Hara göndəriblər, orada da
çalışmışam...
Əliqismət Lalayev: "I Avropa
Oyunları zamanı bütün dünyanı mədəniyyətimizlə
yaxından tanış edə bildik"
Teatr kollektivləri səbirsizliklə yay tətilini gözləyirlər. Amma tətil teatrlar üçün heç də tam istirahət demək deyil. Hər halda, qastrol səfərləri, yeni tamaşalar, gənc aktyorların teatra cəlbi və s. məhz isti yay günlərində planlaşdırlır.
Azərbaycan Dövlət Musiqili Teatrı artıq 105-ci mövsümünə yekun vurur. Mövsüm teatr üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub: bir sıra tamaşaların premyerası keçirilib, teatrın aktyorları müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Musiqili Teatrın bir çox tamaşaları isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ingilis dilinə tərcümə edilərək I Avropa Oyunlarının qonaqlarına titrlər vasitəsilə təqdim olunub. Bundan başqa, Musqili Teatr tarixində bir ilkə imza atıb - mövsümün bağlanışıyla əlaqədar möhtəşəm musiqili-əyləncəli gecə təşkil edib.
İyulun 4-də teatrda təşkil olunan tədbirə kollektivin üzvləri ilə yanaşı, digər sənət ocalarından da qonaqlar qatılmışdı. Mərasimdə gənc aktyorlara, teatrın siması olan rejissorlara, rəssamlara, bədii-texniki heyətin fəal əmakdaşlarına pul mükafatları və xüsusi prizlər təqdim olundu.
Fürsətdən istifadə edib Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayevdən müsahibə ala bildik.
- Çox geniş və şaxəli fəaliyyət sahibisiniz, mədəniyyət sahəsində müxtəlif vəzifələr tutmusunuz. Naxçıvan Dövlət Musiqili Dram Teatrından tutmuş Salyanda "Qələbə" qəzetində məsul katibə kimi, rayon mədəniyyət şöbəsinin müdiri vəzifəsindən Dövlət Filarmoniyasının direktor müavini, Mədəniyyət Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi, nazirliyin strukturundakı dəyişiklikdən sonra Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri vəzifələrinə kimi müxtəlif vəzifələrdə çalışmısınız. 2008-ci ildən etibarən Dövlət Musiqili Komediya Teatrının (indi Musiqili Teatr) direktoru vəzifəsindəsiniz...
- Əslində, sadaladığınız vəzifələrin hamısı bir sahəyə xidmət edir - Azərbaycan mədəniyyətinə, Azərbaycanın milli dəyərlərinə. Bu, Azərbaycanın incəsənətinə həsr olunan yaradıcılıq yoludur. Yəni, ayrı-ayrı vəzifələrdə olsam da, bütünlükdə Azərbaycan mədəniyyətinin bir əsgəri kimi hara göndəriblərsə, orada da çalışmışam.
- İş varsa, demək problemlər
də var...
- Elə bir iş yoxdur ki, orda
çətinlik olmasın. Məsələn, elə
götürək sizin peşənizi, necə çətin
olduğunu mən də bilirəm. Çünki
mən də bir vaxtlar mətbuatda
çalışmışam, qəzetdə məsul katib
olmuşam. Yeri gəlmişkən, mən əmək
fəaliyyətinə 16 yaşımda başlamışam.
15 yaşımda orta məktəbi bitirmişəm.
O dövrdə jurnalistika fakultəsində təhsil almaq
üçün mütləq ikiillik iş stajı tələb
olunurdu. Mənim də arzum jurnalist olmaq idi.
Buna görə də rayonda nəşr edilən
"Qələbə" qəzetində mütəmadi olaraq
yazılarla çıxış edirdim, "Azərbaycan
pioneri", "Azərbaycan gəncləri" qəzetində
yazılarım çap olunurdu. Yəni, imzam
tanındığı zaman cəmi 14-15 yaşında idim.
İkiillik staj üçün isə Salyanda
Pambıqtəmizləmə zavodunun Mədəniyyət Evi
deyilən bir müəssisədə çalışdım.
Bu Mədəniyyət Evinin təxminən 6-7 nəfər
işçisi vardı. 16 yaşımda mən
həmin Mədəniyyət evinə müdir təyin olundum.
Səbəb də o idi ki, az yaşımda
rayonda fəallığımla tanınırdım və buna
görə də mənə etimad göstərmişdilər.
Sonralar jurnalistikanın hazırlıq kursunda
oxudum, amma birillik təhsildən sonra İncəsənət
Universitetinin rejissorluq fakultəsinə qəbul olundum.
- Jurnalist olmaq arzusu niyə belə
tez bitdi?
- Ola bilsin ki, ki, kifayət qədər
mətbuatda çalışdım, imzam tanındı, ancaq ən
önəmlisi Bakı həyatına qədəm qoyduğum
zaman teatra olan marağımın artması, Bakının mədəni
həyatında iştirak etməyim və hər həftə
böyük maraqla teatr tamaşalarına getməyim, peşəkar
teatrla tanış olmağım maraq dairəmi dəyişdirdi.
