Habil Əliyevi itirdik...
Xalq artisti I Fəxri
Xiyabanda torpağa tapşırıldı
Xalq artisti, bənzərsiz kamança ifaçısı Habil Əliyev sentyabrın 8-də gecə 89 yaşında dünyasını dəyişib. Xatırladaq ki, H.Əliyev səhhətində yaranan problemlərlə bağlı avqustun 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Səhhəti normallaşandan sonra müayinəsini evdə davam etdirməsi üçün avqustun 22-də evə buraxılıb. Lakin sentyabrın 3-də komaya düşüb, bundan sonra özünə gəlməyib.
Sentyabrın
9-da Müslüm Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında mərhumla
vida mərasimi keçirilib.
Vida mərasimində dövlət və
hökumət rəsmiləri, Milli Məclisin
deputatları, elm və mədəniyyət
xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri
iştirak edib.
Mərhumun cənazəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulub. Salonda həzin musiqi və sənətkarın ifa etdiyi mahnılar səslənib.
Sənətkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Cənazənin ətrafına isə hökumət təşkilatları və müxtəlif kollektivlər adından əklillər düzülüb.
Habil Əliyevin həmkarları, dostları, tanınmış mədəniyyət xadimləri, onun ifasının pərəstişkarları axın-axın Filarmoniyaya gəlib, görkəmli bəstəkara və gözəl insana son borclarını veriblər.
Vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın keçdiyi həyat yolundan, Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrdən, bənzərsiz ifaçılıq məharətindən geniş söz açıb.
Bildirib ki, görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənən Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını olduqca yüksəklərə qaldırıb. Daim öz üzərində işləyən sənətkar Azərbaycan mədəniyyətinə sanballı töhfələr verib.
Vurğulanıb ki, Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.
Habil Əliyev "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Çahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı bəxş edib.
Sənətkar SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində -Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya və s. qastrol səfərlərində olub. Onun ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.
Ə.Qarayev vurğulayıb ki, Habil Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilib. O, dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.
Nazir deyib ki, Habil Əliyevin xatirəsi
onu tanıyanların, eləcə də Azərbaycan
xalqının qəlbində əbədi yaşayacaq.
Vida mərasimində
çıxış edən xalq artistləri Firəngiz
Əlizadə, Siyavuş Kərimi, Arif Babayev, Şəfiqə
Eyvazova və Canəli Əkbərov Habil Əliyevin
çoxşaxəli yaradıcılığından, insani
keyfiyyətlərindən söz açıb, onunla
bağlı xatirələrini bölüşüblər.
Kamança ilə solo
ifaçılığının musiqi mədəniyyətimizdəki
hazırki mövqeyi natiqlər tərəfindən Habil
Əliyev fenomeni kimi qiymətləndirilib.
Qeyd olunub ki, Habil Əliyevə bir çox şairlərimiz onlarca şeir həsr edib, rəssamlarımız tablolar çəkib, heykəltəraşlarımız büstlər işləyib, xalçaçılarımız üzərində sənətkarın portreti olan xalçalar toxuyub, yazarlarımız onun haqqında kitablar yazıblar.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.
Mərhumun ailəsi adından çıxış edən Əli Əmirəliyev babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə dövlətimizin başçısı İlham Əliyevə və vida mərasiminə toplaşanlara minnətdarlığını bildirib.
Sonra görkəmli sənətkarın cənazəsi son mənzilə yola salınıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" və "İstiqlal" ordenli Habil Əliyev I Fəxri Xiyabanda torpağa tapşırılıb.
Azərbaycan prezidenti İlham Əliyev görkəmli sənətkarın vəfatı ilə əlaqədar nekroloq imzalayıb. Başsağlığına, həmçinin, bir neçə dövlət, mədəniyyət və incəsənət xadimi imza atıb. Nekroloqda deyilir:
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Milli musiqi sənətinin görkəmli nümayəndəsi, məşhur kamança ustası, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat etmişdir.
Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. O, Ağdaşda orta məktəbi və eyni zamanda yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxumuş, 1952-1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbinin kamança şöbəsində təhsil almışdır. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.
Erkən yaşlarından kamançaya meyl salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956-1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
Ötən əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanan Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdır. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan vermişdir.
Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Daim ciddi yaradıcılıq axtarışları aparmış novator sənətkarın musiqi xəzinəmizi zənginləşdirən həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırki mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.
Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan "Segah", "Şur", "Çahargah", "Rast", "Mahur", "Zəminxarə", "Bayatı-Qacar", "Bəstənigar" muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında "Sarı gəlin", "Qaragilə", "Sona bülbüllər" və digər xalq mahnıları mədəniyyətimizin Qızıl Fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.
Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirmişdir. Mahir kaman ifaçısı eyni zamanda bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.
Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsil məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.
Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüşdür.
Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.
Allah
rəhmət eləsin!
Ekspress.-2015.- 10 sentyabr.- S.9.