"Heç vaxt anamın-atamın adından
istifadə etməmişəm..."
Zemfira Qafarova: "Üzeyir
bəydən yazdığım
üçün çox
təzyiqlərlə üzləşdim"
Əməkdar incəsənət xadimi, Bakı Musiqi
Akademiyasının professoru, Azərbaycan
Bəstəkarlar İttifaqının katibi
Zemfira Qafarova Azərbaycanda
barmaqla sayılacaq musiqi
tədqiqatçılarımızdandır. Həyatının
çox hissəsini Azərbaycan musiqisinin inkişafına, tədqiqinə həsr
edən Zemfira xanım Ü.Hacıbəyovun
yaradıcılığını tədqiq etmiş,
bu mövzuda bir sıra məqalələr- ""Koroğlu"nun
avtoqrafı" (1972), "Ü.Hacıbəyovun opera estetikası" (1975), "Ü.Hacıbəyovun
"Koroğlu" operasının
üvertürası" (1973) və s.
yazıb. "Ü.Hacıbəyovun "Koroğlu"
operası" (1994) monoqrafiyasının müəllifidir.
Eləcə də, bir çox tanınmış musiqi xadimləri haqda və musiqi nəzəriyyəsi tarixi sahəsində sanballı məqalələr yazan Zemfira xanım musiqi sahəsində tanınmış, sanballı tələbələr yetişdirib. Onunla Bəstəkarlar İttifaqında görüşüb uzunillik ömür və sənət yolundan danışdıq.
- Zemfira xanım, istərdim ki, söhbətə musiqiyə olan marağınızdan başlayaq.
- Uşaqlığım İçərişəhərdə keçib. Orda anadan olmuşam. Anam, atam rəssam olub. Musiqiyə həvəs təsadüfi deyil. Çünki evimizdə atamın tarı asılmışdı. Atam, baxmayaraq ki, rəssam idi, tar çalırdı. Mən gözümü açandan görmüşəm ki, anam da piano çalır. Baxmayaraq ki, anam rəssam idi, onun səsi var idi. O, xalq mahnılarını, bəstəkar mahnılarını həm çalırdı, həm də gözəl oxuyurdu.
Hələ mən bağçaya gedəndə, orda müəllimə anama məsləhət gördü ki, "bu qızın yaxşı qabiliyyəti, çox gözəl səsi var, həm də ki, bizim bütün tədbirlərdə iştirak edir, onu musiqiyə qoysanız, yaxşı olar". Baxmayaraq ki, müharibədən sonrakı dövr idi. Çox çətin idi. Anam məni musiqi məktəbinə qoydu və mən 2 nömrəli Musiqi Məktəbində oxumağa başladım. Oranın müdiri o zaman Üzeyir Hacıbəylinin tələbələrindən olan Fatma Səmədova idi. Yaxşı məktəblərdən biri idi. Çünki bu məktəbdə bir çox musiqiçilər yetişiblər. Mən də o məktəbdə piano dərslərinə gedirdim. Anam məni pianist görmək istəyirdi. Hətta mən filarmoniyada bir çox konsertlərdə iştirak etmişdim. Bəstəkar Nazim Əliverdibəyov bizim nəzəriyyə müəllimimiz, Musa Mirzəyev musiqi ədəbiyyatı müəllimimiz idi. Onlar anama məsləhət gördülər ki, "bu qızın yaxşı nitq qabiliyyəti var, tez-tez özünü nəzəriyyə dərslərində göstərir. Qoyun musiqişünaslığa daxil olsun". Beləliklə, mən Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil oldum, orda nəzəriyyə şöbəsində oxudum. O vaxt bu məktəbdə gözəl müəllimlər dərs deyirdi. Bu müəllimlərdən Zaxar Stelnik, Rəna Fərhadovanı heç vaxt unutmuram. Çünki onlar bizə həm musiqini sevdirirdi, həm də həyat dərsləri verirdi...
