Aqrar sahənin inkişafı ixtisaslaşmadan asılıdır

 

İxtisaslaşma ərzaq təminatını da yaxşılaşdırır

 

Ölkəmizdə aqrar sahənin başlıca problemlərindən biri regionların və ayrı-ayrı rayonların kənd təsərrüfatı məhsullarının istehsalı üzrə tam ixtisaslaşmamasıdır. Həm hökumət rəsmilərinin, həm də müstəqil iqtisadçıların rəylərindən də aydın başa düşülür ki, bu problem kənd təsərrüfatında mövcud olan digər problemlərlə müqayisədə daha aktualdır.

 

   Çünki ixtisaslaşmanın olmaması və ya zəif şəkildə mövcudluğu aqrar sahəyə ayrılan vəsaitlərdən səmərəli istifadənin, yüksək məhsul istehsalının qarşısını alır, digər tərəfdən sahibkarların rentabelli işləməsinə, mülkiyyətçilərin gəlirinin normal səviyyə çatmasına imkan vermir. Qısası, ixtisaslaşmanın zəif şəkildə təşəkkül tapması aqrar sektoru inkişafını əngəlləyir.

 

   Ölkəmiz müstəqillik əldə edənə qədər ixtisaslaşma problemi yox idi. Sovet dönəmində regionların məhsul istehsalı üzrə ixtisaslaşmasında ciddi nəticələrə nail olunmuşdu. Hər bir region elmi və təcrübi biliyə əsaslanaraq kənd təsərrüfatı sahələri üzrə ixtisaslaşdırılmışdı. Hamı çox gözəl bilirdi ki, şimal bölgəsində yaxşı alma, tərəvəz məhsulları, Şəki-Zaqatalada taxıl, barama, tütün, Gəncə-Qazaxda kartof, üzüm, taxıl, xurma, Qarabağın dağlıq hissəsində heyvandarlıq, üzüm, meyvə, Cənub regionunda tərəvəz, sitrus bitkiləri, üzüm, çay, Aran bölgəsində pambıq, taxıl və s. yetişdirilir.

 

   Amma mərkəzi amirlik sistemi ləğv ediləndən, kolxozsovxozlara aid əmlak özəlləşdiriləndən sonra yaranan yeni mülkiyyətçilər "sovet dövründə mövcud olan hər bir təcrübə inkar edilməlidir" prinsipinə əsaslanaraq illər böyu böyük zəhmət hesabına yaradılan ixtisaslaşmış təsərrüfatları ləğv etdilər. Nəticədə üzüm əkilən sahələrdə kartof, tərəvəz, taxıl məhsulları, pambıq əkilən sahələrdə bostan məhsulları, heyvandarlığın inkişaf etdirildiyi yerlərdə digər tədbirlər görüldübununla da uzun illər ərzində ixtisaslaşma ilə bağlı əldə edilən müəyyən müsbət təcrübə aradan qaldırıldı.

 

   İxtisaslaşmanın  əhəmiyyəti

 

   Heç də elə başa düşülməsin ki, kənd təsərrüfatında ixtisaslaşmanın vacibliyi SSRİ-nin kəşfi idi. Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin hər biri bu yolu keçib. İxtisaslaşmaya əhəmiyyət verilməsi onun elmi əsaslarının olması ilə əlaqədardır. Kənd təsərrüfatını öyrənən elm sahələri tələb edir ki, hər bir regionda istehsal ediləcək kənd təsərrüfatı məhsulunun adı kiminsə arzusu ilə yox, elmi təcrübə əsasında müəyyən edilsin. Elmi əsaslarla aparılan bölgü ixtisaslaşmaya gətirib çıxarır.

 

   İxtisaslaşma istehsalçının gəlirinin artmasına da böyük töhvə verir. Kənd təsərrüfatında ən vacib məsələlərdən biri məhz istisadi səmərəliliyi artırmaqdır. Əgər istehsalçı hər hansı məhsulun becərilməsindən lazımı gəlir götürməsə o, yenidən həmin məhsulun becərilməsində, hətta ümumiyyətlə kənd təsərrüfatı ilə məşğul olmaqda maraqlı olmur. Eyni məsələ heyvandarlıqda da var.

 

   Aqrar sahədə böyük uğurlar qazanan ölkələrin təcrübəsi göstərir ki, kənd təsərrüfatı istehsalçılarının iqtisadi fəaliyyətinin səmərəliliyinin təmin edilməsində, onların gəlirinin artırılmasında, sosial müdafisəsində ixtisaslaşmanın mühüm əhəmiyyəti var. İxtisaslaşma düzgün aparıldıqda əkinçilik və heyvandarlıq məhsullarının istehsalı davamlı artır. Bundan başqa, ixtisalaşma iri kənd təsərrüfatı istehsalçılarının yaradılmasına əlverişli şərait yaradır, kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərir, yüksəkixtisaslı kadrların hazırlanmasını təmin edir. İxtisaslaşdırma düzgün aparıldıqda yerlərinin sayı artır, istehsal olunan məhsulun maya dəyəri aşağı düşür, rentabellə işləmə artır. İstehsalçının gəliri artdıqda isə işçilərin əmək haqlarının müntəzəm artımı da baş verir.

