"İndi küçədən adam tutub seriala çəkirlər..."

 

Sərvər Əliyev: "Hüseynağa Atakişiyev əsl teatr kişisiydi"

 

Sərvər Əliyev Azərbaycan teatrının tanınmış aktyorlarındandır. Bir müddət Dövlət Gənclər Teatrında, sonra da Gənc Tamaşaçılar Teatrında çalışıb, yaddaqalan obrazlar yaradıb. Eyni zamanda, bir neçə sanballı teatr tamaşasına quruluş verib.

 

   Bu səmimi, zəhmətkeş insan ötən il Ağdam Dram Teatrına baş rejissor təyin edilib. qısa müddətdə bu teatr üçün çox işlər görüb...

 

   Sərvər müəllim Bakıda olarkən onunla görüşüb, gördüyü görəcəyi işlər barədə ətraflı söhbət etdik.

 

   - Sərvər müəllim, bu sənətə gəlişiniz necə oldu?

 

   - 1966-cı il yanvar ayının 22-də Naxçıvanın Sədərək kəndində anadan olmuşam. Bu sənətə gəlməyim təsadüfi deyil. Lap uşaqlıqdan həvəsim olub. Həyətimizdə vedrə götürüb çalıb oxumuşam. 6 yaşımda orta məktəbə getmişəm. 16 yaşında instituta girmişəm. Rəhmətlik atam Azərbaycan teatrını çox sevərdi. Özünün gözəl səsi var idi. Atamın ən böyük arzusu məni səhnədə aktyor görmək idi. Amma bu o demək deyil ki, mən atamın arzusu ilə teatra gəlmişəm. Teatra həvəs mənim içimdə olub. Səkkizinci sinifi bitirəndən sonra son iki ili Ordubad internat məktəbində oxumuşam. Bu məktəb mənim həyatımda dönüş yaradıb. Orda Mehdi Ağalarov var idi. Allah ona qəni-qəni rəhmət eləsin, dərnək yaratmışdı. Həmin dərnəkdə rollar oynamağa başladım. Mehdi müəllim az qala döyə-döyə Naxçıvan ləhcəsini məndən çıxardı. Deyirdi ki, sən aktyor olacaqsan, bu ləhcədə danışmamalısan. İndi çox adam inanmır ki, Naxçıvanda doğulmuşam...

 

   Bir dayım var idi, məni prokuror görmək istəyirdi. İmkanlı adam idi. Deyirdi ki, bütün xərclər mənim boynuma, səni oxudacağam. Mən imtina etdim, dedim ki, aktyor olacağam. Dayım hətta bir müddət məni danışdırmadı. Sonralar məni səhnədə görəndə dedi ki, sən düz eləmisən...

 

   Beləcə, Mədəniyyət İncəsənət İnstitutunu bitirdim. Təyinatım Naxçıvana verildi, getdim, işləmədim. Dedilər ki, şərait yoxdur. Naxçıvandan imtina kağızını alıb Sumqayıt Teatrına gəldim. Burda da get-gələ saldılar... Mən bizneslə məşğul oldum...

 

   - Bəs, Gənclər Teatrına gəlişiniz necə oldu?

 

   - Bir gün teatrın qabağından keçəndə, oranın aktyoru- dostum Eldar İmanov məni Aktyor Evinə saldı. Hüseynağa Atakişiyev, o vaxt saç saxlayırdı, orda oturmuşdu. Eldar mənim haqqımda ona danışıbmış. Təqdim etdi, söhbət eləmək üçün kənara çəkildik. İnstitutu vaxt bitirdiyimi, müəllimimin kim olduğunu soruşdu. Rejissor kimi tamaşalar hazırladığımı, Nəsir müəllimin tələbəsi olduğumu dedim. Hüseynağa Atakişiyev aktyoru yoxlayıb işə götürürdü. Məndən 3 sualdan başqa heç soruşmadı "3 gündən sonra işə gələrsən" dedi. Noyabrın 1-də qoltuğumda papka işə gəldim. Hamı elə bildi ki, teatra yoxlama gəlib...

 

   Peşəkar sənətdə Hüseynağa Atakişiyev ustadım olub. Məni o yetişdirdi.

 

   Hüseynağa Atakişiyev sözün həqiqi mənasında kişi idi. Teatrın kişisi idi. Əyilməz insan idi. Kiminsə xətrinə tamaşa hazırlamazdı. Uzaqgörən rejissor idi...

 

   Beləliklə, 1993-cü ilin noyabr ayında Hüseynağa Atakişiyevin rəhbərlik etdiyi Dövlət Gənclər Teatrında aktyor ştatına qəbul olundum teatrın fəaliyyətinin son gününə qədər bu sənət ocağında çalışdım. Burada bir sıra maraqlı yaddaqalan obrazlar yaratdım. "Qurbanəli bəy"də Pristav, "Ölülər"də Şeyx Əhməd, V.Şekspirin "Yay gecəsində yuxu" əsərində Oberon, "Hamlet" faciəsində Klavdi, "Makbet" faciəsində Makduf, "Tədbirə qarşı tədbir" komediyasında Lizandr, Əli Əmirlinin "Onun iki qabırğası" komediyasında Cavanşir, "Varlı qadın" komediyasında Pəhlivan, "Kişi qadın" əsərində Cəmil bəy, B.Vahabzadənin "Atamın kitabı" əsərində İxtiyar, Kamal Abdullanın "Şah İsmayıl" əsərində Şah İsmayıl, "Herostratı unudun" əsərində Tissofern, Mikloş Xubainin "Neron oynayır" əsərində Pallada s.

