Sosial yardımın təyin olunması

 

Vətəndaşların canı üzücü prosedurlardan qurtaracaq

 

Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması

 

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanun ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

   Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminin (VEMTAS) yaradılması üçün müvafiq texniki infrastrukturun hazırlanması işləri artıq yekunlaşdırılıb. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, vətəndaşların ünvanlı dövlət sosial yardımının alınmasından ötrü elektron formada müraciət (ərizə) göndərilməsi üçün proqram təminatı hazırlanaraq ilkin testləşdirmə işlərinə başlanılıb. Testləşdirmə prosesində proqram təminatından vətəndaşların asanrahat şəkildə istifadəsinin təmin edilməsi məqsədilə onun funksional imkanları diqqətlə yoxlanılır və aşkarlanan hər hansı problem aradan qaldırılır.

   Proqram təminatı istifadəyə verildikdən sonra hər hansı vətəndaş ailəsinə ünvanlı dövlət sosial yardımı almaq üçün internet vasitəsilə elektron qaydada müraciət etmə imkanı da yaradılır. Müraciət qəbul edildikdən sonra proqram təminatı tərəfindən təyin olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin maddi-məişət şəraitinin müayinəsini aparılması, ailənin maddi-məişət şəraitinin müayinəsi təyin olunmuş müddət ərzində və müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirilməsi və müayinənin nəticələri real vaxt rejimində VEMTAS-a ötürülə biləcək.

   Bundan başqa, ünvanlı dövlət sosial yardımı üçün edilən müraciətə baxılması üçün müvafiq məlumatların "Elektron Hökumət" portalı üzərindən aidiyyəti dövlət qurumlarının informasiya resurslarından real vaxt rejimində əldə edilməsi təmin olunacaq. Əldə olunan bütün məlumatlar ümumiləşdirildikdən və təhlil edildikdən sonra VEMTAS müraciət edən şəxsin ailəsinə ünvanlı dövlət sosial yardımının təyin olunub-olunmaması barədə qərar qəbul edəcək.

   Bir sözlə, ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin bu yardım sistemi üzrə çevik, rahat və şəffaf xidmətlərlə təmin olunmasına şərait yaradacaq.

   Sosial yardım hüququna hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Sosial yardımın təyin olunmasından isə o vaxt imtina olunur ki, ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olur, sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmir, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgünya tam olmayan məlumatlar və sənədlər verilirs. səbəblərdən.

   Yeri gəlmişkən, ünvanlı sosial yardımın müddəti artırılaraq, iki ilə çatdırılıb. Ölkə başçısı "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna dəyişikliklə bağlı sərəncam imzalayıb. Sərəncamla qanunun 8.1-ci maddəsində "1 il" sözləri "2 il" sözləri ilə əvəz edilib. Beləliklə də, bundan sonra ünvanlı sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunacaq.

 

   Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyevin sözlərinə görə, bu qərarın əhəmiyyəti ondan ibarətdir ki, bürokratik əngəllər aradan qalxır, məmur-vətəndaş kontaktları azalır, vətəndaşlardan sui-istifadə hallarının qarşısı alınır. Digər tərəfdən, vətəndaş da arxayın olur ki, il ərzində öz işini qura bilər, səhhəti ilə bağlı problemi varsa, müalicə edə bilər. "Həmçinin elə bir tapa bilər ki, ünvanlı sosial yardıma ehtiyacı qalmasın".

   Onun dediyinə görə, növbəti bir məsələ ondan ibarətdir ki, həmin iki il ərzində dövlətin müvafiq qurumları, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti bu insanlar üçün yeni yerlərinin yaradılması, ya da onların peşə təhsilini artırıb, müəyyən işlə təmin olunmasını həyata keçirəcək. "Söhbət təkcə aztəminatlı ailələrinin müavinət alma müddətlərinin artırılmasından getmir. Həmin dövrdə onların sosial reabilitasiya imkanlarının araşdırılmasını, yoxsulluq həddindən çıxarılmasını əhatə edir. Bundan sonra sosial yardımdan əlavə, ailələrin sosial reabilitasiyasına çalışmaq lazımdır. Yaxşı olar ki, iki il ərzində ailəyə veriləcək müavinət birdəfəlik müavinət kimi qaytarılmayan yardım şəklində verilsin. Ailə də bundan hər hansı kiçik biznes quraraq yoxsulluqdan çıxa bilsin. Bu baxımdan, ünvanlı sosial yardım müddətinin iki ilə qaldırılması bir tərəfdən, korrupsiya və rüşvətxorluğun azalmasına, digər tərəfdən, insanların yoxsuluq həddindən çıxmasına xidmət edir".

