XXI əsrin ən səmərəli
təhsil forması - distant təhsil
Müasir zamanın tələblərinə uyğun
distant təhsilin geniş tətbiqi daha çox insanın təhsilə
cəlb olunmasına imkan verir. Distant təhsil sayəsində
ucqar kəndlərdə yaşayanlar, əlilliyi olanlar, müəyyən
səbəblərə görə təhsilini davam etdirə
bilməyənlər də rahat təhsil alır.
Təhsil sisteminin
yeni forması olan distant təhsil informasiya texnologiyaları və
multimedia sistemlərinin köməyi ilə əyani, qiyabi və
axşam təhsil formalarının əsas elementlərini
uzlaşdırır. Dünyanın bir çox ali təhsil müəssisələri distant təhsili
geniş tətbiq edir. Ölkədə distant təhsil
formasının rəsmi yaranma tarixi "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiq
edildiyi 19 iyun 2009-cu il hesab olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən
Azərbaycanda əyani, qiyabi, sərbəst (eksternat) təhsil
formaları ilə yanaşı distant (məsafədən) təhsil
də mövcuddur.
Distant təhsil qiyabi
təhsilə oxşasa da, tədris internet vasitəsilə
aparılır. Bu təhsil formasında
müəllim və təhsil alanlar arasında canlı
ünsiyyət olmur. Təhsil alanlar dərslərə
müntəzəm gəlmir. Telekommunikasiya
vasitələrinin köməyilə müəllimlə əlaqə
qurur, sual verir və onları maraqlandıran məsələləri
müzakirə edir.
Distant təhsilin üstünlükləri
Azərbaycan Təhsil
Şurasının sədri Əjdər Ağayevin sözlərinə
görə, müasir cəmiyyətdə distant təhsil
formasının tətbiqinə tələbat artır: "Dərslərə
getmək imkanı olmayan, evli və ya işləyən
insanlar üçün distant təhsil əvəzolunmazdır.
Ənənəvi təhsil formalarından fərqli
olaraq distant təhsil daha ucuz başa gəlir. Distant təhsil
alan tələbələr yol getmir,
işindən ayrılmır, dərslikləri elektron formada
olduğu üçün pula qənaət edir. Təhsil almaq üçün tələbəyə
əsas internet lazımdır. Distant təhsilin
ödənişli forması üzrə oxuyursa, təhsil
haqqını ödəməklə kifayətlənir. Müəllimlə virtual ünsiyyət quran tələbə
münasib vaxtlarda dərsləri ilə məşğul olur.
Hər tələbə müvafiq kursun mənimsənilməsi
üçün bacarıqlarına uyğun vaxt sərf
edir".
Ə.Ağayev bildirib ki, distant təhsil
sistemindən istənilən adam yararlana
bilər: "Distant təhsil həm sağlamlıq
imkanları məhdud olanlar, həm də sağlam adamlar
üçün ən səmərəli təhsil
formasıdır. Bu təhsil forması ölkədən
çıxmayaraq xaricdə təhsil almaq imkanı da verir.
Xarici ölkələrin ali təhsil
müəssisələrində distant təhsil alanlar həmin
ölkələrə gedib-gəlmək, yaşamaq
üçün pul tapmağın fikrini çəkmir, evdə
və ya ofisdə öz işləri ilə paralel təhsil
alır".
Distant təhsil sayəsində
tələbələr gün ərzində istənilən
vaxt internetə daxil olub dərs materiallarına baxır.
Tədris prosesində tələbələr
informasiya və telekommunikasiya texnologiyalarının yeniliklərini
tətbiq edərək öyrənir. Təhsil
alanlar elektron kitabxanalardan, müasir tədris materiallarından
istifadə edərək daha keyfiyyətli təhsil alır.
Lakin distant təhsil
zamanı tələbələrin dərslərə
hazırlılıq dərəcəsi müəllim tərəfindən
müntəzəm yoxlanılmadığı, müəllim və
tələbələr arasında canlı ünsiyyət
olmadığı üçün təhsil almağa həvəs
azalır. Sürətli internet, müvafiq
texniki-təchizatsız virtual dərslərə qoşulmaq
mümkün deyil. Təcrübi məşğələlərin
azlığı və ya heç olmaması müəyyən
ixtisasların mənimsənilməsində çətinlik
yaradır.
Təhsilin inkişafında distant
təhsilin rolu
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri Rasim Mahmudovun sözlərinə
görə, informasiya-kommunikasiya texnologiyalarının
inkişafı hesabına distant təhsil verən müəssisələrin
sayı artır: "Elə universitetlər var ki, ancaq distant
təhsil verir. Ənənəvi təhsillə
yanaşı distant təhsil verən müəssisələr
də var. Təhsil müəssisələrində distant təhsilin
müxtəlif formaları tədris olunur. Distant
təhsilin formalarından asılı olaraq yekunda tələbə
imtahan vermək üçün təhsil müəssisəsinə
gəlməli və ya imtahanı da distant yolla verməlidir".
