Milli rəqslərimiz milli dəyərimizdir
Ustalıqla ifa olunan rəqs musiqi ilə qovuşaraq həyatı əks etdirir. Milli rəqslərdə ötən əsrlər, xalqın keçdiyi sınaqlar, sevinc və kədərləri, ən ülvi hissləri əbədiləşir. Milli rəqslərimiz milli dəyərimizdir. Rəqslərdəki şənlik, şuxluq, xanımların nazlı əl hərəkətləri, bəylərin qəhrəmanlığı, hərəkətlərin fəlsəfi mənası digər xalqları da biganə qoymur. Qədim rəqslərin bu günə qədər gəlib çatan növləri rəqqaslar tərəfindən sevilə-sevilə ifa olunur və ürəkləri fəth edir.
Milli rəqslərimiz incəsənətin ən qədim növlərindəndir. Rəqslərimizin ilkin formaları Azərbaycanda yaşamış insanların ibtidai baxışları, həyat tərzi və inancları nəticəsində yaranıb. Rəqslər hələ eramızdan 2-3 min il əvvəl tunc dövründə məişətdə mühüm yer tutub. Qobustanda qayaüstü rəsmlərdə rəqs edən fiqurlar da bunu təsdiq edir. O dövrün rəqsləri mərasim xarakterli olub. İnsanlar ovun uğurlu olması, döyüşün qalibiyyətlə nəticələnməsi üçün rəqs oynamağı vacib hesab edib. Ovsuna, tilsimə, totemlərə inanaraq bu haqda düşüncələrini rəqs edərək bildirib və rəqsi bir çox bədbəxtlikdən qurtaran ayin kimi qəbul edirblər. Tədricən rəqslər mərasim xarakterini və ibadət mənzərəsini dəyişərək, sənətə çevrildi. Milli rəqslər Azərbaycandan kənarda da yayılır və məşhurlaşırdı. Rəqqaslar Türkiyə, İran, Ərəb hökmdarlarının sarayına dəvət olunardı.
Rəqssiz heç bir şənlik, toy məclisi keçmirdi. Hər regionun, kəndin adət-ənənələrindən, inanclarından yoğrulan milli rəqslər ifa olunduqca insanların yaddaşında qalıb nəsildən-nəsilə ötürülürdü. Toy məclislərini aparmaq üçün dəvət alan musiqiçilər dəstəsində rəqqaslar olurdu. Musiqiçilər həmin rəqqasları istedadlı oğlanlar arasından seçir və təcrübəli rəqqasların köməyi ilə bir neçə il rəqsin incəliklərini öyrədirdilər. Rəqqaslar 16-17 yaşa çatdıqda musiqiçi dəstəsinə qoşulur və dəvət aldıqları toya gedirdi. Hər musiqi dəstəsinin öz rəqqasları olurdu. Məhz həmin rəqqaslar qədim xalq rəqslərini qoruyur və növbəti nəslin nümayəndələrinə öyrədirdi.
Milli rəqslərimiz professional səhnədə
XX əsrin 30-cu
illərində milli rəqslər artıq müxtəlif
klublarda da nümayiş olunmağa başladı. Professional rəqqaslar
səhnədə bir neçə Azərbaycan rəqslərini
nümayiş etdirirdi. Lakin bu rəqslərdə
milli rəqslərimizə aid olmayan hərəkətlər də
yer alırdı. Rəqqaslar özü də bunu başa
düşürdü. Elə bu səbəbdən də məşhur
rəqqas Əşrəf Səfərov 1935-ci ildə estrada
baletmeyestri İ.İ.Abratova xoreoqrafik professional kollektiv təşkil
etməyi təklif edir. Təklif qəbul olunur və
professional Azərbaycan xalq ansamblına qəbul elan edilir. Ansambla qəbul
olmaq istəyən 60 nəfərdən 16-sı seçilir.
Onlardan Əlibaba Abdullayev, Əminə Dilbazi, Leyla Bədirbəyli,
Böyükağa Məmmədov, Hüdziyə İbrahimova və
başqaları rəqs sənətində xeyli uğur əldə
edirlər. Ansamblın əsas rəqqasları
milli rəqslərin incəliklərinə bələd olmaq
üçün rayon və kəndlərə gedir və kənd
rəqqaslarından unudulmaqda olan rəqs ünsürlərini
öyrənirdi.
Professional Azərbaycan xalq rəqsi
ansamblı sayəsində "Ceyran bala",
"Vağzalı-Mirzəyi", "İnnabı",
"Qazağı", "Ənzəli", "Uzundərə",
"Tərəkəmə", "Turacı",
"Alma", "Lalə", "Dəsmalı" rəqsləri
professional səhnədə ilk dəfə ifa olundu. Bu rəqslər bu gün də sevilməkdədir.
Milli rəqslərin
nota salınması və nəşrinə isə Azərbaycan
Dövlət Konservatoriyasının Elmi-Tədqiqat Musiqi
Kabinetinin yaradılmasından sonra başlanılıb.
