İsrafilovların
sonuncu mogikanı...
Fərhad İsrafilov: Yevgeni
Matveyevin sevimli tələbəsi idim, zarafatla mənə "Fərhad Yevgeniyeviç"
deyirdilər
İsrafilovlar ailəsi Azərbaycan
mədəniyyət və
incəsənətinə 4 sənətkar oğul bəxş edib: Ağakərim, Cəbrayıl,
İsrafil və Fərhad.
Mərhum Ağakərim İsrafilov Ağadadaş Qurbanovun yetirməsi olub, onun Gənc Tamaşaçılar Teatrında səhnəsində yaratdığı bir-birindən maraqlı rollar teatrın tarixinə əbədi həkk olunub. Cəbrayıl İsrafilov uzun illlər Lənkəran Teatrında və Yuğ Teatrında çalışıb. İsrafil İsrafilov teatrşünasdır və hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir.
Dördüncü qardaş, mühasibimiz Fərhad İsrafilov ilk dəfə "Şərikli çörək" filmində epizodik rola çəkilib və 40 ildən artıqdır ki, kino və teatrda maraqlı rollar oynayır.
Aktyorla 60 yaşının tamam olduğu ərəfədə söhbət etdik.
- Fərhad müəllim, Sizi yubileyiniz münasibətilə
təbrik edir, can
sağlığı və yeni
yaradıcılıq uğurları arzulayırıq. Ömrün bu zirvəsində
geri dönüb baxanda arxada nələr
qaldı?
- 45 ildir bu sənətdəyəm. 70-ci ildə "Yeddi oğul istərəm" filmi sənətdə ilk addımları atmağıma təkan verdi. Ötən illər acılı-şirinli keçdi, artıq arxada qaldı. Önəmli olan odur ki, boş keçən günlərim olmayıb, daim çəkiliş meydançasında, teatr səhnəsində olmuşam, sənətlə bağlı işlərlərlə məşğul olmuşam. Aktyor olduğuma görə heç bir vaxt peşmançılıq hissləri keçirməmişəm, görünür bu qismətim idi.
Nəslimizdə sənətlə bağlı kimsə olmayıb. Ancaq böyük qardaşım, rəhmətlik Ağakərimin bu sənətə gəlişi bizim - digər 3 qardaşın da bu sənətə həvəsimizi artırdı və bir ailənin 4 oğlu sənətlə məşğul olmağa başladı. O dövrdə dərnəklər vardı. Ağakərim Ağadaş Qurbanovun dərnəyinə, İsrafil Məmmədağa Dadaşovun dərnəyinə gedirdi. Cəbrayıl da aktyorluq üzrə təhsil aldı və uzun müddət Lənkəran Teatrında çalışdı, daha sonra Yuğ Teatrında direktor oldu və sonralar səhhətiylə əlaqədar olaraq teatrdan uzaqlaşdı. İsrafil elmlə məşğul olurdu və bildiyiniz kimi, hazırda Akademik Milli Dram Teatrına rəhbərlik edir.
Ailənin sonuncu mogikanı mənəm ki, mən də ömrümü tam olaraq bu sənətə həsr etmişəm. Oğlum da bu sənətin içindədir, İsrafilovların yolunu davam etdirir. Oğlum rejissorluq üzrə təhsil alıb, İncəsənət Universitetini fərqlənmə diplomu ilə bitirib, eyni zamanda qrim ustasıdır. Hazırda Yuğ Teatrında, eyni zamanda filmlərdə çalışır.
- Bildiyimə görə, sənətdə ilk addımlarınız "Şərikli çörək" filmindən başlayıb?
- O filmdə sadəcə bir qrup uşaqla birgə epizod səhnələrdə çəkilmişdik. Eşidəndə ki, belə bir film çəkilir mən də uşaq ağlı ilə çəkilişə qatılmışdım. Bu bir başlanğıc idi, ancaq Tofiq Tağızadənin quruluşunda çəkilən "Yeddi oğul istərəm" filmi artıq mənim üçün önəmli bir addım idi. 1973-cü ildə Ənvər Əbluçun diplom filmi olan "Dənizə çıxmaq qorxuludur" filminə çəkildim, 1975-də isə Moskva Kinematoqrafiya İnstitutuna qəbul olundum.
- O vaxtlar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda, özü də məşhur Yevgeni Matveyevin (SSRİ xalq artisti, teatr və kino aktyoru, ssenari müəllifi və rejissor Yevgeni Semyonoviç Matveyev 1975-1979-cu illərdə ÜDKİ-də təhsil alan azərbaycanlılardan ibarət kursun rəhbəri idi - U.Q.) kursunda təhsil almaq şans məsələsi idi...
- Bu həm şans məsələsi
idi, eyni zamanda, yəqin ki, o vaxta qədər çəkildiyim
filmlərdə göstərdiyim qabiliyyət diqqəti çəkirdi.
Ancaq nə olur-olsun, mənim
sadəcə bir məqsədim vardı -
öyrənmək, sənətin dərinliklərinə bələd
olmaq. Matveyevin kursuna qəbul olunmağım, onun
iki filmində rol
almağım heç də təsadüfi
deyildi. Əksinə bu
mənim zəhmətimin bəhrəsi idi.
