Böyük alim
Qeyri-səlis məntiqlə elm zirvəsini
səlis fəth edən Lütfi Zadə 94 yaşına çatdı
Dünən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü idi. Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə 1921-ci il fevralın 4-də Bakı şəhərində anadan olub.
On yaşında ikən ailəsi ilə birlikdə Tehrana köçən Lütfi təhsilini amerikalıların Albors missioner məktəbində davam etdirib. Orta təhsilini tamamladıqdan sonra o, Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. 1944-cü ildə bu ali məktəbi uğurla başa vuran Lütfi Zadə təhsilini ABŞ-ın Massaçusets Texnologiya İnstitutunda davam etdirib. Onun dünya elminə məlum olan mühüm nəzəriyyələrinin bünövrəsi də elə burada qoyulub. O, 1959-cu ildən Berkli Universitetində professor kimi çalışıb, 1963-cü ildən isə bu ali məktəbin elektrik mühəndisliyi və kompyuter elmləri kafedrasına rəhbərlik edib.
Hazırda 94 yaşlı alim Kaliforniya Universitetinin professoru, Berkli Soft Computinq Mərkəzinin direktoru kimi fəaliyyətini davam etdirir.
Bununla yanaşı, o, ABŞ-dakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədridir. Görkəmli alimin uğurlarından biri də ABŞ-ın Berkli şəhərində İnformasiya Texnologiyası üzrə Zadə İnstitutu yaradılmasıdır (ZIFIT İnstitutu).Bu gün Lütfi Zadənin dünya elminə 10-dək mühüm nəzəriyyəsi məlumdur. Hazırda bu nəzəriyyələr elm və istehsalatda geniş şəkildə tətbiq edilir. Lütfi Zadəyə dünyada şöhrət qazandıran və istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan elmi kəşfi isə qeyri-səlis məntiq (Fuzzy Logic) nəzəriyyəsidir. Alimin 50 il öncə işləyib hazırladığı nəzəriyyə bir çox şirkətlərə böyük nüfuz qazandıraraq, yüksək gəlir əldə etmək imkanı yaradır. Müasir dövrdə elmi-texniki sahədə dinamik inkişaf və onun bəhrəsi bütün fəaliyyət sahələrində özünü büruzə verir. Bu irəliləyişdə azərbaycanlı alimin əhəmiyyətli rolunun qeyd edilməsi faktı sevindirici hal olmaqla yanaşı, hər birimizdə fərəh hissi oyadır. Lütfi Zadə, eyni zamanda, "Təəssüratlar nəzəriyyəsi", "Sistemlər nəzəriyyəsi", "Sözlə işləyən kompüter nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Nəzəriyyələri ilə dünya elminə mühüm töhfələr verən azərbaycanlı alim barədə kitablar yazılıb, filmlər çəkilib, onun adına müxtəlif qurumlar yaradılıb. L.Zadənin elmdə Z-çevirmə kimi tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və kommunikasiya sistemlərinin yaradılmasının əsasını qoyan elmi nəzəriyyədir. Onun məşhur vəziyyətlər fəzası, dinamik sistemlərin idarəolunma və müşahidəolunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
Qeyri-səlis məntiq, idarəetmə və Soft Computing sahəsində 54 beynəlxalq jurnalın elmi redaktoru və ya redaksiya heyətinin üzvü olan L.Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib. Hazırda Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis məntiq texnologiyasından foto və videokameralar, paltaryuyan maşınlar, vakuum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edir. L.Zadə 1989-cu ildə qeyri-səlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat - "Honda" mükafatı ilə təltif olunub. 2011-ci il fevralın 7-də "Elm və texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə" Lütfi Zadə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən "Dostluq" ordeni ilə təltif edilib (AzərTAc).
Lütfi Zadə bir çox xarici ölkə akademiyalarının üzvüdür. Çox sayda mötəbər cəmiyyətin və fondun mükafatlarına layiq görülən alim medallarla təltif edilib. Görkəmli azərbaycanlı alim onlarla xarici dövlət və ictimai təşkilatların fəxri doktorudur. O, eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.
Ekspress.-2015.- 5 fevral.- S.15.