"İstəmirəm övladlarım oxuyan olsun"

 

Səbuhi İbayev: "Ən böyük arzum budur ki, Arif Babayev, Yaqub Məmmədov kimi xanəndə olum"

 

Əməkdar artist Səbuhi İbayev gənc, amma sanbalı ilə seçilən muğam ifaçılarımızdandır. O, Vahid Abdullayev, Əlibaba Məmmədov, Arif Babayev və Mənsum İbrahimov kimi ustad sənətkarlardan dərs alıb. Səbuhi bir çox xarici ölkələrdə oxuduğu muğamlarxalq mahnılarımızla Azərbaycanı layiqincə təmsil edib.

   Biz onunla başında -Opera Balet Teatrında görüşüb işləri, planları ilə maraqlandıq...

       - Səbuhi bəy, bu sənətə necə gəlməyinizi bilmək maraqlı olardı...

   - Qabaqlar Şuşaya, Topxana meşəsinə sanatoriyaya gedərdik. Meşələrin içində sanatoriya düzəltmişdilər. Şuşanın özündə də qalırdıq. Onda 9-10 yaşım olardı. Bir gün Cıdır düzündə əmimgil yeyib-içirdi. Biz balaca uşaqlar isə futbol oynayırdıq. Nə isə, yoldaşlarım məni küsdürdülər, oynamadım. Həmin vaxta qədər 3-4 mahnı öyrənmişdim. Arif Babayevin "Qəmərim", "Şuşanın dağları" və s. Oturub özüm üçün "Şuşanın dağları"nı oxuyurdum. Birgördüm ki, bir kişi mənə yaxınlaşdı. Çəkdi qolumdan, apardı oturduqları stolun yanına. Bu da, sən demə, Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam Məktəbinin direktoru Rafiq Rüstəmov imiş. Valideyinimi çağırdı, söhbət etdi, səsimi yoxladı. Sonra məni direktoru olduğu muğam məktəbinə dəvət etdi. Mən gedib həmin məktəbdə oxudum. Orda oxuduğum müddətdə yavaş-yavaş musiqiyə həvəsim artdı. Bizim keçmiş nazirimiz Polad Bülbüloğlu da həmin məktəbə gəlirdi. Həmin məktəbdə oxuya-oxuya dəfələrlə xarici ölkələrdə oldum. Səsim düzgün idi. Zəngulələri ölçü ilə vura bilirdim. Bu da xoşlarına gəlmişdi. Yaxşı yadımdadı, o vaxtı Ağdamda möhtəşəm "Xarı bülbül" festivalı keçirildi. Orda Qarabağın adlı-sanlı xanəndələri öz məharətlərini göstərdi. Onlarla bərabər rəhmətlik Qədir Rüstəmov mükəmməl ifa etdi. 15-16 ölkədən qonaqlar da var idi. Mən də orda "Qarabağ şikəstəsi"ni oxudum. Bizim dahi bəstəkarımız Süleyman Ələsgərov 1988-1989-cu illərdə məni orda gördü. Kürəyimə vurdu, dedi ki, sənin gələcəyin var...

   Sonra əsgərliyə getdim. 3 il 8 ay xidmətdə oldum. Tərtər-Ağdamda. Orda ansamblda oxudum. Sonra arada oxumadım, döyüş bölgəsinə getdim. Atırdılar. Şəhidlərimiz olurdu. Mən də dilxor olurdum. Küsmüşdüm. Düşünürdüm ki, torpaqlarımız, ev-eşik gedib... Özüki, öz kəndimizin altında postda dururdum. Kəndimiz göz qabağında idi. Əlim çatmırdı ki, gedib görəm...

   1998-ci ildə əsgərlikdən gəldim. "Dörd yol" deyilən ərazidə vaqonda yaşayırdıq. Əmim motorist idi, arada onun yanında köməkçi kimi dururdum, arada dükan işlədirdim... Vaxtımı keçirirdim... Amma ürəyim oxumaqda idi. Nəhayət, 1999-cu ildə Asəf Zeynallı adına Musiqi Məktəbinə qəbul oldum. Müəllimim Vahid Abdullayev oldu. Ondan dərs aldım, xalq, bəstəkar mahnıları, muğam dəsgahları öyrəndim. İkinci kursda o, rəhmətə getdi. Sonra Əlibaba Məmmədov və Mənsum İbrahimovdan dərs aldım. Mənsum müəllim onda təzə bizim məktəbə müəllim düzəlmişdi...

