Cümhuriyyət tələbələri
II fəsil
Cümhuriyyət tələbələrinin andı
"Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə gücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".
Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.
"Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.
Sonralar əsərləri ilə özünə çoxminlik oxucu auditoriyası qazanmış Manaf Süleymanova ən böyük qiyməti də Cümhuriyyət tələbəsi Aslanbəy Vəzirzadə vermişdi.
Müəllif özü ilə bilavasitə əlaqədar bir hadisəni belə qələmə alır: "Aslanbəy Vəzirzadə ilə bağlı bir hadisə yadıma düşür. Kristollaqrafiyadan kub sistemini lövhədə çəkə-çək izah etdi. Mürəkkəb və çətin sistem idi. "Kim təkrar edə bilər?" - deyə tələbələrə müraciət elədi. Altmışa qədər tələbədən səs çıxmadı.
Fikirləşdim ki, lövhədə sxem hazır, mühazirə bu saat oxunub, onu təkrar etməyə nə var. Əlimi qaldırdım. Lövhəyə yaxınlaşdım. O, sağ əlindəki tabaşir parçasını mənə verdi, sol əlindəki əsgi parçası ilə lövhədəkiləri sildi. Tələbələr gülüşdülər. Elə bil başıma qaynar su tökdülər. Tər yuyub apardı məni.
Professor eyhamla, mənə sataşırmış kimi gülümsəyib dedi: "Başla!"
Geriyə yol yox idi. Dairəni cızıb, bir-bir parametrləri, ox, müstəvi, bucaq və digər elementləri cıza-cıza başladım izah etməyə.
Sinifə tam sükut çökmüşdü. Hamı narahatlıq və intizarla harda çaşacağımı gözləyirdi. Allah tərəfi, işi tamamlayıb tabaşir parçasını qoydum stolun üstünə, professora baxdım. Mənalı bir əda ilə gülümsəyirdi. "Mərhaba, professor" - deyə razılıq etdi.
O gündən
adım qaldı
professor. Familiyamdan çox, məni
"professor" adı ilə
tanıyırdılar. Hətta dekan, onun müavini,
katibə lazım olanda "starosta"ya deyirdilər ki, sizin professoru dekanlığa göndərin".
Manaf Süleymanova "professor" deyən
professorun 1919-cu ilə
aid arxiv sənədləri
ilə Azərbaycan Respublikası Dövlət
Arxivində tanış
oluram.
Doğum şəhadətnaməsindən bəlli olur ki, Aslanbəy Zeynalabdinbəy oğlu Vəzirov 1896-cı il dekabr ayının 6-da Şuşa
şəhərində dünyaya
gəlmişdir. Atası
Zeynalabdinbəy Vəzirov,
anası Dürnisə
xanım Haşımbəy
qızıdır. Doğum şəhadətnaməsini
Zaqafqaziya Ruhani İdarəsinin sədri Şeyxülislam Axundzadə
və İdarənin üzvləri imzalamışlar.
Arxivdə saxlanılan digər
materiallardan aydın olur ki, Aslanbəy
Vəzirov 1914-cü ildə
Bakı realnı məktəbini bitirmişdir.
1915-ci ildən 1917-ci ilədək Petroqrad dağ-mədən mühəndisliyi
institutunda təhsil almışdır. Oktyabr çevrilişindən
sonra təhsilini yarımçıq qoyaraq
Bakıya qayıtmışdır.
Azərbaycan Parlamentinin
1919-cu il 1 sentyabr tarixli qərarına əsasən
təhsilini davam etdirmək üçün
Fransaya göndərilmişdir.
Əvvəlcə Sorbonna Universitetinin
fizika-riyaziyyat fakültəsində,
sonra isə Naisi şəhərində
Geologiya İnstitutunda
oxumuşdur. Ali təhsilini başa vurduqdan sonra Naisi minerologiya institutunda kristallogiya sahəsində elmi-tədqiqat
işləri aparmışdır.
1925-ci ildə Azərbaycana qayıdan istedadlı mütəxəssis-alim Azərbaycan
Sənaye İnstitutunda
dərs deməklə
yanaşı, Azərbaycan
Pedaqoji İnstitutunda və Azərbaycan Dövlət Universitetində
də pedaqoji fəaliyyət göstərmişdir.
1946-cı ildə
Azərbaycan Sənaye
İnstitutunun rektoru Saleh Qocayev Azərbaycan
K(b)P MK-nın katibi
Mir Cəfər Bağırova
İnstitutun professoru Aslan Zeynalabdin oğlu Vəzirovun anadan olmasının 50 illiyi münasibətilə
mükafatlandırılması barədə müraciət
etmişdir. Rektorun xahişi yerinə
yetirilmişdir. Səmərəli elmi-pedaqoji fəaliyyətinə
görə Cümhuriyyət
tələbəsinə Azərbaycanın
əməkdar elm xadimi
adı verilmişdir.
1977-ci ildə isə Aslan Vəzirovun həmkarları və pərəstişkarları məyus
olmuşdular. Azərbaycan
Neft və Kimya İnstitutunun kafedra müdiri, Azərbaycan SSR əməkdar
elm xadimi professor Aslan Vəzirovun adı ASE-nin ikinci cildinə
salınmamışdı....
1983-cü ildə
Azərbaycan Neft Akademiyasının kristalloqrafiya
və minerologiya kafedrasının müdiri,
respublikada bu sahənin ilk professoru təqaüdə çıxarılmışdır
və bir il sonra
1984-cü il aprel ayının 1-də dünyasının
dəyişmiş, səksən
səkkiz yaşlı
Cümhuriyyət tələbəsi
əbədiyyətə qovuşmuşdur.
"Ey
gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının
sədri
T.Qurban
Ekspress.-2015.- 4-6 iyul S.15.