Elmi-Tədqiqat Musiqi Kabineti xalq musiqisinin, rəqslərin
toplanılması və nota yazılmasına dair iş
planını həyata keçirib. İlk belə
toplu 1937-ci ildə çap olunub. Xalq artisti, dövlət
mükafatı laureatı, professor Səid Rüstəmovun
hazırladığı "Azərbaycan rəqs
havaları" adlı ilk topluya 30 ən məşhur rəqs
daxil edilib. Bu topludan sonra milli rəqslərimiz
daha dərindən öyrənildi və bu haqda müxtəlif
kitablar dərc olundu.
Milli rəqslərimizi yaşadanlar
Azərbaycan Respublikasının
xalq artisti, Azərbaycan Dövlət rəqs ansamblının
solisti - baletmeysteri Təranə Muradovanın sözlərinə
görə, milli rəqslərimiz xarici ölkələrdə
rəğbətlə qarşılanır: "Otuz ildir ki,
dövlət rəqs ansamblında işləyirəm. Bu illər ərzində Dövlət rəqs ansamblı
ilə bütün dünyanı gəzmişəm. Xarici ölkə vətəndaşları həmişə
bizim rəqslərlə maraqlanıblar. Milli
rəqslərimizi ifa edən rəqqasları ayaqüstü
alqışlayıblar. Bu gün xarici
ölkələrdə rəqslərimizə maraq daha da
çoxalıb. Başqa dövlətlərdə
konsertlərdə olduqda tamaşaçılar rəqs geyimlərimizə
xüsusi diqqət yetirir, bizə şahzadə kimi geyindiyimizi
və milli rəqs geyimlərimizə valeh olduqlarını
deyirlər".
T.Muradova bildirib ki,
milli rəqslərimiz xarici ölkələrdə
yaxşı təbliğ olunur. Onun
sözlərinə görə, hansısa dövlətin
danışıq dilini kimsə başa düşməyə
bilər, amma rəqsin dilini hər kəs anlayır. Başqa dildə səslənən mahnını belə
başa düşmək üçün tərcümə
etmək lazımdır. Rəqqas isə hərəkətləri
ilə bir söz demədən milli rəqslərimizin, dəyərlərimizin
mənasını çatdırır. "Bu
səbəbdən də, dövlət konsertləri
keçiriləndə rəqsləri daha çox
salırlar".
Dövlət rəqs
Ansamblının tez-tez xarici ölkələrə qastrol səfərlərinə
getdiyini vurğulayan baletmeyster bu il
artıq 6-7 dəfə xarici ölkələrdə
olduğunu deyib: "Avropa Oyunları ilə bağlı
çox böyük tədbirlər keçirilirdi. Bu tədbirlərlə
əlaqədar Fransada, İtaliyada, Yunanıstanda və s.
ölkələrdə iştirak edib milli rəqslərin dili
ilə ölkəni yüksək səviyyədə təmsil
etmişik".
Xalq artisti onu da qeyd edib ki, uşaq
rəqs kollektivlərinin təbliğatı zəifdir:
"Dünyada hər ölkədə uşaq festivalları
keçirilir. Lakin Azərbaycandan uşaq rəqs kollektivləri
bu cür festivallarda az iştirak edir. Ölkədə uşaqlar üçün rəqs
kursları çox olsa da, belə kurslar xarici ölkələrdə
keçirilən festivallara qatılmır. Belə ki,
kurs və dərnəklərdə professional müəllimlər
dərs demir. Bu səbəbdən də belə
dərnəklərdə uşaqlarla sadəcə məşq
keçirir və onları dünyada uşaqlar
üçün keçirilən bir-birindən rəngarəng
festivallara aparmırlar".
Məşhur rəqqasə deyir ki,
rəqs onun həyatıdır: "İstəyirəm ki,
milli rəqslərimiz dünyada daha da çox tanınsın.
Rəqs mənim üçün hər
şeydir. Rəqs etmədən
yaşamağı təsəvvür edə bilmirəm. Səhnəyə çıxanda elə bil başqa
ömrü yaşayıram. Ağrılarımı,
dərdimi, məni narahat edən problemləri unuduram. Rəqs edərkən tamaşaçılara milli rəqslərimizi
daha da çox sevdirməyə çalışıram".
