Cümhuriyyət tələbələri I fəsil

 

Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

   Gəncədəki hərbiyyə məktəbi Azərbaycan Cümhuriyyəti dövründə milli zabit kadrları hazırlayırdı. Bundan başqa Gəncədə hərbiləşdirilmiş dəmir yolu məktəbi də fəaliyyət göstərirdi. Bakıda istehkamçı və hərbi feldşer məktəbləri açılmışdı.

   Azərbaycanın hərbi naziri Səmədbəy Mehmandarovun 1919-cu il 22 yanvar tarixli əmri ilə Gəncə əsgər xəstəxanası nəzdində bölük feldşer şagirdləri hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli əmri ilə isə bütün hərbi hissələrin nəzdində ikiaylıq sanitar kursları açılmışdı.

   1919-cu il 3 sentyabr tarixli əmr əsasında Şuşa Hərbi feldşer məktəbi fəaliyyətə başlamışdı. Şuşa hərbi məktəbi bilavasitə nazirliyin hərbi-tibb idarəsinin tabeliyində idiştat vahidləri Hərbi Şuranın 1919-cu il avqustun 31-də keçirilmiş iclasında təsdiq olunmuşdu. Məktəbdə dərslər Azərbaycan türkcəsində aparılırdı.

   1920-ci ilin yanvar ayında Azərbaycandakı bütün hərbi məktəblərə müdavim hazırlayan xüsusi hərbi təmayüllü kadet korpusu təşkil olunmuşdu. Üzeyir Hacıbəyli Azərbaycan Ordusu üçün "Milli Azərbaycan marşı"nı bəstələmişdi.

   ***

   Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində Demokratik Cümhuriyyət vaxtında və Sovet hakimiyyəti illərində hərbi məktəblərdə çalışmış bir generalın "Zəhmət siyahısı" ("Əmək kitabçası" - T.Q.) ilə tanış oluram:

   Familiyası - Bəylərbəyov

   Adı - Əlibəy

   Atasının adı - Şahkərim

   Əlibəy Şahkərim oğlu Bəylərbəyov 1895-ci ildə Lənkəran qəzasının Xıl kəndində anadan olmuşdur. Lənkəran gimnaziyasını bitirdikdən sonra, 1915-ci ildə Tiflisdə hərbi məktəbə qəbul olmuşdur. Hərbi məktəbi praporşik rütbəsi ilə başa vuraraq, Birinci Dünya Müharibəsi cəbhələrində əlahiddə xidmətinə görə rus ordusu Ali Baş Komandanlığı tərəfindən qızıl qılıncla mükafatlandırılmışdır.

 

   Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi məktəbdə dərs deyən Əlibəy çox keçməmiş zabitlər hazırlayan məktəbin rəisi olmuşdur. Sovet hakimiyyətinin ilk illərində, 1923-1924-cü ildə Azərbaycan SSR Daxili İşlər Komissarlığının Baş Milis İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, general-mayor rütbəsi almışdır. Hazırda Masallı rayonunun Xıl kənd məktəbi Əlibəy Bəylərbəyovun adını daşıyır.

   1938-ci il yanvarın 2-də SSRİ Ali Məhkəməsi hərbi kollegiyasının qərarı ilə xalqımızın əyilməz oğlu Əlibəy Bəylərbəyov güllələnəndə qırx üç yaşı vardı. Yeganə övladı - Şahkərim on beş yaşın içində idi. Respublika Sanitar Epidemiologiya İdarəsinin rəisi, Səhiyyə nazirinin müavini, tibb elmləri doktoruprofessor 1990-cı ildə dünyasını dəyişmişdir.

   Bu gün çoxları bilmir ki, Azərbaycan Respublikası Polis Akademiyasının birinci kurs müdavimləri arasında Azərbaycanın ilk daxili işlər komissarı, Cümhuriyyət dövrünün Hərbiyyə müəllimi general Əlibəy Bəylərbəyov nəslinin gənc davamçısı Elvin Aftandil oğlu Bəylərbəyov da var...

