Məşədi İbadı kürəyimdə daşımalı oldum...

 

Ağaxan Şərifov: "Aktyor işi belədir, hər məqama hazır olmaq lazımdır"

 

1956-cı ildə çəkilən "O olmasın, bu olsun" filmində hambal obrazına aktyor Əhməd Əhmədov öz imzasını atıb. Sonradan səhnələşdirilən "Məşədi İbad"lardakı hambal obrazları bu rolun kölgəsində qalıblar.

   Bununla belə, rəhmətlik Hacıbaba Bağırovun Məşədi İbad rolunu oynadığı tamaşada Arif Quliyevin "hambalı" da diqqətləri özünə çəkə bilmişdi. Cənnət Səlimovanın quruluşunda hazırlanan "O olmasın, bu olsun" musiqili komediyasında Ağaxan Şərifov da bu rola öz imzasını ata bildi. Ağaxan Şərifovun yaratdığı obraz bir qədər Əhməd Əhmədovun kinoda oynadığı hambalı xatırladır...

   TANITIM: Ağaxan Şərifov Ağsuda anadan olub. 1986-1990-cı illərdə İncəsənət İnstitutunun dram-kino aktyorluğu şöbəsində təhsil alıb. 1990-1996-cı illərdə Gənclər Teatrında, 1993-2007-ci illərdə "İlham" Miniatür Teatrında çalışıb. 2007-ci ildən isə Musiqili Komediya Teatrının aktyorudur.

   "Şeytanın yubileyi" (İnzibatçı), "Əlin cibində olsun" (I oğlan), "Qısqanc ürəklər" (Ofisiant), "Milyonçunun dilənçi oğlu" (II xidmətçi), "Talelər qovuşanda" (Evlər müdiri), "O olmasın, bu olsun" (Hambal), "Amerikalı kürəkən" (Cəfər), "Ər və arvad" (Süpürgəçi) və s. tamaşalarda rol alıb.

   "Nə gözəldir bu dünya..." (1999), "Əlavə təsir" (2010) "Yazıçı" (2013) və s. filmlərdə çəkilib.

       - Ağsu milli səhnə, kino və incəsəntimizə Səməndər Rzayev, Mikayıl Mirzə, Rasim Balayev, Əli Nur, Nadir Xasıyev və s. kimi sənətkarlar bəxş edib. Onların Sizin sənətə gəlməyinizdə rolu olubmu?

   - Bu həyatda təsadüfi heç nə yoxdur. Hələ orta məktəbdə oxuyarkən Rasim Balayev və Səməndər Rzayevin oynadığı "Nəsimi" filmi məndə böyük maraq oyandırmışdı. Düzdür, çox utancaq idim, ancaq artıq 9-10-cu sinifdə aktyorluğa böyük marağım yaranmışdı. İncəsənət Universitetinə qəbul olundum və ustad Məlik Dadaşovdan sənətin sirlərini öyrəndim.

   - Tələbə vaxtı müəllimləriniz aranızda tanınmış sənətkarlarımız da olublar. Bu fürsəti necə dəyərləndirdiniz?

   - Öz müəllimlərimdən əlavə Nəsir Sadıqzadənin, Şəfiqə Məmmədovanın, eləcə də digər müəllimlərin dərslərində iştirak edirdim, daha artıq öyrənməyə çalışırdım. Səhər dərs başlayandan axşam saatlarına qədər universitetdə olurduq, axırda bizi qovurdular. Yəni, qarşımıza çıxan fürsətləri dəyərləndirməyə çalışırdıq. Və zaman gəldi, öyrəndiklərim çalışdığım teatrlarda mənə kömək oldu. Hər teatrda da daha çox təcrübə qazandım.

   - Bildiyimə görə, səhnədə ilk addımlarınız Hüseynağa Atakişiyevlə bağlıdır...

   - Hüseynağa Atakişiyev haqqında nə qədər çox danışsaq, yenə də az görünəcək. Həm gözəl insan, həm də gözəl rejissordu, bütün gözəl sözlərə layiqdi. Ondan çox şey öyrəndik, aktyorlarına eyni gözlə baxmağı bacaran, aktyorunu obraz üçün illərlə hazırlayan, klassik əsərlərdə hər bir aktyoru istənilən rolda görməyi bacaran rejissordu. Dünya klassikasını çox gözəl bilirdi və tez-tez də müraciət edirdi.