Mahmudov bildirib ki, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində
Distant Tədris Mərkəzi fəaliyyət göstərir:
"Distant Tədris Mərkəzi tərəfindən Gəncə
və Naxçıvan bölgələrindən olan doktorant və
dissertantlara informatika fənni üzrə dərslər
keçirilir. Distant tədris texnologiyaları
hesabına mərkəzdə müəllim dərs dediyi zaman
təhsil alanların eyni anda həm Gəncədən, həm
də Naxçıvandan dərsləri dinləmək
imkanı var. Tədris birindən çoxuna prinsipi ilə həyata
keçirilir. Bir auditoriyaya sığa bilməyən
insanlar eyni anda ayrı-ayrı otaqlarda oturaraq dərs öyrənir.
Dərslər canlı aparılır və
sual-cavab olunur".
Təhsil Nazirliyinin QHT və
KİV-lə iş sektorundan verilən məlumata görə,
2010-cu ildən etibarən distant təhsilin inkişaf etdirilməsi
və sağlamlıq imkanları məhdud, xüsusi
qayğıya ehtiyacı olan şagirdlərin bu prosesə cəlb
olunması ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən
"Elektron Təlimləndirən Sistemlər" məsafədən
təhsil layihəsinin icrasına başlanılıb. Layihənin
əsas məqsədi evdə təhsil alan,
sağlamlıq imkanları məhdud olan uşaqları distant
təhsilə cəlb etmək, onların cəmiyyətə
inteqrasiya olunmasına dəstək vermək, təhsil almaq
imkanlarını yaxşılaşdırmaq, kompüterdən
və elektron resurslardan istifadə bacarıqlarını
artıraraq internetə çıxış imkanlarını
yaratmaqdır".
"Elektron Təlimləndirən
Sistemlər" adlı layihə çərçivəsində
xüsusi qayğıya ehtiyacı olan məktəbyaşlı
uşaqların distant təhsili ilə əlaqədar xeyli
işlər görülüb. Bakı, Gəncə
şəhərləri, İsmayıllı, Qazax, Ağstafa,
Tovuz, Bərdə, Samux rayonları üzrə sağlamlıq
imkanları məhdud olan 160 şagird və 40 müəllim ən
yeni kompüter avadanlığı və proqram təminatları
ilə təchiz olunub. Şagirdlərin yaşadıqları
160 ev Azərbaycan Təhsil Şəbəkəsinə
qoşularaq, ADSL internet bağlantısı ilə təmin
edilib, o cümlədən şagirdlərin dərs prosesinin
idarə edilməsi məqsədi ilə Bakı şəhəri
220 nömrəli tam orta məktəbin seçilmiş
otaqları yüksək sürətli fiberoptik İnternet və
İntranet bağlantıları ilə təchiz olunub. Distant təhsilin inkişafı ilə əlaqədar
yaradılmış distant tədris mərkəzi İKT
avadanlıqları ilə təmin edilib. Bu
təhsil formasının icrasını təmin etmək məqsədilə
İKT avadanlıqlarından və texniki vasitələrdən
istifadə üzrə texniki dəstək xidmətləri
göstərilib. Müəllim, şagird və
valideynlər üçün İKT avadanlıqlarından və
texniki vasitələrdən istifadəyə dair metodiki vəsait
hazırlanıb və müvafiq təlimlər keçirilib.
"Elektron Təlimləndirən
Sistemlər" layihəsi çərçivəsində
müəllim, şagird və valideynlərin təhsil prosesinə
cəlb olunması üçün təhsil portalı
(www.mesafedenmekteb.edu.az) yaradılıb. Bir neçə ali təhsil müəssisəsində də
distant təhsil mərkəzləri fəaliyyət göstərir.
Distant təhsilə keçid
niyə ləngiyir?
Təhsil eksperti Məlahət
Mürşüdlünün sözlərinə görə,
Azərbaycan vətəndaşının bilik və
bacarıqlarının formalaşmasına, hərtərəfli
inkişafına şərait yaradan distant təhsil sayəsində
vətəndaş işləyərək ali
təhsil ala bilər: "Distant təhsil alanlar nəzəri
bilikləri təcrübədə də tətbiq edərək
təhsilini davam etdirir. İşləyərək
maddi ehtiyaclarını ödəyir. Bu təhsil
forması hər bir vətəndaşın təhsil almaq
hüququnu təmin etdiyi üçün çox əhəmiyyətlidir.
Uzaq məsafədən tədrisə əsaslanan
distant təhsilin tətbiqi kadr potensialının
inkişafına müsbət təsir göstərir".
