Tarix yazdıq!

 

Növbəti hədəf Yay Olimpiya Oyunlarıdır

 

İyunun 12-də möhtəşəm açılış mərasimi ilə Bakı Olimpiya Stadionunda startı verilən Bakı-2015 I Avropa Oyunları bazar günü elə o səviyyədə mükəmməl bağlanış mərasimi ilə başa çatdı.

   17 gündə tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarına Azərbaycan layiqincə ev sahibliyi etdi. Yüksək təşkilatçılığı, xalqımızın səmimi qonaqpərvərliyi, təqdim etdiyi mədəni dəyərləri, təhlükəsizlik tədbirləri və möhtəşəm idman qurğuları ilə Azərbaycan tarix yazdı və bütün dünyaya nümayiş etdirdi ki, ən ciddi və ən yüksək səviyyəli tədbirlərə ev sahibliyi etmək qüdrətindədir.

   Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan ilk Avropa Oyunlarının standartlarını Yay Olimpiya standartları səviyyəsinə yüksəltdi. Birinci Avropa Oyunları bəzi parametrlərə görə hətta Yay Olimpiya Oyunlarından daha da yüksəkdə dayandı.

   Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin dediyi kimi, "Bakı-2015" gözlənildiyindən, təsəvvür edildiyindən də möhtəşəm alındı: "Bir çox ev sahibi şəhərlər bu cür tədbirlərə hazırlıq üçün beş-yeddi il sərf edir. Bakı isə cəmi otuz aylıq qısa zaman kəsiyində bu cür möhtəşəm qitə miqyaslı Oyunlara yüksək səviyyədə ev sahibliyi etməklə Avropa Olimpiya hərəkatını şərəfləndirdi".

   Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleqin sözlərinə görə, Azərbaycanın sadiq münasibəti olmasaydı, Avropa Oyunları bu nailiyyətlə keçirilə bilməzdi: "Avropa Oyunları yalnız Azərbaycan cəmiyyəti üçün deyil, bütün Avropa cəmiyyəti üçün böyük uğur oldu: "Bakı böyük rol oynadı və böyük bir yolun başlanğıcını qoydu".

   ***

   Azərbaycanın adını yalnız idman deyil, Avropa tarixinə yazdıran möhtəşəm idman bayramı iyunun 28-də təntənəli bağlanış mərasimi ilə sona çatdı.

   Bakı Olimpiya Stadionunda qurulan əsas səhnə açılış mərasimində olduğu kimi, bu dəfə də bənzərsizliyi, genişliyi ilə diqqəti çəkirdi. Əsas və yardımçı səhnələr buta formasında işlənmiş və LED diodları ilə işıqlandırılmışdı. Stadion üzərində ümumi uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 7,5 ton olan xətlər çəkilmişdi. Mərasimin təşkili üçün 20 ölkədən avadanlıq gətirilmiş, stadionda 800 səsgücləndirici quraşdırılmışdı. Bir sözlə, təşkilatçılar maraqlı və yaddaqalan bağlanış şousu hazırlamışdılar (AZƏRTAC).

   Bədii rəhbər Ceyms Hedli bağlanış mərasiminin ideya və məzmununu belə ifadə edir: Mərasim ənənəvi və müasir Azərbaycan mədəniyyətinin vəhdətini nümayiş etdirərək diqqəti gələcəyə yönəldir. Biz keçmişin müasir dövrü necə formalaşdırdığının və gələcəyə necə təsir göstərdiyinin şahidi oluruq. Müasir dövrün musiqisi, rəqsi, memarlığı milli ənənələrdən qaynaqlanır və yaranan ahəngdarlıq bizi ilhamlandırır. İlk dəfə olaraq Avropa Oyunları 50 ölkəni yarış meydanlarında bir araya gətirdi. Bu axşam Oyunların uğurunu və idmançıların zəfərini qeyd edirik. Odlar Yurdu Azərbaycan öz alovunu dünya ilə bölüşdü. Onun işığı hamımızın qəlbində yaşayır.