   - Azərbaycanda onun qədər Şekspirə müraciət edən olmayıb. Bütün aktyorlarına Şekspirin əsərlərində rol verib...

   - Doğrudan da, az qala bu əsərlərin hər birində rol alırdıq. Şəxsən mən Hüseynağa müəllimdən çox şey öyrənmişəm. Və ondan sonra hansı rejissorla işləsəm, elə də bir çətinliklə üzləşmirəm. Bəlkə də ona görə ki, bünövrə möhkəm olub. Məlik Dadaşov, Fikrət Sultanov, Vidadi Həsənov kimi sənətkarlardan sənətin sirlərini öyrənmək, sonra Hüseynağa Atakişiyev kimi rejissorun quruluş verdiyi tamaşalarda oynayaraq təcrübə qazanmaq - bütün bunların hamısı yaxşı bir bünövrə deməkdir.

 

   - Dövlət Gənclər Teatrının səhnəsindən ayrılmadan "İlham" Miniatür Teatrında da rol alırdınız. Bunun səbəbi nə idi?

   - Həmin dövrlərdə maddi sıxıntılarım var idi. Ailəmi, övladlarımı düşünməyə məcbur idim. Gənclər Teatrı dövlət teatrı olduğu üçün maaşlar az idi, ancaq "İlham" Miniatür Teatrı özəl idi və əmək haqqı da aktyoru qane edirdi. Öncə paralel olaraq hər iki teatrda çalışmağa başladım, hər iki teatr mənə şərait yaratmışdı. Ancaq sonralar özümü tamamailə "İlham" Miniatür Teatrına həsr etdim və 15 il eyni teatrda çalışdım. Bu teatrda da bir-birindən maraqlı rollara imza atdım. Doğrudur, janr etibarilə tamamilə başqa səpgili teatr idi, ancaq keçdiyim məktəb mənə imkan verirdi ki, istənilən teatrda çalışa bilim.

   - Musiqili Teatrda da artıq kifayət qədər geniş imkanlar var...

   - Musiqi, komediya, vokal, rəqs, balet və daha nələr - hər biri aktyor üçün geniş imkanlar yaradır. Bu baxımdan özümü burda tapdım, tamaşalarda varam, hətta elə rollarım var ki, sadəcə 2-3 kəlmə sözü var. Ancaq mən həmin rola böyük məsuliyyətlə yanaşıram. Ümumiyyətlə, mənim üçün rolun böyüyü- kiçiyi yoxdur. Çalışdığım teatrlarda rejissorlar məni hansı rollarda görüblərsə, həmin rolu da oynamışam. "Leyli və Məcnun"da Məcnunun atasını oynamışam, sonralar evlər müdiri, qəbirqazan, ofisiant, hətta hambalı rolunu oynamışam. Hər biri də bir-birindən kəskin fərqlənir.

   - "Məşədi İbad"dakı hambal rolu xüsusilə fərqlənir...

   - Hambal rolunu ilk dəfə Opera və Balet Teatrında oynamışam. Təqribən 6-7 il idi Opera səhnəsində bu obrazla çıxış edirdim. Həmin ərəfədə Musiqili Teatrda da "O olmasın, bu olsun" hazırlandı və ilk illər Arif Quliyev hambalı oynayırdı. Arif Quliyevin işləri olan zaman mən onu əvəz edirdim. Çünki Opera səhnəsində izləmişdilər, görünür, bəyəndikləri üçün mənə həvalə edirdilər. Sonrakı quruluşda isə hambal roluna mən təsdiq olundum.

   - Hambal rolu dəfələrlə oynanılıb. Sələflərinizi təkrarlamaqdan necə qaça bildiniz?

   - Çalışıram ki, özümdən əvvəl olan ifalara baxmayım. Filmdə gördüyümüz hambal rolu Əhməd Əhmədovun ifasında sanki yaddaşlara həkk olunub. Doğrudur, filmə dəfələrlə baxsam da, tamaşanın hazırlıq prosesində "O olmasın, bu olsun" filminə baxmadım ki, Əhməd Əhmədovun ifasını tam olaraq xatırlamayım. Bir aktyor kimi daim çalışıram ki, obrazları kimsəyə bənzətmədən oynayım.

