Cümhuriyyət tələbələri

 

I hissə

 

Cümhuriyyətin təhsil islahatları

   Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

    Dövlətçilik tariximizdə ilk Azərbaycan Cümhuriyyətinin öz müstəsna və danılmaz yeri var. Cəmi 23 ay yaşamış müstəqil və demokratik respublika milli və dünyəvi dəyərləri ilə əbədiyyətə qovuşmuşdur.

   Bütün Şərqdə ilk demokratik dövlətin mənəviyyat binasının ən böyük sütunlarından birini təhsil islahatları təşkil edir. Bu gün iftixar hissi ilə bəyan etmək olar ki, Azərbaycan Cümhuriyyətinin bərqərar olmasıyla Azərbaycanda təhsil məsələləri ilk dəfə dövlət səviyyəsinə qaldırılmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin tabeliyindəki Dövlət arxivinin fondlarında Azərbaycan Cümhuriyyəti dövründə təhsil islahatlarını əyani şəkildə əks etdirən çoxlu sənəd saxlanılır.

   1918-ci il iyun ayının 30-da hökumət qərarı ilə Gəncədə Xalq Maarifi Nazirliyinin dəftərxanası yaradılmışdı. Dəftərxananın kadrlarla təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülürdü. 1918-1919-cu illərdə Respublika Xalq Maarifi Nazirliyinə işə qəbul olmaq üçün onlarla ərizə daxil olmuşdur. Bunlardan bəzilərini oxucuların diqqətinə çatdırıram:

   "Xalq maarifi nazirinə

   Tiflis qadın gimnaziyasının tam kursunu bitirmiş Leyli xanım Ağalarovadan

   Ərizə

   Atamı vaxtsız itirmişəm və hazırda kimsəsiz və ehtiyac içindəyəm. Xahiş edirəm, nazirlikdə məni müvafiq bir işlə təmin edəsiniz

   Məktubuma əlavə edirəm:

   1. 7-ci sinfi bitirdiyim barədə 325 nömrəli şəhadətnamə

   2. 8-ci sinfi bitirdiyim barədə 556 nömrəli şəhadətnamə.

   L.Ağalarova.

   Bakı, Quba küçəsi, 19.

   1 dekabr 1918-ci il".

   1919-cu il fevral ayının 8-də nazirliyə daxil olmuş məktublar arasında Bakının Suraxanskaya (indiki Dilarə Əliyeva adına - T.Q.) küçəsindəki 176 nömrəli evdə yaşayan Fatimə xanım Studzitskayanın da ərizəsi vardır. O yazır:

   "Çox möhtərəm nazir cənabları!

   Sizdən acizanə surətdə rica edirəm ki, məni nazirliyinizin dəftərxanasında qulluğa götürəsiniz. Yaşyarımlığımda atam müharibədə həlak olmuş, yetimliklə böyümüşəm. Xeyirxah insanların köməkliyi ilə Moskvada 1-ci Nikolay İnstitutunu bitirmişəm, İsveçrədə əcnəbi dillər kurslarında Avropa dillərini öyrənmişəm. Hazırda Şərq dilləri kurslarına gedirəm.

   İmza: Fatimə xanım Studzitskaya".

 

   Həmin ilin mart ayında daxil olmuş məktublar arasında nəzərimizi Gəncədən yazılmış bir ərizə cəlb etdi:

   "Əlahəzrət xalq maarifi naziri cənablarına

   Gəncə şəhər sakini Həmzə Abbasovdan

   Bununla yazıb Sizdən xahiş edirəm ki, Nazirliyin dəftərxanasında məni işlə təmin edəsiniz. Təvazödən çıxaraq bildirirəm ki, mən türk dilində (Azərbaycan türkcəsində - T.Q.) tam savadlı bir məmur hesab olunuram.

   İmza: H.Abbasov"

   Novruz bayramı günü, martın 21-də yazılmış məktublar arasında soyadında həm "zadə", həm də "yev" olan bir soydaşımızın ərizəsi gözə dəydi:

   "Azərbaycan Respublikasının maarif naziri cənablarına

   Moskva Universitetinin hüquq fakültəsinin 4-cü kurs tələbəsi Məmməd Mahmudzadə Əliyevdən

   Sizin idarənizdə olan Xalq Maarifi Nazirliyinin aparatında işləmək arzusundayam. Xahiş edirəm, məsləhət bildiyiniz bir xidməti vəzifədə çalışmağıma imkan yaradasınız.

   Hörmətlə: Məmməd Mahmudzadə Əliyev

   Bakı şəhəri, 21 mart 1919-cu il".