Başa düşdüm ki, mən rejissor olmaq
istəyirəm - teatr rejissoru. Xoşbəxtlikdən
rejissorluq fakültəsində Xalq artisti, böyük Tofiq
Kazımovun kursuna qəbul olundum. Aktyor sənətindən
isə bizə bənzərsiz ustad sənətkar - Rza Təhmasib
dərs deyirdi. Sonralar bizim kursumuzu SSRİ
Xalq artisti Mehdi Məmmədov götürdü və kurs rəhbərimiz
oldu. Bir sözlə, sənətin sirlərini
mədəniyyət tarixində böyük rol oynayan bu şəxsiyyətlərdən
öyrəndik.
Bilirsinizmi,
məsuliyyət hissi çox önəmlidir. Daim çalışmışam ki, mənə
tapşırılan işin öhdəsindən gələ
bilim. İnsan ətrafındakılara,
işinə, təhsilinə, həyat tərzinə məsuliyyətsiz,
laqeyd yanaşarsa, o zaman həyatda heç bir şey əldə
edə bilməz. Bu baxımdan mən həyatda
hər şeyə böyük məsuliyyətlə
yanaşmışam, məhz buna görədir ki, mənə
tapşırılan hər bir işin öhdəsindən gələ
bilirəm.
- Zənnimcə, bu, həm də
ailədən gəlir...
- Mən məşhur Hümmət
Lalayevin ailəsində dünyaya göz açmışam və
atam haqqında şəxsən sizin çox gözəl bir məqalənizi
də xatırlayıram. Salyandakı evimizin yerləşdiyi
küçə atamın adını daşıyır.
Fikrinizlə şərikəm ki, hər şey
ailədən başlayır. Hər işə
məsuliyyətlə yanaşmaq, işini sevmək kimi cəhətlərin
hər birini ailəmdə görmüşəm. Atam rayonlararası satış bazasının
direktoru idi, bu müəssisə 17 rayonu əhatə edirdi.
İstər-istəməz atamın
genişmiqyaslı fəaliyyətini görür, ona bu gün
də rəhmət qazandıran hər bir yaxşı
işinin şahidi olurdum. Təbii ki, bir
övlad olaraq bütün bunlar mənə öz müsbət
təsirini göstərməyə bilməzdi.
- Maraqlıdır, vəzifə
daim gəlib Sizi tapır...
- Bu, doğrudan da belədir. Mənə
iş tapşırılır və mən də sadəcə,
o işlə məşğul olmağa başlayıram. Yəqin
bəxtim də gətirib ki, hər dəfə təyin
olunduğum iş, əvvəlkindən
daha yaxşı və ürəyimcə olub.
- Demək olarmı ki, hər
işi sıfırdan başlamısınız?
- Yox!
Əslində sıfırdan başlamaq deyilən
bir şey yoxdur. Gəlib görürsən
ki, nələrsə var və sən də öz fəaliyyətinlə
göstərirsən ki, daha nələri etmək
mümkündür. Mən Musiqili Komediya
Teatrına direktor vəzifəsinə təyin olunduğum
zaman teatrın artıq 98 illik tarixi vardı və ötən
illər ərzində bu teatrda neçə müqtədir sənətkar
çalışmışdı. Bu
kollektiv böyük teatr təşkilatçısı Xalq
artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin
rəhbərlik etdiyi illərdə ən yüksək
inkişaf dövrünü keçib. Milyonların
sevimlisinə çevrilən Nəsibə Zeynalova, Lütfəli
Abdullayev, Bəşir Səfəroğlu, Hacıbaba
Bağırov, Səyavuş Aslan kimi sənətkarların hər
biri bu teatrda çox önəmli sənət nümunələrinə
imza atıblar. Hazırda teatrın 105
yaşı var. Artıq dövr başqadır,
tamaşaçı dəyişir, tələblər dəyişir
və əlbəttə ki, o aktyorların hər birinin yeri
görünür. Ancaq bütün bunlara
baxmayaraq həyat davam edir, dövrün nəbzini tutan yeni səhnə
əsərləri yaranır. Hazırda
teatrda Afaq Bəşirqızı kimi gülüş
ustamız var. İndi bizim kollektivdə İlham Namiq Kamal,
Ramiz Məmmədov, Fatma Mahmudova kimi xalq artistlərimiz
çalışır. Eyni zamanda
istedadlı gənclər də üstünlük təşkil
edir. Nərgiz Kərimova kimi yüksək
səs imkanlarına malik əməkdar artistimiz var. 7-8
yaşından səhnədə olan, Prezident təqaüdçüsü
Amil Həsənoğlu bu gün teatrda aparıcı
rolların ifaçısıdır. Gültac
Əlili, Hüseyn Əlili maraqlı ifaları ilə
artıq öz tamaşaçı auditoriyasını
toplayıblar. Əməkdar artistlər, Prezident
mükafatçıları Çingiz Əhmədov, Nahidə
Orucova, Ələkbər Əliyev, Novruz Qartal, Əkbər
Əlizadə, aktrisa Ülviyyə Əliyeva kimi sevilən sənətçilərimizin
ifası bir daha sübut edir ki, teatrımız bu gün nəsildən-nəslə
keçən həmin uğurlu yoldadır.
