Sənətdə söz-söhbət həmişə
olub...
Kamil Cəlilov: "İstedadıma
görə mənə o qədər əzab veriblər, o qədər
paxıllığımı çəkiblər ki..."
"Qaboy nə klarnetdir, nə tütəkdir, nə də zurnadır ki, hər uşaq çala bilsin. Bu alətin öhdəsindən gəlmək çətin məsələdir. Mən şəhidlərin harayını, şikayətini qaboy vasitəsi ilə bütün dünyaya çatdırmışam", -bu sözləri xalq artisti Kamil Cəlilov APA-ya müsahibəsində deyib. Müsahibəni oxcularımıza təqdim edirik.
- Kamil müəllim, sizdən hansısa jurnalist soruşub ki, neçənci ildə anadan olmusunuz? Necə oldu bu sənətə gəldiniz?
- Olub, elə şeylər, çox olub. Elə birinci sualı verəndə, deyirəm, həə, çatdıq (gülür). Yəni, hamı standart suallar verir. Rafael Hüseynov radionun "Axşam görüşləri"ndə mənim haqqımda veriliş hazırlayıb. Elə şeyləri tapıb çıxarıb ki, adam mat qalır. Rəsul Rzanın, Bəxtiyar Vahabzadənin, Tofiq Quliyevin mənim haqqımda dediyi sözləri axtarıb tapıb. Belə şeylərdə Rafael zirək adamdır.
- Mən Bəhram Mansurovun sizin haqqınızda dediklərinə qulaq asmışam. Deyir, bizi Nəriman Əliyev tanış edib...
- Nəriman
Əliyev mənim dayım oğludur. Bəhram Mansurov dəfələrlə
onların qonağı olub, bir yerdə çalıb-oxuyublar.
Nərimanın yaxşı səsi vardı. Zəngulələri
çox gözəl olurdu. Sonra səsi xırıldadı,
ona görə az oxudu. Amma müəllim kimi əvəzi yox
idi. Məndən 5-6 yaş böyük olardı. Əsgərlikdən
təzə qayıtmışdı, bir dəfə həyətlərinə
girəndə eşitdim ki, muğam səsi gəlir. Bir az da
qabağa getdim, "Rast"ın "Əraq-pəncgah"
şöbəsini elə gözəl oxuyurdu, elə bildim
radiodu. Dedim, "ay Nəriman,
dayıoğlu, sən oxuyansan?" Dedi, "hə, nə olub
ki?" O vaxt mən Asəf Zeynallı adına
Musiqi Texnikumunun ikinci kursunda oxuyurdum. Dedim, "sənin əməlli-başlı
səsin var, gedək mənimlə, səni Asəf Zeynallı
adına Texnikuma aparım, Seyid
Şuşinskidən dərs al". O vaxt Qulu Əsgərov,
Əlibaba Məmmədov, İslam Rzayev, Zeynəb Xanlarova, Rəsmiyyə
Sadıqova Seyid Şuşinskinin tələbələri idi. Sənə danışıram 1953-54-cü illərdən.
İnternetdə şəkillərim var,
baxıram ki, frakda şəkillər çəkdirmişəm.
Dedim, qoy internetdə yadigar qalsın. Birini qoyub, o birini danışım. Bir dəfə Niyazinin evinə getdim, gördüm, qəzetləri
kəsib nə isə düzəldir, yapışdırır.
Soruşdum ki, "maestro, nə edirsiniz?"
Dedi, "Cəlilov, qəzetlərdəki şəkilləri,
yazıları kəsib albom düzəldirəm, bunu məndən
başqa heç kim etməyəcək"...
Mən əvvəldən
şəkil yığanam. Hələ lap cavan olanda,
Şövkət xanımla, Rübabə Muradova ilə şəkillər
çəkdirmişəm. Onlar mənim sənətimə
çox yüksək qiymət verirdilər.
- Sizi ən çox kim
qiymətləndirirdi?
- Hamısı. İnan! Rübabə
xanım xəstə yatırdı, mən "Zəminxarə"ni çalanda, ağlayırdı. Bilirsən, zorla musiqiçi, rəssam, bəstəkar
olmaq olmaz. İndi bir balaca səsi olan tez
qaçır televiziyaya ki, mən də oxuyanam. Allah mənə
bu istedadı verməsəydi, Kamil Cəlilov ola
bilməzdim. Bura gələndə, maşına
oturdum, görürəm, hamı tanıyır, hörmət
eləyir, deyirlər, "siz gözəl sənətkarsınız".
Belə şeylər adama ləzzət edir.
