"Üzeyir Hacıbəylinin yolu ilə getsəydik..."

 

Zemfira Qafarova: "Bu gün deməzdik ki, muğamımızı reanimasiyadan çıxardıq"

 

Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova Azərbaycanda barmaqla sayılacaq musiqi tədqiqatçılarımızdandır. Həyatının çox hissəsini Azərbaycan musiqisinin inkişafına, tədqiqinə həsr edən Zemfira xanım Ü.Hacıbəyovun yaradıcılığını tədqiq etmiş, bu mövzuda bir sıra məqalələr- ""Koroğlu"nun avtoqrafı" (1972), "Ü.Hacıbəyovun opera estetikası" (1975), "Ü.Hacıbəyovun "Koroğlu" operasının üvertürası" (1973) və s. yazıb. "Ü.Hacıbəyovun "Koroğlu" operası" (1994) monoqrafiyasının müəllifidir.

   Eləcə də, bir çox tanınmış musiqi xadimləri haqdamusiqi nəzəriyyəsi tarixi sahəsində sanballı məqalələr yazan Zemfira xanım musiq sahəsində tanınmış, sanballı tələbələr yetişdirib. Onunla Bəstəkarlar İttifaqında görüşüb uzunillik ömür və sənət yolundan danışdıq.

          - Bəs bu gün Zemfira Qafarova hansı musiqilərə qulaq asır?

   - Təbii ki, birinci növbədə mənim üçün klassik musiqi çox önəmlidir. Bu musiqi ilə böyümüşük, bu musiqini təbliğ edirik. Klassik musiqi geniş anlayışdır. Bu, bizim üçün təkcə Bax, Motsart deyil. Üzeyir Hacıbəylidi, Qara Qarayev, Arif Məlikov, Aqşin Əlizadə də klassikdi. Eləcə də müasir musiqi. Bəziləri deyirlər ki, mən müasir musiqini sevirəm. Məgər Bax, Bethoven, Üzeyir Hacıbəyli müasir deyil? Mən bizim milli musiqimiziçox sevirəm. Çünki bu, bizim qanımızdı, içimizdi. Muğamlarımızı, xalq mahnılarımızı, aşıq musiqisini çox sevirəm. Mən Konservatoriyada on il dekan oldum. Musiqi nəzəriyyəsi tarixi fakültəsinə nəzəriyyəçilərdən başqa, drijorlar, xalq çalğı alətləri mütəxəssisləri, bəstəkarlar daxil idi. Arif Məlikov, Süleyman Ələsgərov, Cahangir Cahangirov kafedra müdirləri kimi fakültədə dərs deyirdilər. Cavan olmağıma baxmayaraq, onlara rəhbərlik edirdim. Onların hamısını sevirdim. O dövrdə daha çox bəstəkar yaradıcılığına, bəstəkar musiqisinə fikir verilirdi. Bir müddət muğamlar unudulmuşdu. Onu da deyim ki, biz öncədən Üzeyir Hacıbəylinin yolu ilə getsəydik, bu gün deməzdik ki, muğamımızı reanimasiyadan çıxardıq. O vaxt Konservatoriya yarananda, Üzeyir Hacıbəyli ilk dəfə burda dünya təhsil sistemində Şərq fakültəsini yaratdı. Ora muğamların öyrənilməsini, xalq çalğı alətlərinin ifasını daxil etdi. Bizim görkəmli ifaçılarımızı dərs deməyə dəvət etmişdi. Lakin mən Türkiyədə çalışdığım zaman eşitdim ki, fakültəni veriblər Milli Konservatoriyaya. Çox üzüldüm. Ona görə yox ki, Milli Konservatoriya yarandı. Qoy bir neçə konservatoriya yaransın bizdə. Amma nəyə görə Üzeyir Hacıbəylinin gözəl təşəbbüsünü ləğv elədilər? Bizdən sonra başqa konservatoriyalar -Moskva, Leninqrad, Özbəkistan Üzeyir Hacıbəylinin təşəbbüsünə əsaslanaraq xalq musiqisi fakültələrini yaratdılar.

   İndi şükür Allaha, ölkə rəhbərliyi milli musiqiyə böyük dəyər, önəm verir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə mart ayında "Muğam aləmi" festivalı keçiriləcək. Bəstəkarlar İttifaqının katibi kimi, demək istərdim ki, muğam festivalına ciddi hazırlaşırıq. Festival çərçivəsində konfrans olacaq. Həm biz, həm də xarici musiqişünaslar muğam, onun prinsipləri haqda maraqlı çıxışlar edəcəyik.

