Söz aldadar, mimika aldatmaz...
Əməkdar artist Elman Rəfiyev: Bəxtiyar
Xanızadə canlı korifeydir...
Əməkdar artist Elman Rəfiyev direktoru olduğu və illərini verdiyi Pantomim Teatrına elə bağlıdır ki, digər ölkələrdən aldığı iş təkliflərindən belə imtina edir.
"Ekspress" qəzetinin əməkdaşı ilə söhbətində direktor-aktyor sənət sevgisinin sirlərini açdı.
TANITIM: Elman Rəfiyev 1988-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram və kino aktyoru" fakültəsini (1988-1992) fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə Gürcüstanda Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunda təhsil alıb, 2000-ci ildə Bolqarıstanda Sofiya Yay Akademiyasında "Bədənlər və zaman" seminarında iştirak edib. 1992-1994-cü illərdə Dövlət Gənclər Teatrında, 1994-2000-ci illərdə Bəxtiyar Xanızadənin rəhbərlik etdiyi "Dəli yığıncağı" Pantomim teatr-studiyasında aktyor kimi çalışıb, 2000-ci ildən Dövlət Pantomim Teatrında direktor müavini, 2009-cu ildən direktor vəzifəsini daşıyır, eyni zamanda aktyorluq fəaliyyətini davam etdirir.
Elman Rəfiyev Əli Əmirlinin "Meydan" (Zabit), Bəxtiyar Xanızadənin "Nağaraçılar" (Sırtıq), "Kvaksafon" (Qurbağa), "Şərqə səyahət" (Aparıcı), "Yaponiyaya səyahət" (Diktor), "Hindistana səyahət" (Motosikletçi), "Zibillik pərvanələri" (Şah, Skripkaçı), "Eşq" (Vərəq), "Kölgə" (Polis), S.Mrocekin "Karol xofu" (Baba), Ə.Haqverdiyevin "Kimdir müqəssir?" (Şeytan), Çingiz Aytmatovun "Manqurt" (Aparıcı), Üzeyir Hacıbəyovun "Dulusçu" (5-mim), Antuan de Sent-Ekzüperinin "Balaca şahzadə" (Qızılgül), Alber Kamyunun "İnsan" (Mason, Hakim), Vaqif Səmədoğlunun "Yaşıl eynəkli adam 2-3" (İnzibatçı), Anarın "Nigarançılıq" (Aşbaz Əli), Aqşin Babayevin "Nekroloq" (Ruslan), Ramiz Həsənoğlunun "Bəylik dərsi" (Məzhəkəçi), Şərif Qurbanəliyevin "Təklif" (II dələduz) televiziya tamaşalarında, İzzət Əzizovun "Qaz" (Kaliqula), Ramiz Həsənoğlunun "Hüseyn Cavid" (Gənc dramaturq) filmlərində çəkilib. O, Dövlət Pantomim Teatrında hazırlanan bütün tamaşaların və A.Şaiq adına Kukla Teatrında "Kral" tamaşasının musiqi tərtibatçısıdır.
- Aktyorluqla yanaşı teatr direktorluğu, musiqi tərtibatı, həmçinin, film və serial çəkilişlərində iştirak, üstəlik, beynəlxalq festivallar - bütün bunlara necə vaxt tapır və öhdəsindən gəlirsiniz?
- Sənət eşqi güclü olanda aktyor tutduğu yerə qane olmur, hər zaman axtarışda olur. Ən önəmlisi odur ki, hər hansı bir pilləyə çatanda digər pillə üçün can atmalısan. Bəziləri sadəcə bir pillə uğrunda mübarizə aparır və nail olursa, buna qane olur. Yəni, hər kəsdə sənət eşqi güclü olmaya bilər. Mən bir aktyor kimi ustadım Bəxtiyar Xanızadədən sənətin sirlərini öyrənmişəm və öyrənməyə davam edirəm - ondan öyrəndiklərim daim mənə uğur gətirir.
- Ustadınızla uzun illərdir ki, birgə addımlayırsınız...
- İncəsənət Universitetinə daxil olduğum 1988-ci ildən bu yana Bəxtiyar müəllimlə demək olar ki, bərabər addımlayırıq. Tələbə vaxtı bizə elə gəlirdi ki, Pantomim Teatrını artıq yaratmaq gücündəyik. Ancaq ustadımız etiraf etdi ki, hələlik bu gücümüz yoxdur və bizə yeni yaranmaqda olan Gənclər Teatrında çalışmağı tövsiyə etdi. O vaxtlar yeni yaranan Gənclər Teatrı da öz fərqli üslubu ilə seçilirdi, Hüseynağa Atakişiyevin quruluşunda hazırlanan tamaşalar, onun sənətkarlığı örnək idi. Bir il onunla çalışdım, ancaq Pantomim Teatrı yaranan kimi ordan ayrıldım. Doğrudur, fəaliyyətim zamanı 6 ay işsiz qaldığım zamanlar da olub, bu, hətta sənətdən uzaqlaşmağıma da səbəb ola bilərdi. Ancaq sonralar başa düşdüm ki, mən bu sənət üçün doğulmuşam.
