"Bir addım irəli,
10 addım geri getmişəm..."
Ülviyyə Əliyeva: Səhnədə
oynarkən heç kimi görmürəm, sanki gözlərimin
qarşısında bir divar hörülür
Aktrisa Ülviyyə Əliyeva 17 yaşından səhnədədir. 1998-ci ildə
Azərbaycan Dövlət Gənclər Teatrında
çalışmağa başlayarkən rejissor
Hüseynağa Atakişiyev onun istedadını qiymətləndirmiş,
aktrisada olan səsi də ilk dəfə o kəşf
etmişdi.
1999-cu ildə
Dövlət Mədəniyyət və İncəsənət
İnstitutunun musiqili teatr aktyoru fakültəsinə daxil olan
Ülviyyə Əliyeva 2001-ci ildə Azərbaycan Dövlət
Musiqili Komediya Teatrında fəaliyyətə başlayır.
Bu teatrda "Hərənin öz ulduzu", "Səhnədə
məhəbbət", "Volqalı canan", "Talelər
qovuşanda", "Əlin cibində olsun", "Bəydullanın
möhtəşəm toyu", "Məsmə xala
dayımdır", "Adamın adamı", "Bir
günlük siğə", "Qısqanc ürəklər"
və s. tamaşalarda rəngarəng obrazlar oynayıb. Aktrisa aparıcılıq fəaliyyəti, film və
seriallarda oynadığı rollarla da diqqəti özünə
cəlb edə bilib.
- İncəsənəti seçməniz təsadüfi,
yoxsa özünü axtarmanın nəticəsi idi?
- Yəqin ki, bu həyatda təsadüfi
deyilən heç bir şey yoxdur. Sadəcə,
dediyiniz kimi, insan özünü axtararaq, nəhayət,
tapır ki, nəticədə də özünü sevdiyi
peşəyə həsr edir. Mən rus
dilində təhsil almışam, yaxşı oxumuşam,
xüsusilə, rus, Azərbaycan dili, ədəbiyyat və
ingilis dilini. Hətta ingilis dili üzrə
xüsusilə seçilirdim. Ancaq tale elə
gətirdi ki, incəsənətə gəldim, teatrı
seçdim. Rus Dram Teatrının repertuarını əzbər
bilir, bu teatrın fəaliyyətini yaxından izləyir və
az qala bütün tamaşalarında
iştirak edirdim. Ancaq səhnədə aktrisa
kimi ilk addımlarımı Dövlət Gənclər
Teatrında atdım. Hüseynağa
Atakişiyevin quruluşunda hazırlanan tamaşalarda maraqlı
rollar oynadım. İlk rolum
"Tıq-tıq xanım"da kiçikhəcmli bir rol
oldu. Bu roldan sonra Cəlil Məmmədquluzadənin
"Ölülər"ində Nazlı rolu mənə həvalə
edildi. Məni aktrisa kimi, hətta səsimin
olmasını ilk dəfə kəşf edən
Hüseynağa müəllim oldu. O, həqiqətən,
müəllim idi, bizim sevimli müəllimimiz. Səsim
olduğu üçün məni Musiqili teatr aktyoru fakultəsinə
istiqamətləndirdi. Universitetdə əvvəlcə
Yaşar Nuri, sonralarsa Şəfiqə Məmmədova kurs rəhbərimiz
oldu. Daha sonra İlham Namiq Kamal bizim kursa dərs dedi. Sonralar Afaq Bəşirqızından sənətin
sirlərini öyrəndik. II kursda
oxuduğum zaman Afaq xanım məni Musiqili Komediya Teatrına dəvət
etdi. Əvvəlcə bir qədər çəkindim,
çünki böyük teatr, canlı orkestr və ən
önəmlisi bu teatrda can qoymuş sənətkarlarla birgə
o möhtəşəm səhnəni paylaşmaq mənə
çox çətin görünürdü...
- Hüseynağa
Atakişiyevin hazırladığı tamaşalarda dramatik
rolları oynadıqdan sonra birdən-birə Musiqili Komediya
Teatrının səhnəsinə çıxmaq çətin
olmadımı?
- Bir tərəfdə aktrisalıq
imkanlarıma güvənərək məni öz teatrında
çalışmağa dəvət edən Afaq Bəşırqızı
var idi, digər tərəfdə də məndəki
istedadı kəşf edən Hüseynağa Atakişiyev.
Çox çətin qərar idi, Hüseynağa müəllimə
deyərkən mənə xeyir-dua verdi,
öhdəsindən gələcəyimi söylədi. Musiqili
Komediya Teatrı da mənə geniş meydan verdi.
Mən teatra yeni gələndə teatrda əsas
rollarda əsasən rəhmətlik Xanım Qafarova
oynayırdı. Rəhmətliklə bir
çox tamaşalarda tərəfmüqabili oldum. Hətta Xanımdan sonra ən çox tamaşalarda
oynayan aktrisa mən idim.
