Cümhuriyyət tələbələri
III fəsil. Tale sorağında
Azərbaycan Xalq Cümhuriyyəti varlığının 23 ayı ərzində min bir çətinlik və təhdidlərlə üzləşsə də, Vətənin və millətin gələcəyi naminə 100 gənci xaricə oxumağa göndərmişdi.
Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurban "Cümhuriyyət tələbələri" adlı miqyaslı və sanballı araşdırmasında arxiv sənədləri əsasında onlar barəsində bilmədiyimiz məlumatları gün işığına çıxarmış, bununla yetərlənməyərək və Azərbaycanı qarış-qarış gəzərək xaricdə təhsil aldıqdan sonra artıq müstəqil olmayan vətənə qayıdan tələbələrin izinə düşmüş, onları arayıb axtarmış və talelərinə güzgü tutmuşdur.
"Cümhuriyyət tələbələri"nin ilk iki fəsli bir müddət əvvəl "Ekspress" və digər qəzetlərdə çap olunub.
Cümhuriyyət tələbələri arasında daha bir nəfər - Ağaəli Cəlal oğlu Yusifzadə də "Yaşıl Qələm" cəmiyyətinin üzvü olmuşdu.
Ağəli Yusifzadənin Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan doğum şəhadətnaməsindən bəlli olur ki, 1900-cü il yanvar ayının 1-də Yelizavetpol (Gəncə) qəzasının Şuşa şəhərində doğulmuşdur. Atası Axund Mirzə Cəlal Yusifzadə, anası Zeybə Mir İman qızıdır. Şəhadətnamə 1908-ci il iyun ayının 16-da Tiflis şəhərində tərtib edilərək möhürlənmişdir. Sənədi Zaqafqaziya Şeyxülislamı vəzifəsini müvəqqəti icra edən Sultanhüseynov, İdarənin üzvləri Poladzadə və Mahmudzadə imzalamışlar.
Ağaəli Yusifzadə 1916-cı il avqustun 17-də Şuşa Real Məktəbinin əlavə sinfinə daxil olmuş, 1917-ci il aprelin 20-də oranı əla davranış və aşağıdakı qiymətlərlə bitirmişdir:
İlahiyyat - əla
Rus dili - dörd
Alman dili - əla
Fransız dili - dörd
Riyaziyyat - dörd
Cəbr - dörd
Triqometriya - dörd
Tarix - əla
Təbiətşünaslıq
- əla
Fizika - dörd
Riyazi coğrafiya - əla
Rəsmxət
- əla
Qanunşünaslıq
- əla
Tatar dili
- əla.
Direktor:
A.İVANOV
Pedaqoji Şuranın katibi R.Şahnazarov
Şuşa şəhəri
20 aprel 1917-ci il.
Ağaəli Yusifzadənin 1919-cu il avqustun 2-də Azərbaycan
Cümhuriyyəti Xalq
Maarifi Komissarlığına
yazdığı ərizədə
göstərilir ki, o,
həmin vaxt Azərbaycan hökuməti
İşlər İdarəsində
draqoman ( kargüzar
-T.Q. ) vəzifəsində işləmişdir.
Azərbaycan Parlamentinin 1919-cu il
1 sentyabr tarixli qərarına müvafiq olaraq Ağaəli Yusifzadə Fransaya ali təhsil almağa göndərilir və Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə
daxil olur. 1922-ci ildə Fransada
təhsilini başa vuran Cümhuriyyət tələbəsinin təəssüflər
olsun ki, sonrakı taleyi barədə heç bir arxiv sənədi
yoxdur. Bəs Ağaəli Yusifzadə -
Əli Yusif haqqında Azərbaycan mətbuatı səhifələrində
hansı materiallar var? Axtarışlarımız
öz nəticəsini
verdi. "Ədəbiyyat və incəsənət" qəzetinin
1989-cu il 28 iyul tarixli sayında Abbas Abdullayevin "İllər və talelər" başlıqlı
məqaləsini dərin
maraqla oxudum. Müəllif yazır:
"Mən bu istedadlı gəncin - Əli Yusifin 1920-ci ilin yanvarında təhsil almaq üçün Fransaya göndərildiyini bilirdim.
Lakin sonrakı taleyi barədə bütün cidd-cəhdimə baxmayaraq,
mötəbər bir məlumat əldə edə bilməmişdim.
Doğrusu, Əli Yusifin
Parisdə təhsilini
başa çatdıracağına
da ümidim yox idi. O dövrün mətbuatında
verilən xəbərlər
göstərirdi ki, Avropaya göndərilmiş
tələbələrimiz maddi
cəhətdən olduqca
acınacaqlı bir vəziyyətə düşmüşdülər.
