"Tamaşa içində
tamaşa yaratdım"
Mərahim Fərzəlibəyov:
"İlyas Əfəndiyev qadın psixologiyasını
qadın yazıçılardan daha yaxşı bilirdi"
İlyas Əfəndiyevin 1967-ci ildə qələmə
aldığı "Mənim günahım" pyesi
dramaturqun ən çox sevdiyi əsərlərdən biri idi.
Amma səhnə təcəssümünü
yazıçının istədiyi kimi tapmamışdı.
İlyas Əfəndiyevlə uzun illər əməkdaşlıq edən, onun 9 pyesinə quruluş verən rejissor Mərahim Fərzəlibəyov illər sonra "Mənim günahım"la yenidən gündəmə gəldi. Pyes üzərində olan hazırlıq işləri hələ ötən ildən başlanmışdı. Yeni tamaşa İlyas Əfəndiyevin 100 illik yubileyinə bir hədiyyədir.
Pyes geniş tamaşaçı auditoriyasına təqdim olunduğu gündən ətrafında müzakirə və polemikalar qızışdı, tamaşa heç də birmənalı qarşılanmadı.
Mərahim Fərzəlibəyovla söhbətimiz də "Mənim günahım"la bağlı oldu.
- Mərahim müəllim, İlyas Əfəndiyevlə uzun illər əməkdaşlıq etmisiniz, bəlkə də onun əsərlərinə sizin qədər müraciət edən ikinci bir rejissor olmayıb...
- İlyas Əfəndiyevlə yaradıcı əməkdaşlığımız 1979-cu ilə təsadüf edir. Quruluş verdiyim tamaşaları bəyəndiyi üçün ilk dəfə əməkdaşlığa yeni yazdığı "Xurşidbanu Natəvan" pyesi ilə başladıq. Bu pyesin yazıldığı tarixdə Qarabağ məsələsi o qədər də aktual deyildi. İlyas müəllim öz əsərində xan qızı Nətəvanı bir şəxsiyyət kimi təqdim etdi. Çünki Xan qızı haqqında bir çox şayiələr gəzirdi ki, bu da onun şəxsiyyəti haqqında yanlış fikirlər yaradırdı. Yazıçı öz əsəri ilə məhz həmin şayiələrə son verdi, onu bir şəxsiyyət, dövlət xadimi kimi, əlbəttə ki, çatışmayan cəhətləri ilə təqdim etdi. Və ən önəmlisi SSRİ dövründə - 1979-cu ildə xan qızının dili ilə deyirdi: "Bizi bu əzablı yolların axırında azad Azərbaycan gözləyir". Mərkəzi Komitədən bu sözlərə heç bir irad olmadı, çünki bu fikir çoxlarının ürəyincə idi. Bir sözlə, "Xurşidbanu Natəvan"la başlayan bu əməkdaşlıq İlyas müəllimin son günlərinə qədər davam etdi. Böyük rejissor Tofiq Kazımovun ölümündən sonra demək olar ki, bütün əsərlərini mənimlə işləməyə başladı. Bunun da səbəbi o idi ki, İlyas müəlimlə bir-birimizi başa düşürdük. Onun sağlığında 8 əsərinə quruluş verdim, ölümündən sonra isə iki əsərinə quruluş verdim: Sumqayıt Teatrında "Sən həmişə mənimləsən" və Milli Teatrdasa "Mənim günahım".
İlyas Əfəndiyevin yaradıclığı genişşaxəli olub, onlarla əsərləri var və elə əsərləri də var ki, heç səhnəyə qoyulmayıb. İlyas Əfəndiyevin əsərləri hər dövrdə aktualdır, çünki yaşadığı quruluşu, cəmiyyəti, mövcud olan problemləri, qayda-qanunları və s. yaxşı bilirdi.
İlyas müəllim
qəhrəmanlarını öz cəmiyyətinə bənzədir.
