Gənclərin əmək bazarına
çıxışı
Dövlət
proqramlarının uğurlu icrası gənclərin təhsil
səviyyəsi və məşğulluğunu artırıb
Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə Bakıda "Gənclərin məşğulluğu üzrə siyasətlərin, proqramların və institutların qiymətləndirilməsi" mövzusunda beynəlxalq seminar keçirilib. Tədbirdə aidiyyəti hökumət və qeyri-hökumət qurumlarının, sosial tərəfdaşların, BƏT-in və MDB ölkələrinin nümayəndələri iştirak edir.
Seminarı giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən gənc işçi qüvvəsinin iqtisadi tərəqqi proseslərinə fəal şəkildə səfərbər olunmasının hər bir ölkədə sosial-iqtisadi inkişaf üçün vacib şərtlərdən olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkənin dayanıqlı iqtisadi inkişafını təmin edən uğurlu islahatlar kursunda da yeni iş yerlərinin açılması və məşğulluq imkanlarının artırılmasının, gənclərin əmək bazarına çıxışının hərtərəfli dəstəklənməsinin mühüm yer tutduğunu vurğulayıb.
S.Müslümov son illər ölkə rəhbərliyi tərəfindən təsdiq olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində gənclərin təhsil səviyyəsinin və məşğulluğunun artırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlərə də toxunub. Onun sözlərinə görə, bu tədbirlərin nəticəsi olaraq, son 5 il ərzində ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb. "Bu uğurlara görə Azərbaycan Respublikası BƏT tərəfindən gənclərin məşğulluq problemlərinin həllində dünyada 10 lider ölkə sırasına daxil edilib".
Nazirin dediyinə görə, bu gün dünyada 15-24 yaşda işsiz gənclərin sayı 75 milyon nəfər olmaqla, onlar arasında işsizlik səviyyəsi dünya üzrə orta işsizlik səviyyəsini 2 dəfədən artıq üstələyərək 13,1% təşkil edir və bu rəqəmlər ildən ilə artır: "Ötən həftə Ankara şəhərində Türkiyə Respublikasının sədrlik etdiyi və dünyanın iqtisadi cəhətdən 20 böyük ölkəsini əhatə edən G20 qrupuna üzv və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin toplantısında da gənclərin məşğulluq imkanlarının genişləndirilməsi məsələsi müzakirə olundu. G20 Əmək və Məşğulluq Nazirlərinin Ankara Bəyanatında G20 ölkələrində gənclərin işsizlik səviyyəsinin 2025-ci ilə qədər 15%-dək azaldılması hədəfi öz əksini tapıb. Yeri gəlmişkən, qeyd edim ki, G20 ölkələrində 15-24 yaşda gənclərin işsizlik səviyyəsinin orta göstəricisi 20% (o cümlədən, İspaniyada 53%, Cənubi Afrikada 52%, İtaliyada 43%, Səudiyyə Ərəbistanında 31% və s.) olduğu halda, Azərbaycanda bu göstərici 13,5% təşkil edir".
Müslümov bildirib edib ki, hazırda Azərbaycan Respublikası Avropa və MDB ölkələri sırasında demoqrafik baxımdan cavan yaş strukturuna malik az sayda olan ölkələrdən biridir. Azərbaycan əhalisinin 28,5%-i gənclərdir və 2014-cü ilin sonuna demoqrafik yük əmsalı 1990-cı ilə nisbətən 1,7 dəfə azalaraq 40 nəfər təşkil edib. Mövcud demoqrafik vəziyyət və bu sahədə perspektiv qiymətləndirmələr ölkədə iqtisadi inkişaf, demoqrafiya, təhsil və məşğulluq siyasətlərinin qarşılıqlı əlaqələndirilməsinin gücləndirilməsini zəruri edir. "Bu gün gənclərin məşğulluğunun təmin olunması məsələsinin həlli təkcə gənclərin və onların valideynlərinin deyil, eyni zamanda, dövlət orqanlarının və qeyri-dövlət təşkilatlarının üzərinə də düşür. Bütövlükdə gənclərin əmək bazarında üzləşdiyi çətinliklər bir tərəfdən işəgötürənlərdə gənc mütəxəssis haqqında, onun ixtisas səviyyəsinin, bilik, bacarıq və səriştəsinin işəgötürənlərin tələblərinə cavab verməməsi ilə bağlı stereotiplərin mövcud olması, digər tərəfdən isə gənclərdə əmək bazarına adaptasiya yolları haqqında düzgün təsəvvürün olmaması, həmçinin istehsalla bağlı deyil, daha çox humanitar peşə və ixtisaslara üstünlük verməsi ilə bağlıdır. Bu da gənclərin peşə yönümü, xüsusilə də məlumatlandırma sisteminin təkmilləşdirilməsi zərurətini ortaya qoyur".
