Rusiyadan Azərbaycana qaz
idxalı
SOCAR məsələyə
aydınlıq gətirdi
"Azərbaycanın sənaye sektorunun, elektrik stansiyalarının və istehlakçıların təmin edilməsi daxil olmaqla, daxildə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ehtiyacları tam qarşılamaq üçün kifayət qədər qaz ehtiyatları var".
Bunu "Trend"ə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bəzi KİV-lərdə respublikada qaz çatışmazlığı və onun Rusiyadan mümkün idxalı barədə yayılan məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, bu məlumat həqiqətəuyğun deyil: "Azərbaycan daxili bazara qaz tədarük etməklə yanaşı, daha əvvəl bağlanmış saziş və müqavilələr çərçivəsində qaz ixracını davam etdirir".
N.Quliyev qeyd edib ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller arasında keçirilmiş görüşdə daxili tələbatları qarşılamaq üçün Azərbaycana qaz tədarükləri barədə söhbət getməyib.
SOCAR-ın mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, SOCAR və "Qazprom" arasında yaxşı uzunmüddətli tərəfdaşlıq münasibətləri var: "Görüş zamanı Rusiya tərəfi SOCAR-ın Azərbaycanın "AzMeCo" şirkətinin metanol istehsalı zavoduna qaz tədarükü ilə bağlı mövqeyi ilə maraqlanıb. Azərbaycan müəssisəsi olduğuna görə SOCAR-ın rəhbəri bu məsələ ilə bağlı müsbət münasibətini bildirib və hətta Rusiyadan bu zavoda qaz tədarükü üçün şirkətə infrastruktur təqdim etməyə hazır olduğunu bəyan edib".
"Müəssisəyə Azərbaycan qazının niyə tədarük edilməməsi" sualını cavablandıran N.Quliyev diqqətə çatdırıb ki, Azərbaycanda hasil edilən və yaxın illərdə ediləcək bütün qaz həcmi qarşıdakı uzun illər üçün bölüşdürülüb və müqavilə bağlanıb: "AzMeCo" özəl müəssisədir və onun sahibləri layihələndirmə və tikinti zamanı xammalı haradan alacaqlarını əvvəlcədən müəyyənləşdirməli idilər ki, bu da edilməyib.
SOCAR-ın sözçüsü əlavə edib: "Ola bilsin ki, müəssisə sahibləri "Qazprom"dan metanol istehsalı üçün qaz tədarük etməyi xahiş ediblər".
Qeyd edək ki, Rusiya mediasında belə yazılar dərc olunub ki,
"Avropa Azərbaycan qazına ümid etdiyi bir zamanda, Azərbaycan artıq qaz defisiti ilə üzləşib". "Qazprom" isə bəyan edib ki, Azərbaycana qaz tədarükünə hazırdır. Qeyd edək ki, 2015-ci ilədək Rusiya şirkətinin özü Azərbaycandan qaz idxal edirdi. "Qazprom"un məlumatına görə, 2013-cü ildə Azərbaycandan Rusiyaya 1,4 milyard kubmetr, 2014cü ildəsə 0,21 milyard kubmetr qaz tədarük edilib. Bu ilsə tədarük sıfıra düşüb.
A.Həmid
Ekspress .-2015.-
24 iyun.- S.6.