Sənətin tavanı yoxdur...

 

Rafiq Əzimov: "Bu yaşımda hələ öyrənirəm"

 

Aktyorlarımız arasında daim formada olan, sənət sevgisi tükənməyən, çətinliklərə rəğmən heç bir vaxt giley-güzar etməyən bir sənətkar var: Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktyoru, xalq artisti Rafiq Əzimov.

   Sevimli aktyorumuzu heç vaxt "kənar" mövzular maraqlandırmır, yalnız sənətdən və bu aləmdəki ovqatdan söz açmağa üstünlük verir.

      - 77 illik həyatınızın 53 ilini səhnəyə həsr etmisiniz, saysız-hesabsız rollar, fəxri titullar, mükafatlar - sənət Sizə çox şey verdi, bəs Sizdən nə aldı?

   - "Sənət məndən nə aldı" o deməkdir ki, məndə nə vardısa, onunla bacardığım qədər millətimə, xalqıma xidmət etdim. Müəllimlərimdən, ustad sənətkarlardan öyrəndiklərimi teatrdakinoda həyata keçirməyə çalışmışam. Hər bir aktyorun borcudur ki, tamaşaçısını qane etsin, sənət, səhnə təcrübəsini gənc nəslə təhvil versin. Səhnədəki hər bir çıxışım mənim hesabatımdır. Bu məsuliyyəti dərk etdiyim üçün hər gün öz üzərimdə çalışıram. Bir məqama xüsusilə diqqət yetirmək lazımdır. Bugünkü tamaşaçı artıq dünənki tamaşaçı deyil. Yaşadığımız dövr sürət əsridir, tamaşaçı və tələbatı sürətlə inkişaf edir, biz də çalışırıq ki, onlardan geri qalmayaq. Daim o fikirdə olmuşam ki, xalqdan nə əldə etmişəmsə, yaradıcılığım vasitəsilə bunu onlara qaytarmalıyam.

   - Siz tamaşaçı sevgisini qazanmış sənətkarsınız. Ancaq gerçək tamaşaçı tələbkar olur, sevdiyi sənətkara da irad bildirə bilir. Belə məqamlarla üz-üzə gəldinizmi?

   - Daim xalqın içində olan bir insanam. Aktyorun avtobusda, metroda xalqla təmasda olması müşahidə üçün çox vacibdir. Mənə tez-tez bir çox suallarla müraciət olunur. Yeri gəlmişkən, həmin sualları sizin qəzet vasitəsilə səsləndirmək istərdim: "Hanı o kinolar, hanı o tamaşalar?" Təbii ki, əvvəlki illərdə çəkilən filmlərimiz, hazırlanan tamaşalarımız nəzərdə tutulur. Mən yalan danışmağı sevmirəm və buna görə də belə sualla müraciət edənlərə sadəcə bir kəlmə ilə cavab verirəm: Su gələn arxa bir də gələr. Həmişə deyirik ki, 60-80-ci illər teatrın intibah dövrü idi. Məhz həmin dövrdə çox gözəl sənətkarlar var idi və onların yaratdığı sənət nümunələri həqiqətən də nümunə olaraq qaldı. O tamaşaçılar ki, bizə sual verirlər, onlar həmin sənət nümunələrini görənlərdi və bizdən də tələb edirlər ki, məhz həmin nümunələr hazırlansın, təqdim olunsun. Hər dövrün öz tələbatı var, ancaqolur-olsun teatr yerində saymır, dövrün nəbzini tutmaq üçün var gücü ilə çalışır. Biz aktyorlar da boş qalmırıq, üzərimizə düşən rolların dövrün tələbatına cavab verəcək bir şəkildə hazırlanması üçün çalışırıq. Tutumlu, monumental repertuar siyasəti teatrın başlıca vəzifəsidir. Artıq yeni nəsil yetişir, yeni kadrlar yaranır və onların məsuliyyət yükü də getdikcə ağırlaşır. Bu baxımdan gənc nəslə geniş meydan vermək, onların inkişafı üşün geniş şərait yaratmaq lazımdır ki, illər sonra bu məsuliyyət yükünün öhdəsindən gələ bilsinlər. Necə ki, bir vaxtlar bizlər bu məsuliyyəti öz üzərimizə götürdük və öhdəsindən gəldik, yeni nəsil də eyni yolla addımlayır. Güman edirəm ki, tamaşaçılar tərəfindən bizlərə ünvanlanan suallar gənc nəslə verilməyəcək. Gənc nəsil dedikdə, əlbəttə ki, istedadlıları nəzərdə tuturam. Çünki istedadsız onsuz da özünə yol açacaq, ancaq istedadlıya mütləq kömək etmək lazımdır.