   - Opera və Balet Teatrında Hafiz Quliyevin hazırladığı "O olmasın, bu olsun"la Musiqili Teatrda Cənnət Səlimovanın hazırladığı tamaşa arasında nə kimi fərq vardı və ya hansı tamaşa Sizi daha çox qane etdi?

   - Hər teatrın öz üslubu, öz tamaşaçı auditoriyası var. Hər iki quruluş maraqlıdır və mən çalışmışam ki, hər iki teatrda maraqlı ifa nümayiş etdirim, tamaşaçını qane edim. Nə də olsa, artıq dediyimiz kimi, hər birimizin yaddaşında hambal rolunun əvəzsiz ifaçısı Əhməd Əhmədov var.

   Hambal rolu əsas qəhrəman olan Məşədi İbadla az qala bütün hadisələrin içində olduğu üçün heç də kiçik rol sayılmır.

   Üzeyir bəy Hacıbəylinin əsərlərindəki bütün qəhrəmanlar əsas qəhrəmanlar qədər önəmlidir. Hafiz Quliyevin quruluşunda olan tamaşada Məşədi İbad rolunun ifaçısı Azər Zeynalovla tərəfmüqabiləm, ancaq Musiqili Teatrda Şövqü Hüseynovla.

   - Azər Zeynalov da, Şövqü Hüseynov da bir qədər kök, ağır çəkilidirlər. Hər ikisini də kürəyinizə qaldırmalıydınız...

 

   - Opera Teatrında səhnə tərtibatı elə qurulmuşdu ki, hasara çıxıntı kimi bir yer quraraq üzərini yarpaqla örtmüşdülər. Elə ki Azər Zeynalov kürəyimə çıxırdı, tez ayağının birini həmin çıxıntının üzərinə qoyurdu ki, kürəyimə ağırlıq düşməsin. Ancaq Musiqili Teatrda tamaşada həmin səhnədə Məşədi İbad rolunu oynayan aktyoru kürəyimdə daşımalı oldum. Əslində aktyor işi belədir, hər məqama hazır olmaq lazımdır.

   - Musiqili Teatrda hazırlanan "O olmasın, bu olsun"da maraqlı bir tapıntı vardı: bu nə filmdə, nə də Opera Teatrında hazırlanan tamaşada olmayıb. Hambalın kürəyini qorumaq üçün çanta kimi kürəyə asılan mütəkkə qoyulurdu.

   - Opera Teatrında hazırlanan tamaşa birbaşa filmin üzərində qurulmuşdu. İstər filmdə, istərsə də Operada hazırlanan tamaşada hambalın sadəcə çiyninə keçirdiyi bir heybə diqqəti çəkir. Əslində isə o dövrlərdə hamballar belinə mütəkkə kimi kürəyini qoruyan çantalar gəzdirirmişlər. Bu baxımdan Musiqili Teatrda hazırlanan tamaşada həmin mütəkkədən istifadə olundu və bu da doğrudan maraqlı alındı.

   - Bu tamaşada başqa hansı bir rolu oynamaq istərdiniz?

   - Mənim üçün fərqi yoxdur, mən aktyoram, rejissor məni hansı rolda görürsə, o rolu da canla-başla oynayıram. Əlbəttə ki, ürəyimdən keçən, məni düşündürən rollar da olur, ancaq önəmli olan rejissorun aktyoru hansı rolda görməsidir. Rejissor işi əsasdır.

   - Tamaşa zəif olanda rejissor işi tənqid olunur, tamaşa yaxşı alındıqdasa aktyor işi təriflənir...

   - Nə olur-olsun, tamaşa rejissorundur. Hazırlıq prosesindən tutmuş, ilk təqdimata qədər rejissorun həyəcanını sözlə ifadə etmək mümkün deyil. Tamaşa necə alınacaq və tamaşaçı reaksiyası necə olacaq? Ancaq ilk təqdimatla da tamaşanın bütün yaradıcı heyətinin gücü ortaya çıxır. Ümumiyyətlə, tamaşa bir rejissorun quruluşunda yaradıcı bir heyətin birliyi sayəsində ərsəyə gələn sənət nümunəsidir. Bu baxımdan da tamaşanın istər zəif, istərsə də güclü alınmasında bütün yaradıcı heyət məsuliyyət daşıyır.

 

   Xədicə QİYAS

 Ekspress .-2015.- 4 iyun S. 15.