   - Yeri gəlmişkən, deyirlər, Əlibaba müəllim çox tələbkardı...

   - Bəli, Əlibaba müəllim tələbələrinə qarşı çox tələbkar idi. Ondan "Çahargah", "Humayun" "Dəşti", "Bayatı kürd" öyrəndim. O, həmişə mənə gözəl tövsiyələrini verirdi. Baxırdı ki, mənim səsim, həvəsim var, öyrəndiyimi qaytarıb təhvil verə bilirəm... Deyirdi ki, "yaxşı xanəndələr həmişə əziyyətlə qabağa gedib. Səbirli olsan, özünü gözləsən, öyrənsən, 10-15 ilə tanınacaqsan". İndi həm sənət, həm də dolanışıq baxımından onun dediklərini müqayisə edirəm. Görürəm ki, mənə düzgün yol göstərib...

   - Ailədən də dəstək verən, düz yol göstərən oldumu?

   - Ağdamda olanda, atam həmişə Yaqub Məmmədov, Arif Babayev, Səxavət Məmmədov, Vahid Abdullayevin kasetlərini qoyardı, qulaq asardıq. Mən ziyalı ailəsində anadan olmuşam. Atam sovetliyin baş mühasibi işləyib. Mənə həmişə milli musiqini aşılayırdı. Qoymurdu başqa səmtə qaçmağa. Bu, mənim qanıma hopmuşdu. Mən hər dəfə Konservatoriyada Arif Babayevin dərsi olanda, "Asəf Zeynallı"dakı dərslərimi atıb, ora gedirdim. O da məni görmüşdü. Demişdi ki, "oranı qurtaran kimi mütləq sənədlərini Konservatoriyaya verərsən". "Asəf Zeynallı"da oxuya-oxuya efirə çıxmışdım. 2000-ci ildə OperaBalet Teatrına dəvət aldım. Onda məni teatrın rəhbəri görmüşdü. Nəzakət Teymurova məni təqdim etmişdi onlara. Mənə 6-7 ay vaxt verdilər. Dedilər ki, baş rollarda oynayacaqsan. Mən də qarşıma məqsəd qoydum ki, bunun öhdəsindən gəlməliyəm. Oxudum, səsimə qulaq asdılar. Gələn kimi də mənə Məcnun rolunu verdilər. Təbii ki, səsim çox xoşlarına gəlmişdi. Səsim Arif Babayevin səs tembirinə uyğun səsdir.

   Bir dəfə atamla danışdım. Atam dedi ki, "bala, bu elə bir işdir ki, bunu öhdənə götürsən, çiynində daşıya biləcəksənsə, bu işin dalınca get. Amma buranı qoyub toya pul dalınca qaçacaqsansa, operaya getmə". Dedim ki, mən sırf xanəndəliyin dalınca gedəcəyəm...

   İlk tamaşadan 15-20 gün sonra Aşıq Qəribi də mənə tapşırdılar... Təbii ki, sonra Şah İsmayılı da oynadım...

   İlk "Leylim" Gülyaz Məmmədova oldu. Sonra Nəzakət Teymurova, Gülüstan Əliyeva, Aygün Bayramova və Lalə Məmmədova. Axırıncı "Leylim" Vüsalə xanım olub.

   - Hansından daha çox xoşunuz gəldi?

   - Sizin yasəməndən xoşunuz gələ bilər, mənim isə qızılgüldən. Onların da hərəsinin öz gözəlliyi, səhnə aktyorluğu var. Oxumaq yolu var. Hamısının öz-özlüyündə yeri var...

   - Arif Babayevin tələbəsi olduğunuz illəri necə xatırlayırsınız?

   - 2004-cü ildə Konservatoriyaya daxil oldum, Arif müəllimin tələbəsi oldum. Sənətin əsl yollarını, xanəndəlik gedişlərini Arif müəllimdən öyrəndim. Mən ömrüm boyu nəinki Arif müəllimə, bütün sənətkarlarımıza borcluyam. Onlar mənə yol göstəriblər, istiqamət veriblər. Hər insan özünü təsdiq edə bilmir. Çalışmışam ki, ustadlarımızın dediyi ilə oturub-durum. Heç vaxt yekələnməmişəm, qürrələnməmişəm. Kiminsə üzünə qayıtmamışam. Kimsə nə deyibsə də, onu heç vaxt büruzə verməmişəm. İrad tutan da olub, haqsız danışan da... Həmişə böyük-kiçik yerini bilmişəm. Sağ olsunlar, bu gün də hamısı köməkliyini məndən əsirgəmir. Nəsə bir problemim olanda, hər birinə zəng edə bilirəm.