Onu da deyim, mən məktəbdə oxuyanda, piano müəllimim deyirdi ki, "nahaq yerə sən fortepianoya daxil olmadın, sənin gözəl pianistlik qabiliyyətin var". Heç də təsadüfi deyil ki, pianoçularda olduğu kimi, mənim proqramım ciddi idi. O zaman mən Asəf Zeynallı adına Musiqi Məktəbini Qriqin konserti və fəqrlənmə diplomu ilə bitirərək Üzeyir Hacıbəyli adına Bakı Dövlət Konservatoriyasına daxil oldum. Burada tarix- nəzəriyyə fakültəsində oxudum. Bu fakültəni fərqlənmə diplomu ilə bitirdim. O zaman bizim rektorumuz görkəmli bəstəkar Cövdət Hacıyev idi. Mən konservatoriyanı bitirəndən sonra Cövdət Hacıyevin təşəbbüsü ilə orda qaldım. 1966-cı ildən bu günə kimi də müəllimlikdən professorluğa qədər ucaldım...
- Sizin elmi işiniz Üzeyir Hacıbəylinin "Koroğlu" operası barədə olub. Bu operaya müraciət etməyiniz necə oldu?
- "Koroğlu" operasına mənim
marağım heç də təsadüfi
deyil. Biz o zaman birinci
kursdan müxtəlif müəllimlərin
rəhbərliyi altında kurs işləri
yazırdıq. Mənim müəllimim İ.Abezqaus
idi. O, rus musiqisi tarixindən dərs deyirdi.
Onun Üzeyir Hacıbəyli
yaradıcılığına böyük
marağı var idi. Özü də sonralar onun haqqında kitab
yazmışdı. O, mənə kurs işi verdi Üzeyir Hacıbəylinin "Koroğlu" operasında musiqi
formaları haqqında. Bu kurs
işini yazdım. Baxmayaraq,
əlaçı tələbələrdən idim, öndə gedirdim, amma o, mənim bu kurs işimi
tənqid etdi. Bir də
ki, mənim diplom rəhbərim
başqa müəllim idi.
Müəllimlər arasında da ziddiyyət
var idi -sən o müəllimin tələbəsisən, mənim
tələbəm deyilsən... Bu da bir səbəb idi. Bu, mənə çox pis təsir etdi...
Nə isə...
Konservatoriyanı bitirəndən sonra
aspiranturaya daxil oldum. Qubad Qasımov o vaxt
Azərbaycan Elmlər
Akademiyasında Memarlıq
və İncəsənət
İnstitutunun musiqi bölməsinin müdiri idi. Onu da deyim ki, o, Üzeyir Hacıbəylinin bacanağı
idi. Mənə dedi, "sənə məsləhət görürəm
ki, Üzeyir Hacıbəylinin "Koroğlu"
operası haqqında elmi iş yazasan".
Mən çox sevindim. Baxmayaraq ki, Üzeyir Hacıbəyli haqqında bir çox rus və Azərbaycan musiqişünasları çoxlu
əsərlər yazmışdılar,
lakin "Koroğlu"
haqqında tam olaraq monoqrafiq iş yox idi. Onun məsləhəti
ilə mən bu mövzunu götürdüm. Bu mövzu ilə Bakıda və xaricdə bir çox konfranslarda çıxış elədim.
Bu mövzu ilə
bağlı demək olar ki, mənim
50-dən çox elmi-publisistik
məqalələrim var. Nəhayət,
bu işi yazdım.
- Bildiyim qədər bu iş sizə asan başa gəlməyib, hətta təzyiqlərə də
məruz qalmısınız...
- Bu işi yazanda, çox maneçilik var idi. Necə deyərlər, "içim özümü yandırır, çölüm
başqasını". Əvvəla, çox adam mənə
deyirdi ki, "nə üçün bu mövzuya müraciət etmisən? Bu mövzuya müraciət
edənlər var".