   - Tələbələrinizlə necə işləyirsiniz?

   - Mən müəllimliyi çox sevirəm. Demək olar ki, hələ Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyanda, 2 nömrəli Musiqi Məktəbində müəllimliyə başlamışam. Bülbül adına Musiqi Məktəbində, 16 nömrəli məktəbdə işləmişəm. Həm uşaqlara, həm də böyüklərə dərs demişəm. İnsan nəinki öz işinə, tələbələrinin uğurlarına daha çox sevinir. Mən çox şadam ki, bir çox tələbələrim Azərbaycanın musiqi ocaqlarında, xarici ölkələrdə çalışırlar və mənimlə də əlaqə saxlayırlar.

   Mənim tələbələrim içərisində bu gün Azərbaycanın aparıcı musiqişünasları var. Mən onlarla fəxr edirəm.

   - Başqa ölkələrlə müqayisədə azərbaycan musiqisi necə görünür? Musiqimizin vəziyyəti necədir?

   - Xalq musiqimiz bu dəqiqə dünyada tanınır və sevilir. Qabaq Azərbaycanı Rəşid Behbudovla, Müslüm Maqomayevlə tanıyırdılarsa, indi şükür Allaha, o qədər müğənnilərimiz, ifaçılarımız var ki, dünyada tanınırlar. Bu, bizi çox sevindirir.

   O ki qaldı klassik musiqiyə, Rauf Abdullayevin, Teymur Göyçayevin rəhbərliyi altında orkestrlərimiz xarici ölkələrə tez-tez qastrol səfərlərinə gedir, musiqimizi təbliğ edirlər.

   Bəstəkarlarımızın yaradıcılığına gələndə, düzdür, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov gəldilər, getdilər. Bu, bir nəsil idi... Amma deməzdim ki, bəstəkarlıq məktəbi dayanıb, inkişaf etmir. Buna da misal Azərbaycan Bəstəkarlar İttifaqının bu yaxınlarda keçirdiyimiz 80 illiyi idi. Xarici ölkələrdən qonaqlarımız da gəlmişdi. Onlar məəttəl qalmışdılar ki, bizim belə gözəl, professional bəstəkarlarımız var. Bəstəkarlıq məktəbi yaşayır. Üzeyir Hacıbəyli bizim fenomendir. Biz sevinək ki, belə fenomenimiz var. Buna bənzər heç bir sahədə şəxsiyyət görə bilmirəm. O, müəllim, jurnalist, publisist idi. Onun 100 il bundan qabaq yazdığı məqalələrdə qaldırdığı problemlər indi də aktualdır. "Azərbaycan xalq musiqisinin əsasları" kitabı hələ də bizim musiqişünasların stol-üstü kitabıdır...

   Sevindirici haldır ki, Üzeyir Hacıbəylidən sonra Bəstəkarlar İttifaqının sədri Qara Qarayev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə olub. Bu gün Bəstəkarlar İttifaqına Azərbaycanın xalq artisti Firəngiz Əlizadə rəhbərlik edir. O da çalışır bu yolu davam etdirsin. Bu yolda Azərbaycan gənclərini təbliğ edir, onlara şərait yaradır.

   Çox diqqət edirik bizim korifey sənətkarlarımıza. Bu yaxınlarda xalq artisti Musa Mirzəyevin Filarmoniyada çox gözəl müəllif konserti oldu...

   - Televiziyada musiqimizin təbliğatı sizi qane edirmi?

   - Mən bütün kanallara baxmıram. Elə kanallar var ki, onları bağlamaq lazımdır. Əsasən Az.TV- xəbərlərə baxıram. Yayım Şurasının üzvü olduğum üçün daha çox İTV- baxıram.

   Başqa dövrlərə baxanda, təbliğat daha yaxşıdır. Xüsusən Az.TV- "Musiqi xəzinəsi" verilişi var idi. Bu verilişdə Azərbaycan bəstəkarlarının yaradıcılığı, xalq musiqimiz, aşıq musiqimiz, caz musiqisi təbliğ olunurdu. Nədənsə bu verilişi bağladılar. Məncə, bu, yaxşı veriliş idi. Bəlkə bunu başqa cür eləmək olardı.

   Televiziyaya elə müğənnilər çıxır, elə söhbətlər edirlər ki, adam utanır. Bir ki, dil məsələsi. Mən özüm rus dilində təhsil almışam. Çalışıram ki, azərbaycan dilində təmiz danışım. İstərdim ki, aparıcılar da azərbaycan dilində təmiz danışsınlar... "C" yerinə "ç" deməsinlər. Elə şeylər görəndə, eşidəndə, adamın əti tökülür...