 

   Aktyorluqla yanaşı rejissor kimi fəaliyyət göstərdim. Meydan teatrında Ş.Qurbanovun "Sənsiz", İrəvan Dram Teatrında Akif Həsənoğlunun "Tənha payız yarpağı", DGT-da Mitroviçin "Gecə soyğunçuları", Stefan Sveyqin "Yad qadının məktubları", E.Hüseynbəylinin "İmperator", Ü.Hacıbəylinin "Ər arvad", Əziz Nesinin "Bir az gəlirmisiniz" əsərlərinə quruluş verdim.

 

   Sonralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətimi davam etdirərək orada H.Cavidin "Şeyx Sənan" faciəsində Şeyx Sədra, S.S.Axundov A.Şaiqin "Qaraca qız" tamaşasında Piri baba, Hamsonun "Viktoriya" əsərində Mülkədar obrazlarını ifa etdim. Ayrıca, bir sıra tamaşalarda da ikinci rejissor kimi fəaliyyət göstərdim.

 

   - Belə düşünə bilərikmi ki, rejissor köməkçisi, rejissor işləməyiniz Ağdam Dövlət Dram Teatrında baş rejissor işləməyinizə təkan oldu?

 

   - Hüseynağa Atakişiyev dünyasını dəyişəndən sonra Gənclər Teatrının kollektivi tələb etdi ki, baş rejissor mən olum. Yaxın dostlarımdan əleyhimə gedən oldu. Onda mən qorxdum. Niyə qorxdum? Səbəblərini heç kəs indiyə qədər bilmir. Deməyəcəyəm heç kəsə bunun səbəblərini. Yeganə qorxduğum amillərdən biri bu idi ki, gənclər teatrı dağıla bilərdi. Amma geriyə baxanda görürəm ki, çox böyük səhv eləmişəm, teatr dağılmazdı. Çünki sonra mən orda tamaşalar hazırladım. Mən rəhmətlik Rəhman Əlizadənin teatra baş rejissor təyin olunmasında rolu olan insanlardan biriyəm. Bunu hörmətli nazirimiz görürdü. Çox hörmət bəslədiyim nazir müavini Ədalət Vəliyev mənim yaradıcılığımı izləyən insanlardan biridir. Nazirimiz Əbülfəs Qarayev ilk təyinatımdan sonra Azərbaycanda -Bakıda nazir kimi mənim tamaşama baxıb. "Qara qutu"ya.

 

   Mən Mingəçevirdə işlədim. İşlərimi gördülər. Orda işlədiyim müddətdə qoyduğum tamaşalar teatrın planının 75 faiz gəlirini gətirib.

 

   Amma gözləmirdim ki, bu teatra baş rejissor təyin olunaram. Hətta düşünməyə 7 gün vaxt verdilər. Bir saat belə düşünmədən razılıq verdim.

 

   - Hansı arzularla yaşayırsınız?

 

   - Böyük bir tamaşa hazırlamaq istəyirəm. Əksər rayon teatrlarının aktyorları o tamaşada oynayacaqlar.

 

   Mən daha tamaşada oynamaq istəmirəm. Çünki oynayıb tamaşanı qurmaq çox çətindi. Mən özüm oynamaq istəsəm, mono-tamaşa hazırlaya bilərəm.

 

   - Hobbiniz var?

 

   - Futbolu sevirəm. Futbol özü bir tamaşadı. Mən hətta bir layihə üzərində işləyirəm. Necə seriallarda aktyorları dəyişirlər, tamaşa gedə-gedə aktyoru dəyişən bir tamaşa hazırlamaq istəyirəm. Oyun pis gedir, trener bir oyunçunu dəyişir, oyunun taleyini həll edir. Ola bilər ki, mənim aktyorumun rolu alınmadı, tempi salır, onu mütləq dəyişməliyəm...

 

   Onu da deyim ki, Azərbaycanda "Qarabağ"a, dünya çapında isə "Barselona"ya azarkeşlik edirəm.

 

   - Serial demişkən, seriallarımızın səviyyəsi sizi qane edirmi?

 

   - Qeyri-profesionalların seriallara çəkilməsinin qəti əleyhinəyəm. Çox təəssüf edirəm. Bilirəm, deyəcəklər, "maliyyəmiz azdır, sən gəlib çəkilmirsən, 200 manat istəyirsən". Mən iki filmə -diplom işinə pulsuz çəkilmişəm. Məgər biz həmişə böyük qonorar tələb edirik? Biz büdcəni görürük, bilirik qədərdi. Necə olur ki, bir fimi çəkəndən sonra bir neçə nəfər altlarına maşın ala bilir, amma aktyora gündə 100-150 manat verə bilmirlər? Gedib küçədən hansısa tanıdığı-tanımadığı adamı gətirib 20-30 manata seriala çəkirlər. Bu, peşəkar aktyorlara təsir edir. Ona görə bəzisi imtina edir, deyir, mən onunla çəkilmirəm. Bununla da tamaşaçı itirirlər. Mən inanıram ki, bizim seriallarımız türkiyə serialları səviyyəsinə gəlib çatacaq.

 

   Namiq MƏMMƏDLİ

Ekspress.-2015.-19-21 dekabr.-S.13.