"Mən hər zaman Azərbaycan bəstəkarıyam"

 

İlyas Mirzəyev: "Dostlarımı görmək istəyirəm, amma Azərbaycana qayıtmağa söz vermirəm..."

 

İlyas Mirzəyev Azərbaycanın xalq artisti, canlı klassikimiz Musa Mirzəyevin oğludur. Tanınmış bəstəkar olan İlyas müəllim uzun illərdir, Türkiyədə, Almaniyada yaşayır. O, "Arşın mal alan"ı yeni redaksiyada işləməsi, eləcə də "Orkestr üçün ney" əsərini yazaraq Türkiyədə məşurlaşıb.

   Cövdət Hacıyevin tələbəsi olan, 8 simfoniya yazan İlyas Mirzəyevlə bu yaxınlarda Bakıda görüşdük. Həyat və yaradıcılığının bizə məlum olmayan tərəfləri ilə tanış olduq.

       - İlyas müəllim, söhbətə tərcümeyi-halınızdan başlayaq...

   - Mən İlyas Mirzəyev. Atam Azərbaycanın canlı klassiki, bəstəkar Musa Mirzəyevdir. Allaha şükür yaşayır. Anam Svetlana Mirzəyeva böyük jurnalist idi. 2013-cü ildə dünyasını dəyişdi.

   Mən 1961-ci ildə Bakı şəhərində anadan olmuşam. Uşaqlıqdan məndə belə şeylər var idi. Eyni zamanda, anam da incəsənət üstündə jurnalistlik edirdi. Mənim uşaqlığım Filarmoniyada, teatrlarda, muzeylərdə keçdi. Zamanında bilirdim ki, bu yolla gedəcəyəm. Əvvəl Bülbül adına Orta İxtisas Musiqi Məktəbini, sonra isə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirdim. Bəstəkarlıq müəllimim Dimitri Şostakoviçin tələbəsi Cövdət Hacıyev olub. Çox şanslı insanam ki, belə insandan dərs almışam. Cövdət Hacıyev çox intelektuall insan idi. O, musiqi ədəbiyyatını, fəlsəfəni çox yaxşı bilirdi. Dərsimiz intellektual keçirdi. Şekspirdən danışırdı, özü də çox dərin. Eləcə də Hüseyn Cavid haqqında... İnsan gənc olanda, bunu başa düşmür. Amma illər keçdikcə, başa düşürsən ki, bu insan, nələri nə üçün söyləyib. C.Hacıyev mənə Şostakoviçin həyatından, onun həyata baxışlarından, musiqisindən inanılmaz şeylər danışırdı.

   - Siz nə vaxtdan musiqi bəstələdiniz?

   - 12-13 yaşım olardı. O da bir təsadüf nəticəsində. Mən bir ara idmanla məşğul oldum. 15 yaşında SSRİ-nin ikinci tennisçisinə qədər yüksəldim. SSRİ-nin yığma komandasında idim. Musiqi o vaxt bir az kölgədə qalmışdı. Bu, Allahın işidir. Sonra atamdan not kağızı aldım, mahnı bəstələməyə başladım. Prelüdiya bəstələdim...

   - Hazırda nə işlə məşğulsunuz?

   - Türkiyə və Almaniyada yaşayıram. Günümün çoxu uçaqlarda keçir... Musiqi bəstələyirəm. Allaha şükür, sifarişlər də çox. Birini bitirirəm, o birini başlayıram. Klassik musiqi bəstələyirəm. Almaniyada bir neçə orkestr var, onlar üçün əsərlər yazıram. 5 simfoniya bəstələmişəm, 8 konsert -alətlər və orkestr üçün. Ney, kanon, ud, rübab, kamança və s. Mənim musiqimə xaricdə maraq var. Amma mən yenə də hər zaman Azərbaycan bəstəkarıyam. Hər şey qarışdırıram əsərlərimə- Avropa musiqisini də. Amma yenə də bəlli olur ki, bunu Azərbaycan bəstəkarı yazıb...