M.Mürşüdlü bildirib ki,
artıq dünyada qiyabi təhsili distant təhsil əvəz
edir: "Qiyabi təhsil zamanı tələbələr ildə
1-2 dəfə ali təhsil müəssisələrinə
gəlməli, mühazirələrə qulaq asmalı, müəyyən
tapşırıqları yerinə yetirilməlidir. Distant təhsil zamanı isə tələbə evdə
və ya başqa bir məkanda oturaraq internetə qoşulub
mühazirələrə qulaq asır, ona rahat olan vaxtda dərslərini
oxuyur. Tələbələrə dərsliklər,
tapşırıqlar, proqramlar distant formada
ötürülür və bu dərs vəsaitləri üzrə
tələbələr sərbəst hazırlaşır.
Lakin ölkədə distant təhsilin geniş
tətbiqini ləngidən çatışmayan cəhətlər
var. Ali məktəblərin maddi-texniki bazası distant təhsil
formasına keçidə imkan vermir. Təhsil
alanlar yalnız şəhərdən deyil, Azərbaycanın
ucqar kəndlərindən də olur. Xüsusilə
də, onlar üçün distant təhsil daha vacibdir. Hələlik bu yerlər informasiya kommunikasiya
texnologiyaları ilə lazımi səviyyədə təmin
edilməyib. Ucqar kəndlərdə hər
ailənin kompüter və digər avadanlıqları əldə
etmək imkanları yoxdur. Yüksək səviyyədə
texniki təchizatla yanaşı proqramlar və təlimin məzmunu
da distant təhsil formasına
uyğunlaşdırılmalı, kitab və başqa
kağız formasında olan dərsliklər elektron dərsliklərlə
əvəz olunmalıdır".
"Multimedia" İnformasiya
Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə
görə, distant təhsil zamanı müəyyən
texnoloji informasiya resurslarından istifadə eməklə tədris
prosesi həyat keçirilir: "Distant tədris sisteminə
başlamaq üçün bir sıra şərtlər
ödənilməlidir. Hər universtet və ya
məktəb distant təhsilin tədrisinə başlaya bilməz.
Birincisi, bu təhsil formasına keçid
üçün texnoloji proseslərin icrasını, məsafədən
təhsil verməyi bacaran kardlar
hazırlaşdırılmalıdır. İkicisi,
təhsil müəssisəsinin elektron resursları
olmalıdır. İxtisas üzrə
bütün fənnlər, laboratoriya işləri, kurslar
distant keçirilməli, dərslikləri, testlər elektron
formaya çevrilməlidir. Üçüncüsü,
distant tədris üçün Distant Təhsil Mərkəzi
yaradılmalı, mərkəzdə texnoloji avadanlıqlar,
monitorlar və s. qurulmalıdır. Bu
şərtlər ödəniləndən sonra distant təhsil
prosesinə başalamaq olar".
O.Gündüz qeyd edib ki, distant təhsil
forması təhsil xidməti olmaqla bərabər, həm də
biznesdir: "Bir çox xarici ölkələrin ali təhsil müəssisələri distant təhsildən
milyonlar qazanır. Azərbaycanda hələ ki,
bu mümkün deyil. Universitetlər təhsilin
distant formasını tətbiq etsələr, əlavə
ödənişli ixtisaslar üzrə qəbul aparacaqlar.
Bu da təhsil müəssisələrinin maddi vəziyyətlərini
daha da yaxşılaşdırar".
O əlavə edib ki, distant təhsilə
keçid baha başa gəlir: "Ali təhsil müəssisəsində
hansısa bir ixtisasın distant formasının tətbiqi
üçün təxminən bir milyona qədər maddi vəsait
lazımdır. Buna baxmayaraq, distant təhsilin
geniş tətbiqinin Azərbaycanın gələcəyinə
ancaq faydası var. Daha çox insan təhsilə cəlb olunar.
Ölkədən kənarda olan xeyli azərbaycanlılar
ana dilində təhsil almaqda çətinlik çəkir.
Distant təhsil sayəsində bu çətinlik
aradan qaldırılar".
Təhsilin inkişafında
mühüm rol oynayan ali təhsil müəssisələrinin
təcrübəsi göstərir ki, informasiya-kommunikasiya
texnologiyalarına əsaslanan müasir fəal-interaktiv təlim
metodları daha yüksək nəticələr verir. Texnoloji irəliləyişin təhsil sisteminə gətirdiyi
yeniliklər təhsilin inkişafına müsbət təsir
göstərir. Distant tədris təhsil
alanlar arasında sosial bərabərliyi təmin edir. Maddi imkanından, sağlamlıq vəziyyətindən
asılı olmayaraq distant təhsil vasitəsilə tələbələr
arzuladığı təhsili ala bilir.
Aynurə
MƏMMƏDOVA
Ekspress.-2015.- 4-6 iyul.- S. 14.