Cümhuriyyət tələbələri

 

II fəsil

 

Cümhuriyyət tələbələrinin andı "Qadir Allah öz vicdanım qarşısında söz verir and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlığının bütün vəzifələrini dönmədən yerinə yetirəcək Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün gücümü, əmlakımı, , lazım gələrsə, həyatımı belə əsirgəməyəcəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun".

      Azərbaycan Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətən və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.

   Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədlərinə söykənərək onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələblərin izinə düşmüş, onları arayıb-axtarmış və talelərinə güzgü tutmuşdur.

   "Ekspress"in ötən saylarında "Cümhuriyyət tələbələri"nin III fəslini ("Tale sorağında") dərc edib başa çatdırdıq. Hazırda Teyyub müəllim I Cümhuriyyətimizin 100 illiyi (1918-2018) ərəfəsində "Cümhuriyyət tələbələri" kitabının nəşrinə hazırlaşır. Araşdırmanın ilk fəsillərinin "Ekspress"də işıq üzü görməsinin üzərindən 10 ilədək bir vaxt keçdiyini və müəllifin bəzi əlavələrini nəzərə alaraq "Cümhuriyyət tələbələri"ni tam şəkildə yenidən dərc etməyə qərar verdik.

   1924-cü ildə Almaniyadakı azərbaycanlı tələbələrin və digər mühacirlərin daxil olduğu bir təşkilat - "Azərbaycan İstiqlal Komitəsi" bilavasitə Hilal Münşinin təşəbbüsü ilə yaradıldı və sonralar onun özü bu təşkilatın sədri seçildi. Azərbaycan müstəqilliyinin alovlu təbliğatçısı "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq edirdi. Onun təşəbbüsü ilə 1928-ci il may ayının 28-də Berlində Azərbaycan Cümhuriyyətinin onilliyi bayram edilmişdi. Bayram yığıncağında Hilal Münşi "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış etmişdi.

   Cümhuriyyət tələbəsinin 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" kitabı da nəşr olunmuşdur.

   1934-cü ildə Berlində Hilal Münşi "Qurtuluş" adlı jurnalın əsasını qoymuş, onun redaktoru olmuşdur. 1939-cu ilədək fasiləsiz nəşr edilən bu məcmuədə Hilal Münşinin müxtəlif mövzularda siyasipublisistik məqaləsi dərc olunmuşdur.

   Qeyd etmək lazımdır ki, Hilal Münşi mühacirətdə ardıcıl olaraq M.Ə.Rəsulzadənin mövqeyini müdafiə etmişdir. Hilal Münşi məhz M.Ə.Rəsulzadə ilə birlikdə 1941-ci ilin sonlarında Berlində Milli Azərbaycan Komitəsini yaratmışdır.

   Təəssüflər olsun ki, tarixçilərimiz onun sifasi fəaliyyətini hərtərəfli tədqiq etməmiş və əsərlərini külliyyat şəklində çapa hazırlamamışlar.

   Kitabxanalarımızda hələlik bir əsər vardır - Xaləddin İbrahimlinin "Elm" nəşriyyatı tərəfindən 1996-cı ildə buraxılmış "Azərbaycan siyasi mühacirəti (1920-1921) kitabı". Bu qiymətli tədqiqat işində (səh.247) oxuyuruq: "Avropa "əfkari-ümumiyyəsinə" təqdim olunan əsərlərdən Hilal Münşinin "Azərbaycan Cümhuriyyəti" və M.Ə.Rəsulzadənin "Azərbaycan problemi" yığcamlığı, eyni zamanda, əhəmiyyəti baxımından diqqəti cəlb edir. Hər iki əsər Azərbaycan və onun problemləri haqqında dolğun təəssürat yaratmağa qadırdir. H.Münşinin "Azərbaycan Cümhuriyyəti" əsəri, adı türk, əsli isə yəhudi olan bir müəllifin - Əsəd bəyin yazdığı əsərlə Avropada Azərbaycan haqqında formalaşdırdığı mənfi rəyə kəskin zərbə vurdu. Əsəd bəyin "Min bir gecə"ni xatırladan əsərinin Azərbaycan mədəniyyəti ilə bağlı aldadıcı təəssüratının müqabilində H.Münşi mədəniyyətimiz, tariximiz, həm də Azərbaycanda siyasi fikir tarixi barədə Avropa mühitinə mükəmməl bir tədqiqat məhsulu təqdim edə bilmişdi".

   Xaləddin İbrahimlinin adıçəkilən kitabında siyasi mühacirlər arasında "A.Atamalıbəyov" da vardır.

   A.Atamalıbəyov kimdir?

   Abbasbəy Seyfullabəy oğlu Atamalıbəyov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən Avropa ölkələrinə ali təhsil almağa göndərilmiş 100 nəfər arasında Tiflis şəhərindən olan səkkiz nəfər gəncdən biridir. O, Paris Universitetində təhsil almışdır.

   Arxiv sənədlərindən bəlli olur ki, o, 1896-cı il fevral ayının 26-da anadan olmuşdur. A.Ağamalıbəyovun 1919-cu il avqust ayının 17-də Azərbaycan Respublikası Xalq Maarif Komissarlığına ünvanladığı ərizəsindən öyrənirik ki, o, 1914-cü ildən 1917-ci ilədək Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi şöbəsində təhsil almışdır.