   1992-ci ildə Türkiyəyə getdim. Ondan qabaq Moskvada, sonra Estoniyada yaşadım...

   - Türkiyədə musiqiyə maraq necədi?

   - Türkiyə mənə sahib çıxdı. Bəzi yerlərdə mən türk-Azərbaycan bəstəkarı olaraq keçirəm. Bir tərəfdən mən Türkiyəyə borcluyam. Mənim Türkiyə ilə ilk işim Üzeyir Hacıbəyovun "Arşın mal alan"ını yeni redaksiyada orkestr üçün bəstələməyim oldu. İstanbulda Kamal Rəşid Rey konsert salonu var. Orda mənim dostum, gözəl insan, yaxşı dirijor Fəxrəddin Kərimov çalışır. O da 17 il türkiyədə qalıb. Onun təşəbbüsü ilə bunu etdim. Əslində, "Arşın mal alan"ın elədiyim partiturası indi yoxdur. Niyazi onun orkestrovkasını düzəltməyə çalışdı, amma bir şey çıxmadı. Mənsə onu Hollivud tipli elədim.

   Türkiyədə "Neylə konsert" yazdım orkestr üçün. Ondan sonra məni Türkiyədə yaxşı tanıdılar. Biz o vaxt sammitdə konsert vermişdik. Mən Türkiyənin Uluslararası Orkestrində bəstəçilik elədim. O orkestrlə 30 ölkədə konsert verdik. Paris, Londan, Tokio və s.

   O sammitdə "Neylə konsert" ifa olundu. O zalda Heydər Əliyev də vardı. Konsertdən sonta səfiri göndərdi. Dedi ki, "mən Musa Mirzəyevi tanıyıram, İlyas Mirzəyev kimdir?" Bu əsəri çox sevdi. Bundan sonra onun doğum günüdə Opera Teatrında böyük bir konsert var idi. Özəl olaraq istədi ki, bu əsər çalınsın...

   "Üç dənizin simfoniyası" əsərim var, 10 ölkədə səslənib.

   - Yeri gəlmişkən, atanız sizin yaradıcılığınızı necə qiymətləndirir?

   - Mən atamla fəxr edirəm. O, Azərbaycanda böyük bəstəkardı. Qara Qarayevdən dərs alıb. Atam gənc yaşında Moskva və bir çox orkestrlər onun əsərlərini ifa edib. Atamın Sovet bəstəkarları arasında gənc yaşlarından böyük hörməti var idi. Onu böyük bəstəkar olaraq qəbul etdilər.

   Atam mənim üçün örnək oldu, həm də qeyri-adi bir insan. O, mənim yüksəlişimi görəndə, özünü xoşbəxt hiss etdi. Biz fərqli bəstəkarlarıq. Mənim musiqi baxışım fərqlidir, o da onu bilir. Amma çox xoşuna gəlir mənim bəstəm, qürur duyur. Mənim əsərlərim Parisdə, Londonda çalındı. Hər zaman konsert olanda, mən atamı xatırlardım, ona zəng edərdim, onun hər şeydən xəbəri olardı.

   - Hazırda hansı əsər üzərində işləyirsiniz?

   - İndi bir neçə sifarişlər var. Onlardan biri Azərbaycanın məşhur skripkaçısı, mərhum Sərvər Qəniyev haqqındadır. Onun Elvin adlı bir nəvəsi var. Türkiyədə yaşayır. Çox maraqlı adamdır. O da skripka çalır. Bu yaxınlarda Berlin Filarmoniyasında konsert verib. Sərvər bəy mənim həyatımda böyük rol oynadı. Mən Konservatoriyaya girəndə, mənim üçün "Skripka və fortepiana üçün sonata" çaldı. Ondan sonra mən tələbə ikən "Simli kvartet" yazmışdım. O da onun xoşuna gəldi. Onun təşəbbüsü ilə bu bəstə plastinkaya yazdırıldı. Moskvada çap olundu o notlar...