   Qeyd etdiyimiz kimi, artıq ünvanlı sosial yardım almaq istəyənlər müxtəlif idarələrin qapısında gözləyib arayış almaq məcburiyyətində qalmayacaq. Bu, üzücü prosedurları aradan qaldırmaq üçün yeni bir sistem tətbiq olunacaqbu sistemə görə, ünvanlı sosial yardıma müraciət edən vətəndaşdan heç bir sənəd tələb olunmayacaq. Hazırkı qaydalara əsasən ünvanlı sosial yardım almaq istəyən şəxs öz ailə tərkibi, aylıq gəliri, əmlakı və digər məlumatları əks etdirən sənədləri müvafiq dövlət qurumuna təqdim etməlidir. Elektron sistem tətbiq olunduqdan sonra isə vətəndaşlar telefonla zəng etməklə və ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron ünvanına daxil olub, öz şəxsiyyət vəsiqəsinin nömrəsini daxil etməklə ünvanlı sosial yardım üçün müraciət edəcəklər.

   Bundan başqa, ölkəmizdə ünvanlı sosial yardım alanların siyahısı ictimailəşdirilib. Artıq hər bir kəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet saytında yerləşdirilən siyahıya baxmaqla orada tanıdığı imkanlı şəxsin adının olub-olmadığını görə biləcək.

   Ekspertlərin fikrincə, dövlət büdcəsindən ayrılan vəsaitin düzgün istiqamətdə sərf olunması qarşıya qoyulan əsas məqsədlərdən biridir. Xatırladaq ki, ünvanlı sosial yardımın verilməsinə 2006-cı ildən start verilib. Ünvanlı sosial yadımın verilməsində əsas məqsəd aztəminatlı ailələrin maddi şəraitin yaxşılaşdırımasıdır. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir.

   Bundan başqa, sistemin tam fəaliyyətini təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli Qərarı ilə "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası" təsdiq edilib.

   İqtisadçı ekspert Natiq Cəfərliyə görə, önəmli olan sosial müavinətlərin müddəti deyil, həcmidir: "Hökumətin qarşısında iki variant vardı; ya ünvanlı sosial yardımın həcmi artırılmalı idi, ya da müddətini artırmaq vasitəsilə daha çox insana bu vəsaitlərin yetişməsinə şərait yaradılmalı idi. Göründüyü kimi, hökumət vəsaitin artırılması ilə deyil, zamanın artırılması ilə problemi həll etməyə çalışır. Bu da müəyyən mənada, yardımın alınması prosesinin asanlaşması, bürokratik əngəllərin aradan qaldırılması üçün müsbət addım olsa da, əsas məsələ bu, deyil. Burada problem sosial müavinətlərin həcmi ilə bağlı idi ki, verilən vəsait bir ay ərzində insanlara normal dolanmaq üçün kifayət etmirdi. Görünür, büdcə vəsaitlərinin çatışmazlığı bu kimi layihələrdə daha çox üzə çıxır".

   Qeyd edək ki, sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində heç bir millietnik mənsubiyyətindən, irqindən, dərisinin rəngindən, dini etiqadından, qaçqın və ya məcburi köçkün olmasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan bütün şəxslər nəzərə alınır.

 

   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda deyilir: "Azərbaycan Respublikası Prezidentinin "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli Qanununun tətbiqi haqqında" 16 mart 2015-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımlarının təyinat müddəti bir ildən iki ilədək uzadılıb. Sərəncam imzalandığı gündən, yəni 16 mart 2015-ci il tarixdən qüvvəyə minib və yalnız bundan sonra təyin edilən bütün ünvanlı sosial yardımlar iki illik müddət üçün nəzərdə tutulur. Sərəncamın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq təlimat məktubları hazırlanaraq, rayon (şəhər) ƏSMM-lərinə göndərilib. Azərbaycan Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanına əsasən, hazırda ünvanlı sosial yardımların təyinatı prosesinin tam avtomatlaşdırılması işləri aparılır. Yaradılan müvafiq texniki infrastruktur vətəndaşlara ünvanlı sosial yardım üçün elektron formada daha rahat şəkildə müraciət etmək imkanı verəcək".

   Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov dünən jurnalistlərlə söhbətində sosial proqramların tam şəkildə icra olunacağını deyərək, bildirib ki, hazırda ünvanlı sosial yardımların verilməsi və avtomatlaşdırılması istiqamətində artıq işlər yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, bu gün sosial müavinətlər, kompensasiyalar üzrə əsas olan məsələlərdən biri onların düzgün ünvana çatdırılmasıdır. "Bu müavinətlərə kimin həqiqətən ehtiyacı varsa, o şəxslər almalıdır. İmkanı olanlara isə verilməməlidir", - deyə nazir vurğulayıb.

   Müavinətlərin və sosial yardımların düzgün ünvanlara çaydırılmasını təmin edən avtomotlaşdırılmış proqramların artıq təhvil verilməsinə çox az vaxt qalır.

 

   Rəşid RƏŞAD

   Ekspress.-2015.- 11 sentyabr.- S.10.