Dövlət Neft Fondunun köçkünlərə dəstəyi
artır
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə indiyədək ayrılan vəsaitin həcmi 2015-ci ilin sonunda 2 milyard manata çatacaq. 2014-cü ilin sonuna kimi Fond bu məqsədlə 1,8 milyard manat həcmində vəsait ayırıb. 2015-ci ildə qaçqın və məvburi köçkünlərin social məsələlərinin həlli üçün daha 150 milyon manat ayrılması nəzərdə tutulur. Bununla da ilin yekununda Fond tərəfindən indiyədək ayrılan xərclər 1,95 milyard manatı ötəcək.
2014-cü ilin sonuna olan məlumata əsasən qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi üçün ümumilikdə indiyədək 5,1 milyard manat vəsait sərf olunub. Ondan 2,3 milyard manat dövlət büdcəsinin, 1,8 milyard manat Dövlət Neft Fondunun və 1 milyard manat isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların vəsaitidir.
Göründüyü kimi qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə xərclənən vəsaitin önəmli bir hissəsi Dövlət Neft Fondunun vəsaitidir.
Dövlət Neft Fondunun vəsaitinin bir hissəsinin qayğıya ehtiyacı olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə sərf edilməsi fərəhləndirici faktdır. Çünki bu fakt həm də onun göstəricisidir ki, aztəminatlı vətəndaşlarımız neft və qaz ixracından əldə edilən gəlirdən birbaşa yararlana bilib. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə dövlət büdcəsindən də böyük məbləğdə vəsait ayrılıb. Nəzərə alsaq ki, dövlət büdcəsinin formalaşmasında da neft pulları böyük paya malikdir, deməli bütün Azərbaycan əhalisi kimi, qaçqın və məcburi köçkünlər də "qara qızıl"ın gətirdiyi mənfəətdən faydalanmaq imkanı qazanıb.
Fondun vəsaitləri bir qayda olaraq köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün istifadə edilir. İndiyədək tikilən mənzillərin 90 faizindən çoxunun vəsaiti məhz Fonddan ayrılan vəsaitdir.
Fond 2001-ci ildən fəaliyyətə başlayıb.
Maraqlıdır ki, Fondun vəsaitindən ilk istifadə edən də qaçqın və məcburi köçkünlər olub. Fondun ilkin vəsaitinin 2001-ci ildə məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldilib.
Neft Fondunun məlumatına əsasən 2001-ci ildə bu məqsədlə 720 min manat ayrılıb. 2002-ci ildə 37,77 milyon manat, 2003-cü ildə 19,96 milyon manat, 2004-cü ildə 14,99 milyon manat, 2005-ci ildə 40,39 milyon manat vəsait yönəldilib.
2006-cı ildən ayrılan vəsaitin həcmi kəskin artıb. Bu ildə qaçqinlarin və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsi məqsədilə 110,03 milyon manat, 2007-ci ildə 154,12 milyon manat, 2008-ci ildə 145 milyon manat, 2009-cu ildə 89,88 milyon manat, 2010-cu ildə 104,95 milyon manat, 2011-ci ildə 140 milyon manat, 2012-ci ildə 300 milyon manat, 2013-cü ildə 300 milyon manat, 2014-cü ildə 300 milyon manat ayrılıb.
Qeyd etdik ki, Neft Fondunun vəsaitlərinin ilk olaraq məcburi köçkünlərin mənzil-məişət şaratinin yaxşılaşdırılması məqsədilə istifadə edilib.
ARDNF 2001-ci ildən başlayaraq Dövlət Neft Fondunun vəsaiti hesabına Ağdam, Füzuli, Biləsuvar, Goranboy, Sabirabad, Ağcabədi, Beyləqan, Qəbələ, Şəmkir, Ağstafa, İsmayıllı, İmişli, Göygöl, Bərdə, Oğuz, Şəki, Gədəbəy, Saatlı rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bakı, Gəncə, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində, Mehdiabad, Ramanı, Müşviqabad, Masazır, Pirşağı və Fatmayı qəsəbələri ərazisində qaçqın və məcburi köçkünlər üçün çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin, sosial-mədəni, infrastruktur və digər obyektlərin tikintisi həyata keçirilib.
Bunun sayəsində ölkəmizdə olan 12 çadır düşərgəsindən Biləsuvar rayonu ərazisindəki 5-i 2003-cü ilin iyun ayında ləğv edildi və 3781 ailə (17014 nəfər məcburi köçkün) Biləsuvar və Füzuli rayonlarının ərazisində salınan yeni qəsəbələrə köçürüldü.
2001-ci il 22 avqust tarixində "Erməni millətçilərinin apardığı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" prezident fərmanı oldu.
Fərmana əsasən Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində 364 evdən, Şəmkir rayonunda 126 evdən, Yevlax şəhərində 65 evdən, Abşeron rayonu Mehdiabad qəsəbəsində 108 evdən, Sabunçu rayonu Ramana qəsəbəsində 160 evdən ibarət qəsəbələr salındı, Naxçıvan MR-də 4 mərtəbəli 48 mənzilli yaşayış binası və 153 ədəd fərdi ev, Sumqayıt şəhərində 2 mərtəbəli 14 mənzilli yaşayış binası və 2 fərdi ev, Ağstafa rayonunda 17 fərdi ev, İsmayıllı rayonunda 45 fərdi ev, Bakı şəhərində 3, Oğuz rayonunda 3, Şəki şəhərində 2 və Gədəbəy rayonunda 1 fərdi ev (ümumilikdə 1011 ev - 949 fərdi və 62 mənzilli 2 yaşayış binası) tikildi, qaçqınlar yeni qəsəbələrə və evlərə köçürüldü.