Yəni, hər
bir insan yaşadığı cəmiyyətin modelidir. Qapalı bir cəmiyyətdə
yaşadığımız illərdə SSRİ-nin bir
çox qadağaları vardı. Onlardan biri də
Şimali və Cənubi Azərbaycan arasında olan sərhəd,
onların birləşməsinə qarşı olan qüvvələr
və s. kimi məqamlardan bəhs olunmasına izn verilmirdi. Ancaq yazıçı "Unuda bilmirəm" əsərində
ilk dəfə cənub dərdimizdən bəhs etdi. Doğrudur o vaxta qədər həmin mövzuya aid qələmə
alınan, şerlər, romanlar var idi, ancaq ilk dəfə Azərbaycanın
ana teatrında belə bir mövzunu səhnələşdirilməsi
çox cəsarətli addım idi. İlyas
müəlimin qəhrəmanları ideal deyil, çünlki
o, ideal qəhrəman yaratmırdı, qəhrəmanını
mənfi və müsbət cəhətləri ilə təqdim
edirdi. Yəni, insan robot deyil,
canlıdır və canlı insan mütləq hər
hansı bir səhvlərə yol verə bilər. Bu baxımdan yazıçı qəhrəmanlarında
mütləq bu kimi keyfiyyətlərə yer verirdi.
- Bildiyimə görə, "Mənim
günahım" yazıçının ən çox
sevdiyi əsərlərindən biri olsa da, onun səhnə
variantını ürəyi istədiyi kimi görmək arzusu
həyata keçməyib...
- Əslində
"Mənim günahım" bəlkə də Azərbaycan
ədəbiyyatında yeganə əsərdir ki, burda bir
balerinanın həyatından bəhs olunur. Ümumiyyətlə, balerinanın taleyi aktrisanın
taleyindən çox fərqlənir. Çünki
balerina 3 yaşından 40 yaşına qədər əzablı
yol keçir. Məhz belə bir çətin
obrazı yaradan yazıçı onun səhnə
variantını görməyi çox arzulayırdı.
"Mənim günahım" yazıldığı
1967-ci ildə səhnəyə qoyulsa da, bir neçə dəfə
təqdim olunduqdan sonra bağlanıb. Tamaşanın
rejissoru Əşrəf Quliyev olub. İlyas
müəlim bəyənmədiyi üçün tamaşa
bağlanıb. Bunu yazıçı
özü deyirdi. Mən tamaşanı
görməsəm də, yazıçıdan eşitdiklərimdən
belə nəticəyə gəlirəm ki, tamaşanın ən
çatışmayan cəhəti rolların
bölgüsü olub. Çox gözəl
aktrisamız Leyla Bədirbəyli balerina rolunu oynayıb, ancaq
onun bədən ölçüləri obraza uyğun
olmayıb. Əli Zeynalov da obraza görə
bir qədər yaşlı olub və s.
- Maraqlıdır ki, İlyas
Əfəndiyev kimi bir dramaturq məhz tamaşa təqdim
olunduqdan sonra onu bağlamaq fikrinə düşüb. Yəni, əvvəlcədən bu
çatışmazlığı hiss edə bilməmişdi?
- İlyas Əfəndiyev
bəlkə də yeganə müəllif idi ki, əsərlərini
sadəcə səhnədə görmək üçün
yazmazdı, əksinə qələmə aldığı əsərin
səhnə variantının da uğurlu olması
üçün çalışırdı. Bu baxımdan bir çox tamaşaları olub ki, bir
neçə dəfə oynanıldıqdan sonra
bağlayıb. Görünür "Mənim
günahım" tamaşası da məhz bu səbəblərlə
bir neçə dəfə oynanıldıqdan sonra bağlanıb.
Və onunla əməkdaşlıq etdiyim illər
ərzində daima "Mənim günahım"dan bəhs
edər, ordakı obrazlardan danışardı.
- Bəs Siz niyə
bu əsərə yazıçının
sağlığında müraciət etmədiniz?
