Üçrəngli
bayrağınla məsud yaşa!
Cümhuriyyət
bayramınız mübarək!
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 97
il ötür. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan
tarixində böyük, əlamətdar
hadisə kimi yer
aldı. Bu gün
ölkədə Respublika Günü
kimi qeyd edilir.
1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Bu səbəbdən də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Seymdə Müsəlman Fraksiyasının Müəssislər Məclisinə seçkilər zamanı Azərbaycanın, habelə bütün Cənubi Qafqazın bir milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Müsəlman fraksiyası və ya müsəlman şurası, əslində, Zaqafqaziya müsəlman parlamenti funksiyasını yerinə yetirirdi.
Dövlət dumalarında olduğu kimi, Zaqafqaziya Seyminin də ən ardıcıl üzvləri Azərbaycan nümayəndələri idilər. Məhz onların tələbi ilə 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Milli Şuranın tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın istiqalal bəyannaməsini qəbul etdilər.
Beləliklə, Birinci Dünya müharibəsinin gedişində və Romanovlar mütləqiyyətinin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, özü də bu dəfə parlamentli respublika formasında dirçəldi.
Tarixçi Vasif Qafarovun sözlərinə görə, 1918-ci ilin 28 mayı Azərbaycan tarixi üçün çox əhəmiyyətli və önəmli bir gündür. Bu gün Azərbaycan üçün çox böyük siyasi əhəmiyyət daşıyır. Bizim dövlətçiliyimiz də məhz həmin gündən hesablanır. "Bu gün bəlkə o tarix adi görünə bilər, ancaq həmin dövrün hadisələri - I Dünya Müharibəsi, Rusiyada baş verən Fevral inqilabı, Oktyabr çevrilişi, ermənilərin Cənubi Qafqazda Türk-müsəlman əhalini məhv etməsi planı və bu ərazilərdə erməni dövləti yaratmaq istəyi - fonunda əgər 1918-ci ildə Azərbaycan Milli Azadlıq Hərəkatı Azərbaycan Cumhuriyyətini elan edib bu xalqa sahib çıxmasaydı, bu gün coğrafiyada, xəritədə Azərbaycan adlı dövlət olmayacaqdı. Azərbaycan xalqı da soyqırıma məruz qalıb qırılacaq, digər ərazilərimiz Rusiya, Gürcüstan və Ermənistan arasında bölünəcəkdi. Ən yaxşı halda biz Rusiya daxilində Zəngəzursuz, Qarabağsız, Naxçıvansız və Azərbaycanın şimal torpaqlarının böyük bir qismi olmadan çox kiçik ərazidə muxtar bir qurum təşkil edə bilərdik. Amma 28 may 1918-ci il tarixində Azərbaycan Cümhuriyyətinin elan edilməsi bütün bu təhlükələri arxada qoydu".
Həmsöhbətimizin
dediyinə görə, Xalq Cümhuriyyəti
mövcud olduğu 23 ay ərzində ölkənin bütün
ərazi bütövlüyünü bərpa
edə bildi. Bu
hökumət 23 aya 40 minlik
ordu yaratmışdı. Əvvəlcə
1918-ci il sentyabrın 18-də Bakı azad edildi, daha
sonra Muğan
respublikası ləğv edildi və eyni zamanda Qarabağda
qısa vaxt ərzində ermənilər
Azərbaycanın varlığını qəbul etdilər.
"Və sonda Cümhuriyyətin süqutuna bir gün qalmış, ermənilər təslim olmaq xahişi ilə
müraciət etdi. Amma
həmin zaman ölkə Rusiya
tərəfindən işğal edildi".
Tarixçi
bildirir ki, bizim bu gün
Fələstində gördüyümüzü
Azərbaycan əhalisi o zaman
Rus Ordusu Azərbaycana
daxil olarkən həyata keçirmişdi.
XI Qızıl Ordu Azərbaycana daxil olanda əhali daşla, yabayla, baltayla onlara qarşı
çıxmağa çalışırdı. Onlar qatar relslərini söküb gizlədirdilər. "Əhali
istiqlalını qorumaq üçün
canını fəda edirdi. Milli istiqlal xalqın
canına hopdurulmuşdu".