   Deyilənə görə, Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində Əlibəy Bəylərbəyovun Müsavat ordusunun zabiti kimi bolşeviklər tərəfindən həbsə alınmasının qarşısını Səmədbəy Mehmandarov alıbmış. Nəriman Nərimanov Leninə məktub yazaraq, S.Mehmandarovu Moskvaya göndərəndə məşhur general N.Nərimanovdan xahiş etmişdi ki, Əlibəy Bəylərbəyovdan muğayat olsun, ondan Azərbaycanda istifadə etsin. Lakin Nəriman Nərimanov Azərbaycanı tərk edəndən sonra Əlibəy Bəylərbəyova da münasibət dəyişmişdir.

   Azərbaycanın Cümhuriyyət hərbçiləri 1924-cü ildən başlayaraq ordudanpolis orqanlarından uzaqlaşmışlar. 1926-cı ildə S.M.Kirovdan sonra daşnak Levon Mirzoyanın Azərbaycan rəhbərliyinə gətirilməsi yüzlərlə azəri türkünün həbsi ilə nəticələndi. AXC dövründə və eləcə də, Sovet hakimiyyətinin ilk illərində xidmət göstərmiş 250 nəfər hərbçi işgəncələrin qurbanı oldu. Levon Mirzoyanın göstərişi ilə ali mühəndis məktəblərində, Bakı Universitetində, dövlət müəssisələrində "təmizləmə" işi geniş vüsət aldı. Azərbaycan K(b)P MK-nın birinci katibi Levon Mirzoyan 1928-ci ildə Bakı Partiya Komitəsinin yığıncağında deyirdi: "Müsavatçılara qarşı savaşımızı şiddətləndirməliyik. Baş düşmənimizin "Müsavat" olduğunu bütün proletar sinfinə bildirməliyik".

   Əlibəy Bəylərbəyovun əmək kitabçasına yazılanlar həmin illərin siyasi mənzərəsini əks etdirir:

   "1921-ci il, iyun - Hərbi məktəbin batalyon komandiri vəzifəsinə təyin edilmişdir.

   1922-ci il, iyun - Azərbaycan SSR Baş Milis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir".

   Şan-şöhrətli hərbçi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun plan-iqtisadiyyat fakültəsinə daxil olmuş, oranı müvəffəqiyyətlə bitirmişdir. Əmək kitabçasına APİ-ni qurtarmaq barədə 40 N-li diplom əlavə edilmişdir.

   Azərbaycan Balıq Trestində işləyən Ə.Bəylərbəyovun əmək kitabçasının bir vərəqinə də aldığı töhmət həkk olunmuşdur: "1932-ci il 23 fevral. Azərbaycan Balıq Trestinin 5 saylı iclas protokolundan çıxarış. İşdə səhlənkarlığa yol verdiyinə görə plan şöbəsinin müdiri Əlibəy Şahkərim oğlu Bəylərbəyova töhmət elan edilsin".

   1933-cü il dekabr ayının 10-da Mir Cəfər Bağırov Azərbaycan K(b) P Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra Müsavat əsgərinin və generalın əzablarına son qoyulmuşdur. Əmək kitabçasında "töhmət"dən sonra yazılmış qeydlərə diqqət yetirin:

   "1934-cü il, 28 sentyabr - Dövlət Plan Komitəsi Sənaye şöğbəsinin müdiri Bəylərbəyovun aylıq məvacibi 500 manatdan 600 manata qaldırılsın.

   1934-cü il, 16 oktyabr - Ə.Ş.Bəylərbəyov Dövlət Plan Komitəsi Sənaye İdarəsinin rəisi vəzifəsinə təyin edilsin.

 

   1935-ci il, 9 yevral - Səkkizinci Ümumazərbaycan Sovetlər qurultayına hesabatın hazırlanmasında fəal işinə görə Ə.Ş.Bəylərbəyova təşəkkür elan edilmişdir".

   Həmin illərdə keçmiş general partiya sıralarına da qəbul edilmişdir.