- Sizə komik, yoxsa dramatik səpgili
rollar yaxındır?
- Komediya oynamaq daha çətindir,
nəinki dram əsərlərində rol almaq. İnsanı
ağlatmaq daha asandır, çünki hər bir insanın
bir dərdi var, hər kəs bir cür bədbəxtdir, hər
kəsin bir sarı simi mütləq var və o sarı simə
çox asanlıqla toxunmaq olur. Ancaq
xoşbəxtlik, demək olar ki, hamıda eynidir. Bu baxımdam güldürmək çətindir.
- Səhnədə olduğunuz 17 il necə keçdi?
- Çox gərgin illər idi... Elə olub ki, bur sutkada 18 saat
çalışmışam. Tamaşaçıların
sevimli serialı olan "Üç bacı"nın çəkilişləri zamanı səhər
saat 10.30-da çəkiliş başlayırdı və
başımız elə qarışırdı ki,
günün necə gəlib keçdiyindən belə xəbərimiz
olmurdu.
- İmtina etdiyiniz
rollar olubmu?
- Heç bir roldan imtina etməmişəm,
mənə həvalə olunan rolu mənimsəyərək
oynamışam, obrazı özümünküləşdirməyə
çalışmışam. Əslində, mənə
heç zəif rollar təklif olunmayıb, təklif edilən
rolların hər birində maraqlı bir xarakterlə
qarşılaşmışam. Hətta
rollara görə nə qədər pul qazanacağımla belə
maraqlanmamışam. Allah hər kəsin bərəkətini
elə onun işi vasitəsilə göndərir. Bu baxımdan qismətə inanıram. Sənət dünyasında hər şeyə sənət
nöqteyi-nəzərindən yanaşmaq çox vacibdir.
Hər rejissorla çalışmaq özü
bir inkişafdır, bir yenilikdən xəbərdar olmaqdır,
fərqli dünyagörüşü ilə
qarşılaşmaqdır. Sənətə
belə yanaşmaq lazımdır.
- Teatrda çalışır,
seriallara çəkilir və üstəlik,
aparıcılıq etməyə də vaxt
tapırsınız...
- Bütün bunlar həm vaxt tələb
edir, həm də elə etməlisən ki, bir-birinə mane
olmasın. Yeri gəlmişkən,
teatrımızın direktoru Əliqismət Lalayevə minnətdaram
ki, aktyorların sənətlə bağlı başqa işlərdə
çalışmasına şərait yaradır. Ancaq nə olur-olsun teatr ilk yerdədir. Bizim
teatr bu il bir ilkə imza atdı. Mövsümün bağlanışı zamanı
teatrda hər sahə üzrə çalışan gənclərə
mükafatlar verildi. Bu əyləncəli-musiqili
bir səviyyədə həyata keçirildi. İnanıram ki, davamlı olacaq. Bax, bütün bunlar yaradıcı gənclər
üçün yeni imkanlar açır, növbəti
mövsümdə daha böyük güclə
çalışaraq sanki yaxşı mənada
yarışacaqlar. Bildiyiniz kimi,
teatrımız 105-ci mövsümünü bağladı və
mövsümün bağlanışı zamanı belə
tamaşaçıların isti gündə həvəslə
teatra gəlişi bir daha sübut etdi ki, Musiqili Teatrın
heç bir vaxt tamaşaçı qıtlığı
olmayıb. Avropa oyunları zamanı
güman etmək olardı ki, tamaşaçılar teatra gəlməyəcək.
Çünki belə möhtəşəm
oyunu izləmək daha maraqlı olardı. Ancaq tamaşaçı həm tamaşalara mütəmadi
gəldi, həm də oyunların tamaşaçısına
çevrildi. Bu ən böyük
uğurdur.
Onu da qeyd edim ki,
Avropa oyunları zamanı bizim teatrın üzərinə də
böyük məsuliyyət düşmüşdü. Əcnəbilər üçün bir çox
tamaşalar ingilis dilinə çevrilmiş və subtitrlər
vasitəsilə təqdim olunurdu. Bütün
bunlar hamısı mədəniyyətimizin dünya ölkələri
tərəfindən daha yaxşı tanınması
üçün idi.
- Hər aktyorun öz
tamaşaçısı olur, sizin də öz pərəstişkarlarınız
var. Şəxsən şahid olmuşam ki,
tamaşaçı sizin oyunu necə maraqla izləyir...
