Xüsusi qayğıya ehtiyacı olan uşaqlar
Onlara
həm dövlət, həm də qeyri-hökumət təşkilatları
xüsusi diqqət ayırır
Qaçqın
və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən
qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin
həlli ilə bağlı həyata keçirilən tədbirlərin
işıqlandırılması
Uşaqlar
sosial statusundan, maddi təminat vəziyyətindən
asılı olmayaraq daim dövlətin qayğısı ilə
əhatə olunur. İnsan dünyaya gələndən
yetkinlik yaşına çatana qədər dövlətin
müxtəlif sosial xidmətləri ilə təmin edilir.
Amma azyaşlı vətəndaşlar
arasında elə insanlar var ki, dövlət onlara xüsusi
münasibət göstərir, daha güclü qayğı ilə
əhatə edir. Onlar xüsusi qayğıya ehtiyacı olan
uşaqlardır.
Xüsusi qayğıya ehtiyacı
olan uşaqlara əqli və fiziki qüsuru olan, valideyn himayəsindən
məhrum olan uşaqlar aid edilir.
Azərbaycan dövləti tərəfindən sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara dövlət qayğısının ildən-ilə artırılması müşahidə edilir. Bu məqsədlə qanunvericilik də təkmilləşdirilir.
"Uşaq hüquqları haqqında" 19 may 1998-ci il tarixli, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" 22 iyun 1999-cu il tarixli, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" 9 avqust 2005-ci il tarixli, "Sosial müavinətlər haqqında" 7 fevral 2006-cı il tarixli Azərbaycan Respublikasının Qanunlarında, digər normativ hüquqi aktlarda uşaqların sosial müdafiəsinin hüquqi əsasları müəyyən olunub. 2007-ci ildə mütərəqqi beynəlxalq praktikaya uyğun olaraq, ölkə qanunvericiliyində dəyişiklik edilib və "16 yaşınadək əlil uşaqlar" sözü "Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar" sözü ilə əvəz olunub.
Hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ailə başçısını itirən təxminən 40 min uşağa və 63 mindən çox sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa aylıq sosial müavinət ödənilir. Həmçinin respublikamızda ünvanlı dövlət sosial yardımı alan ailələrin 38 mininin tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Müvafiq qanunvericiliyə əsasən, ünvanlı yardım təyin olunan ailələrdə 1 yaşadək uşaqların hər birinə görə ailəyə əlavə olaraq ayda 45 manat müavinət də verilir.
Sağlamlıq imkanları məhdud uşaqların dövlət himayəsində yaşadığı Şaqan 3 saylı və Saray 7 saylı internat evləri Heydər Əliyev Fondunun "Uşaq evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində yenidən qurulub. Müasir tələblərə uyğun şəraitin yaradıldığı bu müəssisələr uşaqların lazımi tibbi və reabilitasiya xidmətləri ilə təmin olunması üçün tam təchiz edilib. Hazırda nazirliyin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir. Bununla bərabər, əlilliyi olan şəxslərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların xaricdə bərpa-müalicəsinin təşkili, onların yaradıcılıq imkanlarının dəstəklənməsi istiqamətində nazirlik tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidentinin "Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında" 9 yanvar 2013-cü il tarixli Sərəncamı bu qəbildən olan uşaqlara diqqət və qayğının növbəti təzahürü olub. Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında vətəndaş cəmiyyətləri tərəfindən 2500 nəfərdən artıq uşağa və onların ailələrinə müxtəlif növ sosial xidmətlər göstərilir. Eyni zamanda, nazirliyin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa olunur. Bu müəssisə çətin həyat şəraitində və risk qrupuna daxil olan uşaqları yaşayış şəraiti ilə təmin etməklə yanaşı, onların tibbi-psixoloci və sosial reabilitasiyası, uşaqlara nəzarətsizliyin profilaktikası və s. istiqamətlərdə müvafiq tədbirlər həyata keçirəcək.
Azərbaycan hökuməti ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların dəstəyi ilə də həssas qruplara aid olan uşaqların problemlərinin həll edilməsi istiqamətində mühüm tədbirlər görür. Dövlətin xüsusi qayğı göstərdiyi belə kövrək qruplardan biri valideyn himayəsindən məhrum olan uşaqlardır. Bu kateqoriyadan olan uşaqların orta-ixtisas və ali təhsil aldığı müddətdə müdafiəsini təmin etmək üçün, Azərbaycan Respublikasının "Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanun qəbul edilib. Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində atılmış ən mühüm addımlardan biri "De-institusionalizasiya və ya alternativ qayğı üzrə Dövlət Proqramının (2006-2015-ci illər)" qəbul edilməsi olub.
Xüsusi qayğıya ehtiyacı olan digər kateqoriyalı uşaqlarla küçə uşaqları ilə reabilitasiya işinin aparılması üçün də müəyyən addımlar atılıb. UNICEF-lə əməkdaşlıq nəticəsində "küçə uşaqları" ilə işləmək üçün mütəxəsislər seçilərək onlara treninq keçirilir.