   Şounun təşkilində iştirak edən 16000-dən çox könüllünün əksəriyyəti azərbaycanlıdır. Həmçinin 17 müxtəlif ölkədən də könüllülər cəlb olunub. Onlar 400 dəfədən çox məşq ediblər. Mərasimin təşkilinə 28 ölkədən 300 nəfərdən çox yaradıcı heyət və 34 ölkədən müxtəlif sahələrdə ixtisaslaşmış minədək mütəxəssis cəlb olunub.

   Bağlanış mərasimi stadionda şeypurların səsləndirilməsi ilə başladı. Nəzərlər Prezident lojasına yönəlir. Tamaşaçılar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi, xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini, Bolqarıstan Prezidenti Rosen Plevneliyevi, Rusiya Dövlət Dumasının sədri Sergey Narışkini, Lixtenşteyn parlamentinin sədri Albert Friki, Avropa Olimpiya Komitəsinin, Beynəlxalq Olimpiya Komitəsinin nümayəndələrini, Avropa Olimpiya ailəsinin üzvlərini hərarətli alqışlarla salamladılar.

   Azərbaycan müxtəlif rənglərin, insanların, ənənələrin vəhdətindən ibarət zəngin xalça təsiri bağışlayır. Xalçanın ilmələri və naxışları kimi onların da hər biri fərqlidir. Buna baxmayaraq, fərqlilik onları gözəl bir əsər yaratmaq məramı ətrafında birləşdirir.

   Yaradıcı heyət "Oyanış" adlandırılan mərasimi məhz bu ideya əsasında qurub. Stadiondakı ekranlarda rəngbərəng xalça ilmələri canlanır. Görkəmli rəssam Faiq Əhmədin bənzərsiz xalçalarının naxışı 10-dan 0-dək rəqəmlərə çevrilir və geriyə sayım başlayır. Sıfır göründüyü an işıq əsas səhnədəki iki müğənninin üzərinə düşür. Xor onlara qoşularaq Azərbaycanın dövlət himnini yeni simfonik aranjemanda ifa edir.

   Azərbaycanın dövlət bayrağı stadiona gətirilir və Avropa Olimpiya Komitəsinin bayrağının yanında ucaldılır.

   Mərasimin "Transformasiya" adlanan başlanğıc hissəsi Azərbaycan musiqisi, rəqsi və memarlığının müasirliyin enerjisi və gücü ilə zənginləşdirilmiş ənənələrini tərənnüm edir. Ətrafa xalq musiqisinin sədaları yayılır və ona müasir müğənnilər səs verir. Xalq rəqslərinin və müasir rəqslərin ifaçıları bir-birilərinin ritm və enerjisinə cavab verirlər. Rəqqasələr əsas səhnədə dövrə vurduqca paltarları ətrafa şəfəq saçaraq gözəl naxışlar yaradır.

   Səhnədəki üç nəhəng heykəl fırlandıqca musiqinin ritmi dəyişir. Açılan hər bir ətəyin uclarından 24 ifaçı tutur. Musiqi rok sintezinə çevrildikdə isə ənənəvi ətəklər müasir parlaq naxışlara dönür. Bunun ardınca heykəlləri hərəkətə gətirən 128 ifaçı görünür. Səhnədə dövrə vuran yüzlərlə rəqqasə mozaika formasında naxışlar yaradır. Stadionda qurulan "Qız qalası"nın divarları aralanır və tamaşaçının gözü qarşısında Bakının yeni rəmzi olan "Alov qüllələri" canlanır. Bu səhnə müasirliyin keçmişdən qaynaqlandığını əyani şəkildə təcəssüm etdirir.

   Stadionun ekranlarında qısa film nümayiş olunur. Bu film öz enerjisi, ruh yüksəkliyi və fədakarlıqları ilə ilk Avropa Oyunlarının uğurla keçməsinə töhfə verən 12.500 alovqoruyan könüllüyə minnətdarlığın ifadəsidir.