Azərbaycan hökumətinin 6 ay əvvəl onlara təyin etdiyi təqaüd pulun məzənnəsi dəyişdiyinə
görə quru çörəyə belə
çatmırdı. Tələbələrin
həyəcanlı məktublarındakı
"çarəsizlikdən xalçamı satdım",
"özümə münasib
iş arayıram"
kimi fəryadlar onların yenicə başladıqları təhsili
başa vuracaqlarına
heç bir ümid yeri qoymurdu"
Əli Yusif qürbətə yola düşdüyü gün doğma Vətənlə vidalaşarkən,
sankı gələcək
taleyini qabaqcadan görmüş və şeirlə belə ifadə etmişdi:
Ey müqəddəs,
şanlı,
sevimli ölkə !
Haqqını
halal et,
biz gedər olduq.
Kim bilir qəzayı -
Dönmədik
bəlkə!
Haqqını
halal et,
biz gedər olduq".
2005-ci ildə nəşr olunmuş
"Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası"nın
2-ci cildində ( səh. 443 ) bu misraların müəllifi
haqqında oxuyuruq:
"YUSİFZADƏ
AĞAƏLİ CƏLAL OĞLU (1. 1. 1900, Şuşa - ?)"
Bu sualın
cavabını Azərbaycanda
ilk dəfə arxiv sənədlərinə əsaslanaraq
professor Nazif Qəhrəmanlı
hazırlamışdır. Onun 2010-cu ildə vur-tut 200 nüsxə nəşr olunmuş
"Vətən və
istiqlal aşiqi Əli Yusif" ( Bakı, Avropa
nəşriyyatı,elmi redaktoru
professor Aydın Dadaşov)
kitabı Cümhuriyyət
tələbəsinin anadan
olmasının 110 illiyinə
həsr edilmişdir.
Müəllifin
"Ön söz əvəzi"ndə oxuyuruq:
"Əli Cəlal oğlu Yusifzadə (ədəbi imzası Əli Yusif, Əli Yusif Rai). Bu görkəmli
insanın həyatı
və fəaliyyəti
yetərincə öyrənilməmişdir.
Əli Yusif Azərbaycan tarixinin kifayət qədər təkrarsız,
unikal, orjinal və parlaq şəxsiyyətlərindəndir. Əli Yusif XX əsrin ilk ali
diplomatik təhsil almış bir siyasət adamıdır".
Kitabın
"Mirzə Cəlal
ömrü" və
"Yusifzadələr nəsli"
fəsillərində "XX əsrin ali
diplomatik təhsil almış siyasət adamı" nın əcdadları və yaxınları barədə
ensiklopedik məlumatlar
vardır. Müəllif
Əli Yusifin atası Mirzə Cəlal barədə söhbət açarkən
başı bəlalar
çəkmiş soydaşımız,
məşhur musiqişünas
Firudin Şuşinskinin
məşhur "Şuşa"
kitabından bir parçanı olduğu kimi oxuculara çatdırır:
"Mirzə
Cəlal Yusifzadə
(1862-1931) Şuşanın ən qabaqcıl ziyalılarından biri olmuşdur. O, vətəni
Şuşada kamil təhsil almış, ərəb və fars dillərini
mükəmməl öyrənmiş,
40 ilə yaxın müəllimlik etmişdir.
Bunlardan əlavə Mirzə Cəlal ədəbi yaradıcılıq və
musiqi ilə məşğul olmuşdur.
Mirzə
Cəlal eyni zamanda şeirlər, pyeslər yazmış, həm də tərcüməçiliklə məşğul olmuşdur.
Mirzə Cəlal məşhur
Saşa Oqanezaşvilinin
"Fərhad və Şirin" operasının
librettosunu yazmışdır.
Mirzə
Cəlal eyni zamanda xarrat Qulunun və Mir Möüvsün Nəvvabın
musiqi məclislərində
yaxından iştirak etmişdir".
Cümhuriyyət tələbəsinin əcdadlarına həsr olunmuş fəsildə Nazif Qəhrəmanlı göstərir ki, Yusifzadələr Qarabağ
torpağının ən
məşhur nəsillərindəndir.
Nəslin ilk məşhur şəxsiyyəti
Mirzə Ağa Yusif olmuşdur. O, İbrahim xanın sarayı ilə bağlı olan alim və şair
kimi şöhrətlənmiş,
Qarabağda və Şuşada sözü keçən şəxs sayılmışdır. Mirzə
Ağa Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları
Mirzə Ələkbər
və Mirzə Abbas da görkəmli
şair və alim olmuşlar..."
(ardı var)
Teyyub QURBAN
Ekspress .-2015.- 10-12 yanvar.- S.15.