   Arif müəllimlə mənim bu gün də gözəl münasibətim var. Mənim Opera Teatrına gəlməyimin səbəbkarlarından biriodur. Ustadım olub. 4 il onun yanında olmuşam. 14-15 ildi ki, onu 4-5 gün görməyəndə, gedib kefini xəbər alıram. Maşallah, yaxşıdır. Allah onun canını sağ eləsin. Dağ kimi durub başımızın üstündə. Bizonun qanadının altında hərəkət edirik. Çalışırıq, Arif müəllimin yolunu, adını saxlayaq. Çalışırıq həm muğamımızın, həm də gözəl sənətkarlarımızın başını uca edək...

   - Muğam Teatrında da işləmisiniz. Nədən ordan uzaqlaşdınız?

   - Mən Muğam Teatrında 5 il işlədim. Onda çətin vaxtlarım idi. "Asəf Zeynallı"ya girən ili Neft Şirkəti tərəfindən böyük bir müsabiqə keçirildi. Orda İslam Rzayev, qəzəlxan Həkim Qəni başqaları münsiflər heyətində oturmuşdu. Birinci yeri tutdum. "Mirzə Hüseyn", "Şahnaz" dəsgahı yekunda "Qarabağ şikəstəsi" oxudum. İslam müəllim dedi ki, "mən bunu Qoçaq Əsgərovu özümlə Muğam Teatrına aparıram". Qoçaq Əsgərov müsabiqədə ikinci yerə çıxmışdı. Sonra Qoçaq bir neçə ay işlədi çıxdı. Orda Aygün Bayramova, Könül Kərimova, Zeynəb Behbudova, Elza Qaybalıyeva, Əsgər Əhmədov var idi...

   Mən rayonlarda da tez-tez konsertlərdə olurdum. Çox əziyyət çəkirdim. Axıra yaxın kaman ustası Cəbrayıl müəllim ora ansambla bədii rəhbər gəldi. Mənə dedi ki, ərizəni yaz, çıx. O gələndən sonra ora bir neçə müğənni gəldi. Amma o müğənnilər xanəndə deyildi... Mən İslam müəllimə müraciət elədim, o dedi ki, çıxmaya da bilərsən. Lakin sonra Aygün Bayramova da ərizə yazıb çıxdı. Mən çıxdım. Onda gənc idim. İş yerim idi. Maaşla dolanan adam idim. Mənim çıxmağımın səbəbi məlum olmadı. Dedilər ki, burda mahnı janrı olmalıdı. Mən ordan çıxmağı da özümə problem eləmədim. Fikirləşdim ki, məni qısqanclıqdan çıxartdılar. Opera Balet Teatrında işlədiyimə görə. Orda hər gün çox ciddi məşqlərim olurdu. Bir-iki dəfə Muğam Teatrının tədbirinə getmədim... Qurban olum Allaha. Allah mənə o vaxtdan buranı qapı açdı. o vaxtdan burda işləyirəm.

   - Deyəsən, Şuşa Musiqi Kollecində müəllimlik edirsiniz...

 

   - Əvvəl oxuduğum Xan Şuşinski adına Ağdam Rayonlararası Muğam Məktəbində dərs demişdim. Çatdıra bilmirdim dərsləri. 2007-ci ildə Konservatoriyanı bitirəndən sonra bura gəldim. Bu kollecə Rəsul müəllim rəhbərlik edir. Burda çox gözəl kollektiv var. Burda mənim üçün rahatdır. Çox gözəl də şərait var. Bəlkə axıra qədər burda işlədim. Burda mənə qarşı diqqət çox yüksəkdir...

   İki il əvvəl tələbəm Murad Əbdüləzimov Televiziya Muğam Müsabiqəsində iştirak edib, uğurlu yerlərdən birini tutub. Bir tələbəm də builki müsabiqədə iştirak edib -Mirzadə Miryusif. Üç tələbəm də Konservatoriyada oxuyur.