   Dövlət Arxivində saxlanılan sənədlər arasında A.Atamalıbəyovun Tiflis Realnı Məktəbinin əlavə sinfini bitirməsinə dair şəhadətnamə da vardır. Bu sənəddən bəlli olur ki, qraf Vorontsov-Daşkov adına real məktəbin tam kursunu başa vurmuş 17 yaşlı Abbasbəy rus, alman, fransız dilləri, riyaziyyat, cəbr, triqonometriya, fizika, tarix, qanunşünaslıq fənlərindən "Əla" qiymət almışdır.

   Abbasbəy Atamalıbəyov mühacirətdə mücadiləsini davam etdirmişdir. Gəmiqayırma ixtisası üzrə ali savadlı mühəndis Fransada Paris Siyasi Elmlər Məktəbini də bitirmişdir.

   Əlimərdanbəy Topçubaşovdan sonra Fransadakı Azərbaycan mühacirlərinin rəhbəri də Cümhuriyyət tələbəsi idi. İkinci Dünya Müharibəsi zamanı Fransa almanlar tərəfindən işğal olunduqdan sonra A.Atamalıbəyov mühacir ünvanını dəyişmişdir. O, bir müddət Berlində yaşamış, Qırmızı Xaç Komitəsində çalışmışdır. Abbasbəy azərbaycanlı əsirlərin xilas edilməsi işində mühüm rol oynamışdır.

   Qələm dostum İsmayıl Umudlu Abbasbəy Atamalıbəyov və onun ailəsi barədə "Ayna" qəzetinin 2002-ci il 7 iyun tarixli sayında "Səksən il yol gələn görüş" adlı çox maraqlı bir yazı dərc etdirmişdi. Burada əsasən A.Atamalıbəyovun oğlu Qalibbəy Atamalıbəyovun ilk dəfə doğma yurduna gəlməsindən bəhs edilsə də, atası, babası, nənəsi və yaxın qohumları haqqında da məlumatlar verilmişdir.

   İsmayıl Umudlunun oçerkindən öyrənirik ki, Cümhuriyyət tələbəsi kimi qələmə aldığımız Abbasbəyin atası Seyfullabəy Şamaxı əsilzadələrindəndir. Çar Rusiyası vaxtında Qarsda, Zaqatalada hərbi dairə rəisi vəzifəsində olmuş, general rütbəsində istefaya çıxmışdır. Anası Mələk xanım məşhur şamaxılı Mahmud bəy İbrahimbəyovun qızı idi. Ailədə üç bacının bir qardaşı olan Abbasbəy atası kimi hərbçi olmaq arzusunda imiş. Ancaq görmə qabiliyyəti zəif olduğundan topçu zabit olmaq həvəsindən vaz keçmişdir.

   Oçerkdə A.Atamalıbəyovun oğlu Qalibbəy haqqında da maraqlı məlumatlar vardır. O, 1923-cü il yanvarın 1-də dünyaya göz açmışdır. Orta məktəbi Parisdə bitirmiş, Sorbonna Universitetinə daxil olmuşdur. Universiteti kimyaçı ixtisası ilə başa vuran Qalibbəy bir müddət Almaniyada yerləşən fransız işğal qoşunlarında hərbi xidmətdə olmuşdur. Ordudan tərxis edildikdən sonra Fransaya qayıtmış, Parisdə pensilin istehsalı fabrikində çalışmışdır. 1947-ci ildə həmin fabrikin Çilidəki filialında işləmiş, ata-anasını öz yanına gətirmişdir.

   1956-cı ildə pensilin istehsalı üzrə peşəkar mütəxəssis kimi Qalibbəy Atamalıbəyov əvvəlcə Tayvanda, sonra da Hindistanda işləmişdir. 1957-59-cu illərdə Yuqoslaviyada elmi-tədqiqat işini və əmək fəaliyyətini davam etdirmişdir. Qısa vaxtda serb dilini öyrənmişdir. Qalibbəy Yuqoslaviyada serb qızı Nado ilə ailə qurmuşdur...

 

   Qalibbəyin anası Reyhan xanım 1967-ci ildə, atası Abbasbəy isə dörd il sonra, 1971-ci ildə vəfat etmişdir.

   76 il ömür sürmüş Cümhuriyyət tələbəsinin 80 yaşlı oğlu 2002-ci ildə Azərbaycana gəlmiş, atasının da, anasının da ruhunu şad etmişdir.

     "Ey gənclik!

   Sənin öhdəndə böyük bir vəzifə var: Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı, onu min müşkülatla ucaldaraq dedi ki:

   Bir kərə yüksələn bayraq bir daha enməz!

   Əlbəttə ki, sən onun ümidini qırmayacaq, bu gün parlament binası üzərindən azərilərin yanıq ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə taxacaqbu yolda ya qaziya şəhid olacaqsan!"

   Məhəmməd Əmin Rəsulzadə

   Azərbaycan Parlamentinin xaricə göndərdiyi tələbə-gəncləri müəyyənləşdirmiş beş nəfərdən (M.Ə.Rəsulzadə, Mehdi bəy Hacınski, Əhməd bəy Pepinov,

   Qara bəy Qarabəyov və Abdulla bəy Əfəndiyev) ibarət Xüsusi Müsabiqə

   Komissiyasının sədri

 

əvvəli, ardı var

 

T.Qurban

Ekspress.-2015.- 23-25 may- S.15.