1995-ci ildən respublikanın 18 rayonunda tikintisi yarımçıq qalan 319 evdə tikinti işləri sona yetirilərək qaçqınların istifadəsinə verildi.
Həmçinin Ermənistandan qaçqın düşən, oradakı ev və mənzillərini Bakı şəhərindəki özbaşına tikilən evlərə dəyişərək daimi məskunlaşan 793 nəfərdən ibarət 170 qaçqın ailəsinin yaşadığı evlərə qeydiyyata alınması, 24385 nəfərdən ibarət 3823 ailənin daimi məskunlaşdıqları evlər üçün qeydiyyat vəsiqəsinin verilməsi, 1988-1992-ci illərdə Ermənistandan çıxarılan, hazırda respublikamızın ərazisində daimi məskunlaşan qaçqınların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təmin edildi.
2001-ci ildə Ağdam və Füzuli rayonlarından didərgin düşən və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı prezident fərmanı verilir. Dövlət Neft Fondundan ayrılan vəsaitlə məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Ağdam rayonunda 500 ailəlik 4, Füzuli rayonunda isə 800 ailəlik 4 qəsəbənin tikintisi 2003-cü ilin noyabr ayında başa çatdırılıb.
2002-ci ildə Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşan məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı başqa bir prezident fərmanı imzalanır. Yenə də Dövlət Neft Fondundan vəsait ayrılaraq məcburi köçkünlər üçün 3781 fərdi yaşayış evindən ibarət 19 qəsəbənin (Füzuli rayonunda 1221 ailəlik 6 qəsəbə və Biləsuvar rayonunda 2560 ailəlik 13 qəsəbə) bütün infrastrukturu ilə birlikdə inşası və məcburi köçkünlərin köçürülməsi 2003-cü ilin noyabr ayında başa çatdırılıb, Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi ləğv edilib.
Ümumiyyətlə, 2001-2004-cü ilə qədər imzalanan 3 fərmanla Dövlət Neft Fondundan ayrılan 74 milyon ABŞ dolları həcmində vəsait hesabına çox qısa bir müddətdə 400 min kvadrat metr mənzil sahəsi olan 6411 fərdi yaşayış evi, 3150 yerlik 18 məktəb, 18 uşaq bağçası, 16 tibb məntəqəsi tikildi, 195 km uzunluğunda asfalt yol, 188 km su xətti, 350 km elektrikötürmə xətti, 133 km irriqasiya su kəməri və s. sosial obyektlər istifadəyə verildi.
Dövlət Neft Fondundan ayrılan vəsaitlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, habelə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən təqdim edilən və müvafiq qaydada əsaslandırılan sifarişləri əsasında adı çəkilən qurumların dövlət xəzinədarlığındakı hesablarına köçürülür və sonra sifarişçi təşkilatlar tərəfindən podratçı təşkilatlara ödənilir. Hazırda məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi tədbirləri ilə bağlı işlərin sifarişçisi kimi Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu çıxış edir. Sifarişçi təşkilat layihələrin icrasına cari nəzarəti həyata keçirir, müvafiq tenderlərin keçirilməsini və digər müvafiq prosedurların aparılmasını təmin edir, yerlərdə açılmış ofisləri vasitəsilə işlərin icrasını təşkil edir və əlaqələndirir.
Ümumiyyətlə, 2001-2014-cü illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda 2,8 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə salınıb. Bunun da 2,5 milyon kvadrat metr yaşayış sahəsinə malik 84-ü, yaxud 94 faizi son 11 ildə inşa edilib. Bu işlər məhz Neft Fondu yaxından iştirak edib.
Yeni salınmış yaşayış məntəqələrində 145 məktəb, 6 musiqi və 1 incəsənət məktəbi, 1 Mədəniyyət Sarayı, 50 mədəniyyət mərkəzi, 56 uşaq bağçası, 55 tibb məntəqəsi, 2 Olimpiya İdman kompleksi, 206 ədəd müxtəlif tutumlu su anbarı, 64 ədəd nasos stansiyası tikilmiş, 695 kilometr yol, 817 kilometr su, 1526 kilometr hava elektrik, 398 kilometr qaz, 38 kilometr rabitə, 20 kilometr istilik, 76 kilometr kanalizasiya xətti, 157 kilometr drenac şəbəkəsi çəkilmiş, 776 ədəd müxtəlif gücə malik elektrik transformatoru quraşdırılıb.
Beləliklə, indiyədək 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, ondan da 42 min ailə, yaxud 210 min nəfər (91 %) son 11 ilin payına düşür.
İndiyədək Neft Fondunun vəsaitlərindən istifadə etməklə layihələrin icrasını Ərazilərin Bərpası və Yenidənqurulması Agentliyi (ƏBYA) və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) həyata keçirib. ƏBYA 10 qəsəbə, bir bina, 2231 ədəd mənzil, 6 məktəb, 6 uşaq baxçası, 1 xəstəxana, 1 2elektrik yarımstansiyası, 66 km yol, 63 km su xətti, 141 km elektrik xətti, 1630 km irriqasiya sistemi çəkib. Qalan işlər MKSİF tərəfindən icra edilib.
Vasif CƏFƏROV
Ekspress.-2015.- 10 iyul.- S.9.