   - Teatr nə etməlidir: tamaşaçının ardınca getməli, yoxsa tamaşaçını ardınca aparmalıdır?

   - Mütləq tamaşaçını öz ardınca aparmalısan. İndiki tamaşaçıların informasiya aldığı yerlər çoxluq təşkil edir. Bizim gənclik illərimizdə internet yox idi, ona görə də bizlər əsasən kitabxanalara üz tuturduq, kitablardan öyrənirdik. Ancaq hazırda ən çətin sualın cavabını öyrənmək üçün internet vasitəsilə az qala bütün dünyaya səyahət edirsən, hətta geniş cavab alırsan. Bu baxımdan tamaşaçını ardınca aparmaq teatrın başlıca vəzifəsi olduğu qədər də, elə sənət nümunələri yaranmalıdır ki, tamaşaçı dodaq büzməsin, onların bilmədiklərini onlara çatdırmaq lazımdır. Məhz bu baxımdan bizlərin borcu odur ki, öz üzərimizdə mütəmadi işləyək ki, tamaşaçı qarşısında aciz qalmayaq. Hər janrda hazırlanan tamaşalar mütləq düşündürməlidir. Tutaq ki, komediyadırsa, tamaşaçı gülüb düşünməlidir ki, niyə gülür, kimə gülürs. Və yaxud digər janrda olan tamaşalar olsun, tamaşaçı iki saat vaxtını sərf edirsə, mütləq ordan nə isə götürməlidir. Əks halda tamaşaçı boşa keçən iki saatı üçün heyfsilənə bilər. Məhz bu baxımdan biz çalışmalıyıq elə tamaşalar hazırlayaq ki, tamaşaçı tələbatı ödənilsin.

   - Ələsgər Ələkbərov dünyasını dəyişəndə "teatr artıq qurtardı" demişdilər. Tofiq Kazımov vəfat edəndə Səməndər Rzayev Sizə də asta səslə belə demişdi. Beləcə, hər də dəfə bir korifey öldükdə, teatr da "ölür"...

   - Tamaşaçı ortabab aktyoru bəyənmir. Tamaşaçı üçün sənətkar var, istedad varonun oyununa yüksək qiymət var. Ancaq tamaşaçı ortababı qəbul etməz, çünki "onun etdiyini mən də edərəm" fikrinə qapılır. Ələsgər Ələkbərovun dövründə onunla eyni yaşdaondan yaşca böyük aktyorlar olub, lakin o səviyyəyə, yəni Ələsgər zirvəsinə yüksələ bilməyiblər. Ələsgər Ələkbərov 53 yaşında dünyasını dəyişib, oynadığı rollar öz çəkisi ilə elə seçilib ki, kimsə o zirvəyə yüksələ bilməyib. Tamaşaçının istedadın yanında zəif birini görüncə dodaq büzməsi təbiidir. Böyük sənətkarlar az-az yaranır, hər yerdə hər zaman inci tapılmaz. Ələsgər Ələkbərov kimi aktyorlar çox az olub. Odur ki, o, dünyasını dəyişdiyi zaman dedilər ki, "artıq teatr qurtardı", "teatrın qapısına qıfıl vurmaq lazımdır" və s. Ancaq teatr qurtarmadı, ondan sonra da teatra istedadlar gəldi. Məsələn, elə Səməndər Rzayev cəmi 40 il ömür sürdü, ancaq görün nə qədər yaddaqalan rollar oynadı. Onun istər teatrda, istər kinoda gördüyü işlər, "Bulaq" verilişindəki o səsi tamaşaçı tərəfindən unudulmur. Tofiq Kazımov onu teatra dəvət edəndə II kursda oxuyurdu. Sonralar Şəfiqə Məmmədova, Amaliya Pənahova, Fuad Poladovdaha kimlər teatra gəldi, hər biriöz istedadı ilə seçildi. Sənətin tavanı yoxdur, aktyor olduğu yerə qane olmadıqca, daha da yüksəlir, daha da inkişaf edir. Mən bu yaşımda hələ də öyrənirəm, indi də öyrənirəm, sabah da öyrənəcəyəm. Məhəmməd Peyğəmbərimiz nə deyib: Beşikdən məzara qədər öyrənin. Sonralar Leninonun fikirlərinə istinad edib deyib: oxumaq, oxumaq və yenə də oxumaq.