- Bir çox beynəlxalq
festivallarda iştirak etmisiniz. Bu festivallar
teatrlarımıza, konkret olaraq bir aktyor kimi Sizə nə
qazandırıb?
- Ümumiyyətlə, festivallardan
mükafatlar qazanmaq yaxşı əlamətdir. Başqa önəmli məqamsa belə festivallarda
dostluqların qazanılmasıdır. Festival
böyük bir bayram, teatr bayramıdır. Festivalda
tanımadığın ölkələrin təmsilçiləri,
aktyorları ilə ünsiyyət qurursan, tanış
olursan, onların ifasında olan tamaşalara baxırsan. İrandakı ilk Pantomim festivalının ilk fəxri
qonaqları biz idik, bir də Fransadan qonaqlar vardı. Bu bizim üçün böyük bir hadisə idi.
Festivallarda əcnəbi ölkələrin məhşur
pantomimçiləri ilə tanışlıq, onlarla
ünsiyyət qurmaq heç də asan məsələ deyil.
Festivallardan biz məhz bunu qazanırıq.
Qeyd edim ki, dünyada iki dövlət Pantomim Teatrı var: onun
biri bizik, digəri Gürcüstandadır. Teatr
Xadimləri İttifaqı keçirdiyi Pantomim festivalına
onları da dəvət etmişdi. Yaxşı
yadımdadır ki, fəaliyyətinə bizdən öncə
başlayan Gürcüstan Pantomim Teatrının səhnədəki
çıxışını görüncə anladıq
ki, biz düz yoldayıq. Əlbəttə
ki, bizə düz yolu göstərən ustadımız
olduğu üçün yaradıcı gücümüzə
bələdik.
- Bizim Pantomim Teatrı rəsmən
1994-cü ildə yaradılsa da, sizlər çoxdan milli səhnədə
öz yerinizi tutmuşdunuz...
- Bizim teatrın yaranma dövrü
1988-ci ilə təsadüf edir.
Bəxtiyar müəllimin
bizə verdiyi bilgilər bir çox dünya
teatrlarının qarşısına çıxma gücündəyik.
Demək istəyirəm ki, Bəxtiyar Xanızadə canlı
korifeydir...
- Belə fikir var ki, Azərbaycan
teatrı uzun illərdir durğunluq dövrünü
yaşayır. Bu fikirlə
razısınızmı?
- Mən əksinə deyərdim,
Azərbaycan teatrı hazırda inkişaf dövrünü
yaşayır. Görülən bu qədər
işin üzərindən necə xətt çəkmək
olar ki?! Bütün teatrlar var qüvvəsiylə
çalışır ki, tamaşaçının diqqətində
dayanan, onu maraqlandıran və təəccübləndirən
səhnə əsərləri yaratsın. Əvvəllər əcnəbi ölkələrdən
rejissor dəvət etmək mümkün deyildi, hazırda buna
geniş imkanlar var. İnkişaf elə budur, birdən-birə
hər şeyə nail olmaq mümkün deyil axı. Əlbəttə ki, çatışmayan cəhətlər
də olacaq. Görüləcək işlər
çoxdur, artıq meydan bizim nəslin aktyorlarındır.
Bu dövrün bütün məsuliyyət
yükü bizim üzərimizdədir və bu fürsətdən
səmərəli istifadə etmək lazımdır.
- Əslində, sizin
nəslin aktyorlarının işi heç də asan deyil.
Ən azı ona görə ki, internet əsrində
potensial tamaşaçını teatra cəlb etmək,
maraqlandırmaq və təəccübləndirmək çətin
işdir.
- Doğrudur. Çalışırıq
ki, hazırladığımız tamaşalar bir-birindən
tamamilə fərqlənsin. Pantomim Teatrında yaxın məsafədən
tamaşaçının bütün reaksiyasını hiss
edirsən və o reaksiyaya görə də onları təəccübləndirirsən.
- Pantomim teatrı müəyyən
anlamda kinonun səssiz dövrünü xatırladır. Məsələn, Çarli Çaplinin filmlərində
tamaşaçı onu onu əl-qol hərəkətləri,
mimikası, gözlərdəki mənalarla başa
düşür və sevirdi.
