"Özümü
Musiqili Komediya
Teatrında tapdım"
Elməddin Dadaşov: "Yuğ"
"ata ocağım",
Musiqili Komediya isə "ana ocağım"dır
Musiqili Teatrın
(keçmiş Musiqili
Komediya Teatrı) rejissoru və aktyoru Elməddin Dadaşov teatrın bütün məsələlərində-tamaşaya
hazırlıqlardan, aktyor
işindən tutmuş,
tamaşa təhvil verilənədək olan bütün işlərdə
böyük rol oynayır.
"Özümü
Musiqili Komediya
Teatrında tapdım",- deyir rejissor-aktyor. Onunla Novruz bayramı ərəfəsində bayram proqramlarına
hazırlaşdığı zaman görüşdük.
TANITIM: Elməddin Dadaşov Bakıda doğulub. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissor sənəti" fakültəsinə daxil olub və 2008-ci ildə bu fakültənin "Dram rejissoru" ixtisası üzrə məzunu olub. 2005-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında əvvəlcə səhnə maşinisti kimi çalışmağa başlayıb, hazırdasa rejissor assistenti vəzifəsində çalışır. İşlədiyi müddət ərzində "Aldın payını, çağır dayını", "Talelər qovuşanda", "Bir günlük siğə və ya keçmiş ola, arkadaş", "Əlin cibində olsun", "Məsmə xala dayımdır" kimi tamaşaları idarə edib. "Qurd, bir dayan", "Qısqanc ürəklər", "Milyonçunun dilənçi oğlu", "Yeddi məhbusə anası", "Bayadera", "Mən dəyərəm min cavana", "Yağışcığın macərası", "Arşın mal alan", "Kimdir müqəssir?", "Kimyagər" kimi tamaşalarda rejissor assistenti kimi fəaliyyət göstərib.
Bir çox tamaşalarda aktyor kimi də çıxış edib. "Milyonçunun dilənçi oğlu" tamaşasında Şair, "İddialı qaraçı" operettasında Poruçik, "Yeddi məhbusə anası" komediyasında Qamət və Cin , "Şeytanın yubileyi" tamaşasında Cangüdən və Polis, "Qızıl toy"da Şoumen və turist, "Aldın payını, çağır dayını" musiqili komediyasında Tarik Tərlan (Tərgəldi), Ə. Haqverdiyevin "Kimdir müqəssir?" əsərində Pişik obrazlarını və s. ifa edib.
- İncəsənət Universitetinə qəbul olunduğum zaman çox böyük pedaqoq-sənətkarlarımız - Eldar Quliyev, Cəmil Quliyev, Bəhram Osmanov və Həmidə Ömərovanın qarşısında imtahan verdim. Bu sənətdə addımlamağımda Cəmil Quliyevin çox böyük rolu oldu. İmtahandan uğurlu keçdim və sənət müəllimimin kim olacağını həyəcanla gözləməyə başladım.
İlk dərs günü qapı açıldı, Məmməd Səfa Qasımov ilə birlikdə eynəkli və ucaboylu bir şəxs içəri girdi və bizlərə xitabən "salam çocuklar" dedi. Bu, böyük ustad Vaqif İbrahimoğlu idi. İlk dərs tanışlıqdan başladı, kimin hardan gəldiyi ilə maraqlanan Vaqif müəllim özümü təqdim etdiyim zaman "axır ki, bir bakılı gəldi" dedi. Vaqif İbrahimoğlu Mərdəkanlı idi. Görəndə ki, onun bu sözü digər tələbələr arasında narahatlıq yaradır, hamının könlünü aldı. "Sizin hamınız mənə əzizsiniz, ancaq öz yerimdən olan biriylə eyni ləhcədə zarafat etmək xoşuma gəlir" dedi. İnsan atdığı ilk addımlardan uğur qazanırsa, deməli bu, davamlı olacaq. Vaqif İbrahimoğlunun tələbəsi olmaq mənim üçün ən böyük uğur idi.
