Cümhuriyyət tələbələri II fəsil

 

Cümhuriyyət tələbələrinin andı

 

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

       Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

   Frayberq Akademiyasının azərbaycanlı məzunu yarım il Almaniyanın Selle neft mədənində mütəxəssis-fəhlə işlədi. 1925-ci ilin iyul ayında Bakıya qayıdan mütəxəssis-fəhlə "Azərneft" rəhbərliyinin sərəncamı ilə Bibiheybət Qazma kontorunda mühəndis işlədi. 1927-ci il oktyabrın 1-də elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq məqsədilə Nəriman Nərimanov adına Texnikumda dərs deməyə başladı.

   Hərtərəfli bilik sahibi olan mühəndis və pedaqoq Nərimanov Texnikumunda işləməklə yanaşı, Azərbaycan Sənaye İnstitutunun Ümumi Geologiya kafedrasında assistent vəzifəsində də fəaliyyət göstərdi.

   1932-ci ilin iyun ayında Surxay Şahsuvarovu Azərbaycan Neft Kəşfiyyatı İdarəsinə işə dəvət etdilər. O, Azərbaycan Sənaye İnstitutunda əvəzçilik yolu ilə pedaqoji işini davam etdirdi. Lökbatan neft mədənlərində əvvəlcə geoloq, sonra isə baş geoloq vəzifələrində çalışdı.

   Pedaqoji fəaliyyəti elmi işlə əlaqələndirən geoloq "Xəzər dənizininin müxtəlif dövrlərdə su balansı" mövzusunda dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, geologiya-minerologiya elmləri namizədi adını aldı.

   Qeyd etmək lazımdır ki, Cümhuriyyət tələbəsinin dissertasiyası Xəzər dənizinin səviyyəsinin artması problemi ilə məşğul olan alimlərin ilk elmi məxəzidir. Təəssüflər olsun ki, bu dissertasiya indiyədək monoqrafiya şəklində çap olunmamışdır.

   Beləcə, Azərbaycan Sənaye İnstitutunun geoloji kəşfiyyat fakültəsinin dekanı, dosent Surxay Əzim oğlu Şahsuvarov doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşarkən... Azərbaycanın gələcək akademik oğlunu millətimizin düşmənləri "Almaniyanın mənafeyinə casusluq fəaliyyətinə görə" qondarma ittihamla həbsə aldılar.

 

   1942-ci il iyul ayının 19-da S.Şahsuvarovun 42 yaşı tamam oldu. Böyük vətənpərvər alim ömrünün 43-cü ilində dəmir barmaqlığa salındı, ailəsi də əzablara düçar oldu. Surxay bəyin ömür-gün yoldaşı, 1938-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profiliaktika fakültəsini bitirdikdən sonra "Kirov İnstitutu"nda işləyən Qönçə xanım iki ciyər-paraya - Tofiq və Adilə həm də atalıq da etdi...

   Cümhuriyyət tələbəsinin sürgünlük illəri Şimali Qazaxıstanda və Şimali Uralda keçdi. Dəhşətli soyuq və şaxtalı iqlim onun canına işlədi və S.Şahsuvarov bu şəraitdə vərəm xəstəliyinə tutuldu. Doğulub boya-başa çatdığı Minkəndin saf və təmiz dağ havası da ona şəfa gətirmədi. Məşhur geoloqpedaqoqu Bakıdakı Neftçilər Xəstəxanasında müaliyəcə başladılar. Fəqət, iş-işdən keçmişdi. Əvəzsiz əqidə sahibi və nəcib insan 1945-ci il noyabrın 3-də yatdığı çarpayıda dünyasını dəyişdi...

   Bu gün Cümhuriyyət tələbəsinin iki oğlu TofiqAdil Şahsuvarovlar Bakının Dağüstü müsəlman qəbiristanlığında əbədiyyət yuxusuna dalmış atanın məzarı başında heykələ dönürlər. Oğullar atalarının yaş həddini çoxdan adlasalar da, atalarından söhbət düşəndə uşaq kimi kövrəlirlər.

   Böyük qardaş - Tofiq Surxay oğlu Şahsuvarovu Bakı Universitetində təhsil aldığım vaxtlardan tanıyıram. O, universitetin geologiya-coğrafiya fakültəsini bitirdikdən sonra aspiranturanı da müvəffəqiyyətlə başa vurub, namizədlik dissertasiyası müdafiə etdi. Bir neçə il fakültənin dekanı oldu. Hazırda isə Ümumi geologiya kafedrasının professorudur.

   Qardaşı Adil Şahsuvarov da ata yolunu davam etdirmişdir. Ali məktəbi qurtardıqdan sonra uzun illər Azərbaycan Geologiya-İstehsalat Birliyinin Hidrogeologiya ekspedisiyasının baş mühəndisi vəzifəsində çalışmış, pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

   Onların ürəyindən keçən istəyi oxuculara da çatdırıram: ATAMIZIN ADI ƏBƏDİLƏŞDİRİLMƏLİDİR!

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

  

  Teyyub QURBAN

  Ekspress.-2015.- 13-16 iyun S. 15.