Azərbaycan Dövlət rəqs
ansamblının üzvü, əməkdar artist, Bakı
Xoreoqrafiya Akademiyasının rəqs müəllimi Emin
Əliyevin sözlərinə görə, milli rəqslərimiz
milli dəyərlərimizdir və unudulmamalıdır:
"Milli rəqsləri də biz rəqqaslar
yaşatmalıyıq. Dövlət rəqs
ansamblında bütün milli rəqslərimizi hər dəfə
hazırlayır, müxtəlif dövlətlərə dəvət
aldıqda orada ifa edirik. Rəqslərimiz
möhtəşəm, milli dəyərlərlə zəngin
və gözəldir. "Qoçəli", "Azərbaycan",
"Vağzalı", "Mirzəyi", "Ənzəli",
"İnnabı", "Uzundərə",
"Qaytağı", "Qarabağ", "Məğlubedilməz
əsgər" və s. milli rəqslərimiz çox
sevilir" deyən Əliyev əlavə edib ki, milli rəqslərimiz
arasında yallılar da xüsusi yer tutur:
"Yallıların bəlkə də mindən çox
növü var. Yallı rəqslərində qəhrəmanlıq,
mərdlik, həmrəylik, birlik, gözəllik və sülh
təcəssüm olunur. "Hoydu, nərim",
"Qaladan-qalaya", "Tənzərə",
"Köçəri", "İrəvani",
"Papiri", "Qazı-qazı", "Baharı",
"Qənimo", "Kürdün ağırı",
"Arzumanı", "Şəreyi", "Gopu",
"Xələfi", "Tirmə şal",
"Urfanı", "Fincan-fincan", "Dönə",
"Nurqe", "Tello", "Gülüm, hey",
"Haxışta", "Azərbaycan",
"Qobustan" və s. yallı rəqsləri
xalqımızın uzaq tarixinin şahidləridir".
Əməkdar artist
vurğulayıb ki, professional rəqqaslar rəqsi insanları əyləndirmək
üçün deyil, estetik zövq yaşatmaq
üçün ifa edir: "Rəqslə insanların
bir-birinə məhəbbətini və ya düşmənlərə
qarşı mübarizəsini canlandırmaq olar. Ürəyində nə varsa onu rəqslə demək
mümkündür. Rəqsə olan
vurğunluq rəqqası hərəkətlərin üzərində
işləyərək mükəmməlləşdirməyə
təhrik edir".
Onun dediyinə görə, rəqs
çox mürəkkəb sənətdir: "Lakin milli rəqslərin
mənasının dərinliyini anlayanlar ondan yan keçə
bilmir. Hər bir sahədə olduğu kimi, rəqs
sənətində də çətinliklər olur. Elə hadisələr olur ki, məşqi
yarımçıq qoyub evə getməli olursan. Rəqs sənəti daim ciddi məşqlər tələb
edir. Dövlət rəqs ansamblında hər
gün 4-6 saat məşq edirik ki, milli rəqslərimizi
layiqincə ifa edək. Məşqlərlə
yanaşı sağlamlığımıza da fikir verməliyik.
Rəqqas düzgün qidalanmalı, zərərli
vərdişlərdən uzaq durmalıdır. Rəqqas
fiziki olaraq rəqs üçün tam hazır olmasa səhhətindəki
problemlər rəqsinə mane ola bilər.
Rəqs zamanı düzgün icra edilməyən
hərəkət rəqqas üçün ağır travma
ilə də nəticələnə bilər".
Sözsüz nəğmə, səssiz musiqi
Milli rəqsimizin inkişafında,
təbliğində əvəzsiz xidmətləri olan xalq
artisti Əminə Dilbazi deyib ki, hər bir rəqsimdə kimsənin
görə bilməyəcəyi duyğularımı göz
önünə gətirib rəqs edirəm: "Gülün
açılması təbəssümü, yarpaqlarda bərq
vuran şehlərin parıltısı göz ifadəmi, qol
açıb süzməyim quşların qanad
çalmasını ifadə edir".
Ə.Dilbazi hesab edirdi ki, rəqs
sözsüz nəğmə, səssiz musiqidir: "Müxtəlif
güllərin, çiçəklərin, zərifliyin
harmoniyasıdır! Əgər rəssam gözəlliyi
kətan üzərində əks etdirirsə, rəqqas onu əl,
ayaq, bədən hərəkətləri ilə
nümayiş etdirir. Rəqqas 3-4 dəqiqə
ərzində şirin bir nağıl, ləzzətli əfsanə
danışır. Onun hər tərpənişi,
hərəkəti mənalı olmalıdır. Kamil sənətkarın əlləri də,
çiyinləri də oxuyur, barmaqları danışır, bəzən
səslə ifadə edilməsi mümkün olmayan ən incə
mətləbləri bədən üzvləri
tamaşaçıya çatdırır. Əllər-ayaqlar,
arada heç bir vasitəçi olmadan adamlarla həsbi-hal
edir, onları düşündürür, sehrləyir... Elə rəqs sənətinin qüdrəti, qüvvəti,
vüsəti də bax burasındadır".
Milli rəqslərimiz
o qədər gözəl və mənalıdır ki, onu ifa
edən rəqqaslar şəxsi həyatlarını deyil, rəqsi
yaşayıblar. Bunun nə dərəcədə
böyük bir xoşbəxtlik olduğunu anlamaq
üçün milli dəyərlərimiz olan milli rəqslərin
professional ifasına baxmaq kifayətdir.
Aynurə MƏMMƏDOVA
Ekspress.-2015.- 13-16 iyun S. 14.