"Mənə Kamal Sunal deyirdilər"
Ədalət Əbdülsəmədov: Səhnəyə hər dəfə ilk dəfə
səhnəyə çıxan
kimi çıxıram...
Aktyorlarla tamaşa öncəsi və ya sonrası sənətdən danışmaq daha maraqlı alınır. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, dramatik rolların mahir ifaçısı Ədalət Əbdülsəmədovla da tamaşadan sonra söhbət etdik. Aktyor bir qədər öncə səhnədə Hacı Qara rolunu oynamışdı, obrazdan yenicə çıxırdı...
TANITIM: Ədalət Əbdülsəmədov 17 yanvar 1966-cı ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr və kino sənəti" fakültəsini bitirib. 1989-cu ildən Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 1993-cü ildən Teatr Xadimləri İttifaqının üzvüdür. 2009-cu il may ayının 1-dən Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Onlarla rollar oynayan aktyorun iştirak etdiyi tamaşaların sadəcə bir qismini təqdim edirik: Kral ("Əriməyən ürək", O.Uald), Mirzə Cavad ("Aydın", C.Cabbarlı), İbn Səlam ("Leyli və Məcnun", M.Füzuli), Məcid ("Dələduz", N.B.Vəzirov), İlya ("Halallıq", V.Rasputin), Murtuz ("Dağ tikirik", V.Səmədoğlu), Nəvə ("Generalın son əmri", V.Səmədoğlu), Kişi ("Qara qutu", F.Mustafa), Balay ("Sultanqulu körpüsü", İ.Məlikzadə), Baba ("Xoşbəxt gün", Ə.Əmirli), Bulat ("Arvadımın əri", S.Xuqayev), Ulaq ("Dünyanın axırı", R.Əlizadə), Ağamehdi ("Qumm üzərində ev", R.İbrahimbəyov), Pinay ("Bir az gəlirmisiz", Ə.Nesin), Saz yoxlayan ("Öldür məni can-ciyər", Ə.Nesin), MİS rəisi ("Su pərisi", F.Mustafa), Novruz bəy ("Aydın", C.Cabbarlı), Kazak ("Hekayəti-xırs-quldurbasan", M.F.Axundov), Həkim ("Şelkunçik", E.T.A.Hofman), Polis ("Oliver Tvistin macəraları" Ç.Dikkens), valideyn ("Mənim ağ göyərçinim" T.Vəliyeva), Ağabəşir ("Sarıköynəklə Valehin nağılı" İ.Əfəndiyev) və s.
Filmoqrafiya: "İnterpapa" (2006), "Qızlar" (2007), "Qüdsi" (2007), "Qaydasız döyüş" ( 2009), "Komediya səhnəsi" (veriliş, 2009), "Səhərə inan..." (film, 2011), "Ünvansız eşq" (2011), "Həyat, sən nə qəribəsən" (teleserial, 2013) və s.
- Bildiyimə görə, uşaqlıq illərindən sənətə böyük həvəsiniz olub, amma ali məktəbin ilk kursunda təhsilinizi yarımçıq qoyub hərbi xidmətə yollanmışdınız...
- Gerçəkdən də, sənətə olan həvəsim hələ uşaqlıq illərində özünü büruzə verib. O dövrdə az qala hamı qəzetlərə abunə olurdu, bizim ailə də eləcə. Bir dəfə "Azərbaycan gəncləri" qəzetində gördüm ki, azyaşlı məktəblilər teatr tamaşasında rol alıblar. Bu məni çox maraqlandırdı və istəyimi atama dedim. Beləcə, Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrına getməyə başladım. O vaxtlar 3-cü sinifdə oxuyurdum. İlk rolum "Qaçaq Nəbi" əsərində balaca oğlan - Surxay rolu oldu. Tanınmış aktyorların əksəriyyətini məhz həmin Xalq Teatrında gördüm, onlarla yaxından tanış oldum. 10 yaşımdan etibarən kiçikhəcmli rollar oynadım və 8-ci sinifdə artıq qərar verdim ki, aktyor olacağam. Azərbaycan Dövlət İncəsənət İnstitutunun əyani şöbəsinə daxil oldum, təhsil aldığım ilk kursda əsgəri xidmətə yollandım. Əslində bunu bir qədər yubatmaq olardı, ancaq mən borc hesab etdiyim bu xidməti mütləq başa vurmaq istədim. Mənimlə bərabər kurs yoldaşlarımın əksəriyyəti də öncə əsgəri xidməti seçdilər.
- Gələcəyin aktyorlarının əsgərlik həyatı necə keçdi?
- Əsgərliyin ilk 6 ayını Tağıyev qəsəbəsindəki hərbi hissədə keçirdik. Əsgərliyə getməmişdən əvvəl sürücülük kursu oxumuşdum. 6 aylıq xidmətdən sonra bizə rütbə verərək Türkmənistana göndərdilər. İlyarım da orda xidmətdə olduq.