   1919-cu il may ayının 31-də Azərbaycan Respublikasının maarif və dini etiqad naziri Rəşidxan Qaplanova verilmiş məktublar arasında Gəncə Ruhani Seminariyasının sabiq müəllimi Əli İsgəndərzadənin yazılı müraciəti də vardır. İşsiz qalmış böyük ziyalı soydaşımız müstəqil respublikanın təhsil nazirinə bunları yazır:

   "Mən mərhum ictimai xadim Ələkbərbəy Rəfibəyovun zəmanətilə Gəncə Ruhani Seminariyasına işə götürülmüş və burada beş il müəllimlik etmişəm. Sonra Müsəlman Xeyriyyə Cəmiyyətinin baş müvəkkili doktor Sultanovun dəvəti ilə həmin Cəmiyyətdə Qafqaz Cəbhəsi üzrə əvvəlcə Ərzurumda əməkdaş, sonra da müvəkkilin köməkçisi işləmişəm.

   Türk ordusu ilə birlikdə Qafqaza qayıtmış, qaçqınlar məsələlərində bilavasitə iştirak etmiş, Tərk və müabirə nazirinin mühüm məsələlər üzrə əməkdaşı, Gəncə və Bakı qəzaları üzrə müvəkkil köməkçisi vəzifələrində çalışmışam. Ötən ilin dekabrında xəstəliyə görə könüllü olaraq işdən azad olunmuşam. Sizin başçılıq etdiyiniz nazirlikdə Xüsusi Tapşırıqlar üzrə məmur vəzifəsinin vakant olduğunu nəzərə alaraq xahiş edirəm, məni həmin işə götürəsiniz. Göstərdiklərimə əlavə olaraq ərz edirəm ki, mənim necə təmiz vicdanlı işçi olduğumu doktor K.Sultanov, parlamentin üzvləri R.Qaraşarov və A.Əfəndiyev, həmçinin Xalq Maarif nazirinin katibi M.Axundov yaxşı bilirər.

   Əli İsgəndərzadə

   Bakı şəhəri, 11 may 1919-cu il".

   1918-ci il mart faciəsi zamanı dədə-baba yurdundan didərgin düşmüş, Tiflisdəki Müqəddəs Nina məktəbinin məzununun ərizəsini həyəcansız oxumaq qeyri-mümkündür:

   "Əlahəzrət Xalq maarifi nazirinə

   Şamaxı şəhəri qaçqını Sona xanım Əliyevadan

   Ərizə

   Ailə başçımız, Birinci Dövlət Dumasının keçmiş üzvü, atamız Məhəmməd Tahir Əliyev ermənilər tərəfindən qətlə yetirilmişdir, bütün əmlakımızı itirmişik. Güzəranım olduqca ağırdır.

   Sizdən acizanə surətdə xahiş edirəm ki, Tiflis Müqəddəs Nina məktəbini bitirdiyimi nəzərə alaraq, məni nazirliyin dəftərxanasında müvafiq işlə təmin edəsiniz.

   Ünvanım: Bakı şəhəri, Kolodeznaya küçəsi, ev 21

   Sona xanım Əliyeva, 16 iyun 1919-cu il".

   1918-1919-cu illərdə Xalq Maarifi Nazirliyində işlə təmin olunmaq üçün müraciət etmiş vətəndaşların ərizələrinə vaxtında baxılmış və onların əksəriyyəti müvafiq vəzifələrə işə qəbul olunmuşlar. Bundan əlavə, nazir Rəşidxan Qaplanovun imzaladığı 1919-cu il 19 sentyabr tarixli 293 nömrəli sərəncamla rəssam Əzim Əzimzadə Bakı müəllimlik seminariyasının incəsənət qrafikası müəllimi, 30 sentyabr 1919-cu il tarixli 376 nömrəli sərəncamla Axund Əsgər Poladzadə Gəncə Müəllimlik Seminariyasının ərəb və fars dili müəllimi, həmin il 12 oktyabr tarixli 418 nömrəli sərəncamla Hacı Şeyx Əli Feyzullazadə Bakı Dördüncü Kişi Gimnaziyasına İlahiyyat müəllimi təyin olunmuşlar.

   Rəşidxan Qaplanov cənablarının imzaladığı digər sərəncamlarla Fəridə xanım Ağayeva 1919-cu il sentyabr ayının 24-dən Şuşa real məktəbində alman dilindən dərs deməyə başlamışdır. Şəfiqə xanım Əfəndiyeva isə həmin ilin oktyabr ayının 8-dən Azərbaycan birinci milli gimnaziyasının müəllimi olmuşdur. Seyid Yunus Cəfərzadə Lənkəran kişi gimnaziyasının ilahiyyat, Pənah Qasımov isə Bakı birinci real məktəbinin türk dili müəllimi təyin edilmişdir. Qasım Fikri Nuxa kişi gimnaziyasında riyaziyyatdan dərs deməyə başlamışdır.

   Azərbaycan türklərinin tədris müəssisələrinə belə geniş surətdə cəlb olunması üçün qanuni zəmin yaradılmışdı. Xalq Maarif Nazirliyinin 28 avqust 1918-ci il qərarı ilə Azərbaycan Respublikasının bütün məktəblərində tədris dövlət dilində keçirilirdi. Respublikada yaşayan digər xalqların uşaqları üçün rus dilində fəaliyyət göstərən tədris müəssisələrində də dövlət dili olan Azərbaycan türkcəsinin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.