O dövrdə Azərbaycandan mənimlə bərabər 14 tələbə
təhsil alırdı. Matveyev onların
içindən məni filmləri üçün
seçdi. Moskvadakı təhsil illərimdə
mən sıradan bir tələbəlik həyatı
keçirmir, sənətlə
bağlı hər şeylə maraqlanır və
zamanımı yalnız buna həsr edirdim. Teatrlara, muzeylərə
gedirdim, Moskva təhsil
həyatından bəhrələnirdim.
- Bildiyim qədəri ilə Matveyevin "Ən mühüm tapşırıq" filmində azərbaycanlı təyyarəçi Rüstəm rolu məxsusi sizin üçün yazılıb. O dövrdə Moskvanın çəkdiyi filmlərdə azərbaycanlı obrazlarına az-az rast gəlinirdi...
- Rüstəm obrazı doğrudan da qalmaqal yaratmışdı. Hətta Matveyevi Mərkəzi Komitəyə çağıraraq etiraz etmişdilər ki, bu azərbaycanlı obrazı hardan çıxdı. Matveyev isə demişdi ki, "müharibəni yalnız ruslar deyil, azərbaycanlılar da qazanıb". Yəni, əgər 15 qardaş respublikadırsa və onların hər biri bu yolda birgə addımlayıbsa, o zaman filmlərin birində azərbaycanlı obrazının olmasına mane olmağın mənası yoxdur. Film çəkildi, hətta tamaşaçı Rüstəm obrazını gürcü olaraq bilirdi. Bunun da səbəbi o idi ki, ruslar azərbaycanlı obrazlarının yaranmasına imkan vermirdilər, ancaq Matveyev bu tilsimi sındırdı.
- Deməli, Matveyevin Azərbaycan sevgisi belə güclü olubmuş...
- Doğrudan da belə idi və ən əsası ədalətsevər bir sənətkar idi. Azərbaycanlı tələbələri çox sevirdi, xüsusilə mənimlə daha yaxın idi, hətta mən daim evinə gedib-gəlirdim. Uşaqlar zarafatla mənə "Fərhad Yevgeniyeviç" deyirdilər. Bəlkə də bu mənim səmimiliyimdən irəli gəlirdi, riyakarlıqdan çox uzaq olduğum üçün belə bir böyük sənətkarın sevgisini qazanmışdım.
- Yəqin ki, bu səmimiliklə bağlıdır ki, kino və teatrın qapıları üzünüzə tamamilə açılırdı...
- Təhsil alarkən də filmlərə çəkildim. İstər Matveyevin bir neçə filmi, istər Tofiq Tağızadənin "Evdə kişi" filmi, hətta başqa studiyaların filmlərinə də çəkildim. Tələbəlik həyatını bitirdiyim zaman ilk çəkildiyim filmlərdən biri də "Papaq" filmi oldu.
- Rollarınızı fərqləndirir, bir-birindən ayırırmısınız?
- Heç bir roluma ikinci dərəcəli baxmamışam, həmişə mənə həvalə olunan rolların öhdəsindən gəlməyə çalışmışam.
- "Nekroloq" tamaşasındakı əsas qəhrəman bir qədər fərqlidir, necə oldu ki, həmin rola çəkildiniz?
- O obrazın qəribə bir taleyi oldu. Ramiz Həsənoğlu
həmin film-tamaşanın
ssenarisini mənə verərək oxumağımı
istədi. Oxudum və doğrusu, rejissorun məni görmək istədiyi obrazda özüm görmədim, rejissora da elə belə
dedim: "Bu mənim rolum deyil". Həsənoğlu hirslənərək
"mən səni 30
ildir tanıyıram, bilirəm ki, bu rol sənə
uyğundur, öhdəsindən
gələcəksən", - dedi və fikirləşmək
üçün mənə
vaxt verdi.
10 gün vaxt istədim, o bir həftə verdi.
Başladım fikirləşməyə ki, necə edim,
axı özümü
bu rolda görə bilmirəm, mütləq bir xarakter tapmalıydım.
- Bu rolda Sizi nə narahat
edirdi?
- Xarakterimə
zidd olan bir obrazdı, tapıntıya ehtiyacı
var idi. Bu
tamaşa öncə radioda hazırlanmışdı,
Fuad Poladov oynamışdı. Çox fikirləşdikdən
sonra qərara gəldim ki, obrazın yerişini axtarım, Aqşin Babayevin yerişini obraza uyğunlaşdırdım,
sonra danışıq
formasını axtardım,
Qabilin danışığını
obraza əlavə etdim. Bir sözlə, obrazı
tamamilə parçalarla
birləşdirərək canlandırdım.
Sonra rejissorla görüşdüm, hazırladığım
xarakteri təqdim etdiyim zaman "kifayətdir" dedi və məşqlərə
başladıq, eynilə
davam etdik. Yəqin ki, bu tapıntılar
obrazın maraqlı alınmasında rol oynadı. Ümumiyyətlə, film-tamaşada bir
araya gələnlərin
hər biri maraqlı xarakter ortaya qoydu. Ramiz Həsənoğlu ilə
bir neçə işlərimiz oldu, onun quruluşunda olan "Fatehlərin divanı"nda da çəkildim.