Nazir bildirib ki, gənclərin məşğulluğunun artırılması, onların əmək bazarına adaptasiyasının asanlaşdırılması, iqtisadiyyatın tələblərinə cavab verən təlim proqramları əsasında müasir təhsil texnologiyalarının və üsullarının tətbiqi yolu ilə bilik və bacarıqlarının artırılması, zəruri səriştələrin aşılanması, peşə yönümü sisteminin təkmilləşdirilməsi, bu məsələlərə işəgötürənlərin maraqlarının artırılması və daha aktiv cəlb olunması istiqamətində tədbirlər həyata keçirilir. Müslümov bu gün qeyd olunan məqsədlərə nail olmaq üçün beynəlxalq və milli əmək bazarının tələblərinə cavab verən kompetensiyalar əsasında peşə və kvalifikasiya standartlarının tətbiqi üzrə işlər aparıldığını vurğulayıb. O bu istiqamətlərdə Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilən layihələrə də toxunub.
Nazir vurğulayıb ki, ölkədə gənclərin məşğulluğu sahəsində dövlət siyasəti daim təkmilləşdirilməkdədir. Onun bildirdiyinə görə, Azərbaycanın gələcək 7 il ərzində inkişaf perspektivlərini müəyyən edən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında gənclərin sağlam və fəal həyat tərzinin təşviq edilməsi, onların məşğulluq imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasının təmin edilməsi ölkənin inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib: "Hazırda Azərbaycan Respublikasında mövcud demoqrafik meyllərə və inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə uyğun olaraq uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə yeni Məşğulluq Konsepsiyasının hazırlanması üzrə işlər aparılır və bu Konsepsiyada gənclərin məşğulluğunun artırılması məsələlərinə xüsusi yer ayrılacaqdır. Gənclərin məşğulluğunun artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi həm ölkə miqyasında, həm də hər bir müəssisə səviyyəsində əməyin məhsuldarlığının artmasına imkan yaradacaq, bu isə öz növbəsində BƏT-in layiqli əmək konsepsiyasının həyata keçirilməsini təmin edir" deyən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu toplantının nəticəsi olaraq BƏT ilə birgə həyata keçirilən layihənin gənclərin məşğulluğunun inkişafı sahəsində məsələlərin milli səviyyədə həllinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev ölkəmizdə aktiv məşğulluq siyasəti nəticəsində gənclərin əmək bazarında rolunun artmasının sığorta-pensiya sistemi, habelə həmin şəxslərin gələcək layiqli pensiya təminatı üçün əhəmiyyətini, eyni zamanda rəhbəri olduğu Fondda və onun yerli qurumlarında çalışanların əsasən gənclər olduğunu diqqətə çatdırıb.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gənclərin səmərəli məşğulluğunun təmin edilməsi, ölkənin dinamik inkişafına uyğun olaraq müasir bilik və bacarıqlara yiyələnməsinə şərait yaradılması yönündə aparılan dövlət siyasətindən, gənclərin məşğulluğunun dəstəklənməsi və əmək münasibətlərində əlavə təminatlara malik olması üçün mövcud hüquqlar sistemindən bəhs edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov sosial partnyorlardan biri olan AHİK-in ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlərin hazırlanmasında, bu sahədə siyasətin təkmilləşdirilməsində fəal iştirakı barədə məlumat verib, qarşıdakı dövrdə də bu istiqamətdə səylərin artırılacağını bildirib.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət dəstəyi nəticəsində özəl sektorun inkişafının əhalinin, o cümlədən gənclərin məşğulluğunun artmasına da müsbət təsirindən bəhs edib, gənc işçi qüvvəsinin işəgötürənlərin tələblərinə uyğun bacarıqlara yiyələnməsi üçün aparılan işlərin xüsusi önəm kəsb etdiyini vurğulayıb.
BƏT-in Moskva ofisinin məşğulluq üzrə baş mütəxəssisi xanım Olqa Kulayeva Azərbaycanda dövlət gənclər siyasətinin gənclərin məşğulluğuna yönələn kompleks tədbirləri də əhatə etməsinin, xüsusən ölkədə gənclərin əmək bazarının tələblərinə uyğun peşə-ixtisas bacarıqlarına malik olmasına yönələn tədbirlərin faydalı olduğunu vurğulayıb. O, BƏT-in bu sahədə üzv ölkələrə müvafiq dəstəyi verməkdə davam edəcəyini bildirib.
Seminarda BƏT-in "MDB-də gənclərin məşğulluğuna dair əməkdaşlıq" layihəsinin təqdimatı və qiymətləndirmələr olub, Azərbaycanda gənclərin məşğulluğu üzrə siyasət və proqramları nəzərdən keçirilib, ayrı-ayrı MDB ölkələrinin (Rusiya, Qazaxıstan) əmək bazarında mövcud problemlərin və inkişaf strategiyalarının müzakirəsi və s. aparılıb.
NƏRGİZ
Ekspress.-2015.- 10 sentyabr.- S.10.