Gülarə Əliyeva ilə bir yerdə
işləyirdik, gördüm, bir nəfər gəldi ki,
"oxumaq istəyirəm". Gülarə xanım
dedi, "ay Kamil, gəl buna qulaq asaq". "Dan
ulduzu"nu Gülarə xanımla biz ikimiz təşkil
etmişik. Əvvəl Gülarə
xanımın fikri olub, sonra ikimiz yaratdıq. Yaxşı da ifalarımız olurdu, neçə dəfə
xarici ölkələrdə qastrol səfərlərində
olmuşuq. Gülarə xanım o qədər
gözəl insan idi, heç kimin xətrinə dəymək
istəməzdi. Ona görə fortepianoda müşayiət
elədi, həmin adam oxudu. Musiqi
başa çatandan sonra mənim üzümə baxdı,
gördü, üz-gözümü turşutmuşam, başa
düşdü ki, xoşuma gəlməyib. Həmin adama dedik, "bir az üzərində
işlə, bir də yoxlayarıq". Gülarə
xanıma dedim, "zorla oxumaq olmaz". Cavab verdi
ki, "Kamil, düz deyirsən". Bunu qoyum
başqasını danışım. Muğamları
təzə-təzə ifa edən vaxtlarım idi, bir gün
xalq rəssamı Mikayıl Abdullayevlə təsadüfən
şəhərdə görüşdük. Hal-əhval
tutandan sonra dedi, "Kamil, muğamlarını dinləyirəm,
çox xoşuma gəlir, sən qaboyun ustasısan, qaboyun rəssamısan,
mən bəzi rəsmlərimi sənə qulaq asa-asa çəkmişəm".
Musiqiyə həvəsim lap uşaq
yaşlarından olub. Atam nağara düzəltmişdi,
bir müddət nağara, sonra qarmon çaldım...
- Səhv etmirəmsə, Əhsən
Dadaşovun ansamblında nağara çalmısınız...
- Yox, Əhməd Bakıxanovun
ansamblında. Nağara da çalmışam,
qoşanağara da. Qoşanağara
çalmağım Əhməd Bakıxanovun çox
xoşuna gəlirdi. Əlavə zənglər
tapıb qoşmuşdum, lazım olanda cingiltili səslər
çıxarırdım. Əhməd
müəllim təəccüb eləyirdi ki, "bu səsləri
haradan tapırsan?" Üç il
onlarla bir yerdə çalışdım. Bir dəfə
xəstələndim, xanəndə demişdi, "Kamilsiz
oxumayacağam". Bir gün Əhməd müəllim
dedi, "eşitmişəm, qaboy çalırsan, mənim
qaboyun səsindən xoşum gəlir". Dedim,
yavaş-yavaş çalıram. Sən demə,
Əhməd Bakıxanov qaboyda muğam çalan adamı
çoxdan arzulayırmış. Dedi, istədiyimi
tapmışam, sənin ifanda bizim ansamblla "Bayatı
kürd" yazdırmaq istəyirəm. Studiyada
ansamblın müşayiəti ilə
"Bayatı-kürd"ü yazdıranda, birinci dəfə
mikrofon görürdüm deyə, həyəcanlandım.
İkinci dəfə bir də başdan
başladım. Necə həvəsə gəlmişdimsə,
dedim, "Əhməd müəllim, bəlkə bir də
yazaq?" Dedi, "keç bu tərəfə, sən qaboyda
birinci şilləni vurdun artıq". (Gülür).
İfam çox xoşuna gəlmişdi.
Radioda səsləndirəndən sonra bütün aləmə
səs yayıldı, kim
görürdüsə, tərifləyirdi ki, nə gözəl
çalmısan. Məndən sonra qaboy
çalmaq istəyənlərin sayı çoxaldı.
- Deyirlər, Kamil Cəlilov sənəti
gənclərə öyrətmir. Doğrudan belədir?
- Yalandır. Habil
Əliyev gözəl kaman ustasıdır, amma bir nəfər
tələbəsi olmayıb. Bu saat
uşaqlar var ki, kamançada gözəl ifa edirlər. Düzdür, Habilin yanından keçə bilmirlər,
amma özlərinə görə yaxşıdır. Nə
Rəmişin, nə Aftandilin tələbəsi yoxdur. Mən tələbə yetişdirmək istəyirdim,
intəhası yaxşı alət tapa bilmədim. Bəziləri elə bilir, paxıllıq,
qısqanclıq edirəm. Belə şey
olmayıb. Müəllim mənə bəzi
şeyləri öyrədəndən sonra yerdə qalan hər
şeyi özüm öyrənmişəm, yeniliklər
etmişəm. Gərək adamın
istedadı, yaradıcılığı olsun ki, sənətdə
qabağa gedə bilsin. O yaradıcı istedad yoxdursa,
adama heç kim kömək edə bilməz.