- Ramiz Həsənoğlu çox
tələbkar rejissordu,
onunla işləyən
aktyorların sözlərinə
görə, məşqlərdə
və çəkilişlərdə
çox çətinliklər
yaşayırlar...
- Doğrudan da, Həsənoğlu çox tələbkar rejissordu və aktyordan istədiyini almağı bacarır. Çünki aktyoru inandırmağı
bacarır, onu axtarışa-tapıntıya məcbur
edir. Əslində, sənət elə
axtarışlardan başlayır.
Bu baxımdan da Həsənoğlunun rejissor kimi quruluş
verdiyi səhnə əsərləri dəyərli
nümunələr sırasındadır.
Onunla
"Dəvətnamə"də də bir araya
gəldik. Hazırda da
rejissorla bir tamaşa üzərində
işləyirik.
- Rəngarəng,
müxtəlif xarakterli
qəhrəmanları canlandırmısınız,
rolları mənfi və ya müsbətə
ayırırsınızmı?
- Mənfi rollarım olmayıb. Ümumiyyətlə, rolların mənfi
və ya müsbətə ayrılmasını
qəbul etmirəm.
Bunların hər biri xarakterdir, insan taleyidir. Lazım olduğu zaman
komediya da, faciə də oynamışıq. Aktyor hər
janra və rola daim hazır
olmalıdır. Bu məqamda ustadımız Vaqif İbrahimoğlunu yada salmamaq mümkün
deyil. Onun quruluşunda olan
tamaşalarda elə xırdalıqlara diqqət
yetirilirdi ki, bu da aktyorun
püxtələşməsində böyük rol oynayırdı.
- Yeri gəlmişkən, "Yuğ"
teatrı yaradıcılığınızda
fərqli bir yer tutur...
- Yuğ
Teatrı yaranandan rəsmən orada fəlaiyyətim var. Bu teatr
yaranmamışdan əvvəl
də böyük bir yol keçdi
ki, orda da mənim əməyim
var. "Yuğ"dan enerji
alırıq. Vaqif İbrahimoğlu
bizə böyük bir miras qoyub
gedib. Çalışırıq
gördüyümüz bütün
işlər onun adına layiq
olsun. Yoxluğu mənəvi cəhətdən
bizlərə çox
təsir etsə də, gördüyümüz
işlərlə çalışırıq
ki, bu mənfi
təsirin gücünü
azaldaq. O, daim bizimlədir, ruhu qarşısında borcumuz
var və çalışırıq ki,
adını daima yüksək tutaq.
- Kino və teatrdakı fəaliyyətinizi
nə dərəcədə
ffərqləndirirsiniz?
- Bir aktyor olaraq teatra
üstünlük verirəm,
çünki canlı
sənətdir. Kinoda gəldin,
çəkildin və
bununla da hər şey bitdi. Ancaq teatrdakı iş prosesi aktyorun inkişafında, obraz üzərindəki hazırlığında
və ən önəmlisi aktyorun formada qalmasında böyük rol oynayır. Aktyor özünü teatrda
tapır, orda püxtələşir, orda
yetişir. Azərbaycan kinosunun
ən qaynar vaxtlarında çəkilən
filmlərində görüdüyümüz,
sevdiyimiz aktyorların
hər birinin yolu teatrdan başlayıb
və ya teatrdan keçib.
- Müharibə
mövzusunda çəkilən
və rol aldığınız "Dolu"
filmi birmənalı qarşılanmadı. Deyilənə görə, filmdə oynadığınız rəis
obrazının həyatda
prototipi var?
- Mən də bu barədə
Aqil Abbasdan eşitmişdim. Filmin Ağcabədidə olan çəkilişlərində Aqil Abbas obrazda
məni görüncə
təəccübünü gizlətmədi, "filan
rəisə necə oxşayırsan" dedi. Doğrusu mən həmin şəxsi görməmişdim,
tanımırdım, ancaq
qismət elə gətirdi ki, obrazı oynayarkən həmin şəxsi olduğu kimi canlandırmışdım. Düşünürəm ki, "Dolu"
zamanında çəkilmiş
bir filmdir. Bildiyiniz kimi, filmin rejissoru
Elxan Cəfərov uşaqlıqdan filmlərə
çəkilir, yəni,
kinonu yaxşı bilir. Filmin birmənalı qarşılanmamasına
gəlincə, çəkilən
hər bir filmin qəbul olunması üçün
illər lazımdır.
Bizim teatrın 3 aktyoru - Məmməd Səfa, Gülzar Qurbanova və mən bu filmə çəkildik.
Hər biri maraqlı obrazlardı, ümumiyyətlə,
bu filmdə bütün yaradıcı
heyət vicdanla çalışıb. Sənət
belədir, ürəklə
çalışmalısan, hətta ölüm səhnəsini belə səmimi yaratmalısan...
Ulduzə QARAQIZI
Ekspress.-2015.- 7-9 fevral.- S.19.