   Onun nəvəsi Elvin 8 yaşında skripka çalırdı. Çox böyük müvəffəqiyyət qazandı. İndi onun üçün bir konsert yazıram Azərbaycan musiqisi üstündə...

   Rəşid Behbudovun ailəsi mənim atama, anama çox yaxın olub. İndi qızı Rəşidə xanım mənim yaxın dostumdu. O da bir vokal simfoniyasını onun üçün yazmağımı istəyir.

   Şekspir, Füzuli, Dante haqda simfoniya yazmaq istəyirəm, fərqli-fərqli dillərdə...

   Mən musiqini sevən insanam. İnsanın həyatında ağır və yaxşı zamanlar olur. Ən ağır zamanlarda məni həmişə musiqi xilas edir. O üzdən, musiqiyə aşiqəm. Öz vətənimi hər yerdə tərənnüm etmək istəyirəm. İstəyirəm, bilinsin ki, bu vətəndə çox istedadlı və yaxşı insanlar yaşayır.

   - Özünüz hansı musiqilərə qulaq asırsınız?

   - Mən 15 yaşından caz xəstəsiyəm. 15 yaşında olarkən, atam məni Vaqif Mustafazadə ilə tanış etdi. O, çox böyük adamdı. O, məni caz musiqisinə aşiq etdi. Üç il onunla bir yerdə olduq. Filarmoniyaya hər gün məşqlərə gedirdik. Mənim böyük dostum idi. Məni çox istəyirdi, mən də onu. Məşqlərdən sonra onun evinə gedirdik, yemək yeyirdik, söhbət edirdik. Məni yanında oturdurdu. Deyirdi ki, bu gün sağ, sabah sol əlimə bax. Mən də deyirdim ki, "Vaqif, sənin yanında çala bilmirəm..." O, çox sadə adam idi. Qızı Əzizə onun sitilini davam etdirir. Onu da yaxşı tanıyıram.

   Mənim ən çox sevdiyim bəstəkar Baxdır. Onun əsərlərinə qulaq asıram.

 

   - Məşhur bəstəkarsınız. Öz biliyinizi, savadınızı kiməsə öyrədə bildinizmi?

   - Mən iki il Antalyada konservatoriyada dərs dedim. O vaxt dərs deyəndə, Cövdət müəllimin bizə keçdiyi dərsləri və etdiyi maraqlı söhbətləri xatırladım. Mən ondan öyrəndiyim savadı, biliyi tələbələrimə öyrətdim. Mənim dərslərimə çox tələbələr gəlirdi. Bu da ordakı müəllimlərin xoşuna gəlmirdi. İndi də Antalyaya gedəndə, tələbələrim dava edirlər ki, "hocam kimdə qalacaq"...

   Türk pop musiqiçinin kralı Sinan Akçıl da mənim tələbəm olub. Tələbələr hiss edirdi ki, onların müəllimi yalan söyləməyən adamdı. Antalyada bəstəkarləq fakültəsi yox idi. Onu özüm qurdum. Həyatımın ən sevincli illəri idi o illər.

   Mənim üçün ən böyük bəstəkar Üzeyir bəydi. Ondan üstün həm vətəndaş, həm də bəstəkar tanımıram. Təbii ki, Üzeyir bəy olmasa, Qara Qarayev, Cövdət Hacıyev olmayacaqdı. Qara Qarayev də mənim üçün Azərbaycandan çıxan dünya bəstəkarıdır. Heyran olduğum bir insandır. Bir də Maestro Niyazi. Çox önəmli bir adamdır. Nə yazıq ki, onu Türkiyədə çox tanımırlar.

   - Niyazi ilə də münasibətiniz olub?