   Arenada "Çal-oyna" xalq mahnısının melodiyası eşidilir. Azərbaycan Dövlət Uşaq Filarmoniyası xorunun ifa etdiyi bu mahnı 17 gün ərzində qəlbimizi idman ustalığı və cəsarəti ilə fəth edən 6 min atletin şərəfinə səslənən bayram havası təsiri bağışlayır. Mahnının sədaları altında stadiona bayraqdaşıyanlar daxil olurlar. Onlar iki cərgədə qarşı-qarşıya hərəkət edirlər. Bir cərgənin önündə Olimpiya Oyunlarının vətəni Yunanıstanın, digərinin önündə ilk Avropa Oyunlarının ev sahibi Azərbaycanın bayraqları dalğalanır. Uşaq xorunun üzvləri sülh və birlik rəmzi olan su zanbaqlarını komandaların bayraqdarlarına verirlər.

   İdmançılar tribunaların önündən keçirlər. Tamaşaçılar "Bakı-2015"in iştirakçı ölkələrinin nümayəndələrini alqışlayırlar.

   Təbii ki, Azərbaycan idmançılarının payına daha çox alqış düşür. İdmançılarımız birinci Avropa Oyunlarında sözün əsl mənasında tarix yazmağa nail oldular. Onlar yarışların 21 qızıl, 15 gümüş və 20 bürünc medalını qazandılar. Bununla da Azərbaycan qitə üzrə ikinci yeri tutmaqla, idman ölkəsi olduğunu bir daha sübuta yetirdi.

   İdmançıların birlik və dostluq rəmzinə çevrilən paradı başa çatdı. Onlar stadionda dövrə vurub tribunalarda yerlərini tuturlar.

   ***

   Azərbaycanın birinci xanımı, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə çıxış edərək birinci Avropa Oyunlarının uğurla başa çatması münasibətilə təbriklərini çatdırır: "Əziz dostlar, ilk Avropa Oyunları başa çatır. Ötən 17 gün Azərbaycanın tarixində əlamətdar və yaddan çıxmaz günlər oldu.

   Biz ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən fərəhlənirik. Qürur hissi duyuruq ki, Azərbaycan öz üzərinə götürdüyü öhdəliyi cəmi iki il yarım ərzində reallığa çevirdi və ən yüksək standartlara uyğun idman tədbirini keçirdi.

   Son 17 gün ərzində biz Avropa dövlətləri arasında birliyin, həmrəyliyin və dostluğun şahidi olduq.

   Mən Oyunlara və atletlərə verdiyi böyük dəstəyə görə Azərbaycan xalqına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirmək istəyirəm.

   Bütün xalq öz atletləri ilə qürur duyur. Onlar bütövlükdə 56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar cədvəlində isə ikinci yeri tutmuşlar. Azərbaycan atletləri, Sizin uğurunuz gələcək nəsillər üçün bariz nümunədir.

   Mən bu Oyunlarda iştirak etmiş bütün atletlərə təşəkkürümü bildirmək istəyirəm. İlk Avropa Oyunlarını belə bir yaddaqalan idman festivalına çevirdiyinizə görə minnətdaram. Siz möhtəşəm çıxışlarınızı həvəslə, cəsarətlə və incəliklə bizə bəxş etdiniz. Bu Oyunlar Sizin Oyunlardır və nailiyyətləriniz bizi həqiqətən ilhamlandırır.

   Hamınızı təbrik edirəm.

       Mən mövqeyi və qətiyyəti sayəsində Avropa Oyunları ideyasını reallığa çevirən Avropa Olimpiya Komitəsinə və onun prezidenti cənab Patrik Hikkiyə dərin təşəkkürümü və minnətdarlığımı bildirmək istəyirəm.

   Mən, həmçinin hazırlıq zamanı dəyərli tövsiyələrinə görə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosa təşəkkürümü bildirmək istəyirəm.

   Oyunların Təşkilat Komitəsinin üzvlərinə və bütün beynəlxalq tərəfdaşlarımıza nümayiş etdirdikləri sadiqliyə və fəaliyyətə görə minnətdaram.

   Avropadan öz komandalarına dəstək vermək məqsədilə gəlmiş çoxsaylı sədaqətli azarkeşlərə təşəkkür edirəm. Siz qələbələri qeyd etdiniz. Siz məğlubiyyət zamanı təsəlli verdiniz. Siz Oyunlar üçün istək, coşqu və dostluq mühitini yaratdınız.