- Mən istəmirdim bu əsərə müraciət edim. Çünki İlyas müəllimdən hər il yeni-yeni əsərlər gözləyirdim. "Mənim günahım" hazır bir əsər idi və istənilən vaxt müraciət edə bilərdim. Və vaxt, zaman yetişdi, mən məhz bu əsərə müraciət etməyi düşündüm, çünki əsər olduqca aktualdır, hər dövrün nəbzini tuta bilir. 1967-ci ildə yazılsa da, görün bu gün necə də öz müasirliyini qoruyub saxlayır. Həm cəmiyyət baxımından, həm məhəbbət baxımından, eyni zamanda da insan məfhumu baxımından aktualdır. Mən dünya ədəbiyyatını daima oxuyuram. Əsərdəki Səxavət obrazı çox böyük obrazdır. Bu obrazla insanın ən dəhşətli keyfiyyətləri üzə çıxır. Bu şəxsin pulu var və ehtiyacı olanlara borc verməkdən zövq alır. Bu sadizmdir və belə bir obraz çox nadir obrazdır. Bu baxımdan "Mənim günahım" əsərində hər obrazın öz çəkisi, öz gücü var.
- Amaliya Pənahovanın
quruluşunda bu əsər televiziya tamaşası olaraq
hazırlanmışdı. Aktrisa eyni zamanda Nurcahan
obrazını canlandırmışdı. Bir rejissor kimi bu barədə
fikirlərinizi bilmək istərdim...
- Televiziya tamaşası bir növ
film kimi təqdim olunur. Etiraf edək ki, Amaliya
xanımın quruluşu, oynadığı Nurcahan obrazı
maraqlı alınmışdı, ümumiyyətlə,
tamaşada maraqlı aktyor heyəti var idi. Eyni zamanda, təqdim olunduğu 1985-ci ildə öz
aktuallığı ilə diqqəti çəkdi. Bilirsinizmi, tamaşada rol bölgüsü çox
vacibdir. Bu baxımdan mən əsərə
müraciət etməyi düşündüyüm zaman
öncə rol bölgüsü haqqında
düşündüm. Əsas qəhrəmanları
elə aktyorlarımız oynamalı idi ki, məhz onların
vasitəsi ilə dövrün problemini qabarda bilim.
- Nurcahan obrazında Məleykə
Əsədovanın ifası maraqlı alınıb. Ən
azından ona görə ki, aktrisa balerinanın
görünüşünə, yəni, bədən
ölçülərinə çox yaxın idi...
- Məleykə Əsədova həm
görünüşü ilə, həm də aktrisalıq
qabiliyyəti ilə özünə geniş
tamaşaçı kütləsi toplamış
aktrisalarımızdan biridir. Bu baxımdan onu Nurcahan
obrazına çox yaxın bildim, eləcə də Sahib rolu üçün Elşən Rüstəmovu
düşündüm.
- Bəzi səhnələrdə
maraqsız görünən uzun-uzadı məqamlara təsadüf
olunur, ancaq hər halda rejissor kimi bir bildiyiniz var ki, həmin səhnələrə
belə geniş yer vermisiniz...
- Uzun-uzadı dediyiniz səhnələrdə
gənc aktyorlara bilərəkdən geniş meydan verdim. Çünki yenicə səhnədə ilk
addımlarını atan bu gənclər gələcək
tamaşalar üçün hazırlanmalıdır. Həmin gənclərə rol etibar etmək
lazımdır ki, artıq irəlidə olan illərdə qəhrəman
rolları üçün hazırlana bilsinlər.
- Əsərdə nəyə
daha çox sadiq qaldınız və hər hansı bir
tapıntılar oldumu?
- Sovet dövründə cəmiyyətdə
baş verən prosesləri qabarıq göstərmək
üçün əsas qəhrəmanlardan öncə cəmiyyətdəki
problemləri önə çəkmək vacib idi. O dövr
üçün bu, maraqlı ola bilərdi,
ancaq hazırkı dövrdə fərqli yanaşma tələb
olunurdu. Məsələn, Nurcahanın qadın
kimi çəkdiyi iztirablar, qadınlıq qüruru, sevgi
hisslərini qabarıq vermək daha məqsədəuyğun
hesab olunurdu. Xüsusilə də sevgi xəttini
çox qabartdım, çünki hazırda ən çox
ehtiyacımız olan hiss məhz sevgidir. Nurcahan
mürəkkəb obrazıdr, onun də səhvləri var. Həyat
yoldaşından bir dəfə diqqətsizlik görməklə
bunu sanki böyüdür və faciəyə çevirir.