   - Maestro Niyazi mənim anamın yaxın dostu idi. Anam da incə insan olaraq məni bir uşaq kimi hər yerə aparırdı. Mənim uşaqlığım Niyazi və Həcər xanımın evində keçib. Mən unutmuşdum. Onu orkestrçilər dedilər. Niyazinin məşqləri olanda, anam gəlir, yanında da 5-6 yaşlı uşaq. Uşağın qoltuğunda da musiqi notlarından ibarət partitura -"Çaykovski 4". Həmin uşaq mən idim. Onu açırdım, məşq edirdi...

   Mənim başqa yolum yox idi. Anam mənim üçün hər şey etdi. Anam məni Tixin Xirennikov, Maya Plisetskaya və s. məşhur musiqişünaslarla tanış etdi. Anamın açmadığı qapı yox idi. Jurnalist kimi bir sıra insanlara yardım da etdi. Altmış yaşından sonra hərbi jurnalist kimi Qarabağa getdi. Heydər Əliyev özəl olaraq onun üçün vertolyot göndərdi. Ən təhlükəli yerdən o, meyitlərlə bərabər geri qayıtdı.

   Anam azərbaycanca təmiz bilirdi. Kəlmeyi-şəhadətini də bilirdi. Rus olsa da, babası tatar idi...

   Mən 18 yaşında evlənmişəm. Oğlum Rüstəm vəkildir, elmi dərəcəsi var. Qızım Günay Mirzəyeva Almaniyada yaşayır. Müxtəlif ölkələrdə 5 konservatoriya bitirib. Əsərlər yazır. Onun ən gözəl anları Azərbaycan Konservatoriyasında keçdi. Avropada niyə Azərbaycan bəstəkarlarını sevirlər? Çünki mən Almaniyada fəal olan bir bəstəkar tanımıram. Onlar avanqard musiqi bəstələyirlər. Klassik musiqiyə meylli deyillər. Mənim qızım çox istedadlı qızdır. Qızımgil Almaniyada fleyta, kamança, klarnet üçün musiqi bəstələdi. On gündən sonra qızımın yanına getmək istəyirəm. İstəyirəm ki, qızımın yaradıcılığında yeni epoxa başlasın. Ona doğru yol göstərmək istəyirəm. O, çox şey bilir...

   Qızımın həyat yoldaşı Françesko Macio italyandı, o da bəstəkardır. Onların bir neçə il bundan əvvəl Muğam Teatrı ilə bir layihəsi (Trio-muğam və italyan simfonik orkerti) var idi. Bir əsər qızım, birini də həyat yoldaşı yazdı. Françesko segah yazdı. Onların gələcəyinə çox yaxşı baxıram. Françesko azad, modern bəstəkardı. Öz stilini də tapdı. Özünü musiqidə tapdı. İstəyirəm ki, qızım da musiqidə özünü tapsın. Özünə görə bir stili olsun.

   Mən 5-6 ildir ki, heç yerdə telekanalları izləmirəm. Ancaq bir "Metso" adlı fransız musiqi kanalı var, gündüz klassik musiqi, gecə də caz göstərir, o kanalı daim izləyirəm.

   - Bir bəstəkar kimi, Azərbaycandan sizinlə maraqlanan varmı?

   - Türkiyədə türk, Almaniyada alman bəstəkarıyam. Qabaq önəm vermirdim buna. Hörmətim çoxdur o biri ölkələrdə.

   Vaqif Gərayzadə mənim uşaqlıq dostumdu. Amma çoxdandır ki, onunla görüşmürük. Son dəfə 3 il qabaq görüşdük. Onun sözlərindən sonra düşündüm ki, nədən Azərbaycanda məni -Musa Mirzəyevin oğlunu tanımırlar. İndi çox önəm verirəm ki, Azərbaycanda Azərbaycan üçün nəsə eləyim. Çünki xaricdə Azərbaycan üçün çox şey eləyirəm. Yeni bir DVD hazırlamışam - solo-piano-caz. Adı da "Bizim bayrağımızın rəngi". O, "Metso" kanalında yayımlanacaq. Bu baş tutarsa, mən birinci azərbaycanlı oluram "Metso" kanalında çıxan. "Caz" mərkəzində bunun prezentasiyasını eləmək istəyirəm bu günlərdə.