   Mən gözəl könüllülərimizə minnətdarlığımı bildirmək istəyirəm. Siz olmadan biz bu tədbiri keçirə bilməzdik. Sizin həvəsiniz və peşəkarlığınız "Bakı-2015" ruhunu canlandırmaqda bizə yardımçı oldu. Ölkəmizin böyük gələcəyi olan bu cür istedadlı gəncləri var.

   Xarici könüllülərimizə də çox sağ ol deyirik. Siz bütün Avropadan Azərbaycana gəldiniz ki, bu tarixi tədbiri təşkil etməkdə bizə kömək edəsiniz və idman, dostluq festivalının bir hissəsi olasınız. Biz sizsiz darıxacağıq və ümid edirəm ki, yenidən gələcəksiniz.

   Azərbaycan öz qollarını və ürəyini Avropaya açdı. Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq.

   Bu axşam biz hamınızla sağollaşırıq. Lakin Sizi Azərbaycanda gələcək tədbirlərdə yenidən görməyə ümid edirik.

   Gələn il Bakıda 42-ci Şahmat Olimpiadası və "Formula-1" Avropa Qran-pri yarışları keçiriləcək. 2017-ci ildə biz dördüncü İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Nəhayət, 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçları şəhərimizdə təşkil olunacaq.

   Bu axşam biz məşəli söndürəcəyik və ilk Avropa Oyunları başa çatacaq. Belə bir idman və dostluq bayramı başa çatdığı zaman mən ölkəmizdən və xalqımızdan böyük qürur duyduğumu bəyan edirəm.

   Son 17 gün hər zaman xatirimizdə qalacaq. O, nəsillərə qalacaq, tariximizin yaddaqalan məqamı olacaq.

   Atletlər, sağ olun!

   Dostlar, sağ olun!

   Azərbaycan, sağ ol!"

   Sonra Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış edərək bildirdi ki, Avropa Oyunlarını alovlandıran qığılcım məhz Odlar Yurdundan gəldi: "Azərbaycan, sən bizim səmimi və qonaqpərvər ev sahibimiz oldun.

   Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə "Bakı-2015" ilk Avropa Oyunlarının Əməliyyat Komitəsi Avropada ən yaxşı kişi və qadın idmançılar üçün çox gözəl arenaları hazırladı. İş fəaliyyətinin dəqiqliyi qızıl medallar standartına uyğun oldu. Yeni gənc qəhrəmanlardan ibarət komandanı Sizin gözəl könüllüləriniz formalaşdırdı.

   Bütün bunlar cəmi 30 ay ərzində təmin edildi.

   Burada yaratdığınız idman obyektləri gələcək illərdə atletlərinizə, xalqınıza və gənclərə xidmət edəcək.

   Belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdiyiniz yekdilliyə görə hamınıza minnətdarıq".

   Hikki qeyd etdi ki, Avropa fərqliliklər və böyük rəqabət, müxtəliflik, idman və yarışma qitəsidir. Lakin burada, Avropa Oyunlarında biz ümumi inamla, ümumi bayraq altında toplaşdıq: idman və Olimpiya ideallarına doğru addımlamaq bizi ayıran yox, daha çox birləşdirən məkana aparır".

   "Bakı-2015"lə Avropa Oyunlarının sarsılmaz və ilhamlandırıcı əsasının qoyulduğunu deyən AOK prezidenti vurğuladı: "Avropa Olimpiya ailəsinə və dünyadakı dostlarımıza tam əminliklə deyirəm:

   Azərbaycanın gələcəyi parlaqdır.

   Avropa Oyunlarının gələcəyi parlaqdır.

   Avropanın gözəl atletləri üçün gələcək parlaqdır.

   Beləliklə, indi mən minnətdarlıq, qürur və böyük nikbinlik hissi ilə "Bakı-2015" ilk Avropa Oyunlarını bağlı elan edirəm.

   Sağ ol, Bakı!

   Sağ ol, Azərbaycan!"

   ***

   Çıxışlar zamanı fonda gözəl musiqi səslənir. Onu Avropanın istedadlı musiqiçilərindən biri olan Kristian Ştaynhauzer bağlanış mərasimi üçün məxsusi bəstələyib.

