Cümhuriyyət tələbələri III fəsil. Tale sorağında

 

Cümhuriyyətin maarif naziri Nurməmməd Şahsuvarovun Firidun Əliyevə verdiyi şəhadətnamə

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur. "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Gülablını Cümhuriyyət tələbəsi

   Cümhuriyyət tələbəsi Firidun Əliyev 1932-ci ilin fevralında Bakıya çağırılır və həmin ayın 16-da Nəriman Nərimanov adına texnikomun direktoru təyin edilir.

   1929-cu ildən Azərbaycan Kommunist (bolşeviklər) Partiyası sıralarına qəbul olunan mühəndis Firudun Əliyev respublikanın ictimat həyatında da yaxından iştirak edirdi. Təsadüfi deyildi ki, Sovet Azərbaycanının 15 illiyi münasibətilə tanınmış soydaşlarımızın Stalinə ünvanladığı məktubunda ("Bakinski raboçi" qəzeti, 30 dekabr

   1935-ci il, N 299) onun da adı vardı.

   Fəqət bir il sonra çərxi-fələk tərsinə dövran edir. Milli Təhlükəzlik Nazirliyinin arxivində saxlanılan sənədlərdən bəlli olur ki, 39 yaşlı pak ləkəsiz insan 1937-ci il iyul ayının 12-də yaşadığı evindən (Bakı, Qızıl Əsgər (indiki Səməd Vurğun) küçəsi, bina 2/15. mənzil 160) həbsə alınmış 1938-ci il aprelin 17-dək - yəni, məhkəməsinədək Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının daxili təcridxanasında saxlanılmışdır.

   Axtarış zamanı ondan aşağıdakılar götürülmüşdür:

   - 100 alman markası

   - QAZ markalı avtomobil

   - Elmi işinin makinada yazılmış iki nüsxəsi

   - Şəxsi sənədlərindən ibarət qovluq

   - Telefon üçün 50 metr uzunluğunda kabel

   - Almanca kitablar: Hötenin, Şekspirin, Mopassanın, Boqaççonun, Vilhelm Buşun, Dantenin əsərləri, habelə "Min bir gecə" kitabı.

   Cümhuriyyət tələbəsi həbs olunandan sonra "çekist libaslı şəxslər" ertəsi günü bir daha onun evində peyda olurlar. Ölüm ayağında olan xəstə Əzim atanın balışının altından 1500 manatı, dolabdan üç dəst kostyumu, təzə uzunboğaz çəkməni, binokl fotoaparatı özlərilə aparırlar.

   Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Arxivində Firidun Əzim oğlu Əliyevin 1938-ci il aprelin 17-də tərtib olunmuş 23506 nömrəli istintaq işi saxlanılır. Burada deyilir: "Müttəhim ƏLİYEV FİRİDUN ƏZİM OĞLU 1934-cü ildə Azərbaycanda əksinqilabi millətçi qrupun üzvü olmuşdur..."

   Sonra şahidlərin ifadələri verilir;

 

   - Millətçi Əliyev trotskiçilərlə sıx əməkdaşlıq edərək energetika sahəsində pozuçuluqla məşğul olmuşdur. Almaniyada ali texniki təhsil almış Firidun Əliyev 1935-ci ildə Bakıda trotskiçi mərkəzin üzvü M.Nərimanovun vasitəsilə Elektrik Şəbəkəsi direktoru təyin edilmişdir.

   - Firidun Əliyevin əksinqilabi ziyanverici fəaliyyəti nəticəsində Pirsaatda elektrik stansiyası vaxtında istifadəyə verilməmişdir. Buna görə Artyom adasındakı mədənlər enerjisiz qalmışdır.

   - Firudin Əliyev Elektrik Şəbəkəsi İdarəsinin direktor müavini işləyərkən Pirsaatda yarımstansiyanın təmiri başa çatdırılmamışdır.

   Dövlət təhlükəsizliyi leytenantı Qolubtsovun imzaladığı ittihamnamə belə sona çatır:

   "ƏLİYEV FİRİDUN ƏZİM OĞLU - 1898-ci ildə doğulmuşdur. 1937-ci ilin dekabrında xalq düşməni kimi partiya sıralarından çıxarılmışdır. Azərbaycanlı, SSRİ vətəndaşıdır.

