Dünya Bankının məcburi
köçkünlərə iqtisadi dəstəyi
Qaçqın və məcburi
köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya
ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə sıx əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri Dünya Bankıdır. İndiyədək Dünya Bankı ilə həyata keçirilən birgə əməkdaşlıq nəticəsində 10 minlərlə məcburi köçkün güzəştli şərtlərlə mikrokreditlər alıb, mikrolayihələrdən yararlanıb, eyni zamanda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına, onların peşə bacarıqlarının artırılmasına dəstək verilib.
Dünya Bankı ilə əməkdaşlıq bu gün də davam etdirilir və Azərbaycan hökuməti əməkdaşlığı bundan sonra bir qədər gücləndirmək fikrindədir.
Bu ilin iyunun 19-da baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovla Dünya Bankının Sosial İnkişaf üzrə mütəxəssisi Michelle Rebosionla görüşüb.
Görüşdə Ə.Həsənov qeyd edib ki, Azərbaycan hökuməti ilə Dünya Bankı arasındakı əlaqələr son illər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən layihələrin qarşılıqlı əməkdaşlıq şəraitində uğurla və şəffaf şəkildə davam etdirildiyini diqqətə çatdıran baş nazirin müavini Ə.Həsənov bildirib ki, bunlar arasında istər məcburi köçkünlərin məskunlaşma obyektlərində, istərsə də onlar üçün yeni salınan qəsəbələrdə həyata keçirilən layihələr mühüm önəm kəsb edir.
Ə.Həsənov deyib ki, Azərbaycan dövləti vətəndaşlarının problemlərinin həllini öz üzərinə götürüb və ölkəmizin iqtisadi inkişafı bu problemlərin həllinə imkan yaradır. Ancaq bununla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ocaqlarından didərgin salınan 1 milyon 200 mindən çox qaçqın və məcburi köçkünlər üçün prioritet sahələrdən olan, xüsusilə gəlir gətirmə, gənclərin dəstəklənməsi, mikrokredit proqramları və digər vacib sahələr üzrə həyata keçirilən layihələrə üstünlük verilməlidir.
Komitə sədrinin sözlərinə görə, dövlətimizin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir. Bütün bunları müsbət hal kimi dəyərləndirən baş nazirin müavini vurğulayıb ki, Azərbaycan hökuməti Dünya Bankı ilə əməkdaşlıq etməkdə, onun təcrübəsindən bundan sonra da yararlanmaqda maraqlıdır.
Əldə edilən müsbət nəticələrin qarşılıqlı əməkdaşlığın nəticəsi kimi qiymətləndirən Ə.Həsənov həyata keçiriləcək layihələrin icrasını surətləndirməyin, keyfiyyətini yüksəltməyin, layihələrin istiqamətini prioritet sahələrə yönəltməyin vacibliyini də vurğulayıb.
Dünya Bankının rəsmisi Michelle Rebosion qeyd edib ki, onun təmsil etdiyi qurum da Azərbaycan hökuməti ilə əməkdaşlıqda, məcburi köçkünlərlə işləməkdə maraqlıdır. O bu istiqamətdə də nəzərdə tutulan layihələrin vaxtında və keyfiyyətlə yerinə yetiriləcəyinə əminliyini vurğulayıb, məcburi köçkünlərlə işləməyin daha çox insanlıq baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Xatırladaq ki, ölkəmiz müstəqilliyini əldə etdikdən az bir zaman sonra 1992-ci ildən Dünya Bankının üzvü olub və hələ də bu əməkdaşlığa böyük əhəmiyyət verir. Dünya Bankının köməkliyi ilə müstəqilliyin ilk illərində qarşıya çıxan bir çox mühüm problemlərə və strategiyalı sahələrə qrant və kredit alan Azərbaycan bu işlərin nəticəsində öz iqtisadiyyatını dirçəltməyə başlayıb. Təhsil sahəsindən tutmuş suvarma sisteminə kimi müxtəlif sahələrdə Bankın köməyinə arxalanan Azərbaycan indiyədək bu qurumdan 3 milyard dollardan çox kredit alıb. Kreditlərin bir hissəsi həyata keçirilən müxtəlif layihələrlə məhz məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə istifadə edilib.
