Cümhuriyyət tələbələri
II fəsil
Azərbaycan Cümhuriyyəti
varlığının 23 ayı ərzində min bir çətinlik və
təhdidlərlə üzləşsə də, Vətən
və millətin gələcəyi naminə 100 gənci xaricə
oxumağa göndərmişdi.
Tanınmış
yazıçı-tədqiqatçı Teyyub
Qurban "Cümhuriyyət tələbələri"
adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək
onlar barəsində bilmədiyimiz məlumatları
gün işığına
çıxarmış, bununla yetərlənməyərək
və Azərbaycanı qarış-qarış gəzərək
xaricdə təhsil aldıqdan sonra
artıq müstəqil olmayan vətənə
qayıdan tələblərin izinə düşmüş,
onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.
"Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.
Onillik sürgündən sonra Azərbaycana qayıtmış Mürsəl Şahsuvarov Almaniyadakı tələbəlik dostu professor Hans Fodel ilə əlaqə yaratdı. Etibarlı köhnə dost Marqaritanın məktubunu zərfin içində ona çatdırdı. Beləliklə, Mürsəl bəy 1971-ci ildə dünyasını dəyişənədək ömür-gün yoldaşı ilə körpünü qoruyub-saxladı...
Professor Hans Fodelin Mursəl bəyə etmiş olduğu bir tarixi xidməti də qeyd etməmək
olmaz. 1937-ci ildə Mürsəl bəyn evində axtarış zamanı Münhen Universitetini bitirmək barədə diplomu yoxa çıxmışdı.
M.Şahsuvarov Almaniyaya
göndərdiyi məktublarından
birində keçmiş
tələbə dostundan
xahiş etmişdi ki, mümkünsə, ali məktəb
diplomunun surətini çıxartdıraraq Bakıya
göndərsin. Alman professoru
azərbaycanlı həmkarının
xahişini yerinə yetirmişdi. Diplomun surəti əldə edildikdən sonra Cümhuriyyət tələbəsi,
tibb elmləri doktoru, professor Mürsəl
Ədilxan oğlu Şahsuvarov Bakıdakı
Fuad Əfəndiyev adına 4 saylı
Şəhər Klinik
Xəstəxanasına işə
qəbul edilmişdir.
Bunu da qeyd etmək
lazımdır ki, M.Şahsuvarov Azərbaycan
Xalq Cümhuriyyəti
dövlət xadimlərindən
biri, maarif və dini etiqad
naziri olmuş Nurməmməd Şahsuvarovun
kiçik qardaşıdır.
1991-ci il may ayının
6-da "Bakı" qəzetində
"Göndərən ölkə
- Azərbaycan" adlı
maraqlı bir yazı dərc olunmuşdu. Burada oxuculara ilk dəfə
məlumat verilirdi ki, Nurməmməd Şahsuvarovun oğlu Cahangir Şahsuvarov Moskva Dövlət Universitetinin fizika-riyaziyyat
fakültəsini bitirmiş,
təyinatla SSRİ Elmlər
Akademiyası Yerin Fizikası İnstitutuna göndərilmişdir.
1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi, dosent Cahangir Şahsuvarov Moskva Yerin Fizikası İnstitutunun bir qrup elmi əməkdaşı
ilə birlikdə Almaniyada ezamiyyətdə olmuşdur. Məqalənin müəllifi İttifaq
Mirzəbəyli və
Maarif Teymur Cahangir Şahsuvarovun Almaniyanın Frayberq Akademiyasında mühazirə
oxumasından, alman alimləri ilə maraqlı görüşündən
bəhs edirlər.
Məqalədə deyilir:
"Cahangir Şahsuvarova
yaşlı bir alman alimi yaxınlaşıb
deyir:
- Siz
Surxay Şahsuvarovu tanıyırsınız?
- Bəli, əmimdir, - deyə alim cavab verir.
- O bizim fərqlənən tələbəmiz
olub. Gedək, sizi Surxayın oxuduğu vaxt akademiyanın rektoru işləmiş alimlə
tanış edim.
Yüzə yaxın yaşı
olan keçmiş rektor 20-ci illər haqqında həvəslə
danışır. Ayrılarkən azərbaycanlı alimə
xatirə vermək istəyir və onu daha bir
saat ləngidir. Bu bir saatda arxiv əməkdaşları
S.Şahsuvarovun 1920-25-ci illərdəki
qiymət cədvəlini
tapdılar və onun fotosurətini çıxarıb qonağa
verdilər".