- Bildiyimə görə, tələbə vaxtı həm Musiqili Komediya Teatrında, həm də Yuğ Teatrında sənət dərsləri keçmisiniz...
- Təcrübəni elə tələbə vaxtından qazanmaq lazımdır. Hər zaman deyirdim ki, Yuğ Teatrı "ata ocağım", Musiqili Komediya Teatrı isə "ana ocağım"dır. "Yuğ"da sənət dərsləri keçməyim təbii idi, çünki teatrın yaradıcısı Vaqif müəllim aktyorlarını əsasən tələbələri arasından seçirdi. Musiqili Komediya Teatrı ilə əməkdaşlığımın isə qəribə bir tarixçəsi var. Vaqif İbrahimoğlu Bəşir Səfəroğlunun yubleyini hazırlayırdı və buna görə tez-tez gülüş kraliçası Afaq Bəşirqızı ilə görüşləri olurdu. Həmin ərəfədə müəllimim bir neçə tələbəsini, o cümlədən məni Afaq xanıma təqdim edərək "tələbələrimin yubileydə iştirak etməsini istəyirəm" dedi. Bu yubileydə iştirak nəticəsində Hacıbaba Bağırovla da tanış oldum və bu ustadların dəstəyi ilə Musiqili Komediya Teatrı ilə əməkdaşlığa başladım. İlk işim nağıl-tamaşa idi, rejissor assistenti olaraq tamaşanın ərsəyə gəlməsində iştirak etdim. Beləcə, əsas fəaliyyətim Musiqili Komediya Teatrında başladı. Bu teatrda mənə dəstək olan o qədər insanlar olub ki, onların hər birinə minnətdaram. İstər Hacıbaba Bağırovun dövründə, istərsə də Əliqismət Lalayevin rəhbərlik etdiyi indiki dövrdə Musiqili Teatrda mənə yaradıcılıq üçün bütün imkanlar yaradılıb. Həm rejissor, həm də aktyor olaraq daima bütün tamaşalarda iştirak etmişəm.
- Niyə Yuğ Teatrını yox, Musiqili Komediya Teatrını seçdiniz?
- Buna görə Vaqif müəllim məndən incimişdi, hətta etiraz etdi. Dedi ki, "istəmirəm bu səpkidə davam edəsən, sənin bazan var, sən dünya ədəbiyyatı ilə tanışsan, səndə inkişaf var". Mənə Yuğ Teatrının poetikasını başa salmağa çalışırdı, ancaq mən onsuz da "Yuğa" bələd idim, onun poetikasını bilirdim. Buna görə də artıq özümü bilmədiklərimdə axtarırdım. Özümü Musiqili Komediya Teatrında tapdım, hiss edirdim ki, bu teatr mənim yaradıcılıq imkanlarım üçün önəmli bir meydandır. Düzdür yolumu seçdim, ancaq müəllimimi incitdim, ancaq sonralar könlünü aldım. Yaxşı ki, bu, onun ölümündən öncə oldu...
- Şöhrətə tez yetişmək baş gicəlləndirici olmadı ki?
- Əsla. Heç bir zaman arxayınçılıq kimi hisslərim olmadı, şöhrətdən də sizin dediyiniz kimi, başım gicəllənmədi. Müəllimlərim mənə belə öyrətməyib axı, qazanılan uğur həmin an unudulacaq və yeni zirvənin fəthinə çalışacaqsan. Bu düşüncə tərzi çox vacibdir.
- İkinci rejissor kimi üzərində çalışdığınız tamaşaların sayı-hesabı yoxdur...
- Rejissor ixtisası almaq hələ işin başlanğıcıdır, peşəkarların yanında rejissor köməkçisi olaraq çalışmaq da hələ öyrənmə prosesidir. Teatrımızda bir zamanlar "Uşaq studiyası" fəaliyyət göstərirdi. Bu studiyada müstəqil şəkildə 3 tamaşa (2011-2012-2013-cü illərdə) təhvil verdim. İlk tamaşam "Buratino" oldu, sonra da digərləri.