   - Ailənizin bütün üzvləri rəssamdır. Siz nədən rəssam olmadınız?

   - Mənim anam, atam, qardaşlarım rəssamdırlar. Qardaşım Əlinin oğlu rəssamlıqla məşğuldur, hazırda Rumıniyada oxuyur. O biri qardaşım Hüseyn heykəltəraşdır. Onun oğlu da rəssamdır. Qardaşım Ucal oğlu rəssamdılar. Bacım Səidə rəssamdır. Gəlinlərimiz rəssamdır. Mən olmadım, istedad yoxdu. Hərdən gül çəkirəm... Nəsə, mənim meylim daha çox musiqiyə olub. Ədəbiyyatı da çox sevirəm. Musiqiçi olmasaydım, ədəbiyyatçı olmaq istərdim.

 

   Mən 134 nömrəli orta məktəbdə oxumuşam. Orda bizim çox gözəl ədəbiyyat müəllimimiz var idi. Yadımdadır ki, həmişə inşa yazılarımıza fikir verirdi. Mənim inşalarımı bəyənirdi. Yazmaq elə ordan məndə yaranıb. Bəzən musiqişünaslığı bitirirlər, amma yaza bilmirlər. Yubileylər olur, axtarıram ki, kim kim haqqında yazsın, yazan azdır. Rus dilində heç yazan yoxdur.

   - Atanız Həsən Haqverdiyev tanınmış rəssam olub. Onu necə xatırlayırsınız?

   - Atam çox istedadlı rəssam olub. Mən atamın üzünü görməmişdim, müharibəyə getmişdi, sonra da Stalin repressiyasına düşmüşdü. Mən atamı 1953-cü ildə Stalinin ölümündən sonra gördüm. Həmişə fəxr eləmişəm, indiyə qədər fəxr edirəm ki, mən Həsən Haqverdiyevin qızıyam. Atam 16-17 yaşım olardı, məni emalatxanaya çağırdı, şəklimi çəkdi. Daxilən incə adam idi. Mən daha çox atama oxşamışam.

   - Bu yaxınlarda sizi tamaşaçı kimi, Şekspirin əsəri əsasında hazırlanmış "III Riçard" tamaşasının nümayişində gördüm. Teatrla da maraqlanırsınız?

   - Təbii ki, biz musiqiçilər gərək incəsənətlə bağlı bütün sahələrə maraq göstərək. Sərgilərə, teatrlara gedək. Bu günlərdə mən Gənc Tamaşaçılar Teatrında "III Riçard" tamaşasına baxdım. Sevindirici haldır ki, bu tamaşa Azərbaycanda səhnəyə qoyuldu. Tamaşanın rejissoru Cənnət Səlimovadır. Sözün doğrusu, yüksək səviyyədə hazırlanmış tamaşa xoşuma gəldi. Bu tamaşanı rejissor özünəməxsus şəkildə hazırlamışdı. Aktyorlardan çox bəyəndiyim Şövqü Hüseynov oldu. Çox istedadlı idi, hərtərəfli obraz yaratdı. Bildiyim qədər, bu yaxınlarda o, Məşədi İbad rolunda da çıxış eləmişdi. Amma bir şeyi deyim ki, aktyorların bir çoxunda tələffüz problemi var, sözlər aydın gəlmir. Bir ki, aktyorların adları məlum olmur. Bunun üçün gərək əsərin özünü oxuyasan. Bildiyimiz kimi, Şeksprin əsərində müxtəlif çətin adlar var. Bir ki, teatrda proqram yox idi. Proqramsız premyera olar? Axı, biz bilməliyik ki, burda hansı Azərbaycan aktyorları çıxış edir. Teatra təzə, gənc aktyorlar gəlir axı. Gərək onları da tanıyasan.

   - Hansı arzularla yaşayırsınız?

   - Arzularım odur ki, əmin-amanlıq olsun. Hər kəs öz işi ilə məşğul olsun. Bizdə bütün sahələrdə çətinliklər, problemlər var. Bunlar aradan götürülsün. Ən böyük arzum odur ki, torpaqlarımız qaytarılsın. Şuşada, Qarabağda olmuşam. Orda çox konsertlər keçirmişik. Cıdır Düzündə simfonik orkestr çalıb. Mən orda çıxış etmişəm... Çox istərdim ki, o günlər yenə qayıtsın.

  

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 14-16 fevral.- S.20.