Bir nəfər vardı, qaboy
çalırdı, mən də ona muğam öyrətdim.
Sonra getdi əsgərliyə, aləti satdı, sonrası
bilmirəm necə oldu... Qaboy nə klarnetdir, nə
tütəkdir, nə də zurnadır ki, hər uşaq
çala bilsin. Bu alətin öhdəsindən
gəlmək çətin məsələdir. Bir adam gəlmişdi ki, oğluma "Segah"
öyrət. Dedim, "Segah"ı öyrənmək
üçün 20 il vaxt lazımdır. Bu, tütək deyil ki, əlinə alıb, ifa edəsən.
"Azərbaycan təranələri" mənə
yuxuda gəlib, sonra durub gecə ilə onu maqnitofona hissə-hissə
yazmışam. Heydər Əliyev deyirdi,
"Cəlilov, "Azərbaycan təranələri"ni
dinləyəndə, elə bil Azərbaycanın xəritəsini
görürəm. Meşələrini,
dağlarını, bulaqlarını -bir sözlə, mənzərəsini
görürəm". Bir dəfə mənə
danışdılar ki, Heydər Əliyev Ağsu
aşırımından keçirmiş, radioda elan ediblər
ki, "Kamil Cəlilov "Azərbaycan təranələri"ni
çalır". Heydər Əliyev
maşınları saxlatdırıb ki, "yerinə
düşdü, bu mənzərədə Kamilə qulaq
asmasaq, olmaz". Sonra Gülarə
xanımdan mənim ifalarımın yazısını istəmişdi.
Hara gedirmişsə, qulaq asırmış.
Heydər Əliyev elə bir insan idi,
yaxşı şey heç vaxt onun nəzərindən
qaçmazdı.
- Siz olmayanda, qaboyun aqibəti necə
olacaq? Davamçı yoxdursa, sizdən sonra onu
muzeyə qoyacaqlar, vəssalam?
- Mən qaboyu bu yerə qədər
gətirmişəm. Nə qədər dərs
deyirəmsə, çətindir, yoxsa nə məsələdir,
bilmirəm, hamısı yarımçıq qoyub gedir. Bəlkə
alətə görədir, nə bilim... Ümumiyyətlə,
bu işə zəhmət lazımdır. Demə,
özünü tərifləyir. Gərək
min qat zəhmət çəkəsən ki, Kamil Cəlilov
olasan. Mənim istedadım Allahın mərhəmətindən,
yaratmaq həvəsim xalqımın məhəbbətindəndir.
Mən qaboyu xalqa tanıtdım, qaboy da məni
xalqa tanıtdı və sevdirdi. Amma elə
bilmə ki, bu yol asan olub. İstedadıma görə mənə
o qədər əzab veriblər, o qədər
paxıllığımı çəkiblər ki...
- Şöhrətiniz
işinizə yarayır? Yəni, kiməsə
işiniz düşəndə, xahiş etmək lazım
olanda eşidirlər?
- Eşidirlər, niyə
eşitmirlər. Mən xeyirxah adamam. Biri gəlir ki, "təqaüdümü gecikdirirlər",
adımdan, nüfuzumdan istifadə edib, onun işini düzəldirəm.
Birinin pasportu itir, maşına oturdub
aparıram, təzə pasport alıram. Nəyi
bacarıramsa, çalışıram xeyirxahlıq edim.
Bir də görürsən, bir məclisdə
oturmuşam, kimsə diqqətlə mənə baxır.
Gəlib soruşur ki, siz kimsiniz? Zarafatla deyirəm, "adamam da, neynirsiniz,
oturmuşam burda". Sonra
tanıyırlar, məclisə səs düşür. Məni dindirdin, danışacağam, dindirmədin,
elə sakit oturacağam yerimdə.
- Kamil müəllim, əvvəllər
də sənət adamları arasında bu qədər intriqa
olurdu?
- İstedadsız adamlar həmişə paxıl,
xain olurlar. Sənət adamları
arasında söz-söhbət həmişə olub. Eşitdiyimə görə, Qara Qarayevlə Fikrət
Əmirov yola getməyiblər. Bəlkə
onların dünyadan tez köçməsinin səbəbi də
bu olub. Amma bir tərəfdən də belə
şeylər yaxşıdır. Rəqabət
hissini yaradır, inkişafa aparır. Bəlkə
Niyazi görüb ki, Fikrət Əmirov "Şur"
simfonik muğamını yazdı, o da "Rast" kimi əzəmətli
əsər yaratdı. Bir dəfə Şövkət
xanımgildə məni çəkirdilər, rejissora dedi,
"Sara Qədimova məndən inciyib, ona deyin, mən
heç kimin paxıllığını çəkmirəm".