   - Tənqid olmayan yerdə inkişaf olmaz. Ancaq hazırda tənqidə qarşı sanki allergiya yaranıb...

   - Doğrudan da, bu işdə bir qədər geri qalırıq. Çox yaxşı tənqidçilərimiz var - İlham Rəhimli, Məryəm Əlizadə, Aydın Talıbzadə b. Mənim gənclik illərimdə tamaşaların müzakirəsi keçirilərdi, hətta məktəblərdə belə müzakirələr olardı. Premyeradan sonra köşklərdən qəzetlər alırdıq ki, tamaşa haqqında olan fikirləri oxuyub öyrənək. Həmin müzakirələrin nəticəsi idi ki, inkişaf vardı. Ancaq hazırda belə deyil. Niyə yazmırlar, səbəbi kimlərdədir? Axı biz aktyorların ehtiyacı var ki, oynadığı tamaşa rola tənqidçi, sənətşünas münasibətini bilsin. Tamaşada bir araya gələn yaradıcı heyət tamaşa haqqında məqaləni, resenziyanı oxuduğu zaman hər kəs öz payını götürməlidir, necə ki, vaxtilə biz payımızı götürmüşük. Həqiqətən , tənqid olmayan yerdə inkişaf olmaz. Tənqid lazımdır, tərif , tənqiddən nəticə çıxarmaq da. Bu, sadəcə, teatra deyil, hər sahəyə lazımdır. Əvvəllər qəzetlərimizin sayı az idi, ancaq hazırda çoxdur, deməli, sənətə yer ayırmaq olar.

   - Amma daha çox qalmaqala yer ayrılır, elə tənqid qalmaqala meyl edir...

   - Çox təəssüf ki, belədir. Qalmaqallı olan hər şeydən uzağam. Çox vaxt məni belə söhbətlərə çəkmək istəsələr , uzaq dururam. Belə boş şeylərə vaxt ayırmaqdansa, hazırda teatrımızın repertuarında olan elə əsərlər var ki, hər biri haqqında çox geniş fikirlər söyləmək olar. Onlardan yazın. Bir var ki, teatrı sevərək bir şeylər yazırsan, tənqid olsa, sağlam iradlar olur, bir var ki, teatrdan xəbərin yoxdur, qərəzli şəkildə tənqid edirsən.

   - Bir müsahibənizdə demişdiniz ki, "seriallarda hadisə yoxdur". Bəlkə hadisə var, amma hadisənin inkişafı yoxdur...

   - Prezidentin sərəncamı ilə artıq dövlət səviyyəsində Azərbaycan kinosu seriallar üçün pul ayrılıb. Doğrudur, yeni filmlər əvvəlkilər səviyyəsində olmasa da, önəmli olan odur ki, Azərbaycan kinosu yenidən dirçəldi, inkişafa doğru gedir müxtəlif festivallarda mükafatlar qazanır. Ancaq müəyyən seriallar var ki, yalnız mənim deyil, ümumiyyətlə, tamaşaçılar tərəfindən qəbul olunmur, səbəbi hadisənin olmaması yaxud dediyiniz kimi, hadisənin inkişaf etməməsidir. Yeni çəkilən serialllara baxan kimi finalı görürsən. Misal olaraq "Arxadan vurulan zərbə" filmini göstərmək istərdim. Filmə baxarkən onun finalını düşünmək mümkün deyildi, çünki dramaturji material elə idi ki, final haqqında sadəcə düşünürdün. Yaranan hər bir nümunə geniş tamaşaçı auditoriyası üçün nəzərdə tutulduğuna görə tamaşaçı fikrinə ehtiyac var. Sadəcə 1-2, 10 nəfər deyil ki, çox sayda tamaşaçı çəkilən seriallarımızı qəbul etmir, maraqlı gəlmir. Tamaşaçı arasında bir sorğu aparın, onların fikirlərini öyrənin, görün onlar düşünür? Bir seriala bu qədər xərc çəkilirsə, mütləq yaxşı olmalıdır, axı serialı çəkən onu tamaşaçıya sevdirə bilmirsə, o zaman niyə ona serial həvalə olunur ki?!

 

   Ulduzə QARAQIZI

   Ekspress.-2015.- 3 iyul.- S. 15.