Qızıl Ordu Azərbayacana daxil olduqdan sonra aprelin 27-də Cümhuriyyət devrildi. Və həmin dövrdən etibarən Azərbaycan 70 il işğal altında yaşadı. 70 ildən sonra müstəqilliyini bərpa edən Azərbaycan özünü Azərbaycan Cümhuriyyətinin varisi kimi elan etdi və həmin gündən 28 May bayram kimi qeyd edilməyə başladı.
28 May - Respublika günü Azərbaycandan
kənarda da qeyd edilir. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun bildirdiyinə görə,
İslamabadda 28 May - Respublika
Günü münasibəti
ilə keçirilən
təntənəli mərasimdə
Pakistanın dövlət
rəsmiləri, senatorlar,
tanınmış siyasətçilər,
ordu generalları və yüksək rütbəli zabitləri iştirak ediblər.
Azərbaycanın
Uruqvay Şərq Respublikasındakı diplomatik
missiyası isə
Montevideo şəhərində 28 May - Respublika Günü münasibətilə qəbul
və Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatını
keçirib. Azərbaycanın Litvadakı səfirliyi
da Respulika Günü münasibətilə
qəbul təşkil
edib.
Azərbaycanın 28 May - Respublika
Günü ABŞ-ın
6 ştatında da qeyd olunub. Bu
barədə isə Azərbaycanın Los Ancelesdəki
Baş Konsulluğundan
bildirilib. Verilən
məlumata görə,
Azərbaycanın Respublika
Günü ilə əlaqədar təbriklərə
ABŞ-ın daha altı Qərb ştatı, eləcə də Kaliforniyanın yeddi şəhəri də qoşulub. Bununla bağlı qəbul edilmiş və Azərbaycanın
Los Ancelesdəki Baş
Konsulluğuna göndərilmiş
bəyannamələrdə 28 may tarixi həmin ştat və şəhərlərdə rəsmən
"Azərbaycan Milli
Günü" elan edilib.
Havay ştatının qubernatoru
Deyvid İge və Nyu Meksiko
ştatının qubernatoru
Suzana Martinez tərəfindən
imzalanmış bəyannamələrdə
Azərbaycanın mütərəqqi
inkişaf yolundan bəhs edilərək, bu əlamətdar gün münasibətilə
sözügedən ştatlarda
28 may tarixinin "Azərbaycan
Milli Günü" elan edildiyi qeyd
olunub.
Kaliforniyanın
Orvayn, San Dieqo, San Xose, Santa Monika, Sout Qeyt, Stokton və
Torrens şəhərlərində də eyni şəkildə,
28 may tarixi "Azərbaycan
Milli Günü" elan olunub. Belə ki,
sözügedən şəhərlərin
ən yüksək idarəetmə orqanı olan şəhər şuraları tərəfindən
bununla bağlı müvafiq bəyannamələr
qəbul edilib.
Eyni zamanda, ABŞ-ın
Yutah ştatının
paytaxtı Solt Leyk şəhərinin meri və Şəhər
Şurası tərəfindən
oxşar bəyannamə
qəbul edərək,
burada da Respublika Günümüz
"Azərbaycan Milli
Günü" elan edilib.
Vaşinqton ştatının qubernatoru Cey İnsli və Oreqon Ştat Senatının sədri
Peter Kortni Azərbaycanın
bayram sevincinə Baş Konsulluğa göndərdikləri geniş
təbrik məktubları
ilə qoşulub.
P.Kortni məktubunda Azərbaycanın
sürətli inkişafını
və beynəlxalq terrorçuluğa qarşı
apardığı mübarizədə
ABŞ-a göstərdiyi hərtərəfli
dəstəyi yüksək
qiymətləndirdiklərini bildirib.
Arizona ştatından olan ABŞ
konqresmeni Kirsten Sinema isə 28 mayı ştat paytaxtı Finiks şəhərini və digər mühüm şəhərləri
əhatə edən öz seçki dairəsində "Azərbaycan
Milli Günü" elan edib.
Bayramınız
mübarək! Üçrəngli
Azərbaycan bayrağının
daha yüksəkliklərdə
dalğalanması arzusuyla,
İradə
CƏLİL
Ekspress.-2015.- 28-29
may- S.12.