Diktatorların futbol sevgisi
Ötən sayımızda dünyanın ən böyük diktatorlarından biri Adolf Hitlerin futbola olan sevgisi və "Şalke"yə necə himayədarlıq etməsi barədə yazı vermişdik. Bu dəfə isə İosif Stalinin futbol sevgisi haqqında danışacağıq.
1944-45-ci illərdə Moskvada İosif Stalinin əmri ilə yeni idman cəmiyyəti yaradıldı: Moskva Hərbi Dairəsinin Hərbi-Hava Qüvvələri (MHD HHQ). Cəmiyyətdə futbol başda olmaqla, hokkey, basketbol, voleybol kimi bir çox idman növü ilə məşğul olmaq mümkün idi. MHD HHQ sovet cəmiyyətinin elitasını təşkil edənlərdən ibarət olmalı idi. Partiya nümayəndələrinin uşaqlarının burada iştirakı məcburi idi. Stalinin fikrincə, bunun sayəsində yeni "qızıl nəsil" formalaşdırmaq olardı. Hərtərəfli reklamdan sonra, demək olar ki, hər üç gəncdən ikisi idmanla məşğul olmağa başlamışdı. Cəmiyyətin rəhbər vəzifəsini də Stalin icra edirdi. Yox, yox səhv salmayın, bu, 26 yaşlı Vasili general-mayor, SSRİ Nazirlər Şurasının sədri generalissimus İosif Stalinin oğlu.
Vasiliyə MHD HHQ-də hədsiz səlahiyyətlər verilmişdi. Düzü, o təmtəraqlı həyat tərzinə görə atasından geri qalmır, cəmiyyətdə istədiyini edirdi. Bəzən onun hərəkətləri həddini aşırdı. O, MHD HHQ-yə digər idmançıları dəvət etmək üçün hər cür vasitəyə əl atırdı. SSRİ üçün ənənəvi olmayan göy-sarı rənglərə boyanmış cəmiyyətdə ölkənin ən güclü idmançı və məşqçiləri yer almışdı. Çünki heç kim Vasiliyə "yox" deyə bilməzdi, əks halda, bunun ağır nəticələri ola bilərdi. Basketbol və hokkey üzrə bölmələr dəfələrlə SSRİ çempionatında qalib olsa da, futbol komandası heç cür çempion ola bilmirdi. MHD HHQ SSRİ yüksək liqasında sona qədər titul qazana bilmədi. Halbuki heyətdə Vsevolod Bobrov kimi unikal və universal idmançı (o, həm futbolçu, həm də hokkeyçi idi), Valentin Bobukin, Anatoli İsayev kimi hücumçular, Konstantin Krijevski, Anatoli Porxunov kimi müdafiəçilər, eləcə də universallığıyla seçilən Aleksey Paramanov çıxış edirdi. Paramanov futbolda müdafiəçi, yarımmüdafiəçi və hücumçu amplualarında oynamaqla yanaşı, topla və şayba ilə hokkey yarışlarında da iştirak etmişdi. Bu futbolçuların hamısı yığmanın da şərəfini qoruyurdu. Qapıda isə ilk dəfə topa çıxarkən yumruqlarıyla oynamağı öyrənən Anatoli Akimov dayanırdı. Yeri gəlmişkən, Akimov 1949-cu ildə məcburi şəkildə MHD HHQ-nin sıralarına cəlb olunmuşdu. O vaxt "Torpedo"da çıxış edən qapıçıya təklif göndərkən iki seçim imkanı verilmişdi: ya partiya üzvlüyü biletini qaytar, ya da MHD HHQ-ya keç. Həmin dövrdə partiyadan çıxmaq sosial statusun itirilməsi, bununla da, bir sıra güzəştlərin əldən çıxması demək idi. Yəni qapıçıya praktiki olaraq seçim imkanı verilməmişdi. Vasili Stalin çoxlarını oxşar şəkildə MHD HHQ-yə cəlb edirdi.
1952-ci ildə Helsinkidə keçirilən Olimpiadada SSRİ yığma komandasının yuqoslavlara məğlub olması rəhbəri bərk qəzəbləndirir. Bu məğlubiyyəti Titonun qələbəsi kimi qəbul edir və nəticədə yığmanın özəyini təşkil edən məşhur Ordunun Mərkəzi İdman Klubu - OMİK ləğv edilir, bir neçə aydan sonra özü də dünyasını dəyişir.
Qeyd edək ki, o dövrdə milyonlarla azarkeş bu komandanın oyunlarını sevə-sevə izləyirdi. İdmançılar üçün Helsinki Olimpiadası çox məsuliyyətli yarış olduğundan SSRİ-nin futbol üzrə yığma komandası baş məşqçi Boris Arkadyevin başçılığı ilə bu Olimpiadaya ciddi hazırlaşırdı. Amma komandanın tərkibi ilə bağlı məsələləri məşqçi təkbaşına həll edə bilməzdi.
MK Ümumittifaq Lenin Komsomol Gənclər İttifaqının keçmiş məsul işçisi və o dövrdə olimpiya nümayəndə heyətinin siyasi məsələlər üzrə müavini təyin edilmiş V.Xomuskovun xatirələrindən:
- Məndə belə bir təəssürat yaranmışdı ki, artıq komandanın əsas tərkibi müəyyənləşdikcə rəhbərliyin də azarkeşlik ehtirası özünü büruzə verməyə başlayır. Və ona görə də hər kəs məşqçinin işinə qarışmaqda özünü haqlı sayırdı. Bunlar Ümumittifaq Lenin Komsomol Gənclər İttifaqının katibləri A.Şelepin, V.Semiçastnı, Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri N.Romanov, onun müavinləri və Vasili İosifoviç Stalin daxil olmaqla, ordu generalları, Beriyanın idarəsindən olan yüksək rütbəli zabitlər idilər.
1950-ci ilin əvvəlində HHQ-nin hokkey yığması Sverdlovsk yaxınlığında təyyarə qəzasına düşdü. Nəticədə 11 idmançı vəfat etdi. Onların arasında məşhur məşqçi Anatoli Turasovun qardaşı Yuri də var idi. Bu hadisədən 3 il sonra, yəni 1953-cü ildə İosif Stalin dünyasını dəyişdi. Dərhal SSRİ-də hakimiyyət dəyişikliyi baş verdi və bu proseslər birbaşa HHQ-yə də təsir edirdi.
Vasili 8 il həbs cəzasına məhkum edildi. Üstəlik, ona "Stalin" təxəllüsünü daşımaq da qadağan olundu. Bəlkə də elə bu səbəbdən 1962-ci ildə Kazanda xroniki alkoqol aludəçiliyindən vəfat edərkən çoxları Vasili Cuqaşvilinin 9 il əvvəl ölkə rəhbərinin oğlu olduğunu heç bilmirdi. 1953-cü ildə HHQ ləğv olunmağa başladı. Futbol komandası "Hərbi qüvvələrdə ixtisaslar" adı altında (bu, rəsmi səbəbdi) ləğv edildi. Hokkey kollektivi isə Sentralnıy Dom Sporta Armii (SDSA, indiki MOİK) adlanmağa başladı. Digər səbəb kimi 1952-ci il Helsinki Olimpiadasında Kolumbiyayla oyunda qeydə alınan nəticə göstərilir. O vaxt əsasını HHQ-nin üzvləri təşkil edən SSRİ yığması 4 top fərqi ilə öndə olduğu matçda siyasi düşməni ilə "sülh" bağlamışdı - 4:4. Amma bu səbəbi təsdiq edən yoxdur.
AMİN
Ekspress.-2015.- 24 iyun.- S. 21.