Ölkəmizdə kövrək qruplara aid olan digər bir uşaq təbəqəsi də var ki, onlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün qurbanları olan qaçqın və məcburi köçkün uşaqlardır. Respublikanın işğal olunmuş rayonlarında yüz mindən artıq uşağın təhsil aldığı 616 məktəb dağıdılıb. Ümumilikdə 12 mindən artıq uşağı əhatə edən 242 məktəbəqədər müəssisə, 4 texnikum, 11 peşə-texniki məktəbi, 1 ali məktəb öz işini dayandırılıb. Münaqişə dövründə 4566 nəfər (o cümlədən 53 uşaq) azərbaycanlı itkin düşmüş, onlardan 1389 nəfəri (o cümlədən 169 uşaq) əsirlikdən azad edilmiş, 783 nəfəri (o cümlədən 18 uşaq) isə bu günədək Ermənistanda əsirlikdədir.
Dünya təcrübəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı, cəmiyyətə inteqrasiyası ilə bağlı müxtəlif proqramlar, layihələr həyata keçirilir. Azərbaycan dövləti də xüsusi qayğıya ehtiyacı olan uşaqlara münasibətdə digər ölkələrin təcrübəsindən yararlanır.
Xarici təcrübədə "Aktiv Terapiya" (Occupational Therapy), "İcma Əsaslı Reabilitasiya" kimi özünü doğrultmuş proqramlar tətbiq edilir. Hazırda dünyanın 90-dan çox ölkəsində icma əsasli reabilitasiya proqramı həyata keçirilir. Bu proqram bütün xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün imkanların bərabərləşdirilməsi, onların reabilitasiyası və sosial inteqrasiyasını təmin edən icmadaxili strategiyadır. Proqram çərçivəsində müvafiq təhsil, səhiyyə, mütəxəssislər və sosial xidmətlər vasitəsilə əlilliyi olan insanların özləri, onların ailələri,yaşadıqları icmalar tərəfindən həyata keçirilir.
Azərbaycanda da hökumət tərəfindən elan edilən sosial layihələrdə qalib gələn qeyri-hökumət təşkilatlarının bəziləri öz fəaliyyətində bu proqramı tətbiq edir. Məsələn, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) tərəfindən adıçəkilən proqram Azərbaycana gətirilərək, yerli şəraitə uyğunlaşdırılıb və təşkilatın fəaliyyətə başladığı 16 il ərzində sınaqdan keçirilib.
UAFA təşkilatı 1998-ci ildən Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sağlamlığı, təhsilı diqqət mərkəzində olmaqla sosial həyatın uzunmüddətli inkişafı məqsədilə yaradılıb.
Bu mərkəzlərdə müasir reabilitasiya metodlarından istifadə edilməklə, əlilliyi olan uşaqların reabilitasiyası həyata keçirilir, həmçinin kompleks şəkildə yanaşılaraq onların cəmiyyətə inteqrasiyası, eyni zamanda ailə və icmanın da əlillik barədə məlumatlandırılması vasitəsilə cəmiyyətin diqqəti əlilliyi olan uşaqlar üçün bərabər imkanların yaradılmasına yönəldilir.
Burada ailənin daima uşağa qaygı göstərən nümayəndəsi gündəlik prosesə cəlb olunmaqla yanaşı, uşağın problemi və ehtiyacları (dayaq-hərəki problemi olan uşağın iş zamanı düzgün vəziyyətdə oturma qaydaları, xüsusi avadanlıqlar, uşağın bir yerdən başqa yerə daşınması qaydaları və s), valideyn və ya uşağa qayğı göstərən şəxs tərəfindən ev şəraitində aparıla biləcək reabilitasiya üsulları barədə, həmçinin uşaq inkişafı, müvəkkillik, uşaq hüquqları, biznes planlaşdırılması mövzularında təlimləndirilir. Valideynlərin bilik və bacarıqlarının belə artırılması əllilliyi olan uşağın uzunmüddətli ehtiyac duyduğu reabilitasiya prosesinin davamlı və daha effektli olmasına şərait yaratmaqla bərabər valideynlərin özünəinam hisslərini, məsuliyyətlərini artırır.
İcma Əsaslı Reabilitasiya proqramı yalnız əlilliyi olan uşaqlar və onların ailələri üçün deyil, həm də Azərbaycan dövləti üçün əhəmiyyətlidır. Hazırda Azərbaycanda bir neçə böyük maliyyə vəsaiti tələb edən uşaq bərpa mərkəzləri fəaliyyət göstərir. Bu xidmətlər yalnız böyük şəhərlərdə göstərilir və digər regionlarda yaşayan əlilliyi olan uşaqlar üçün bu xidmətlər müyəssər deyil. Halbuki hər bir regionda daha ucuz vəsait tələb edən İcma Əsaslı Reabilitasiya mərkəzlərinin açılması həm dövlətə, həm də ailələrə daha sərfəlidir, Deinstitualizasiya Dövlət Proqramının tələblərinə uyğun olaraq, internatlara alternativ xidmət növü kimi hər bir regionda belə mərkəzlərin açılması dövlətə daha ucuz başa gələr. Belə mərkəzlərin xidmətlərindən daha çox uşaq bəhrələnər və internatlara axının qarşısı alınar, beləliklə, uşaqların ailədə yaşamaq hüququ təmin edilmiş olar.
Bunun üçün İcma Əsaslı Reabilitasiya proqramının dövlət səviyyəsində bir strategiya kimi tanınıb qəbul edilməsi lazımdır.
Vasif CƏFƏROV
Ekspress.-2015.- 12-14 sentyabr.-
S.10.