm.
O ömrü pisiylə,
yaxşısıyla, acısıyla,
şiriniylə yaşamışamsa,
ondan niyə imtina edim ki?!
- Heç öz ömrünüzə,
yaşınıza, ümumiyyətlə,
özünüzə şeir
yazmısınız?
- Heç vaxt. O gic adamların
işidir.
- Axırıncı
dəfə nə vaxt şeir yazmısınız?
- Bir-iki gün bundan qabaq anamın qəbrini ziyarət etdim. Orda düşüncələr məni alıb apardı, elə öz-özünə misralar
axıb gəldi.
- Ananız yuxunuza tez-tez girir?
- Bəzən mən unuduram, amma o, özünü unutdurmağa qoymur, yuxuma gəlir. Elə yuxuda gördüyüm üçün qəbri üstə getdim.
- Yuxuda nə deyir?
- Çox istərdim ki, yadımda qalsın, amma ayılan kimi yadımdan çıxır. Amma anam
məni mən onu yad etdiyimdən
çox xatırlayır.
- İnsanlarda
hansı xüsusiyyət
həmişə sizdə
qıcıq doğurur?
- Uzunçuluq.
Çox danışan adamlardan
xoşum gəlmir. Elə özüm
də çox danışan adam deyiləm. Suallarınız hələ
qurtarmadı?..
Ekspress. - 2015.- 26 avqust.- S.13.