Cümhuriyyət tələbələri

 

III fəsil. Tale sorağında

 

Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik təhdidlərlə üzləşsə , Vətənin millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur. "Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.

   Qubanın

   Cümhuriyyət tələbəsi

   Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında oxuyuruq:

   "Həsənov Rzaqulu İsmayıl oğlu (27.9.1889, Quba - ?). Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri.

   Orta texniki məktəbin mexanika şöbəsini bitirmişdir (1917).

   Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Frayberq Universitetinə (Almaniya) göndərilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəsiyyətini öyrənən Azərbaycan Tələbələr İttifaqının 1923-1925-ci illər üçün məlumatında onun təhsilinin bitirməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır".

   Qubalı Cümhuriyyət tələbəsinin sonrakı taleyi barədə məlumatı Azərbaycan Respublikası Milli Təhlükəzlik Nazirliyinin Arxivində tapdım. 1937-ci il iyulun 9-da tərtib edlilmiş 23731 N-li istintaq işindəki materiallardan aydın oldu ki, qubalı Cümhuriyyət tələbəsi "neft sənayesində əksinqilabi təşkilatın üzvü" olduğu üçün həbsə alınıb təcridxanaya salınmışdır.

   Yeri gəlmişkən, qovluqda Rzaqulu Həsənovun həbsdə çəkilmiş fotosu da vardır. Həmin il avqustun 3-də mənzilində (Bakı şəhəri, Suraxanskaya küçəsi (indiki Dilarə Əliyeva adına küçə), ev 229, mənzil 11-də aparılan axtarış zamanı qiymətli bir şey tapılmamışdır, pasportu, hərbi bileti, Almaniyada tələbə ikən çəkilmiş fotolar götürülmüşdür.

   Sənədlərdən bu da təsdiq edilir ki, Rzaqulu İsmayıl oğlu Həsənov həqiqətən Frayberq Universitetini Dağ-mədən mühəndisi diplomu ilə bitirmiş və 1927-ci ildə Bakıya qayıtmışdır.

   1934-cü ilədək Bakıda "Stalinneft"də qazma işləri üzrə baş mühəndis, "Kirovneft"də mədən müdiri olmuşdur. 1927-cu ildən partiya üzvü, tanınmış neftçi-mühəndis 1934-cü ildə tutulanadək Neftçaladakı "26 komissar" adına mədənin direktoru vəzifəsində çalışmışdır.

   Arxivdə Salyan rayon partiya komitəsinin plenumunun qərarının surəti də saxlanılır: " Neftçaladakı "26 komissar" adına mədənin keçmiş direktoru Həsənov Rzaqulu İsmayıl oğlu xalq düşməni kimi partiya sıralarından kənar edilsin.

   Salyan rayon partiya komitəsinin ikinci katibi

   İmza (Quzeyev)

   19 iyun 1938-ci il .

   Milli Təhlükəzlik Nazirliyiinin Arxivində 1937-ci il iyun ayının 29-da müstəntiqin Rzaqulu Həsənovla sorğu-sualı da maraq doğurur:

   Sual: 1917-ci illərdə sol esserlərin "Əkinçi" təşkilatının üzvü olmusunuz?

   Cavab: İftiradır. Mən o zaman texniki məktəbdə oxuyurdum.

   Sual: Firidun Əliyevi tanıyırsınız?

   Cavab: Tanıyıram, 1920-ci ildən tanıyıram. Birlikdə Almaniyaya ali təhsil almağa getmişik, Frayberq Universitetində oxumuşuq.

   1938-ci il avqustun 23-də SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə Həsənov Rzaqulu İsmayıl oğlu "əksinqilabi fəaliyyətinə görə" 5 il müddətinə islah-əmək düşərgəsinə sürgün edilmişdir.

   Bəraət aldıqdan sonra Azərbaycana qayıtmayan Rzaqulunun ömür-gün yoldaşı Nahidə xanım, qızı Aliyə, Rzaqulunun Qubada yaşayan qardaşı Ağamehdi Maqadana, Vladivostok şəhərinə məktublar göndərmişdilər.