Əfqanıstan sərhədlərinə qədər gedib çıxmışdıq. 1984-1986-cı illərdə əfqan müharibəsi davam edirdi, buna görə də ailələrimiz bizlər sarıdan çox narahat olurdu. O qədər cənazələr gəlirdi ki, bu da bizlərə çox pis təsir edirdi. Xidmətdə öncə rabitə-informasiya sistemiylə məşğul olsam da, sürücülük vəsiqəm olduğu üçün qərargah rəisi məni öz sürücüsü təyin etdi. Həmin qərargah rəisi polkovnik rütbəsi alanda mənim də rütbəmi artırdı- avtomobil rotasının starşinası oldum. Gənc əsgərləri hazırlaşdırırdım, eyni vaxtda rotanın komsomol komitəsinin 1-ci katibi oldum. İclasları rus dilində aparırdım. Yaxşı yadımdadır, 1985-ci ildə "Bəyin oğurlanması" filminin Türkmənistanda nümayişi oldu. Bütün rotanı böyük qürur hissi ilə ölkəmin çəkdiyi filmə baxmağa apardım, hətta bizdən pul da almadılar. Əsgərlik həyatını danışmaqla bitməz. Xidməti başa vurub vətənə döndüm və təhsilə davam etdim.
- Artıq həyat təcrübəniz də artmışdı...
- Əsgər həyatı keçdikdən sonra sanki bir qədər də böyüyürsən, artıq məqsədin uğrunda mübarizəyə əmin olursan. Səhnə danışığını Mikayıl Mirzədən öyrəndik, aktyor sənətindən əsgərlikdən öncə Həsən Məmmədov, əsgərlikdən sonra Məlik Dadaşov dərs dedi. Məlik müəllim 1 il kurs rəhbərimiz oldu, daha sonra professor Fikrət Sultanov kurs rəhbərimiz oldu. O vaxtlar Vidadi Həsənov ali məktəbi yenicə bitirmişdi və o da bizə aktyor sənətindən dərs dedi. Vidadi Həsənov, demək olar ki, pedaqoji fəaliyyətdə ilk addımlarını bizim kursla atdı, dostluq əlaqələrimiz var idi və gecə-gündüz məşqlər edir, sənətlə bağlı kitablar oxuyurduq. O dövrdə müğənni Hüseynağa Hadıyev Tədris Teatrında administrator işləyirdi. Və daim bizə şərait yaradırdı ki, teatrda məşq edək. Yəni, sənəti öyrənmək üçün böyük həvəs, istək vardı, bu həvəs bütün kursda var idi.
- Kursunuzda kimlər vardı?
- İntiqam Soltan, Kəmalə Hüseynova, Laləzar Mustafayeva və başqaları bizim kursda idi və hər biri də bu sənətdə öz sözünü deməyi bacardı. O dövrdə mənim də dram dərnəyim var idi və 265 saylı orta məktəbdə şagirdlərlə tamaşalar hazırlayırdım. Eyni zamanda, Politexnik İnstitutunda "Ocaq" tələbə teatrının bədii rəhbəri idim və oranın tələbələri ilə bir çox tədbirlər həyata keçirdik. Çingiz Mustafayev, İlqar Xəyal da orda idi.
- Hüseynağa Atakişiyevlə çalışdığınız illər necə yadınızda qalıb?
- 1989-cu ildə Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrını yaratdı və bizim institutdan 3 tələbəni, həmçinin bir sıra teatrlardan - Şəki Teatrı, Milli Dram Teatrə, Sumqayıt Teatrı, Musiqili Komediya Teatrı, Gənc Tamaşaçılar Teatrı və başqalarından aktyorlar dəvət etdi. Bir sözlə, talantlı aktyorların bir araya gəldiyi Gənclər Teatrı beləcə fəaliyyətinə start verdi. Dəvət edilənqlər içində mən də vardım. İlk tamaşa "Qətl günü" idi və bir-birinin ardınca tamaşalar hazırlandı, hər biri də bir-birindən çox dəyərli. Hüseynağa Atakişiyev tələbkar olduğu qədər, çox gözəl insan idi, aktyorların hər biri üçün rahat şərait yaradırdı. Məsələn, aktyorların hər biri baş rollarda oynayırdı. Bu baxımdan Gənclər Teatrında yaradıcı bir mühit formalaşmışdı. İlham Namiq Kamal, Atabala Səfərov, Afaq Bəşirqızı kimi ustadlarla tərəfmüqabili olmaq və ən önəmlisi Hüseynağa Atakişiyev kimi bir rejissorla çalışmaq mənim kimi sənətə yenicə gələn biri üçün böyük bir məsuliyyət idi, mən bunun fərqində idim. "Dadaşbala əməliyyatı" tamaşası anşlaqla keçdi, bilet tapmaq mümkün deyildi və tamaşaçı axınının da ardı-arası kəsilmirdi. O tamaşanı indiki Heydər Əliyev adına Sarayda da bir neçə dəfə təqdim etdik. Salonda boş yer tapılmırdı, yəni, o qədər maraq vardı. Salondakı insanları görüncə adamı vahimə basırdı, hamısı da tanınmış insanlardı.
