Dietoloq: Ramazan pəhriz ayı deyil

 

Ramazan ayının ilk günlərini yaşayırıq. Nəfsinə sahib çıxıb bir ay ərzində oruc tutanlarla yanaşı orucu pəhriz məqsədilə tutanlar da az deyil. Amma bu addımı atanlar yanıldıqlarının heç fərqində də olmurlar.

   Dietoloq Sübhan Məlikov orucluq ayından pəhriz ayı kimi istifadə etməyin yanlış addım olduğunu bildirib. Dediyinə görə, bu ay verilən kilolar sadəcə qısa müddətlikdir və orucluqdan sonra əvvəlki rasiona qayıdan bədən tezliklə çəkisini bərpa edir: "Ramazan ayı müqəddəs aydır. Elə bir aydır ki, bu aya başqa məqsədlər yüklənməməlidir. İnsan tam beyniylə özünü oruc olduğuna inandırmalı və fikrini qidalardan tamamilə çəkməlidir. Oruc olaraq pəhriz saxladığını hesab edənlər isə beyindən yemək və içmək fikrini ata bilmir. İftar vaxtı boş mədəni yükləyib 6 saat sonra yenidən qida qəbul etmək və hər iki qidalanmadan sonra yatmaq kökəlmək üçün kifayətdir. Niyyəti oruc olan insanlar bu qədər yüklənmir. Pəhriz olanlar isə gecəni qidalanma üçün "fürsət" bilir".

   S.Məlikov orucun insan orqanizminə hədsiz faydası olduğunu deyir. Onun sözlərinə görə, oruclu olduğu zaman insan orqanizmi toksik maddələrdən təmizlənir. İnsan orqanizminin ehtiyat hissələri yeniləşir. Oruc tutan adamın orqanları boşalır, yüklərdən və zərərli maddələrdən azad olur: "Hər bir insan orucluqdan sonra deyir ki, o, özünü gümrah hiss edir, yüngül hiss edir. Bütün bunlar orqanizmin enerji ehtiyatlarını yeniləşdirir və artırır. Bədən 11 ay ərzində yüklədiyini 1 aya az-az təmizləyir. Önəmli olan orucluqdan sonra da yediklərinə fikir vermək və yenidən yüklənməməkdir. Bütün pəhriz qaydalarının qızıl qanunu odur ki, saat 6-dan sonra qida qəbul etməyəsən. Amma orucluqdan pəhriz kimi istifadə edənlər axşam 10-da qida qəbul edir və tamamilə hərəkətsiz televizor izləyir, yatır və s. Bu cür arıqlamaq mümkün deyil".

   Ramazan ayı yay fəslinə düşdüyündən bədən səthindən gün ərzində buxarlanma yolu ilə xeyli maye ifraz olunur. Bu səbəbdən istər imsakda, istərsə də iftarda maye qəbulu mütləqdir. Su olmasa belə çay, meyvə suyu, ayranbu kimi mayelərlə bədənin su ehtiyacını qarşılamaq lazımdır.

   Qidalanmaya gəlincə, obaşdanlıq etmək mütləq lazımdır. İnsanlar əsasən iftar açarkən qidalanma qaydalarını pozurlar. Yəni bu zaman çox miqdarda edilən qida qəbulu mədə üçün böyük bir yükdür. Bu qidaları hissə-hissə qəbul etmək məqsədəuyğundur. İftar adətən suxurma ilə açılır. Ondan sonra isə quru qidalardan istifadə etmək şərti ilə qidalanma rejimini normaya salmaq olar. Orucluq vaxtı insanların bəziləri səhərə qədər qidalanırlar. Bu da düzgün deyil. Çalışmaq lazımdır ki, qidalanma müəyyən bir mərhələyə kimi olsun. Yaxşı olar ki, oruc açandan sonra iki saat müddətində, sonra isə obaşdanlıqda qidalanma edilsin. Obaşdanlıq zamanı da normal qidalanmanın olmasına çalışmaq lazımdır. Bu, çox yağlı qida da olmamalıdır. Obaşdanlıq güclü səhər yeməyi tipində olmalıdır ki, mədə gün ərzində buna dözsün. Diqqət edilməlidir ki, obaşdana mütləq qalxılsın və az miqdarda olsa belə qida qəbul edilsin. "Bəzən yenə arıqlamaq məqsədi ilə imsak ləğv olunurinsan gün ərzində sadəcə iftarda yediyi ilə yaşayır. Bu, bədən üçün xeyirdən çox ziyandır. Gün ərzində boş qalan mədənin anidən doldurulması mədə həzminin də çətinləşməsinə səbəb olur. Şişkinlik, köpümumi narahatlıq yaranır".

   Mütəxəssislərin apardığı elmi tədqiqatlar sübut edib ki, Ramazan ayını bütünlükdə oruc tutmaq mənəvi və psixoloji cəhətdən orqanizmə faydalıdır. Bir ay boyu oruc tutan şəxs bəzi keyfiyyət və bacarıqlar qazanır ki, bu da güclüsağlam şəxsiyyətin formalaşmasına kömək edir. Psixoloqlar Ramazan ayını "hərtərəfli dəyişilmə ayı" kimi xarakterizə edirlər. Oruc tutmaq orqanizmə yüngüllük gətirir, gərginliyi aradan qaldırır, diqqətin cəmlənməsinə kömək edir, zehni dalğınlıq və dağınıqlığa son qoyur, düşünmə və mühakimə qabiliyyətini möhkəmlədir, sakitlik və mənəvi rahatlıq gətirir.

 

   Günay RAMİZQIZI

   Ekspress.-2015.- 19 iyun.- S.5.