   Dövlət arxivində tarixi islahatların qətiyyətlə həyata keçirilməsinə dair çoxlu sənədlər saxlanılır. Məsələn, nazir R.Qaplanovun 1919-cu il sentyabrın 4-də imzaladığı 270 nömrəli sərəncamla tədris müəssisələrinin milliləşdirilməsindən sonra Azərbaycan birinci milli qadın gimnaziyasının direktoru Aleksey Dimitriyeviç Roqov və həmin gimnaziyanın təlimatçısı Olqa Semyonovna Sokolova azad edilmiş, bu vəzifələrə Petroqrad Ali Qadın Kursları tədris müəssisəsinin fizika-riyaziyyat fakültəsini bitirmiş Səlimə xanım Ağayeva təsdiq edilmişlər. Bakı 2-ci qadın gimnaziyasının müəllimi Məryəm xanım Bayraməlibəyova irəli çəkilərək Lənkəran qadın gimnaziyasının təlimatçısı fəzifəsinə təyin olunmuşdur.

       Arxivdə iyirminci yüzillikdə Azərbaycanın heç bir təhsil nazirinin kadr siyasətində təsadüf edilməyən bir hadisə ilə də rastlaşdıq: 1919-cu il sentyabr ayının 18-də Rəşidxan Qaplanovun 354 nömrəli sərəncamı ilə Varşava Politexnik İnstitutunun tələbəsi Muxtar Qasımova Bakı Kommersiya Məktəbinin inspektoru vəzifəsi həvalə edilmişdir. Azərbaycanda təhsilin milli zəmin üzərində qurulmasını sürətləndirmək üçün yeni dərsliklərin hazırlanması ön plana çəkilirdi. Azərbaycan türkcəsində dərsliklərin yazılması və nəşr olunması məqsədilə nazirlik yanında xüsusi komissiya fəaliyyət göstərirdi. Komissiyanın təklifi ilə ana dilində hazırlanmış ən yaxşı dərs vəsaitləri nazirlik tərəfindən mükafatlandırıldı.

   Arxivdə saxlanılan bir sənəddən məlum olur ki, "Türk əlifbası" dərsliyinə görə Mahmudbəyov 7.402 manat 50 qəpik, "Ədəbiyyat dərsləri" kitabına görə Hüseyn Cavid və Abdulla Şaiq 7.964 manat 80 qəpik, "Tarix-təbim" dərsliyinə görə Camo bəy Cəbrayılbəyov 14.105 manat məbləğində qonorar almışlar.

   1919-cu ildə dövlətin ümumi büdcəsindən təhsil sahəsinə 45 milyon manat vəsait ayrılmışdı. Bu, Hərbi Nazirlik və Dəniz Donanması üzrə büdcə xərclərindən (75 milyon) sonra ən çox məbləğ idi. Dövlətin təhsil islahatlarına ayırdığı böyük vəsait Bakı universitetinin açılmasına və yüz nəfər gəncin Avropa ölkələrinə göndərilməsinə maddi baza yaradırdı.

   Bu da əlamətdardır ki, hökumətin hərbi işlər üçün nəzərdə tutduğu büdcə vəsaitinin bir hissəsi də üstəlik təhsil sahəsinə ayrılmışdı. Beləliklə, ilk dəfə olaraq Xalq Cümhuriyyəti dövründə milli hərbi təhsilin bünövrəsi yaradılmışdı. Gəncə hərbi məktəbinə daxil olmaq istəyən gənclər Azərbaycanın bütün bölgələrindən Maarif Nazirliyinə məktubla müraciət etmişlər. Nümunə üçün arxivdə saxlanılan bir məktubla oxucuları tanış etmək istəyirəm:

   "Azərbaycan Xalq Maarif Nazirinə

   Cavanşir qəzasının Müsəlman Sarov kənd sakini Mahmud Xanbudaqovdan

   Ərizə

   Sizdən çox xahiş edirəm ki, mənim adımı Gəncə hərbi məktəbinə daxil olmaq arzusunda olan çağırışçıların siyahısına salasınız.

   Məlumat üçün bildirirəm ki, Bakı politexnik məktəbinin mexanika şöbəsini bitirmişəm.

   7 yanvar, 1919-cu il".

 

   Bakıdan Gəncə şəhərinə qatarla yollanan gənclərə gediş haqqı pulsuz olmuşdur. Bu, rəsmi qaydada, başqa sözlə, maarif nazirinin yollar nazirinə hər bir müdavim barədə məktubu əsasında həyata keçirilmişdir.

   Məsələn:

   "Yollar nazirinə

   Sizdən xahiş edirəm ki, Gəncə hərbi məktəbinə daxil olmaq istəyən İslam Axundova Bakı stansiyasından Gəncə stansiyasınadək pulsuz gediş üçün sərəncam verəsiniz.

   Xalq maarif naziri

   13 yanvar 1919-cu il".

   (ardı var)

       "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaq və bu yolda ya qazi və ya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

 Teyyub Qurban  

 Ekspress.-2015.- 7-10 mart.- S.14-15.