Azərbaycanın Dostları Fransada muğama qulaq asdılar
Fransanın Nant şəhərində Azərbaycanın Fransadakı səfirliyi, Paris Azərbaycan Evi və Assosiasiyası Nant şəhərinin meriyası ilə əməkdaşlıqda muğam konserti təşkil edib.
Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbiri açan səfirlik əməkdaşı Ayaz Qocayev çıxışında Fransanın müxtəlif bölgələrində həyata keçirilən və Azərbaycanın zəngin və qədim mədəniyyətinin tanıdılmasına xidmət edən çoxsaylı layihələr, xüsusən də Heydər Əliyev Fondunun "Qafqazın mirvarisi: Azərbaycanın mədəni dəyərləri" adlı layihəsi barədə məlumat verib.
O, bu cür tədbirlərin Fransa kimi iri və nüfuzlu ölkədə Azərbaycanın zəngin mədəniyyətinin tanıdılması baxımından əhəmiyyətli olduğunu qeyd edərək gələcəkdə də davam edəcəyini vurğulayıb.
A.Qocayev Azərbaycanda hazırda böyük uğurla davam etdirilən ilk Avropa Oyunları haqda da məlumat verib.
Daha sonra Paris Azərbaycan Evinin sədri, Azərbaycan Dostları Assosiasiyasının
baş katibi Mirvari Fətəliyeva hər iki təşkilat
haqqında məlumat verərək əsas məqsədlərinin Azərbaycanın
Fransada daha geniş tanıdılmasından
ibarət olduğunu qeyd edib. O, bu
zamana qədər həyata keçirilən
layihələrin müsbət
nəticələr verdiyini
vurğulayaraq, Nant şəhərindəki muğam
konsertinin də növbəti layihələr
üçün yol açacağına ümid
etdiyini bildirib.
Sonra tamaşaçılar Azərbaycanın əməkdar
artistləri -kamançaçalan
Elşən Mansurov, tarzən Malik Mansurov və gənc xanəndə Kamilə Nəbiyevanın
ifasında muğam musiqisini dinləyiblər.
Böyük rəğbətlə qarşılanan konsert zamanı "Qarabağ şikəstəsi" də
daxil olmaqla, məşhur muğam parçaları səsləndirilib.
Konsertdən sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
Azərbaycana aid təbliğat
materialları və Birinci Avropa Oyunlarına aid suvenirlər,geyim əşyaları
paylanıb.
Ekspress.-2015.- 20-22
iyun S. 23.