- Həm də televiziyada Səhər proqramında çalışdınız, ancaq bu o qədər də uzun sürmədi...
- "Space" kanalının rəhbəri, sevimli rejissorumuz Vaqif Mustafayevin dəvətiylə həmin kanalda 2013-2014-cü illərdə "Hər səhər" əyləncəli informasiya proqramında həm quruluşçu rejissor olaraq, həm də müxbir kimi çalışdım. Bir çox sənətkarlarımızın ad günlərinə quruluş verdim, Novruz bayramı, Yeni il şənliklərini hazırladım. Yəni, bir ildə o qədər proqramlar hazırladım, o qədər çox sayda sənətkarlarla həmsöhbət oldum ki, zənnimcə bir il yetərli idi. Bir ildə sözümü dedim və yenidən sadəcə öz işlərimlə məşğul olmağa başladım. Artıq başqa layihələr var.
- O vaxtlar NEON adlı bir qrupla Sizi el şənliklərində də görmək olurdu...
- Bu da bir
təcrübə idi və bu yolu keçməli idim. Həmin qrupla bir çox el şənliklərində iştirak
etdim. Məncə, el
şənlikləri də bir mədəniyyətdir.
- Rejissorluqla yanaşı, Sizi maraqlı rollarda da görürük. Ən kiçikhəcmli rolu belə oynamaqdan çəkinmirsiniz...
- Tamaşa üzərində çalışdığımız zaman elə rollar olur ki, kiçik həcmli olsalar da, özümə yaxın hiss edirəm və quruluşçu rejissora oynamaq istədiyimi söyləyirəm. Beləcə, bir çox tamaşada sadəcə pərdə arxasında rejissor kimi deyil, eyni zamanda səhnədə aktyor kimi də iştirak edirəm. Oynadığım rollar içində elələri olub ki, onlara marağım daha güclü olub. Məsələn, Anarın "Adamın adamı" əsəri əsasında hazırlanan "Aldın payını, çağır dayını" tamaşasında Tarik (Tərgəldi) rolunu çox sevmişəm. Əslində bu rolu başqa bir aktyor oynayırdı, sonra həmin aktyor səhhətindəki problemlə bağlı tamaşaya gələ bilmədi və rejissor Faiq Zöhrabov rolu mənə təklif etdi. Tamaşada iştirak edən aktyorların dəstəyi ilə rolu hazırladım, hətta əsəri orkestrlə oxudum. Tamaşa maraqlı alınmış, Tarik rolu da bəyənilmişdi. Yeri gəlmişkən, bir vaxtlar Tarik rolunu Akademik Milli Teatrda İlham Namiq Kamal, tərəfmüqabili Nazlı Qəmzəlini isə Şəfiqə Məmmədova oynamışdı. Bizim teatrdasa Nazlı Qəmzəli Afaq Bəşirqızı idi, dublyoru isə Nahidə Orucova olmuşdu.
- Elə rollarınız varmı ki, Sizi öz təsiri altında saxlasın?
- "Kimdir müqəssir?" tamaşasında şeytan xislətli Pişiyi
oynayıram və etiraf edim
ki, hər dəfə bu
rolda səhnəyə çıxanda çox pis halda təsirlənirəm. Bəlkə Yaradana, Peyğəmbərə olan inamın nəticəsidir ki,
şeytan xislətini özümə
yaxın bilmirəm, ancaq hamı bu rolu tərifləyir, hətta
deyirlər ki, bu rolda səndən başqasını görmək
mümkün deyil. Bu tamaşa ilə
teatrımız Şəkidə keçirilən I Beynəlxalq
Teatr festivalında (2014-cü il) qalib oldu.
Tamaşada həm aktyor kimi çıxış
edirdim, həm də rejissor assistenti olaraq. "Qızıl toy" tamaşasında
Yusif Əkbərov Şoumen rolunu mənə təklif etmişdi və bu rolda da
səhnəyə çıxdım.