Həyəcan keçirdiyim bir məqamda Hüseynağa müəllim məni gördü, həyəcanımı hiss etdiyi üçün ürək-dirək verdi, "narahat olma, hər şey yaxşı olacaq" dedi. Onun sözləri, əlbəttə ki, məni bir qədər cəsarətləndirdi və həmin tamaşada böyük ifa nümayiş etdirdik. Hüseynağa Atakişiev üçün sənətdə çətin deyilən bir şey yox idi, problemləri adiləşdirmə bacarığı var idi. Onun üçün yalnız sənət vardı. 1990-cı ilin yayında rayonlarda qastrolda olduq, "Dələduz" tamaşasi ilə tamaşaçıların qarşısında 15 gün çıxış etdik. Böyük səs-küyə səbəb olan həmin tamaşa ilə Türkiyənin Konya şəhərində də olduq və orda da "Dələduz" yaxşı qarşılandı, böyük uğur qazandıq. Türkiyədən yeni dəvət aldıq və orda Cəlil Məmmədquluzadənin "Ölülər" tamaşasını hazırladıq. Mən kefli İsgəndər rolunda, İlham Namiq Kamal Şeyx Nəsrullah rolunda idi. Tamaşanin məşqlərini Türkiyədə etdik, bir müddət orda qaldıq. Hətta "Dələduz" komediyasından sonra orda mənə Kamal Sunal (məşhur türk aktyoru, Şaban rolunun ifaçısı) deyirdilər. O vaxtlar arıq idim, elə məni də Kamal Sunalın arıq dövrünə çox oxşadırdılar. Hətta sərhədi keçəndə gömrükdə də məni sorğu- sual etdilər, dedilər ki, "bizim aktyora çox bənzəyirsən". O vaxtlar Kamal Sunalı görməmişdim, sonralar görüncə, anladım ki, doğrudan da, oxşarlıq var.
- Sonra bir müddət sənətdən uzaq qaldınız?
- 2 ildən artıq müddətdə sənətdən uzaq qaldım, Türkiyədə ticarətlə məşğul oldum. Vəziyyət bir qədər gərgin, maddi durumum aşağı idi, bütün bunlar sənətdən uzaq qalmağıma səbəb oldu. Türkiyə-Rusiya bağlantılarım həmin ərəfədə gücləndi, yaşayış tərzim yaxşılaşdı, iş böyüdü, daha rahat yaşamağa başladım.
- Deyirsiniz ki, ticarətdən yaxşı pul qazanırdınız, amma vətənə döndünüz, yenidən teatra qayıtdınız...
- Çox çətin günlər yaşasaq da, sənət eşqi güclü olunca, onun qarşısını almaq mümkün olmur. Hüseynağa müəlim məni Moskvada tapdı və geri dönməyə razı saldı. Belə bir sənətkar məni geriyə çağırırdısa, deməli, teatr aləminin mənə də ehtiyacı vardı. Nə olur-olsun, mən geriyə dönməliydim, çünki həyatda heç də hər şeyi pul həll edə bilməz. Yenidən Gənclər Teatrına gəldim və Əli Əmirlinin "Xoşbəxt gün" əsərində baba roluna təsdiq olundum. Səhnədən bir müddət uzaq qalsam da, rol uğurlu alındı, bəyənildi. Əli müəllim hər dəfə məni görəndə oynadığım rolu yada salaraq yaxşı fikirlər söyləyir. Hüseynağa müəllimin vəfatından sonra Gənclər Teatrı çox davam edə bilmədi və Gənc Tamaşaçılar Teatrına birləşdi.
2009-cu ilin mayından burdayıq. Bu teatrda da yaradıcı mühit çox gözəldi, maraqlı tamaşalar var. Gördüyünüz kimi "Hacı Qara" tamaşasının nümayişindən yenicə gəlmişəm.
- Oynadığınız saysız-hesabsız obrazlar, insan həyatları Sizə nələri qazandırır?
- Hər dəfə yeni rola təsdiq olunarkən hazırlıq prosesinə sıfırdan başlayıram. Sanki səhnəyə hər dəfə ilk dəfə səhnəyə çıxan kimi çıxıram, özümü yeni başlayan kimi hiss edirəm. Obrazların hər biri bir insan həyatıdır, onlara canlı kimi yanaşıram. İstər teatrda, istər seriallarda olsun, bütün rollarım mənim üçün bir insanın həyatıdır. Öncə obrazın xarakterini, sonra yerişini, gülüşünü tapıram və beləliklə də, həmin obrazla səhnəyə çıxdığım zaman hiss edirəm ki, nəyi daha çox azaltmaq və ya əksinə nəyi bir qədər artırmaq lazımdır. Müşahidə qabiliyyətim güclüdür, bir qeyd dəftərim var, ora gördüyüm, müşahidə etdiyim maraqlı xarakterləri qeyd edirəm, hətta şəklinə kimi çəkirəm, rol üzərində axtarışda olduğum zaman həmin dəftər köməyimə gəlir...
Ulduzə QARAQIZI
Ekspress.-2015.- 21-23
fevral.- S.21.