   Nəhayət, 1950-ci ildə Maqadandan kədərli bir cavab alınmışdı:

   "HƏSƏNOV RZAQULU İSMAYIL OĞLU BƏRAƏT ALANDAN SONRA VƏTƏNƏ QAYIDARKƏN YOLDA TİF XƏSTƏLİYİNƏ TUTULARAQ VƏFAT ETMİŞDİR".

   1951-ci il mart ayının 10-da isə Vladivostok şəhərindən Bakıya Cümhuriyyət tələbəsinin həyat yoldaşı Nahidə xanıma belə bir məktub gəlmişdi:

   "HƏSƏNOV RZAQULU İSMAYIL OĞLU 1939-CU İL YANVARIN 30-da VLADİVOSTOK ŞƏHƏRİNDƏKİ İSLAH-ƏMƏK DÜŞƏRGƏSİNDƏ VƏFAT ETMİŞDİR.

   Mayor Mixaylenko".

   Nəhayət, 1956-cı il oktyabrın 19-da Cümhuriyyət tələbəsinin Bakıda (Bakı, Sovet küçəsi, 4-cü döngə, ev 21) yaşayan qardaşı Həsənov Ağamehdi İsmayıl oğluna Azərbaycan SSR Prokurorluğundan əcaib bir məktub ünvanlanmışdı.Tanış olun:

   "QARDAŞINIZ HƏSƏNOV RZAQULU İSMAYIL OĞLU AZƏRBAYCAN XALQININ ƏN YAXŞI OĞULLARINI MƏHV ETMİŞ VƏTƏN XAİNİ MİR CƏFƏR BAĞIROVUN QURBANI OLMUŞDUR".

   Müəllifdən. 2015 -ci il yanvarın 26-da axşam saat 10 tamamda ANS telekanalında "Şəxsiyyət vəsiqəsi" nin aparıcısı Həmid Herisli tamaşaçılara mistik "tarixi kəşfi"ni bəyan edir: Almaniyada Hitler, Azərbaycanda Bağırov eyni vaxtda - 1933-cü ildə hakimiyyətə gəlmişlər. Studiyada əyləşən tədqiqatçı-alimlər susurlar. Heç kəs dillənmir ki, daşnak Rubendən sonra hakimiyyətə gəlmiş Mir Cəfər xalqının mübarizə yolunu davam etdirib, Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ərazimizin bir qarışı belə düşmənlərə pay verilməmişdir...

   Arxiv materialları sübut edir ki, 1937-ci ilin repressiv qanunları ilə cəzalandırılmış günahsız ziyalılarımızın, o cümlədən Cümhuriyyət tələbələrinin bu gəncləri Avropa ölkələrinə ali təhsil almağa xeyir-dua verərək yol vərəqəsinə imza atmış maarif naziri Şahsuvarovun xilaskarı Mir Cəfər Bağırov olmuşdur.

   "İttihad" partiyasının üzvü kimi Krasnodar diyarına sürgün olunmuş Şahsuvarov Nurməmmədbəy Ədilxan oğlu 1943-cü ildə 60 yaşında Azərbaycana qayıtmış, Mir Cəfər Bağırovun tapşırığı ilə Azərbaycan Tibb İnstututunun rus dili kafedrasının müdiri təyin olunmuşdur. Azərbaycan Cümhuriyyətinin maarif naziri 1958-ci il avqustun 11-də vəfat etmişdir. Cümhuriyyət tələbələrinin hamisinin doğulduğu Minkənd bütün Laçın rayonu kimi 23 ildir daşnak faşistlərin məngənəsindədir.

   Minkəndli Nurməmmədbəy Şahsuvarovun Bakıdakı məzarının yerini bilən belə yoxdur. ANS isə "Şəxsiyyət vəsiqəsi" ilə Mir Cəfər Bağırovun ünvanına "qara daşlar" atır "tədqiqatçı alimləri" daş atmağa həvəsləndirir. Halbuki, XX əsrin birinci yarısında Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, tərəqqisində ən başlıcası isə Rusiyaya arxalanan daşnaklarla mübarizədə böyük rolu olan Mir Cəfər Bağırovun fəaliyyətini düz-əməlli araşdırsınlar ki, "tədqiqatçı" adını doğrulda bilsinlər.

 

    (ardı var)

 

Teyyub QURBAN

Ekspress.-2015.- 14-16 fevral.- S.15.