Amma mən özümə rəhbər Azərbaycanda
tanınmış musiqişünas
Elmira Abbasovanı seçdim.
Başqa
musiqişünaslar özlərinə
elmi rəhbər Moskvadan, Leninqraddan seçirdilər. Lakin mən
o zaman ailə qurmuşdum, artıq oğlum var idi. Bilirdim ki, mənim
üçün uşaqla
uzaq yerə getmək mümkün olmayacaq. Elmira Abbasova əvvəlcə mənə yaxşı yanaşdı, sonra işimi durdurdu. Belə başa düşdüm ki, o da Üzeyir
Hacıbəyli haqqında
yazdığına görə
sanki qısqanclıq edir. Bir dəfə mənə dedi ki, mən
belə yaza bilmirəm. 1974-də müdafiə
etməli idim, 1984-də
müdafiə etdim...
1981-1991-ci illər arasında
isə işlədiyim
konservatoriyada musiqi tarixi nəzəriyyəsi
üzrə dekan oldum...
Bir
çoxları deyirdi ki,
rəhbərini dəyiş, mən dəyişmədim. Ona görə ki, Elmira xanımın mənə münasibəti
yaxşı idi. O, məni dekan
elədi, mənə inamı var idi. Hər bir şeydə
mənimlə məsləhətləşirdi... Mən bu əzabı öz
çiynimə götürdüm. Dedilər
ki, bu dissertasiyanı kitab şəklində çıxar, sonra müdafiə elə. Mən kitab şəklində çıxartdım.
Kitabın siqnal nüsxəsini rəhbərimə
gətirdim. Kitaba baxdı. Rəngi-rufu
qaçdı. Çünki mən Bəstəkarlar
İttifaqının o vaxtki
rəhbəri Tofiq Quliyevdən məktub
aldım. O məktubla nəşriyyata getdim.
Onlar da götürüb Tofiq
müəllimin yazısını kitabımda giriş
kimi verdilər. Kitabın redaktoru
da musiqişünas Zemfira Səfərova oldu.
O da Üzeyir Hacıbəyli
yaradıcılığı ilə məşğul idi. Onun estetik
fikirlərini təhlil eləmişdi və kitabı
çıxmışdı. Elmira Abbasova hirsləndi ki, Zemfira Səfərovanın sənin işinə
nə aidiyyatı var? Dedim
ki, onu üzeyirşünas
olduğu üçün
seçiblər.
O zaman bizdə müdafiə üzrə elmi şura yox idi. Mən də bu işimi Daşkənddə
müdafiə elədim. Anam o zaman sağ
idi. Müdafiəyə onunla
getmişdim.
Bilirsiniz, anam Güllü Mustafayeva xalq rəssamı idi. Heç bir zaman işimin keçməyi üçün mən anamın, atamın adından istifadə etməzdim. O zaman Daşkənddə mənə münasibət yaxşı idi. Amma anamı görəndən sonra mənə münasibət ikiqat artdı ki, belə anan var... Aristokrat, çox gözəl qadın... Müdafiə yüksək səviyyədə keçdi. Anam həmişə mənə tənqidi yanaşıb. "Məndən olub, mənə oxşamayan qızım" deyərdi. Müdafiədən sonra anam mənə dedi ki, "qızım, mən bilmirdim ki, sən belə ağıllısan". Bu, həyatımda ən gözəl mükafat oldu. Çünki anam mənim işimi bəyəndi və mənə görə sevindi...
1973-cü ildən
Azərbaycan Bəstəkarlar İttifaqının
üzvüyəm. Bir üzv
kimi, bütün tədbirlərdə,
plenumlarda, qurultaylarda
çıxış eləmişəm, yazmışam. Bir çox məqalələrim
və resenziyalarım var. Bəstəkarlarımız
haqqında bir çox
kitablarım var. Bəstəkarlardan Ramiz Mustafayev, Tofiq Bakıxanov, Hacı Xanməmmədov,
Şəfiqə Axundova,
ifaçılardan Telman Hacıyev, Əli
Haqverdiyev haqqında kitablarım var. O vaxt kitab
buraxmaq çox
çətin idi. İndiki
kimi deyildi, o vaxt bu
işə görə Mədəniyyət Nazirliyindən pul alırdıq. İndi öz pulumuza çap edirik
yazıları. Televiziyada, radioda
çıxış edirik, qonorar vermirlər...