 

   Kənd təsərrüfatında gəlirin artması ən yaxşı nəticələrdən sayılır. Belə ki, ölkənin kənd əhalisinin gəlir səviyyəsi aşağı olduqda onlar daha yüksək gəlir ümidi ilə şəhərlərə köçürlər. Bu məsələ ölkəmiz üçünxarakterikdir.

 

   İxtisaslaşmanın düzgün aparılması kənd yerlərində əhalinin məşğulluğunun, gəlirinin artmasına da xidmət edir ki, bu da nəticədə əhalinin həmin ərazidə davamlı yaşayışına əsas yaradır.

 

   Kənd təsərrüfatının ixtisaslaşdırılmasının digər faydalı tərəfi ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Hansı ölkədə düzgün ixtisaslaşdırılma aparılırsa həmin ölkədə kənd təsarrüfatı məhsulları ilə təminat yüksək səviyyədə olur. Azərbaycanın iqlimtorpaq resursları imkan verir ki, biz yerli istehsal hesabımıza özümüzü kənd təsərrüfatı məhsulları ilə 100 faiz təmin edək. Təəssüflər olsun ki, ixtisaslaşma probleminin həll olunmaması səbəbindən ölkəmizin kənd təsərrüfatı məhsulları ilə taminatında idxaldan asılılığı qalır.

 

   Deməli, ixtisaslaşdırma düzgün aparılmaqla həm kənd təsərrüfatı məhsullarının istehsalı artar, istehsal olunan məhsul aşağı qiymətə satılar, bu məhsullarla əhalinin təminatı yaxşılaşar, eyni zamanda əhalinin gəliri artar, kənd rayonlarında imkanları yaxşılaşar.

 

   İxtisaslaşmaya start verilib

 

   Kənd təsərrüfatı üzrə mütəxəsis Vahid Məhərrəmov da bu fikirdədir ki, ixtisaslaşma mütləq lazımdır və o istehsalın iqtisadi səmərəliliyini artırmaqda, əməyin məhsuldarlığını yüksəltməkdə müsbət təsirə sahibdir. Onun sözlərinə görə, buna Azərbaycanın iqlim şəraiti də imkan verir: "İqlim şəraitimiz fərqli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmağa imkan yaradır. Dağlıq zonalarda, məsələn, Tovuzun, Şəmkirin, Gədəbəyin dağ kəndlərində kartofçuluqla, aran bölgələrdə pambıqçılıqla, geniş əkin sahələri olan rayonlar var ki, orada taxılçılıqla məşğul olmaq mümkündür. Elə bölgələr var ki, orada heyvandarlığa üstünlük vermək olar. Yaxud meyvə, tərəvəz istehsalı ilə məşğul olmaq məsləhətdir. İxtisaslaşma insanların, bu sahədə məşğul olan fermerlərin də püxtələşməyinə, bilinin dərinləşməsinə imkan verə bilər. Bu cəhətlər inkişafa kömək edərdi".

 

   İxtisaslaşmaya dair prinsiplərə SSRİ dağılandan sonra əməl edilməməsi məhsul istehsalı sahəsində kəmiyyət və keyfiyyət göstəricilərinin pisləşməsinə səbəb olub. V.Məhərrəmov deyir ki, belə vəziyyətin yaranmasında aqrar sahədə çalışan mütəxəsislərin sayının azalmasının da böyük rolu var. Həmsöhbətimiz bildirir ki, indi bütün işlər, əkiləcək məhsulun müəyyənləşdirilməsinə mülkiyyətçinin özü qərar verir. Mülkiyyətçilərin isə elmi biliyi olmadığı üçün sovet dövründə qazanılan təcrübəni inkişaf etdirə bilmir.

 

   O, bildirib ki, kənd təsərrüfatı rayonlarının məhsul istehsalı üzrə ixtisaslaşmasının əhəmiyyətini nəzərə alaraq Azərbaycanda da kənd təsərrüfatı rayonlarının ixtisaslaşdırılması hökmən aparılmalıdır.

 

   İxtisaslaşmanın əhəmiyyəti "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən səsləndirilib. Həmin tədbirdə dövlət başçısı konkret tapşırıqlar da verib. Prezident İlham Əliyev deyib ki, rayonların müxtəlif iqlimtorpaq şəraiti var, kənd təsərrüfatı məhsulları bu amilləri nəzərə almaqla ixtisaslaşmalı və regionların potensialından qənaətlə və dolğun istifadə olunmalıdır.