   - Hansı planlarınız var gələcəklə bağlı?

   - Planımda təzə mahnılar yazdırmaq var. Bu yaxınlarda "Çahargah" dəsgahı yazdırmışam Azərbaycan Televiziyasının Fondunda. Sonra İctimai Kanala "Mirzə Hüseyn" dəsgahı, "Mahur hindi" yazdırdım...

   Qarşımıza bir məqsəd qoymuşuq ki, bu yaxınlarda bəstəkar və xalq mahnılarından ibarət albom işıq üzü görsün mənim ifamda. Qabaqda "Leyli və Məcnun" və s. tamaşalar var.

   Arada dostların toylarına gedirəm. Tanımadığım yerə toya getmirəm.

   Üç övladım var. İki oğlum bir-birinə deyir ki, mən oxuyacağam, mən oxuyacağam... Mən də deyirəm ki, heç biriniz oxumyacaqsınız. Böyük oğlumun adı Tahirdir, 12, o biri oğlum Turanın isə 6 yaşı var. Qızım Aysun ilk övladımdır. Səsləri var. Uşaqlarım konsertlərdə oxuduğum repertuarı bilirlər. Evdə özləri üçün oxuyurlar. Amma mən istəməzdim ki, onlar oxuyan olsunlar. Bu sənət ağır sənətdir. Bu sənətdə adi atdığın addımı da gərək düşünüb atasan. İstərdim ki, qızım həkimliyi oxusun. Həvəsi də var. Yaşlaşanda bizə də baxsın...

   - Hansı arzularla yaşayırsınız?

   - Təbii ki, hər bir xanəndə istəyər ki, bu sənətin zirvəsini fəth etsin. Ən böyük arzum budur ki, gələcəkdə Arif Babayev, Yaqub Məmmədov kimi xanəndə olum. Bir valideyn kimi də ailəmin xoşbəxt olmasını istəyirəm. Əsas cansağlığı olsun.

   Allahdan bircə arzum var ki, doğulduğum torpağa -Qarabağa gedim!

   - Xobbiniz nədir?

   - Boş vaxtlarımda, bir velosipedim var, onu gecələr Günəşli tərəfdə böyük, uzun küçədə sürürəm. Amma elə edirəm, heç kim məni tanımır. Gündüz boş vaxtlarımda qəzəlləri təkrarlayıram. Oxuduğum muğamlara, mahnılara təkrar baxıram, çalışıram səhvləri düzəldim.

   Bir də dostlarımla çay süfrəsi arxasında oturub ordan-burdan söhbət etməyi xoşlayıram. Ehtiram Hüseynov, Firuz Səxavət, Nəzər, Şirazi, Vüqar mənim dostlarımdır. Onlarla çay içirik, nərd oynayırıq, sənətdən söhbət edirik. Elə şeylər var ki, bir-birimizdən öyrənirik...

   Bir dəfə Ehtiram Hüseynovla Şəkidən gəlirdik. Dedim, maşında köhnə şeylərdən nə var? Dedi ki, heçyoxdu. Bilir ki, "bardoçoku" axtaracağam. Mən onun maşınından Əbülfət Əliyevin toy yazısını tapdım. Sağ olsun, verdi qulaq asmağa. Beləcə, bir-birimizdən nəsə öyrənirik...

   Efirə çıxanda kimin verilişinə lazımdısa, onu seçib çıxıram. Hər verilişə çıxmıram. Şou xarakterli verilişlər ürəyimcə deyil. Biri orda yemək bişirir, xanəndə də oxuyur. Məncə, bu, yaxşı hal deyil. Belə şeylərə baxa bilmirəm, getmirəm elə verilişlərə...

   Keçən il Natəvan haqqında filmə çəkildim xanəndə kimi. Orda Natəvan şeirlərini deyir. Kamançada Xəyyam Məmmədov, tarda Ələkbər Ələkbərov ifa etdi. Bizim kökümüzə söykənən filmə, kinoya hər zaman çəkilməyə hazıram.

   2009-cu ildən Prezident Mükafatı alıram. Özümü xoşbəxt hiss edirəm.

 

   Namiq MƏMMƏDLİ

   Ekspress.-2015.- 19 iyun.- S.15.