Düşmənlərindən
güclü şəxsiyyət-3
Teyyub Qurban Mir Cəfər
Bağırov haqqındakı
üçüncü kitabını
təqdim etdi
Mayın
26-da Azərbaycan Yazıçılar
İttifaqının "Natəvan"
klubunda tanınmış
yazıçı-tədqiqatçı, publisist, Rəsul Rza mükafatı laureatı, Yazıçılar
Birliyinin üzvü Teyyub Qurbanın Mir Cəfər Bağırov
barəsində arxiv sənədləri əsasında
hazırladığı məşhur
"Düşmənlərindən güclü şəxsiyyət"in
üçüncü kitabının
təqdimat mərasimi
keçirildi.
Qeyd edək ki, Teyyub Qurban 1996-cı ildən Mir Cəfər Bağırovun çoxcəhətli siyasi və dövləti fəaliyyətini araşdırır. "Düşmənlərindən güclü şəxsiyyət"in birinci və ikinci kitabları kitaba marağın azaldığı indiki zəmanəmizdə oxucuların ciddi marağına səbəb olub və əldən-ələ gəzdirilən bu kitablar bir neçə dəfə nəşr edilib. Ümumiyyətlə, Teyyub müəllimin Mir Cəfərlə bağlı 20 ilə yaxın bir müddətdə apardığı araşdırmalarını heç 5-6 kitaba da sığışdırmaq mümkün deyil. Teyyub Qurban bu tədqiqatlarında Mir Cəfər Bağırov barəsində olan qondarma və havadan qapılan ittihamları, əssasız iddiaları, səhv təsəvvürləri, mifləri sındırır. Onun opponentləri mənbəyi bəlli olmayan və ya heç olmayan məlumatlarla özlərini cəmiyyətə "bilgi sahibi" kimi sırımağa, polemikaya girməyə çalışırlar, amma Teyyub müəllim onları daşdan keçən arxiv sənədləri ilə susdurmağı bacarır. Düzdür, yenə "cığallıq" edənlər, ayağını bir başmağa dirəyib nimdaş iddialarından əl çəkməyənlər var, amma Teyyub müəllim demişkən, "yalanın ömrü arxivə qədərdir"...
Təqdimat mərasimində
çıxış edən Mir Cəfərin
böyük bacısının nəvəsi
Məmmədtağının Seyidməhəmməd oğlu Bağırov bildirdi
ki, XXI əsrdə M.C.Bağırova maraq günbəgün artır: "Mən o dövrdə Mir Cəfər
Bağırova şər, böhtan atan adamlara əslində
minnətdaram. Şər, böhtan
atmasaydılar, Teyyub Qurban
arxivə gedib faktları
araşdırmazdı. Bu kitab
M.C.Bağırovla bağlı faktları, ədaləti əks
etdirir. Bir çox gizli məqamlar aşkara çıxır. Ədalət öz yerini tapanda güclü olur".
Əməkdar jurnalist Əlirza Balayevin sözlərinə görə, "Düşmənlərindən güclü şəxsiyyət" adlı iki əvvəlki kitab həm oxucular, həm də mütəxəssislər tərəfindən çox yaxşı qarşılanıb: "Yaxşı ictimai rəy doğurub. Birinci kitab bir neçə dəfə çap olunub, yayılıb və öz oxucularını tapıb. Bu üçüncü kitab əvvəlki iki kitabdan fərqlənir. Əgər əvvəlki kitablar müəyyən məqamlar toplusundan ibarət idisə, bu üçüncü kitab Mir Cəfər Bağırov və onun digər şəxsiyyətlərlə olan münasibətindən bəhs edir. Bu kitab da Teyyub Qurbanın həqiqətə xidmət etdiyinin, həqiqətə sədaqətli olduğunun göstəricisidir".
Əlirza Balayev çıxışında vurğuladı ki, bu kitabı oxuduqca oxucu həqiqəti əks etdirən çoxlu faktlarla rastlaşacaq. Tədbirdə iştirak edən digər ziyalılar da müəllifin arxivlərdə toz altında qalmış tarixi həqiqətləri və gizlinləri faktlarla gün işığına çıxarılmasını müsbət qiymətləndirdilər.