Musiqişünasların işi təbliğat işidir. Bizim borcumuzdur ki, musiqiçilərimizi, bəstəkarlarımızı təbliğ edək. Bir musiqişünas kimi, bu işlə daim məşğul olmuşam, çoxlu məqalələrim var...
Mən Moskva Konservatoriyasında təkmilləşmə
kursunda 4 ay oxudum. O dövrü həyatımda
işıqlı dövr kimi
qiymətləndirirəm. Orda bir çox gözəl
müəllimlərdən dərs aldıq. Orda
mən öz dissertasiyamı
tamamladım...
Bir
sözlə, musiqiçi olmağıma, musiqini sevməyimə bir çox amillər səbəb olub.
Uşaqlıqda "Arşın mal alan" filminə getmişdim,
çox təsirləndim. Beş
yaşım olardı. İndiyə qədər də o təsir altındayam. Sonra
Bülbülü səhnədə gördüm. 1960-cı il
idi. Mən musiqi məktəbində
oxuyurdum. Anamla Opera Teatrına getdik. Bülbül artıq yaşlı idi. Heç yadımdan
çıxmır, elə obraz
yaratmışdı, elə bildim ki, doğrudan da Koroğludu. Səhnədə
atın üstündə, əlində saz,
hünərlə, cəsarətlə hərəkət edirdi. Son zamanlar
Koroğlu obrazını yaradanlar
var. İstəyirlər özlərini
Bülbülə oxşatsınlar. Ancaq hər
kəs ayağını, gərək, yorğanına görə
uzatsın. Sən bu obrazı yarada bilərsən, ya yox? Desəniz, Koroğlu
necə olar? O dəqiqə mənim xəyalıma
Bülbül gəlir.
Mənim
dayım bəstəkar Ramiz Mustafayev həm vokalda oxuyub, həm də bəstəkarlıqda. Vokalda Bülbülün
sinfində oxuyub. Dayım mənə
Bülbüldən çox
danışırdı ki, Bülbül
nə cür gözəl müəllim, həm
də gözəl insandı. O, tələbələrini evə
də yığardı. Onun stolunun üstündə gözəl şirniyyatlar olardı. Mütləq deyərdi
ki, siz çay
için, şirniyyatlardan
yeyin. Mənim qardaşım Əli Haqverdiyev rəssam idi. Sonra səsi üzə çıxdı,
müğənni oldu. Bülbül
onun səsini bəyənib konservatoriyaya imtahansız qəbul etmişdi. Lakin Bülbül 1961-ci il sentyabr ayının 26-da rəhmətə getdi. Qardaşıma qismət olmadı onun tələbəsi olsun...
Səs belədi ki, genlə gəlir. Atamın, anamın da səsi var idi. Ona görə qardaşımda, məndə də səs var. Oxumaq, çalmaq müəllimlik fəaliyyətimdə mənə həmişə kömək edib. 1998-2005-ci illərdə Türkiyənin Ədirnə şəhərində konservatoriyada işləmişəm. Orda musiqi tarixindən, solfecio və harmoniyadan dərs demişəm. Dərslərimdə həm çalırdım, həm oxuyurdum. Bir dəfə konservatoriyanın müdiri məni çağırdı, dedi ki, bəs sizin səsiniz var, şandan dərs deyin. Dedim ki, hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır. Mən musiqişünasam, öz dərslərimi deyəcəyəm...
(davamı var)
Namiq MƏMMƏDLİ
Ekspress.-2015.- 7-9 fevral.- S.20.