   Müsavat hökuməti tərəfindən Almaniyaya ali təhsil almağa göndərilmişdir. Almaniyada olarkən iki dəfə inqilabi fəaliyyətə meylli olduğuna görə qısamüddətli həbs cəzasına məhkum olunmuşdur.

   Azərbaycan SSR Mülki Məcəlləsinin 72,73 69-cu maddələri ilə həbs olunmuşdur. Müttəhim özünü müqəssir hesab etməmişdir".

   "Özünü müqəssir hesab etməyən" Firidun Əliyev səkkiz il Rusiyanın Kirov vilayətindəki Lesnaya stansiyası yaxınlığındakı həbs düşərgəsində saxlanılmışdır. Cümhuriyyət tələbəsinin Almaniyada aldığı ixtisası burada da qüvvədə olmuşdur. O, həbs düşərgəsinin ştatında olmayan baş enrergetik işini aparmışdır.

   1946-cı ildə azadlığa buraxılmış, Lesnaya stansiyasından qatarla Bakıya qayıtmışdır. Lakin onu paytaxtda qeydiyyata almamışlar, doğma Ağdama baş götürüb getmiş, Gülablıda mantyorluq etmiş sonra Vartaşen rayonunda energetik işləmişdir.

   Milli Təhlükəsizlik Nazirliyinin Arxivində 1948-ci il martın 23-də Dövlət Təhlükəsizliyi nazirinin müavini polkovnik Kərimovun Azərbaycan SSR Daxili İşlər nazirinin müavini polkovnik Rəhmanovun yazdıqları arayış saxlanılır.

   Burada göstərilir ki, həqiqətən Firidun Əliyev Bakıda qeydiyyata alınmamışdır. Arvadı Raya Əliyeva İvanova vilayətində yaşayır kimya zavodunda işləyir. Firidun Əliyevin anası Sara Kazım qızı Əliyeva paytaxtda, əmisi Tavat Xudiyev Binəqədidə yaşayır, yeməkxanada fəhlə işləyir. Firidun Əliyevin qardaşı Niyaz Əzim oğlu Əliyev Moskvada avtomobil nəqliyyatında mühəndis vəzifəsində çalışır.

   Respublikanın aidiyyatı orqanlarına müraciətinə yetərli cavab almayan Firidun Əliyev 1948-ci il mart ayının 29-da Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının birinci katibi Mir Cəfər Bağırovun adına məktub göndərmişdir.

   Üç gündən sonra Mərkəzi Komitəyə poçt ilə çatdırılan məktub dərhal birinci katibə əlbəəl verilmişdir.

   Arxiv sənədilə tanış olun:

   "AZƏRBAYCAN K(b)P MK KATİBİ

    M.C.BAĞIROV YOLDAŞA

   Yoldaş Bağırov !

   On dörd yaşından əmək fəaliyyətinə başlamışam 1946-cı ilədək fasiləyə yol verməmişəm. Ancaq son iki ildə əmək qabiliyyətimi itirmədiyimə baxmayaraq işsiz qalmışam.

 

   Bütün həyatım boyu mən heç bir yerə ərizə ya şikayət yazmamışam. Son iki ildə isə aidiyyəti orqanlara göndərdiyim məktubların hesabını itirmişəm.

   Yoldaş Bağırov! Bir vaxtlar mənim fəaliyyətimi Siz özünüz qiymətləndirmisiniz. Azərbaycanın sovetləşməsinin 15 illiyi münasibətilə Stalin yoldaşa məktubda milli kadrlar arasında adımı ən yaxşı mütəxəssislər cərgəsində çəkmisiniz. Məni kabinetinizə dəvət edib söhbət etdikdən sonra, Azərbaycan Neft Kəşfiyyatı Trestinə rəis təyin olunmuşam. Mən həmən adamam, dəyişilməmişəm. Təqsirim deyil ki, həbs müddətində fəaliyyətimin səmərəli mərhələsi hədər getmişdir.

   Yoldaş Bağırov ! İnanıram ki, Siz əzablarıma son qoyacaqsınız Azərbaycanda öz həyatınızı sərf etdiyiniz böyük quruculuqda mən bir mütəxəssis kimi faydalı olacağam.

   İmza : Firidun Əliyev".

 

    (ardı var)

 

  Teyyub Qurban

  Ekspress.-2015.- 7-9 fevral.- S.15.