Ölkəmiz Dünya Bankından ilk krediti 1997-ci ildə, məcburi köçkünlər üçün ilk krediti isə 1999-cu ildə alıb. Həmin vəsaitdən 2000-ci ildən istifadə edilib.
Ümumilikdə indidək məcburi köçkünlər üçün Dünya Bankı tərəfindən 4 dəfə kredit ayrılıb. Diqqət yetirsək görərik ki, kreditlərin həcmi getdikcə böyüyür. Bu faktın özü də Dünya Bankı ilə əməkdaşlığın güclənməsindən xəbər verir.
İlk kredit sazişi 1999-cu ildə bağlanılıb və onun məbləği 10 milyon dollar təşkil edib. Bu layihə uğurla başa çatdırılıb, 30 şəhər və rayonda 170 min nəfərədək məcburi köçkünün faydalandığı 192 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilib. Müqavilə çərçivəsində 1670 hüquqi və 10687 fiziki şəxsə kredit ayılıb.
Layihənin davam etdirilməsi məqsədi ilə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında 2005-ci ildə yeni kredit sazişi bağlanılıb. Ümumi dəyəri 12,6 milyon dolları olan (11,5 milyon dolları Dünya Bankın güzəştli kredit vəsaiti, 1,1 milyon dolları isə Azərbaycan hökumətinin payı) yeni kredit sazişinə əsasən Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 110 min nəfərin (80 %-i məcburi köçkündür) faydalandığı 168 mikrolayihə həyata keçirilib.
2008-ci ildə üçüncü kredit sazişinə imza atılıb. Bu dəfə "Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi üçün Əlavə Maliyyələşdirmə"ni həyata keçirmək məqsədi ilə Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı) və Azərbaycan hökuməti arasında 2009-2011-ci illəri əhatə edən yeni Layihə Sazişi imzalanıb. Ümumi dəyəri 24,19 milyon dollar təşkil edən layihədə 15 milyon dolları Dünya Bankının kredit vəsaiti, 8,69 milyon dolları isə Azərbaycan hökumətinin payı olub.
Dünya Bankı və Azərbaycan hökuməti arasında 4-cü kredit sazişi 2011-ci ildəbağlanılıb. Kreditin dəyəri 78 milyon dollar olub. Həmin vəsaitin 50 milyon dolları Dünya Bankının ayırdığı kredit, 28 milyon dolları isə Azərbaycan hökumətinin payıdır. Kredit "Məcburi Köçkünlərin Yaşayış şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi Layihəsi"nin icra edilməsi məqsədilə bağlınılıb. Ümumiyyətlə, Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış son kredit sazişi ("Məcburi Köçkünlərin İqtisadi İnkişafına Yardım Layihəsi") üzrə Azərbaycan Respublikası Məcburi köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən son 10 ildə 325 min nəfərin faydalandığı və dəyəri 32 milyon manat təşkil edən 550 müxtəlif növ mikrolayihə icra edilmişdir. Faydalananların 83%-i məcburi köçkündür. Həmin layihə üzrə həmçinin 10 ildə 10,8 min nəfər məcburi köçkünə 7,66 milyon manat məbləğində mikrokredit verilib ki, bu proqramlardan 45,7 min nəfər məcburi köçkün faydalanıb.