   Türkiyədə, Almaniyada, Azərbaycanda yaşayanda da teatr musiqisi yazmışam. Hüseynağa Atakişiyev var idi. Çox yaxşı insan, rejissor idi. Onunla işləyirdim. Bir də bizim bəstəkar dostumuz Aydın Həsənovla da işlədim. "Hücum" filmi və onun Rövşən Almuradlı adlı rejissoru var idi. Rövşən mənim dostumdu, həm də sənətdə fikrimiz üst-üstə düşür. Onda başqa bir tamaşa da elədik, o vaxt Rövşənin teatrı var idi. Mən də o teatrın musiqi hissəsinin müdiriydim. Vəzirov zamanında o teatra polis gəldi və ora bağlandı...

   - Atanız Azərbaycanın xalq artistidir. Sizdə də fəxri ad almaq həvəsi, istəyi varmı?

   - Mən Macarıstanda caz festivalında "ən yaxşı kompozisiya" mükafatını almışam. Mənim üçün fərq etməz fəxri adım var, ya yox. Ona görə ki, indi Aygün Kazımova, Faiq Ağayev də, Cövdət Hacıyev, Tofiq Quliyev də eyni adı daşıyırlar...

   Mənim 5 nömrəli simfoniyam ingilis şahzadəsi Elizabetə həsr edilib. Bu əsər növbəti ildə Los-Ancelesdə keçiriləcək festivalda səslənəcək. "Qremmi" mükafatı ala bilər. Mən Azərbaycanı hər yerdə təmsil edirəm. Əsərin adının nə olmasına baxmayaraq, ən önəmlisi odur ki, mən Azərbaycan bəstəkarıyam. Hər yerdə deyirəm ki, mən Azərbaycan və türk bəstəkarıyam.

   Mən caz dünyasında Vaqif Mustafazadədən sonra bir dənə də önəmli adamın adını çəkmək istəyirəm. O da mənim müəllimim, böyük musiqiçimiz Rafiq Babayevdir. Mən 5 il onunla bir yerdə işlədim. O, tam olaraq mənə hər şey yazmağı öyrətdi. Orkestr üçün caz yazdım. Həm Vaqifin, həm də Rafiqin içimdə eyni yeri var. Allah onlara rəhmət eləsin!

   Bir də amerikan cazçılardan caz musiqisində mənim üçün bir Allahdır Cozarina. Caz festivalında onunla bərabər çalmışam, ona bir əsər də yazmışam. Riqada, Höteborqda onun ifa etdiyi son əsər mənim əsərimdir. Mən royalda, o sintezatorda, arxamızda orkestr var idi. O dedi ki, bu, mənim şah əsərim olacaq...

   Dünya şöhrətli Bendereçski dirijorluq etdi əsərimə, məni öz konsertinə dəvət etdi. Dünyanın ən böyük bəstəkarı Konçelli məni dəvət edib öz yubileyinə. Deyib ki, "ölməsəm, ona kimi haqqımda bir əsər yazarsan"...

   Atamın hər il 2-3 yeni əsəri ifa olunur. Hər il mənim yeni bir əsərimi də proqrama salır...

   Bundan sonra Azərbaycana davamlı gəlib-gedəcəyəm, konsertlər verəcəyəm. Konsertlər vermək, dostlarımı görmək istəyirəm. Amma Azərbaycana qayıtmağa söz vermirəm...

 

   Namiq MƏMMƏDLİ

  Ekspress.-2015.- 3 iyun S. 15.