Ziyalı Fazil Məmmədov bildirdi ki, şair-jurnalist-publisist Teyyub Qurbanı elmi dairələr yaxşı tanıyır: "Kitab arxiv sənədləri əsasında yazılıb. Oxunaqlı, öyrənilməli, ibrət götürülməli kitabdır". Məmmədov kitabda geniş yer ayrılan Kremlin məkrli planı barədə də danışdı.
"Düşmənlərindən güclü şəxsiyyət"in üçüncü kitabında "qayət məxfi" qrifi altında saxlanılan bir sıra arxiv sənədləri üzə çıxarılır. Üzərindən arxiv toxu çırpılan bu sənədlər, məktublar, yazışmalar, stenoqramlar, hətta Bakıdan Moskvaya donoslarla Mir Cəfərin vəzifədən çıxarıldıqdan sonra, eləcə də "qolodomor"da (1932-1933) 4 milyona yaxın ukraynalının ölümünün baiskarı Xruşşovun və qulbeçəsi Mikoyanın rəhbərlik etdiyi daşnak-rus bandasının 1956-cı ildə qurduğu qondarma məhkəmə ərəfəsində, məhkəmə prosesi zamanı və hökmdən sonra Azərbaycanın o dönəmdəki siyasi həyatında nələrin baş verdiyinə, xəyanətlərə, hakimiyyət uğrunda xalça altında hansı didişmələrin olduğuna da işıq tutulur.
***
Son günlər bəziləri hanısısa qaranlıq niyyətlərindən Mir Cəfəri yenidən dahi şairimiz Hüseyn Cavidin "qatili" kimi təqdim etməyə çalışır, bir başqası isə Bağırovun keçmiş SSRİ respublikalarının KP MK-larının birinci katibləri kimi Moskvaya "repressiya xahişi" ilə məktub yazdığına dair saxta sənəd ortaya çağırır.
Belələrinə Teyyub Qurban kitabının "Mir Cəfər Bağırov və Hüseyn Cavid" bölməsində cavab verir. Məsələnin aktuallığını nəzərə alaraq həmin bölmədən bəzi məqamları təqdim edirik:
"1937-ci ildə və sonrakı illərdə repressiyalar SSRİ-nin hər yerində İttifaq Daxili İşlər Komissarlığı tərəfindən hazırlanmış və hökumət tərəfindən təsdiq olunmuş ssenari əsasında keçirilirdi. 1939-cu ilin yanvar ayının 1-dək SSRİ üzrə 1 milyon 317 min 195 nəfər repressiyaya məruz qalmışdı. Bunlardan 830 min 491 nəfəri rus, 181 min 905 nəfəri ukraynalı, 44 min 785 nəfəri belarus, 24 min 499 nəfəri özbək, 19 min 758 nəfəri yəhudi, 18 min 572 nəfəri alman, 17 min 123 nəfəri qazax, 16 min 860 nəfəri polyak, 11 min 723 nəfəri gürcü, 11 min 64 nəfəri erməni, 9 min 352 nəfəri türkmən, 4 min 874 nəfəri başqırd, 4 min 347 nəfəri tacik olmuşdur. Yerdə qalan 96 min 948 nəfəri isə 100-dən çox xalqın nümayəndələrindən ibarətdir ki, biz azərbaycanlılar da onların arasındayıq.