- Sənə pərəstiş edən,
oyununu daima izləyən tamaşaçını mütləq
qane etməlisən. Mən səhnədə
oynarkən heç kimi görmürəm, sanki gözlərimin
qarşısında bir divar hörülür, bir
oynadığım obraz olur, bir də mən. Hətta ən yaxın adamlarım -qohumlar,
qonşular, dost-tanışlar ilk sırada oturub mənə
baxsalar belə onları görmürəm. Televiziya çəkilişlərində, tutaq ki, istənilən
məqam montaj olunur, ancaq canlı səhnədə
tamaşaçı nəfəsini hiss edərək oynamaq nə
qədər məsuliyyətlidirsə, bir o qədər
çox qürurverici bir şeydir. Hər
kəs sakit oturub səhnəyə hakim kəsilir,
aktyorların səhnədəki oyununa alqış səsləri
ilə yaxşı mənada reaksiya verilir. Bundan
böyük xoşbəxtlik olar?!.
Mən bu sənəti
bütün varlığımla sevirəm. Bir məqamı unutmayaq ki, bizim sənətimiz kənardan
asan görünə bilər, bəlkə də çoxlarına
asan görünür. Ancaq asan
görünən bu işin arxasında necə gərgin əmək
dayandığını bir bilsəniz, bir görsəniz, bunu
sözlə ifadə etmək çox çətindir. Bir var ki, iynə ilə gor qazmaq, bir də var ki, iynə
ilə dağları, qayaları qazaraq keçmək. Mənim 17 ilim məhz belə bir zəhmətin məhsuludur.
Bir addım irəli getmişəmsə, 10
addım geriyə getmişəm.
- Güclü xarakterə maliksiniz
ki, belə çətinliklərin öhdəsindən gələ
bilirsiniz...
- İnsanı
formalaşdıran çətinliklərdir, təcrübədir.
Təcrübə o vaxt qazanılır ki,
müxtəlif səpgili tamaşalarda, serialarda müxtəlif
səpgili rollar oynayırsan. Və bu proses illərlə
davam edir.
- Səhnədə
saysız-hesabsız rollar oynamısınız. Hansı
rolunuzun sizə təsiri daha güclü olub.
- Oynadığım rolların
sayını-hesabını unutmuşam, hər bir rola
böyük əmək vermişəm. "Arşın mal alan"da oynadığım Telli obrazı mənim
daxili dünyama daha çox sirayət edib.
- Səfurə İbrahimovanın
kinoda oynadığı Telli obrazı əvəzsiz
sayılır...
- Məhz onun ifası sevildiyi
üçün bu rol mənə həvalə olunduğu
zaman məsuliyyətini anlayırdım. Tellini
elə oynamalı idim ki, tamaşaçının əzbər
bildiyi ifanın yanında heç olmasa qəbul olunsun. Yaxşı ki, tamaşa, elə Telli rolu da
maraqlı alındı, tamaşaçı qəbul etdi.
İlyarım tamaşanın məşqləri
oldu. Elvin Mirzəyev tamaşanı elə
qurmuşdu ki, səhnə boyunca hərəkət vardı,
bir saniyə boş dayanmaq yox idi. Tamaşa
vaxtı milli geyimləri yarım dəqiqə ərzində dəyişirdik.
Məşq prosesində nə filmə baxdım, nə də
"Arşın mal alan"la bağlı
hər hansı bir tamaşaya. Bütün diqqətimi
tamaşaya verdim və ürəklə Tellini oynadım.
Doğrudur, tamaşa artıq repertuarda yoxdur, amma bu obrazı hər
an gözüyumulu oynamağa hazıram, yəni,
o qədər beynimə, yaddaşıma, varlığıma həkk
olunub.
- Bir müddət teatrdan ayrı
qaldınız. Teatrdan uzaqlaşmağınızın
səbəbi nə idi?
- Son bir ildə teatra
qayıtmışam. Əslində bir müddət
teatrdan ayrı qalmağımın elə də ciddi bir səbəbi
olmadı. Sadəcə olaraq çəkilişlərə
o qədər başım qarışırdı ki, bu da vaxt
çatışmazlığı yaradırdı. Mən istəməzdim mənə görə teatrın
işi ləngisin. Həftənin 7
gününü çəkilişdə olmaq və teatra
zaman ayırmamaq haqsızlıq olardı. Baxmayaraq
ki, Əliqismət müəllim bütün şəraiti
yaradırdı, hətta məhz bu səbəbdən teatrdan
ayrılmağıma icazə vermək istəmirdi. Ancaq bu yaxşılıqdan sui-istifadə edə bilməzdim,
bu mənim təbiətimdə heç yoxdur. Ona görə
də bir müddət uzaqlaşdım... Artıq
bir ildir ki, geri dönmüşəm, yenə də
bütün şərait yaradılıb. İnanıram
ki, yeni mövsümdə tamaşaçıların ürəkdən
qəbul etdiyi rollarla onların görüşünə gələcəyik...
Xədicə
Qiyas
Ekspress.-2015.-
11 sentyabr.- S. 9.