Azərbaycan Respublikası Dövlət
Arxivində isə Surxay Əzim oğlu Şahsuvarovun
1919-cu ilə aid sənədləri
saxlanılır.
1909-cu il yanvar ayının 8-də Zəngəzur
qəzasının Şahsuvarlı
cəmiyyətinin mollası
Həzrətqulu Molla Lütfəli oğlunun aşağıdakı rəsmi
arayışı Yelizavetpol
şəhəri pristavı
tərəfindən təsdiq
olunmuşdur:
"Zəngəzur
qəzasının Minkənd
kənd sakini Surxay Əzim oğlu Şahsuvarov
1900-cü il iyul ayının 19-da anadan olmuşdur. Anası Nabat xanım Qəhrəman-bəy qızıdır".
MÜƏLLİFİN QEYDİ: Bəs atası? Bu barədə Molla
Həzrətqulu bəlkə
də yazmış olsa da, Gəncə
pristavı ixtisara salmışdır. Həqiqət isə bundan ibarətdir.
Cümhuriyyət tələbəsinin atası Əzim Ədilxan oğlu Şahsuvarlı 1875-ci ildə
Zəngəzurda doğulmuşdur.
Müsəlman camaatının xeyir-şərində
təşkilatçılığı və xeyirxahlığı
ilə fərqlənən
insanı həmyerliləri
Şahsuvarlı cəmiyyətinə
başçı seçmişlər.
Onun təşəbbüsü və
bilavasitə iştirakı
ilə kənddə dəyirman tikilmiş, qədim Alban kilsəsi bərpa edilmişdir.
1905-ci ildə daşnakların
qəzəbinə gələn
Əzim Şahsuvarlı
Bakıya pənah gətirmiş, Binəqədidə
neft mədənində
fəhləlik etmişdir...
Və 1908-ci ildə Bakıdakı Gorus erməniləri tərəfindən
mədəndə iş
başında qətlə
yetirilmişdir.
O zaman Surxay 8 yaşında idi. Bakıda müəllim işləyən
dayısı Rəsulun
himayəsi ilə
1910-cu ildə ikiillik məktəbi bitirdi.
Biliklərə yiyələnmək həvəsi ilə alışıb-yanan 10 yaşlı
Surxay sonra Gəncəyə, əmisi
Nurməmmədin yanına
üz tutdu. Qori Müəllimlər Seminariyasını
bitirdikdən sonra Gəncədə rus dili müəllimi işləyən Nurməmməd
Şahsuvarov qardaşı
oğluna kömək
əlini uzatdı, ona atalıq etdi. Surxay Gəncə Oğlan
Gimnaziyasına daxil oldu. Buranı bitirdikdən sonra
isə 1913-cü ildə
Birinci Tiflis Oğlan Gimnaziyasına qəbul edildi və 1918-ci ildə təhsilini əla qiymətlərlə
başa vurdu. S.Şahsuvarovun kamal şəhadətnaməsinin
surəti də hazırda arxivdə saxlanılır.
Riyaziyyat, fizika, coğrafiya, alman, latın
və fransız dili fənlərinə mükəmməl yiyələnmiş
Surxay Şahsuvarov
1920-ci ildə Almaniyadakı
Frayberq Dağ Mədən Akademiyasına
qəbul imtahanlarından
da uğurla keçdi. 1925-ci ildə
isə akademiyanı da əla qiymətlərlə
başa vurdu.
(ardı var)
T.Qurban
Ekspress.-2015.- 6-8 iyun S.15.
"Ey
gənclik!
Sənin öhdəndə böyük
bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq,
müqəddəs bir
ideal rəmzi yaratdı,
onu min müşkülatla
ucaldaraq dedi ki:
Bir kərə yüksələn
bayraq bir daha enməz!
Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən
azərilərin yanıq
ürəklərinə enmiş
bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda
ya qazi və
ya şəhid olacaqsan!"
Məhəmməd
Əmin Rəsulzadə
Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri
müəyyənləşdirmiş beş nəfərdən
(M.Ə.Rəsulzadə, Mehdi
bəy Hacınski, Əhməd bəy Pepinov,
Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə
Komissiyasının sədri
Teyyub QURBAN