Mir Cəfər Bağırovun 1956-cı ildə məhkəməsinin baş təşkilatçısı N.S.Xruşşov Ukraynada Mərkəzi Komitənin birinci katibi vəzifəsində işləyərkən 167 min 585 nəfər repressiyaya uğramışdır. Moskva şəhər partiya komitəsinin birinci katibinin imzası ilə 1937-ci ildə Stalinə göndərilmiş məktub da aşkara çıxarılmışdır. Məktubda deyilir:
"ÜİK/B/P MK-ya, İ.V.Stalin yoldaşa
Bildirirəm ki, Moskva və Moskva vilayətində cəzalarını çəkmiş və hazırda burada məskən salmış cəmi 41 min 305 nəfər əksinqilabçı ünsür vardır. Bunlardan 33 min 436 nəfəri cinayətkardır. Əlimizdə olan materiallar imkan verir ki, canilərin 6 min 500 nəfərini birinci kateqoriyaya və 23 min 936 nəfərini ikinci kateqoriya ilə müəyyənləşdirək. Bunlardan Moskva şəhəri üzrə 1 min 500 nəfər 1-ci kateqoriya, 5 min 272 nəfər 2-ci kateqoriyaya mənsubdur. Moskva şəhərində və Moskva vilayətinin rayonlarında məskən salmış qolçomaqların sayı 7 min 869 nəfərdir. Mövcud materiallar əsas verir ki, əlavə olaraq 2 min nəfəri 1-ci kateqoriyaya, 5 min 869 nəfəri 2-ci kateqoriyaya əlavə edək.
N.S.Xruşşov".
1937-ci il seniyabrın 9-da Belorusiya K(B)P MK-nın birinci katibi Şaranqoviç Stalinə rəsmi məktubla müraciət edərək xahiş etmişdir ki, Belorusiyadakı 12 min 800 nəfər cinayətkar ünsürdən 3 min nəfərinin güllələnməsinə, 9 min 800 nəfərinin respublika ərazisindən sürgün olunmasına icazə verilsin.
1937-ci ildə Kremlə, Stalinə Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırovun adından da eyni məzmunda məktub olsaydı, yəqin ki, Rudolf İvanov onu kitabının cild səhifəsində "azsavadlı" Azərbaycan rəhbərinin şəkli ilə yanaşı əks etdirərdi..."
Qeyd edək ki, Mir Cəfəri guya ki, "yıxıb-sürüyən" "İblis" filminin yaradıcıları 1936-cı ildə Azərbaycan Yazıçılar İttifaqındakı yığıncaqda Hüseyn Cavidi tənqid və hətta təhqir edənləri anonim veriblər.
"Halbuki arxivdə tənqid edənlər də, tənqid olunanlar da, yığıncağa kimin sədrlik etdiyi də müfəssəl qeyd olunur", - deyə Teyyub Qurban yazır və 1936-cı il oktyabr ayının 3-də Hüseyn Cavidin M.C.Bağırova dəsti-xəttilə yazıb göndərdiyi və arxivdə saxlanılan məktubu təqdim edir:
"Möhtərəm
Mir Cəfər Bağırov!
Son zamanlarda mənə və yazılarıma qarşı istər mənəvi, istər maddi cəhətdən, qaba və soyuq bir keçimsizlik var. Bu da yalnız tək-tək şəxslərin kaprizindən irəli gəlməkdədir".
Darülmüəllimin yerləşdiyi bina (H.Z.Tağıyevin qız məktəbi, indiki Əlyazmalar İnstitutunun və H.Cavidin ev-muzeyinin bərqərar olduğu tikili) Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinə verildiyi və orada yaşayan müəllimlərin başqa evlərə köçürüldüyü məqamda M.C.Bağırov dahi şairə dost əlini uzatmışdı: Təkcə Hüseyn Cavid inzibati binanın bir başında, yaşadığı mənzildə qalmışdı.
M.C.Bağırov 1937-ci ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə dair materiallarla tanış olarkən, Ü.Hacıbəyovun "Koroğlu" tamaşasının yer aldığı repertuara H.Cavidin "Şeyx Sənan" dramını əlavə etmişdi.
Teyyub Qurban daha sonra yazır: "Arxiv sənədlərinin araşdırılması aydın şəkildə göstərir ki, 1933-cü ildə M.C.Bağırov Azərbaycan rəhbərliyinə gələndən sonra Azərbaycan Dövlət Dram Teatrı bir növ "Cavid teatrına" çevrilmişdir. Həmin il H.Cavidin "Səyavuş" faciəsi səhnəyə qoyulmuşdur. M.C.Bağırovun məsləhəti ilə əsər MK Bürosunun qərarı ilə Azərnəşrin planına salınmış və 1934-cü ildə ayrıca kitab halında dörd min nüsxə ilə çap edilmişdir. M.C.Bağırov "Səyavuş" əsərinin rus dilinə tərcümə olunub Moskvada nəşr edilməsi üçün göstəriş vermişdir.