   Səhnədə dünyamızın gələcəyi təsvir olunur. Bu, gəncliyin enerjisidir. Rəqqas səhnədə bir enerji qığılcımı yaradır. Güclü enerji bədənindən keçərək onu hərəkətə gətirir. Rəqqas bu enerjini rəqqasəyə, daha sonra isə başqalarına ötürür. Onların urban və atletik tərzdə hərəkətləri yüksək enerjili hip-hop rəqsinə çevrilir. Beş yüzdən çox ifaçı diod lampalarla bəzədilmiş altıbucaqlı lövhələri başları üzərində tutaraq səhnəyə daxil olur. Onlar hərəkət etdikcə lövhələr əvvəlcə qrafik ekvalayzer, daha sonra şanagülü formasına düşərək müxtəlif heyrətamiz obrazlar yaradır.

   Musiqi getdikcə həzinləşir və tamaşaçıların diqqəti səmaya yönəlir. İfaçılar üzərində altıbucaq formalı işıq zolaqları olan sirk halqalarında akrobatik hərəkətlər edirlər. Onlar tədricən yerə enir və bu zaman səhnədə çıxış edən ifaçılar şouya qoşulurlar. Əllərində əlvan rəngli bayraqlar olan 75 ifaçı səhnə boyunca hərəkət edir. Ahəngdar şəkildə hərəkət edən altıbucaqlı lövhələr birləşərək buta formalı üç səhnəni təcəssüm etdirən obraza çevrilir. Sonda "Bakı-2015" birinci Avropa Oyunlarının rəmzi olan nar ağacının qrafik obrazı yaranır.

   Stadionun monitorlarında 17 günlük yarışların əsas məqamları nümayiş etdirilir. Tamaşaçılar ruh yüksəkliyi və sevincin, qələbə və məğlubiyyətin doğurduğu hisslərin, idman arenalarında yaranmış dostluğun şahidi olurlar.

   Stadiona Azərbaycan muğamını tərənnüm edən həzin kamança səsi yayılır. Əsas səhnədə Atəşgah məbədi ucalmağa başlayır. Məbədin damında dayanmış qum rəssamı Simurq quşu əfsanəsindəki "həyat ağacı"nı çəkir. Onun çəkdikləri səhnədə heyrətamiz şəkildə canlanır. 76 rəqqas qum üzərində çəkilən təsvirlərə mütənasib xoreoqrafik hərəkətlər nümayiş etdirir. Rəssam yaxınlaşan tufanı təsvir etdikdə rəqqaslar külək və dalğaları canlandırırlar. Daha sonra o, qum üzərində quş fiqurları çəkir və səhnədə Oyunların iştirakçısı olmuş 50 ölkəni təcəssüm etdirən 50 quş görünür. Quşlar bir yerə toplaşaraq əfsanəvi Simurq quşuna çevrilir.

   Musiqi getdikcə daha təntənəli xarakter alır. Qum rəssamı indi alov rəsmləri çəkir və səhnəyə alov dilimlərinə bənzər qanadları olan rəqqaslar çıxır. Musiqi güclənir, rəqqaslar daha çevik hərəkətlər edir və səhnə sanki od-alova bürünür. İfa kulminasiya məqamına çatdıqda Simurq quşu heyrətamiz şəkildə alovlanır və stadionun mərkəzində şölə saçaraq yanmağa başlayır.

   Simurq quşu alovların əhatəsində pərvazlanıb səmaya qalxır və qanad çaldıqca yanaraq minlərlə işıq zərrəciyi arasında görünməz olur. Onun közü yerə yeni həyat toxumları kimi səpələnir, torpağa düşdükcə oyanış, dirçəliş baş verir.

   Mərasim üçün yaradılan Simurq quşunun çəkisi 2 tona yaxın, ölçüləri 18x18 metrdir. Onun 50 qanadının hər birinin uzunluğu gərildikdə 1-3,4 metrə çatır.

   Səmadan tamaşaçıların üzərinə Simurq quşu əfsanəsindəki oyanış və dirçəliş toxumlarını əks etdirən yanar köz - işıq diodları səpələnir. Beləliklə, 17 günün kulminasiya nöqtəsi yaxınlaşır, birinci Avropa Oyunlarının alovu sönməyə başlayır. Yavaş-yavaş sönməkdə olan bu alovun ətrafında 50 iştirakçı dövləti təmsil edən 50 uşaq dayanır. Onlardan biri Oyunların alovu ilə çırağını yandıraraq onu digər uşaqlarla bölüşür. Çıraqlar bir-bir yanır.