Hətta
elə olur ki, rol maraqlı
alınanda rejissorla məsləhtli şəkildə
onun həcmini, imkanlarını bir qədər artırırıq.
- Bir çox rejissorlarla çalışmısınız, rejissor müəyyən səbəblərdən teatrdan
gedirsə, cavabdehlik birbaşa rejissor assistentinin üzərinə
düşür. Belə məsuliyyət
yükünü necə
daşıyırsınız?
- Yaxşı yadımdadır, Faiq Zöhrabov dünyasını
dəyişdikdən sonra
belə bir məsuliyyət yükünü
hiss etdim. Bilirsiniz ki, onun quruluşunda hazırlanan
"Talelər qovuşanda"
tamaşası illərlə
idi ki, teatrın
repertuarında var. Tamaşada
satıcı rolunu da mən oynayıram.
Artıq
tamaşanın 105-ci tamaşası
oldu. Bu tamaşaya
12 aktyor hazırlamışam.
Əli rolunu Elxan Əhədzadə
oynayırdı, sonra Ramil Qasımovu bu rola hazırladım.
Həmin
rolu Fərid Əliyev də oynadı. Lütfiyyə Səfərovadan sonra Nazpəri roluna Nahidə Orucovanı hazırladım.
Ziyadxan Cəbrayılovun başqa
tamaşalardakı rolları
ağır olduğu üçün Yunis Topçuyev roluna Novruz Qartalı hazırladım. Totuş
rolunu mərhum Elçin Həmidov oynayırdı, sonra Məhərrəm Qurbanovu
hazırladım, Gülər
obrazına Ülviyyə
Əliyeva ilə bərabər Türkel Şabanovanı dublyor olaraq hazırladım. Nərgiz roluna Nərgiz xanımla bərabər Gültac Əlilini hazırladım. Murad roluna
Hüseyn Əlili ilə bərabər Əlif Cahangirovu hazırladım və s.
- Hər rola yenidən aktyor hazırlamaq elə tamaşanı yenidən qurmağa bərabərdir...
- Doğrudan da, çox çətin prosesdir. Bir var əvvəlcədən
aktyorları müəyyənləşdirirsən
və hər biri eyni vaxtda
tamaşa üçün
hazırlanır, bütün
proseslərin iştirakçısı
olurlar. Bir də var ki, eyni yola
çıxan, eyni yolu addımlayan aktyorların içinə
biri yenidən gəlir, bununla da onunla bərabər
hər şey sanki yenidən başlayır. Bu baxımdan
"Talelər qovuşanda"
tamaşasında çox
ağır iş prosesləri oldu və nəticədə teatrın rəhbərliyi
məni tamaşanın
rejissoru təyin etdi.
- Hər zaman tələbkar rejissorlarla əməkdaşlıq
etmisiziniz. Bu o qədər
də asan iş deyil...
- Asan olmasa da, onların
hər biri ilə çalışmaq
elə məktəb kemək kimi bir şeydir. Təsəvvür edin ki, Bəhram Osmanovun yaradıclığına özüm
kimi bələdəm.
Onunla tələbə vaxtı artıq qarşılaşmışdım
və bir müddət sonra teatrımızda Qoqolun
"Evlənmə" əsərinə
müraciət olundu.
Həmin
tamaşaya bir çox teatrlardan aktyor dəvət edildi və quruluşçu rejissor işinə də Bəhram Osmanov təyin edildi, köməkçi rejissor
da mən idim. Sonra Axundovun 200 illik
yubileyi üçün
hazırlanan "Kimyagər"
tamaşasında bərabər
çalışdıq. Daha sonra Oruc İzzətoğlu,
Cənnət Səlimova
ilə çalışdım.
Çalışdığım rejissorların hər biri mənim yaradıcı kimi püxtələşməyimdə böyük rol oynayıb...
Xədicə
QİYAS
Ekspress.-2015.-
14-16 mart S. 21.