 

   Dövlət başçısının tapşırığından irəli gələrək Kənd Təsərrüfatı Nazirliyi regionların kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması öyrənib. Hazırlıq işlərinin görülməsindən sonra artıq ixtisaslaşma prosesinə başlanılıb və regionların müxtəlif sahələr üzrə ixtisaslaşmasının metodologiyaları işlənilib hazırlanıb. Kənd Təsərrüfatı Nazirliyi icmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadənin bildirdiyinə görə, bölgələrin kənd təsərrüfatı məhsullarının istehsalına görə ixtisaslaşması ilə bağlı sahələrə dair fermerlərdən məlumatlar əldə ediləcək və real vəziyyət təhlil olunacaq: "Regionlar üzrə ixtisaslaşma kənd təsərrüfatı üçün olduqca mühümböyük işdir. Regionlar üzrə ixtisaslaşma əmsallarının müəyyənləşdirilməsinə dair təkliflərin verilməsi kimi ideyaların üzərində axtarış aparılırdı. Məqsədimiz odur ki, bütün regionlarda məhsullar üzrə ixtisaslaşma əmsalları müəyyənləşdirilsin. Odur ki, bu il ərzində ixtisaslaşma, növbəti illərdə regionlar üzrə bölünmə işləri aparılacaq"("Report.az").

 

   Hər regionun  öz imkanları var

 

   Rəsmi məlumata əsasən, ölkəmizdə kənd təsərrüfatının tam ixtisaslaşmış sahələri-pambıqçılıq, meyvəçilik, üzümçülük, tərəvəzçilik, tütünçülük sayılır. Azərbaycanda ixtisaslaşma dərəcəsinə görə isə kənd təsərrüfatı rayonlarını 3 qrupa bölmək olar: Suvarılan kənd təsərrüfatı rayonları (Kür-Araz, Lənkəran, Samur-Dəvəçi ovalıqları, Naxçıvanın Arazboyu düzənlikləri), dəmyə kənd təsərrüfatı rayonları (dağətəyi və orta dağlıq əraziləri), otlaq və heyvandarlıq rayonları.

 

   Azərbaycanda kənd təsərrüfatında hələ ixtisaslaşmamış sahələri isə baramaçılıq, arıçılıq, çəltikçilik və sairə sayılır.

 

   Son onilliklərin təcrübəsi göstərib ki, iqtisadi rayonlardan Gəncə-Qazaxda əsas ixtisaslaşma sahələri kartofun becərilməsi, üzümçülük və taxılçılıq ola bilər.

 

   Aran rayonlarında ərazinin düzən və quru subtropik iqlimdə yerləşməsi əkinçiliyin heyvandarlıqdan daha yaxşı inkişaf etməsinə şərait yaradır. Bu regionda pambıqçılıq, üzümçülük, taxılçılıq, quru subtropik meyvəçilik (heyvanar) və heyvandarlıq üzrə ixtisaslaşma artıq gedib.

 

   Abşeronda quru subtropik meyvəçilik (qara şanı üzüm sortları, badam, püstə, əncir, zeytun), tərəvəzçilik, zəfəran (Bilgahda), heyvandarlıq (ət, süd, yağ, pendir, yuns.), sənaye təyinatlı quşçuluq (broyler təsərrüfatlarının inkişafı), zeytun və zəfəran təsərrüfatlarının inkişafı uğurludur.

 

   Quba-Xaçmaz iqtisadi rayonu tumlu meyvəçilik (xüsusilə alma) və tərəvəzçilik (gecyetişən) üzrə artıq ixtisaslaşıb. Bundan başqa rayonda kartofçuluq, taxılçılıq, üzümçülük, heyvandarlığın, sənaye təyinatlı quşçuluğun (broyler təsərrüfatlarının inkişafı), arıçılığın, balıqçılığın daha da inkişafı mümkündür.

 

   Şəki-Zaqatala iqtisadi rayonu qərzəxli (qoz, fındıq, şabalıd) meyvəçilik və tütünçülük üzrə ixtisaslaşıb. Bundan başqa rayonda baramaçılıq, çayçılıq, çəltikçilik, üzümçülük, taxılçılıq və qoyunçuluğu, arıçılığı da inkişaf edib bu sahələri bir qədər də irəli aparmaq olar.

 

   Dağlıq Şirvan iqtisadi rayonunda əkinçiliyə nisbətən heyvandarlıq daha yaxşı inkişaf edib.

 

   Lənkəran iqtisadi rayonu isə sitrus bitkiləri məhsulları istehsalı, texniki bitkiçilik (çayçılıq, üzümçülük), tərəvəzçilik və bostançılıq məhsulları istehsalı üzrə ixtisaslaşıb.

 

   Vasif CƏFƏROV

 

   Ekspress.-2015.- 8 iyul.- S. 14.