   Sonra səhnənin mərkəzinə yaxınlaşan alov ifaçıların yanından keçir və onların da çıraqları yanmağa başlayır. Bu çıraqların asıldığı nəhəng çilçıraq səmaya yüksəlir. Stadion möhtəşəm işıq selinə qərq olur. Buradan belə bir məna çıxır: Avropa Oyunları alovunun zərrəciklərini qəlbimizdə daşıyıb dünya ilə paylaşsaq, o da Simurq quşu kimi ölməz olacaq.

   Bu təsirli səhnələr Martin Rozenqarten və Kristian Ştaynhauzerin Azərbaycan xalq mahnısı "Sarı gəlin"in motivləri əsasında aranjeman etdikləri "Lanterns" musiqisi ilə müşayiət olunur. Musiqi Şirzad Fətəliyevin ifasında balabanda səslənir.

   Stadionda müasir rəqslər və mahnılar, ecazkar görüntülər bir-birini əvəz edir. Məşhur musiqi qruplarının və xarici estrada ulduzlarının ifaları əsl bayram ovqatı yaradır.

   İdmançılar tribunalardan meydançaya axışır, rəqs edənlərə qoşulurlar.

   Möhtəşəm atəşfəşanlıq başlayır. Bakı səmasını nura boyayan al-əlvan fişənglər ilk Avropa Oyunlarının başa çatmasından xəbər verir. Beləliklə, "Bakı-2015" Azərbaycana başucalığı gətirən tarixə çevrilir.

   ***

   Beləcə, həyəcanla və maraqla gözlədiyimiz uğurlu sonluğu sərf edilən böyük əməkdən, çəkilən ağır zəhmətdən sonra mükəmməl final zəfəri ilə yaşadıq. Gözlərdə sevinc göz yaşları, köksləri qabardan qürur, fəxarət hissləri ilə yaşadıq. Möhtəşəm final yaddaşlardan uzun zaman silinməyəcək bir bayrama çevrildi. Bu, dostluq, həmrəylik və sülh bayramı idi. Müharibə şəraitində yaşayan xalq və dövlət olaraq dünyaya sülh mesajı verdik.

   Azərbaycan 17 gündə tarix yazdı və dünya dövlətləri arasında yerini, nüfuzunu, imicini, statusunu, möhkəmlətdi. Bu işdə ən çox çətinlik Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın çiyinlərinə düşdü.

   Məhz onların yüksək peşəkarlığı və qətiyyəti ilə ilk Avropa Oyunları uğurla başa çatdı və Azərbaycan öz tarixinə böyük bir zəfər yazdırdı.

   Azərbaycan idman ölkəsi olduğunu dünyaya sübuta yetirdi.

   I Avropa Oyunlarının Azərbaycan üçün ən böyük faydası onun dünyada daha da tanınması oldu. Oyunlara gəlmiş 6 mindən çox idmançının, çoxsaylı nümayəndə heyəti üzvlərinin yarışlarla bağlı sosial şəbəkələrdə foto və yazılar paylaşması da Azərbaycanı Avropaya daha da yaxın etdi.

   Azərbaycanın necə tolerant ölkə olduğunu dünya gördü. Ölkəmiz siyasi xəttinin, iqtisadi tərəqqisinin nədən ibarət olduğunu dünyaya sübut edə bildi. I Avropa Oyunları Azərbaycanın tarix və mədəniyyətini dünyaya nümayiş etdirmək üçün də əla fürsət oldu.

   Bu Oyunlarla Bakı plankanı daha da yüksəltdi. Artıq Azərbaycan üçün ən böyük hədəf və uğur Yay Olimpiya Oyunlarını Bakıda keçirməkdir. Azərbaycan buna nail olsa, daha bir ilkə imza atacaq: indiyə kimi Olimpiya Oyunları heç bir müsəlman ölkəsinə nəsib olmayıb.

 

   İntiqam

   Rövşən

  Ekspress.-2015.- 30 iyun.- S. 3;11.