- Dövlət
Proqramına uyğun keçirilən islahatlar əsasında
Azərbaycan teatrları maddi-texniki baza baxımından
artıq yüksək standartlara cavab verəcək bir
durumdadır. Gözlənti sadəcə maraqlı,
tamaşaçını cəlb edən səhnə əsərlərinin
yaradılmasıdır...
- Sizdən öncə Latviyadan
qonaqları qəbul etmişdim. Onlar teatrımızla
yaxından tanış oldular, bizə
yaradılan şərait onları valeh etdi. İki
saytımız var, bu saytlar vasitəsilə teatrımızla
maraqlanan hər kəs bütün informasiyaları əldə
edə bilir. Yeri gəlmişkən, ölkəmizdə
keçirilən I Avropa Oyunları öz möhtəşəmliyi
ilə seçildi ki, bu, bütünlükdə Azərbaycan adına böyük bir qələbədir. Əlbəttə, biz də bir sənət
ocağı olaraq Avropa oyunlarına öz töhfəmizi
verdik. 1 ay ərzində 15 tamaşa
nümayiş etdirdik, 4 mindən artıq tamaşaçı
bu əsərlərə baxdı. Dünyanın müxtəlif
ölkələrindən - İngiltərə, Fransa,
İtaliya, Almaniya, Danimarka, Kanada, Rusiya, Türkiyə,
Gürcüstan və s. ölkələrdən olan
qonaqlarımızın hər biri xoş təəssüratlarla
burdan ayrıldı. Biz artıq neçə illərdir
ki, dünyanın müxtəlif ölkələrində
keçirilən festivallara qatılaraq mədəniyyətimizi
uğurla təbliğ edirik. I Avropa Oyunları zamanı
isə elə bir şərait yarandı ki, bütün
dünyanı bənzərsiz mədəniyyətimizlə elə
öz evimizdə yaxından tanış
etmək fürsəti qazandıq. Və
dünya bizi yenidən tanıdı, yenidən kəşf
etdi, imzalar içində imzamızı gördü. Bu, çox böyük uğurdur.
Bildiyiniz kimi, bizim teatrda da nümayiş olunan əsərlər
ingilis dilinə tərcümə edilmişdi və subtitrlə
təqdim olunurdu. Afişaları,
proqramları, aylıq repertuarı ingilis dilində çap
etdirmişdik, hər tərəfə yayılırdı.
Bir haşiyə
çıxmaq istərdim. Hələ may ayının
2-də Bakıda Asiya İnkişaf Bankının Rəhbərlər
Şurasının 48-ci toplantısı keçirilirdi. Həmin toplantıya da dünyanın 70 ölkəsindən
qonaqlar dəvət olunmuşdu. Bu, Azərbaycan
Maliyyə Nazirliyinin keçirdiyi çox böyük bir tədbir
idi. Həmin qonaqlar da mədəni istirahət
zamanı bizim teatrı seçmişdilər, "O
olmasın, bu olsun" tamaşasına gəlib baxdılar.
İlk dəfə olaraq ingilis dilində titrlərlə
tamaşa nümayişini məhz o zaman sınaqdan
keçirdik. Uğurlu alındı və
qonaqlar çox bəyəndilər. Demək istədiyim
odur ki, teatr olaraq üzərimizə düşən vəzifənin
öhdəsindən gəlməklə mədəniyyətimizi
təbliğ etmək yolunda bacardığımız qədər
iş gördük. Bir maraqlı məqamı da qeyd edim ki, əcnəbi
qonaqlar tamaşadan sonra əlavə yarım saata qədər
teatrda qalır, kollektivlə yaxından tanış
olur, aktyorlarla görüşür, bərabər şəkillər
çəkdirirdilər. Görün, nə böyük
sevgidir! Biz qürur duyuruq ki, belə bir teatrımız və
dünya ölkələrinin hər birindən
tamaşaçılarımız var...
Artıq 105-ci
mövsümü bağlamağa hazırlaşırıq.
Mövsümün bağlanış günü
- iyulun 12-də dahi Üzeyir Hacıbəylinin "O
olmasın, bu olsun" komediyası nümayiş olunacaq.
Bu mövsüm bizim
üçün çox əlamətdar olub. 10 nəfər aktyorumuz Prezident mükafatına, Afaq
Bəşirqızı Prezident təqaüdünə layiq
görülüb. "O olmasın, bu olsun" tamaşasına
görə teatrımız Mədəniyyət və Turizm
Nazirliyinin "Zirvə" mükafatını qazanıb. Gəlin arzu edək ki, növbəti mövsümdə
uğurlarımız daha çox olsun. Sevimli
tamaşaçılarımızı yenə də möhtəşəm
salonumuzda hər zaman gözləyəcəyik...
Ulduzə
QARAQIZI
Ekspress.-2015.- 10 iyul.- S. 15.