Dünya Bankı ilə Azərbaycan hökumətinin məcburi köçkünlərlə bağlı əməkdaşlığında əsas tərəfdaş Məcburi köçkünlərin Sosial İnkişaf Fondudur (MKSİF). MKSİF-in praktiki fəaliyyəti 2001-ci ildən başlanıb və əsas maliyyələşmə mənbəyi Dünya Bankının Azərbaycan hökumətinə ayırdığı 10 milyon dollar həcmində güzəştli kredit vəsaiti olub. Sonradan MKSİF-in fəaliyyəti genişlənməyə başlayıb və maliyyələşmə mənbələri artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələri Dünya Bankı ilə bərabər Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti, Dövlət büdcəsi, İslam İnkişaf Bankı, Yaponiya Sosial İnkişaf Fondu və s. donorlar daxildir.
Hazırda MKSİF Dünya Bankı ilə 5 istiqamət üzrə əməkdaşlır edir. Bunlar icmaların səfərbərliyi layihəsi, mikrolayihlər, ictimai yaşayış binalarının təmiri layihələri, gənclərin dəstəklənməsi proqramı və mikrokreditlərdir.
İcma səfərbərliyinin ümumi məqsədi tələblərin və mənbələrin düzgün qiymətləndirilməsi üçün icmalar və yerli hakimiyyət orqanları üçün (bələdiyyələr və yerli icra hakimiyyətləri) potensialın yaradılması və icma sərmayələrinin prioritetləşdirilməsi məqsədilə razılaşdırılan planın tərtib edilməsindən ibarətdir.
Qaydalara əsasən icmanın həcmi minimum 15 ailədən və ya 75 nəfərdən ibarət olmalıdır. Belə icmaların mikrolayihələrinə 250 min dollardan çox olmamaq şərtilə güzəştli kredit verilir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində məcburi köçkün insanların bir hissəsi hələ də ictimai yaşayış və tikintisi yarımçıq qalan bınalarda yaşayırlar. Onlar Azərbaycan əhalisinin ən yoxsul və eyni zamanda ən həssas hissəsinə daxıldirlər. Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Lakin buna baxmayaraq hökumətin qəbul etdiyi proqramlar çərçivəsində aparılan təmir işləri məcburi köçkünlərin məskunlaşdıqları ictimai yaşayış binalarının hamısını əhatə etmir. Odur ki, yeni imzalanan ?Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi? Layihəsinin ?B? kompanenti çərçivəsində həmin binaların bir qisminin təmir olunması məqsədə uyğun hesab edilir və s..
Qeyd edək ki, Dünya Bankı elan etdiyi missiyaya uyğun olaraq qurum işğal olunmuş ərazilər geri qaytarıldıqdan sonra məcburi köçkünlərin geri qayıtması və onların məskunlaşması ilə bağlı layihə həyata keçirəcək.
Dünya Bankı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasında iqtisadi və sosial yardım göstərəcək, infrastrukturun formalaşdırılmasında dəstək olacaq. Bununla bağlı xüsusi layihə də nəzərdə tutulur. Bu layihənin əsas mahiyyəti ondan ibarətdir ki, məcburi köçkünlər işğal olunan ərazilər azad edildikdən sonra, öz yurdlarına qayıtması iqtisadi baxımdan mümkün olsun. Ona görə də azad edilən ərazilərin infrastrukturunun formalaşdırılması, inkişaf etdirilməsi, eyni zamanda həm iqtisadi baxımdan, həm də məşğulluğun təmin edilməsi ilə bağlı praktiki olaraq burada birmənalı şəkildə işlər aparılacaq. Layihə məcburi köçkünlərin işğal olunan ərazilər azad edildikdən sonra öz torpaqlarına qayıtmasının iqtisadi baxımdan dəstəklənməsindən ibarətdir.
Əlbəttə ki, Dünya Bankı qeyd edilən məsələ ilə yalnız münqişə həll edildikdən və məcburi köçkünlər öz yurlarına qayıtdıqdan sonra məşğul ola bilər. Bununla belə Dünya Bankı öncədən məcburi köçkünlərə hətta münaqişə bitdikdən sonra da iqtisadi dəstək göstərəcəyini gizlətmir.
Vasif
CƏFƏROV
Ekspress.-2015.- 26-29 iyun.-
S.9.