1935-ci ildə Hüseyn Cavidin "Xəyyam" pyesi "Cavid" teatrının səhnəsində tamaşaçıları valeh etmişdir. M.C.Bağırovun da baxdığı bu tamaşa Azərbaycan SSR-in on beş illiyinə həsr olunmuş müsabiqənin qalibi elan edilmişdir. Onun tövsiyəsilə H.Cavidin "Xəyyam", "Səyavuş" və "Şeyx Sənan" pyeslərinin tamaşaları Şuşada, Ağdamda və Lənkəranda da göstərilmişdir. 1936-cı il aprel ayının 14-də Azərbaycan Dövlət Dram Teatrının səhnəsində "Səyavuş" pyesinin 100-cü tamaşasında Azərbaycan rəhbəri lojada əyləşmişdi. MK-nın qərarı ilə "Xəyyam" əsərinin kitab halında buraxılması Azərnəşrin 1937-ci il üçün nəzərdə tutulmuş planına daxil edilmişdi. Beləliklə, M.C.Bağırov 1936-cı il mart ayında Azərbaycan Yazıçılar İttifaqının üçüncü plenumunda "H.Cavid öz yaradıcılığında burjuaziya romantikası ilə osmanlı xalqına arxalanır, öz dilini və tematikasını da oradan alır" deyənlərin sözlərini qulaqardına verirdi...
Repressiya olunanlar barədə cəza tədbirlərinə dair İttifaq Daxili İşlər Komissarlığı tərəfindən hazırlanmış sənədin maddələrinə əsasən H.Cavid ikinci kateqoriyaya mənsub deyildi və 1937-ci il iyun ayının 3-də həbsə alındı. Onun istintaqı 1939-cu il martın 3-dək çəkdi. 1939-cu il iyun ayının 4-də SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi Müşavirənin qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə səkkiz il müddətinə azadlıqdan məhrum edildi. M.C.Bağırov yalnız buna nail ola bilmişdir ki, dahi şairin ailəsi - ömür-gün yoldaşı Müşginaz xanım, oğlu Ərtoğrul, qızı Turan Azərbaycan hüdudlarından kənara çıxarılmamışdır. Respublika Ali Sovetinin binasından keçmiş Sovetski (indiki Nərimanov) küçəsindəki mənzilə köçürülmüşdür".
Başqa bir
fakt: "1945-ci ildə Mir
Cəfər Bağırovun təşəbbüsü ilə
Azərbaycan Teatr İnstitutunun
(indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti)
yaradılması haqqında qərar qəbul edilmiş
və MK-nın büro iclasında birinci kursa qəbul ediləcək
gənclərin adları göstərilmişdir.
Onların arasında Turan Hüseyn
Cavid qızı da
vardı".
"Xalq düşməni"nin qızı - 1950-ci ildə
ali məktəbi bitirmiş Turan Cavid institutda saxlanılmış, teatrşünaslıq
fənnindən dərs
demişdir.
1952-ci ilə aid
arxiv sənədi: Bu
sənəddən aydın olur ki, C.Məmmədquluzadənin "Azərnəşr"
tərəfindən buraxılmış "Seçilmiş
əsərləri"nin birinci cildinə
"Qlavlit" qadağa
qoymuşdur. Məüəllif yazır:
"Səbəbi M.C.Bağırova ünvanlanan
məktubda belə göstərilir: "C.Məmmədquluzadə
qəzet-jurnal fəaliyyəti sahəsində qatı
türkist-millətçi olan Əhmədbəy
Ağayevin və Əlibəy Hüseynzadənin
adlarını çəkir, H.M.Abdullanı xatırlayarkən
yazır ki, o, bizim məşhur
yazıçılarımızdan birisinin
atasıdır. Həmin yazıçı ifşa olunmuş xalq düşməni Hüsyn
Caviddir".
Mir Cəfər Bağırov qələm götürüb dərkənarla "Qlavlit"in qadağasını ləğv etmişdir..."
Aynurə MƏMMƏDOVA
Ekspress.-2015.- 27
may- S.15.