Sahib əvvəlki dövr
üçün şəhər soveti sədri vəzifəsinə
təyin olunub, bunu indiki dövrdə bələdiyyə kimi təqdim
etdik, zamanını əsasən işə həsr edir, hətta
elə gərgin çalışır ki, sevdiyi
qadının tamaşasının 200-cü təqdimatına
gəlmir. Və hər dəfə onun bir diqqətsizliyi
üzə çıxır ki, nəticədə də
onların ayrılmasına səbəb olur. Mənə elə gəlir ki, məhəbbətin
digər bir adı diqqətdir, insan sevəndə gərək
diqqəti itirməsin.
-Ümumiyyətlə, İlyas
Əfəndiyevin qadın qəhrəmanları diqqəti
çox sevir, sevgiyə böyük önəm verir və ən
əsası çox cəsarətlidirlər...
- Həqiqətən İlyas
Əfəndiyev qadın psixologiyasını qadın
yazıçılarımızdan daha yaxşı bilirdi. Bu baxımdan o, qadın qəhrəmanlarını
sevgi dolu, cəsarətli təqdim edirdi. Bu
baxımdan Məleykə Əsədovanın
oynadığı Nurcahanı tam şəkildə bəyənirəm.
Bəlkə də ona görə ki, Məleykə
xanımın aktrisalıq taleyi ilə Nurcahanın balerina kimi
taleyində çox oxşarlqı var idi. Bu
baxımdan aktrisa obrazda o qədər də
başqalaşmırdı, sanki, öz taleyini
yaşayırdı. Onun həyəcanı,
hissləri, göz yaşları təbii idi, çünki
Nurcahanın taleyini aktrisa özü həyatda
yaşayırdı.
- Məleykə Əsədovanın
balerina geyimində səhnəyə çıxması
maraqlıdır, diqqəti özünə cəlb edir. Hiss
olunurdu ki, bir neçə dəqiqə çəkən həmin
səhnələr həftələr, aylarla olan
hazırlıq prosesindən qaynaqlanır...
- Aktrisa
obraz üzərində məşq etdiyi zaman dedi ki, bu, mənim taleyimdir. Belə
olduğu halda, o, Nurcahanı olduğu kimi səhnəyə gətirməyə
hazır idi. Hazırlıq prosesində
balet terminlərindən istifadə etdik. Aktrisa
balet dərsləri keçdi. Bir sözlə,
Nurcahanı öz peşəsinə layiq formada təqdim etməyə
böyük səylə çalışdıq. Onsuz da hamı bilir ki, Məleykə aktrisadır, sadəcə,
səhnədə bir xətti də onun balerina kimi səhnəyə
çıxmasıyla təqdim etdim. Necə
deyərlər, tamaşa içində tamaşa yaratdım.
Hətta tamaşaçılar da son səhnədə
deyil, məhz həmin səhnədə gül təqdim edirlər
ki, bu da həmin xəttin gücünü daha da
artırdı. Doğrudur, həmin səhnə
heç də birmənalı qarşılanmadı, ancaq mən
rejissor kimi o səhnənin tamaşaya yeni bir rəng
qatacağına inandım.
- Bəlkə də, İlyas
Əfəndiyevin səhnədə görmək istədiyi məqamları
tamaşada verməklə yazıçının arzusunu, ola bilsin ki, vəsiyyətini həyata
keçirdiniz...
- Həqiqətən belə idi. İlyas müəllimlə digər əsərlərində
birgə çalışdıq, istənilən
yanlışı, çatışmayan cəhətləri
tez həll edirdik. Ancaq o, artıq yoxdur və
mən bri rejissor kimi bunun fərqindəyəm. Nə olur-olsun onun əsərlərinə quruluş
verdiyim zaman mütləq əsərin süjet xəttinə
sadiq qalıram və yazıçının əsər
haqqında olan fikirlərini xatırlayıram, nəyi, necə
görmək istəyirdisə mütləq onu o formada həyata
keçirməyə çalışıram. "Mənim günahım" tamaşasında
yazıçının görmək istədiklərini həyata
keçirdim. Tamaşa hələ yeni hazırlanıb,
zamanla inkişaf xətti keçəcək...
Ulduzə
QARAQIZI
Ekspress.-2015.- 6 may- S.15.