65185 nəfər əlil uşaq aylıq sosial müavinət alır

 

Qaçqın məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

Son illər ölkəmizdə əlliliyin uşaqların sağlamlıq imkanlarının qarşısının alınması sahəsində xeyli işlər görülür. İstər əlil uşaqların təhsil probleminin həlli, istər onların reabilitasiyası, istərsə də müalicələri üçün xarici ölkələrə göndərilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir.

   Azərbaycanda əlil uşaqların müdafiəsi "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunla tənzimlənir. Bu qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqlar bütün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.

   Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanundabaşqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər. Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və qanunla təqib edilir.

   Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin təmin olunması sahəsində dövlət idarəetməsini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

   Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların respublika ictimai təşkilatlarının nümayəndələri müvafiq icra hakimiyyəti orqanları kollegiya üzvü olurlar.

   Müvafiq icra hakimiyyəti orqanları, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları ilə birlikdə əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində dövlət siyasətinin həyata keçirilməsinə dair uzunmüddətli və qısamüddətli proqramları işləyib hazırlayır, habelə onların yerinə yetirilməsinə nəzarət edir.

   Müvafiq icra hakimiyyəti orqanı və əlillərin və sağlamlıq imkanları məhdud uşaqların ictimai təşkilatları əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə və digər problemlərinə dair təkliflər verirlər. Dövlət əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi sahəsində təşkilatların xarici ölkələrlə əməkdaşlığının inkişafına kömək göstərir.

   Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafeləri tamamilə qorunur. Ölkəmizdə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquq, azadlıq və qanuni mənafelərinin qorunması məhkəmə qaydasında və ya qanunda müəyyənləşdirilmiş başqa qaydada dövlət tərəfindən təmin olunur. Respublika vətəndaşı onun əlil və ya 18 yaşınadək sağlamlıq imkanları məhdud sayılıb-sayılmaması haqqında tibbi-sosial ekspert komissiyasının qərarından müvafiq icra hakimiyyəti orqanına, habelə rayon (şəhər) xalq məhkəməsinə şikayət edə bilər.

   Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması və əlillərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası dövlət siyasətinin tərkib hissəsidir. Bunun nəticəsidir ki, əlil və sağlamlıq imkanları məhdud uşaqların istər ölkə daxilində, istərsə də xarici dövlətlərdə müalicə və reabilitasiyası təmin olunur. Bu qəbildən olan daha bir qrup uşaq valideynlərindən birinin müşayiəti ilə Türkiyəyə bərpa müalicəsinə göndərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 25 sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq valideynlərindən birinin müşaiyəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb. Yola salınma zamanı ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev son aylarda nazirlik tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicəsinin təşkil edildiyini bildirib: "Bu il ildə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq. Onlardan 25 nəfərini artıq bu gün yola salırıq. Onlar orada 5 ulduz oteldə yerləşdiriləcək və sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bu işlərə nəzarət etmək, eləcə də mərkəzin bərpa-müalicə sahəsində təcrübəsini öyrənmək üçün ƏƏSMN-dən bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur".

   Abdullayev bildirib ki, ümumilikdə 2015-ci ildə ötən illə müqayisədə 20 faiz çox, yəni 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkili nəzərdə tutulub. Bu da sosial cəhətdən həssas qruplarla bağlı proqramların ilbəil yüksələn xətlə davam etdirildiyini göstərir: "Nobel Tibb Mərkəzi çətin sağalan xəstəliklərin müalicəsi, o cümlədən xroniki çatışmazlıqların aradan qaldırılması üzrə böyük təcrübəyə və peşəkar həkim-reabilitoloq personalına malikdir. Burada Dənizli bölgəsinin müalicəvi təbii resurslarından geniş istifadə edilməklə və ən müasir tibb texnologiyaları tətbiqi yolu ilə hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessors. növlərdə bərpa-müalicə prosedurları həyata keçirilir. Oraya göndərdiyimiz əlilliyi olan şəxslər də həm müalicələrdən, həm də xidmətlərdən razı qaldıqlarını bildirirlər".

   Şöbə müdiri respublika daxilində də sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını, təkcə ötən il ƏƏSMN-nin Bakı və Naxçıvan şəhərlərindəki Uşaq Bərpa Mərkəzlərində ümumilikdə 3500 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərildiyini qeyd edib.

   Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların maddi, sosial-məişət və tibbi təminatı pul ödəncləri (pensiyalar, müavinətlər, birdəfəlik ödənclər) verilməsi, dava-dərman, texnikibaşqa vasitələr, o cümlədən avtomobillər ilə, kreslo-arabalar, protez-ortopediya məmulatı, xüsusi şriftli mətbu nəşrlər, səsgücləndirən aparatlaranalizatorlar ilə təminat, habelə tibbi, sosial, əmək və peşə reabilitasiyası sahəsində xidmətlər göstərilməsi, məişət və ticarət xidməti göstərilməsi yolu ilə həyata keçirilir. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara lazımi maddi, sosial-məişət və tibbi yardımın növlərini tibbi-sosial ekspertiza orqanları fərdi reabilitasiya proqramında müəyyən edirlər.

   Sosial yardım dövlət büdcəsinin və bələdiyyələr tərəfindən yerli büdcələrin vəsaiti, eləcə də dövlət büdcəsinə müəssisələrin, təşkilatların və vətəndaşların cərimələri və könüllü verdikləri ianə hesabına göstərilir.

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin sözlərinə görə, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Babayev "Trend"ə bildirib ki, hazırda Azərbaycanda 65185 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa "Sosial müavinətlər haqqında" qanuna əsasən aylıq sosial müavinət ödənilir və son on ildə bu sosial müavinətin aylıq məbləği 7,4 dəfə artırılıb.

   Onun sözlərinə görə, "Sosial müavinətlər haqqında" qanunda qeyd olunduğu kimi, müavinət - ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən aylıq müavinət də onlara məhz sosial yardım göstərilməsi məqsədinə yönəlib: "Bu müavinətin müəyyən olunması həmin uşaqların qida rasionunun ödənilməsi şərti əsasında həyata keçirilmir, ailədəki bütün uşaqlarla bərabər sağlamlıq imkanı məhdud uşaqlar da eyni şəkildə ailə ilə bərabər qidalanır və onlara verilən müavinət əsasən səhiyyə üzrə müəyyən tələblərin qarşılanması üçündür. Bu səbəbdən də qeyd olunan müavinətin məbləğinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların qida rasionu ilə müqayisəsi qeyri-məntiqi yanaşmadır", - deyə ƏƏSMN-in sözçüsü ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən aylıq sosial müavinətin məbləğinin həmin uşaqların qida rasionu üçün kifayət etmədiyi barədə bəzi mətbu orqanlarda yer alan subyektiv yanaşmalara münasibət bildirib.

   Onun sözlərinə görə, digər tərəfdən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial müdafiəsi dövlət tərəfindən digər proqramlar əsasında da dəstəklənir. Məsələn, ötən ay respublika üzrə ünvanlı dövlət sosial yardımı ödənilən şəxslərin 5551 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olub. Həmçinin xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə sağlamlıq imkanları məhdud uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb gətirmək üçün ayda 20 manat həcmində müavinət verilir.

   Şöbə müdiri bildirib ki, Azərbaycanın pensiya qanunvericiliyində sağlamlıq imkanları məhdud uşağa qulluq edən analara əlavə təminatlar da nəzərdə tutulub. "Əmək pensiyaları haqqında" qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" qanunda isə sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları əksini tapıb. Bu qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisasali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər.

   E.Babayev nəzərə çatdırıb ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların bərpa-müalicəsi üçün hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir və onlarda qeyd olunan uşaqların pulsuz olaraq bərpa-müalicəsi işləri aparılır. Bu təbəqədən olan uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri də görülür. Təkcə ötən il 85 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşaiyəti ilə xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Cari ildə də bu sahədə işlər davam etdirilir: "Eyni zamanda, "Sosial xidmət haqqında" qanuna uyğun olaraq, ƏƏSMN-nin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 1500 nəfərdən çox uşaq sosial xidmətlərlə təmin edilir ki, onların əksəriyyəti sağlamlıq imkanları məhdud uşaqlardır".

 

   NƏRGİZ

   Ekspress.-2015.- 23 iyun.- S. 9.