   1938-ci ildə Moskva "Üçlüyü"nün ("Toyka") çıxardığı hökmdəsə deyilirdi: "Əlibəy Bəylərbəyov burjua millətçilərinin Bakı şəhərində fəaliyyət göstərən antisovet terrorçuluq və təxribatçı-ziyankar təşkilatında iştirak etmişdir. 1933-cü ildən Dövlət Plan Komitəsi sistemində ziyanverici iş aparmışdır. SSRİ Partiya və Dövlət rəhbərlərinə qarşı terrorçuluq fəaliyyəti təbliğatında iştirak etmişdir".

   Milli Təhlükəsizlik Nazirliyinin arxivində Ə.Bəylərbəyovun bəraət sənədi də saxlanılır: "SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 1956-cı il 28 noyabr tarixli qərarı ilə Bəylərbəyov Əlibəy Şahkərim oğlu barəsində 1938-ci il 2 yanvar tarixli hökm işdə cinayət tərkibi olmadığına görə ləğv edilsin".

   Təəssüflər olsun ki, "qızıl qılınclı" görkəmli hərbçi qırmızı cild Azərbaycan Sovet Ensiklopediyasına düşməmişdir. 1982-ci ildə ASE-nin altıncı cildində Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, Əlibəy Bəylərbəyovun həmyerlisi və uzaq qohumu Səmədbəy Mehmandarova da böhtan atılmışdır. Onun haqqındakı məqalədə (səh.470) oxuyuruq: "1918-ci ildən hərbi nazir olmasına baxmayaraq, Müsavat hökumətinin xalqa zidd siyasətindən narazı idi".

   Yalan. yalan!

   Milli Təhlükəsizlik Nazirliyinin muzeyindəki zəngin eksponatlar arasında Azərbaycan Cümhuriyyəti dövründəki Təhlükəsizlik naziri olmuş Nağı Şeyxzamanlı barədə materiallar da vardır. Nağı Şeyxzamanlının 1964-cü ildə Türkiyədə nəşr olunmuş "Xatirələr"ini filologiya elmləri doktoru, səriştəli tədqiqatçı Cəlal Qasımov 1997-ci ildə yenidən çapa hazırlamışdı. "Qartal" nəşriyyatı tərəfindən oxuculara çatdırılmış kitabın 212-214-cü səhifələrində təhlükəsizlik nazirinin hərbi nazirin şəxsiyyətinə dair söylədiklərini oxucuların nəzərinə çatdırmaq yerinə düşər:

   "Ağqvardiyaçı general Denikin 1919-cu ildə tez-tez müxtəlif hadisələr törədərək Cümhuriyyətimizi hədələyirdi. Dövlətimiz və xalqımız bunların hədələrinə əhəmiyyət vermirdi. Bir ziyafət zamanı general Denikinin hədələrindən söz açılmışdır.

   Dövlətimizin, xalqımızın və ordumuzun fikirləri eyni idi: gələcəkləri varsa, görəcəkləri də var. Ziyafətdə olanların hamısı öz fikrini bildirmək üçün Cümhuriyyətimizin hərbi naziri general Mehmandarlıya baxırlar. Polad iradəli, 75 yaşlı qoca aslan ayağa qalxaraq ətrafına göz gəzdirir və sözə başlayır: "Əziz övladlarım, general Denikinin nə mənası var, nə qiyməti. Denikin məni rus millətindən, çarından və ordusundan yaxşı tanıyır. Və yenə çox yaxşı bilir ki, mənim komandanlıq etdiyim rus orduları daima rus ordularından üstün olmuşdur. Övladlarım, mən bütün gəncliyimi və enerjimi rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, bu ixtiyar yaşımda millətimin milli ordusunu qurmaq mənə nəsib oldu. Qurduğumuz ordumuza komandanlıq etməkdəyəm. Mənim komandanlıq etdiyim ordunun üzərinə Denikin cəsarət edib gələ bilməz".

   Cümhuriyyət tələbələrinin andı

   "Qadir Allahöz vicdanım qarşısında söz verirand içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçüngücümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

 

   

 

   "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

əvvəli,ardı var

 

Teyyub QURBAN

Ekspress.-2015.- 14-16 mart.- S. 15.