-
Dolanışığınız necədir?
- Prezident təqaüdü
alıram. Lap cavanlıqda nadir hallarda toylara gedərdim,
30 ildir, ümumiyyətlə, getmirəm. Sənəti
toya satan adam deyiləm. Cavan vaxtı evdə
məşq edirdim, qapı döyüldü, yoldaşım
dedi, səni istəyirlər. Qapıya çıxmadım,
tapşırdım, desin ki, çıxa bilmirəm. Həmin adamın da bir oğlu varmış, rayondan
gəlib ki, Kamil Cəlilov oğlumun toyunda iştirak eləsin.
Elə havada, məqamda idim,
çıxsaydım, məşqim yarımçıq
qalacaqdı, sonradan melodiya yadıma düşməyəcəkdi.
Həmin adam telefon nömrəsini
qoymuşdu, demişdi, nə qədər pul istəsə, verəcəyəm.
İki gün sonra yenə zəng vurdu, dedim, narahat olma, pul
lazım deyil, gələcəyəm. Məşq
elə şeydir ki, evdə qonaq olsa da, onu tək qoyub, o biri
otağa keçirəm, başlayıram məşqimi etməyə.
Eləsi var, inciyib çıxır gedir, eləsi
var, başa düşür. Bəziləri
elə bilir, qaboy tütəkdir, əlimə
götürdüm, çalacağam. Qaboyda
o qədər qəliz sirlər var, onu ancaq Allahın qüdrəti
ilə tapmaq olar.
- Matəm günlərində sizin
musiqilər ifa olunur. İstərdim bundan
danışaq. Necə oldu ki, məhz sizin
ifanızı seçdilər?
- "Zəminxarə"ni, "Segahı" mən çoxdan ifa
etmişəm. Musiqi redaksiyasında redaktorlar məsləhətləşiblər
ki, Kamilin ifası ağrılı, yanıqlıdır, o
musiqilər olsa, yaxşı olar. Ona
görə 20 Yanvarda, Xocalını anım günlərində
radiolarda, telekanallarda, Şəhidlər Xiyabanında mənim
musiqilərim səslənir. "Zəminxarə"mə
qulaq asan neçə ana təsəlli, toxtaqlıq tapıb.
20 Yanvar günlərində mənə o qədər zənglər
olurdu ki... İnsanlar öz
razılığını bildirirdilər. Deyirdilər, qaboy şəhid analarının ürəyinə
su səpir. Şəhidlərin
harayını, şikayətini qaboy vasitəsi ilə
bütün dünyaya çatdırmışam.
- Flora Kərimova, Zeynəb Xanlarova
və İlhamə Quliyeva... bu müğənnilərdən
hansına qulaq asmaq sizin üçün daha xoşdur?
- Zeynəbə daha çox qulaq
asıram. Zeynəb sənətkardır.
O, bundan sonra da Zeynəb kimi qalacaq. Flora da
yaxşı sənətkardır. Bunu həmişə
demişəm. İlhamə xanımın
səsi əvvəl-əvvəl Şövkətin səsinə
bənzəyirdi, sonra yolunu tapdı. İlhamə Fikrət
Əmirovun "Neyləmişəm",
"Göygöl" mahnılarını elə gözəl
oxuyub ki, ondan sonra ikinci adam oxuya bilməz.
- Brilliant Dadaşova da oxuyub...
- İlhamə
Quliyevadan sonra onu oxumaq düzgün deyil. İlhamə
"Göygöl"ü o qədər gözəl oxuyub, mən
təsirlənib qaboyda ifa etmişəm.
- Yoldaşınız iki il əvvəl dünyasını dəyişib...
- Bəli, beyninə qan
sızmışdı, xilas etmək mümkün olmadı.
- Bu yaşda çətin olar...
- Çətindir, amma
qızlarım mənə yaxşı baxır. Üç qızım var. Musiqiçimiz yoxdur.
Bəziləri elə bilir, bəstəkarın
oğlu gərək bəstəkar, şairin oğlu şair
olsun. Mənə dedilər, nəvələrdən biri
musiqiçi olsun, dedim, yox, Allah tərəfindən verilməyibsə,
zorla şair, bəstəkar, müğənni olmaz.
-Səhhətiniz necədir?
- Şükür
Allaha, şikayətim yoxdur. Həccə
getmişəm, namaz qılıram. Mən
şükran insanam. İnsanın öz
sağlamlığını qorumağı da bir
istedaddır.
Ekspress.-2015.- 30 iyun.- S. 15.