- Ümumiyyətlə, kino sənəti
elə səssizliyin üzərində qurulmuşdu və bədən
hərəkəti, baxışlar bu səssizlikdə
böyük rol oynayırdı. Yaxşı
yadımdadır, teatrımız yeni yarandığı vaxt
lal və karların qarşısında çıxış
etdik. Əslində, bizim səsli
tamaşalarımız da var, ancaq əsasən səssiz
tamaşalar hazırlayırıq. Lal və
karların qarşısında səssiz tamaşanı
nümayiş etdirdiyimiz zaman salonda bir gülüş var idi
ki, bunu sözlə ifadə etmək çətindir. Onlar bizi anlamışdılar və buna görə
bizi alqışlayırdılar. Pantomim elə
bir teatr növüdür ki, onun üçün dil sərhədi
yoxdur və dünyanın istənilən ölkəsində
tamaşaçılar tərəfindən başa
düşülür.
- Çox vaxt danışmaqdansa
susmaq daha dərin mənalar ifadə edir...
- Qeyd etdiyim kimi səsli
tamaşalarımız da az deyil. Doğrudan da, səssizliklə, hərəkətlə
çox fikir anlatmaq mümkündür. Bəxtiyar
müəllim məşqlərdə iştirak etdiyi zaman həmişə
deyir ki, məni sözlə aldada bilərsiniz, ancaq hərəkətlə
aldada bilməzsiniz. Gerçəkdən də,
hərəkət və mimika istər-istəməz insanın
hisslərini büruzə verir.
Sözsüz
tamaşalarda aktyor bütün fikirləri içindən gələn
hərəkətlərlə başa salır.
- Yetər ki, diqqətli olasan, o
zaman Pantomim Teatrının nə demək istədiyini anlaya
biləsən...
- Bu mənim yaralı yerimdir. Tamaşalarımız adətən 40-45 dəqiqə
olur. Tamaşaçı tamaşa
başladıqdan 15 dəqiqə sonra gəlib
çıxır. Axı tamaşanın əvvəlinə
baxmadan onun sonrasını necə anlamaq olar? Məhz bu səbəbdən Pantomim Teatrının
tamaşaçısı olmaq çox çətindir. Sözlü tamaşada bir anlıq belə fikrin
yayınsa belə, sözü eşitdiyin üçün hadisələrin
gedişatını izləməklə anlaya bilirsən.
Ancaq sözsüz tamaşada diqqətin
yayınması artıq anlaşılmazlıq yaradır.
- Bildiyimə görə, sizin
pedaqoji fəlaiyyətiniz də olub, hətta "Arşın
mal alan"a ingilis dilində quruluş
vermisiniz...
- 13 illik pedaqoji fəaliyyətim
var. Xəzər Universitetində nitq mədəniyyətindən
dərs demişəm. Orda tələbələrlə
bir sıra tamaşalar hazırladım. "Arşın
mal alan" (Üzeyir Hacıbəyli),
"Sevil" (Fikrət Əmirov), "Dərviş Məstəli
şah" (Mirzə Fətəli Axundov) və s. Əslində
öz teatrımızda da tamaşa hazırlaya bilərəm,
çünki ustadımız yaradıclıq baxımından
aktyorlar üçün hər şəraiti yaradır. Ancaq orada sadəcə aktyor kimi
çalışmağı özümə daha yaxın bilirəm.
Həmçinin tamaşaların musiqi tərtibatı
da mənə aiddir.
- Teletamaşalar, seriallar və
filmlərdə rol alırsınız. Ancaq kinorejissorlar sizin
aktyor imkanlarınızdan bir qədər xəsisliklə
istifadə edirlər...
- Televiziya tamaşaları
çoxdur: "Nekroloq", "Qurbanəli bəy",
"Yaşıl eynəkli adam",
"Fatihlərin divanı" və s. Seriallar da çoxdur,
ancaq filmlər o qədər də deyil. Uşaqlıq
illərimdə kino aktyoru olmağı arzulayırdım,
görünür, qismətimdə teatr varmış. İlk dəfə Ramiz Həsənoğlunun
quruluş verdiyi "Cavid ömrü" filmində epizodik
rola çəkildim, Bəxtiyar müəllim uğurlu
alındığını deyir. Sonralar Ramiz Həsənoğlunun
quruluş verdiyi "Sübhün səfiri"ndə, Oqtay
Mirqasımovun çəkdiyi "Günaydın mələyim"də
və s. filmlərdə çəkildim. Ancaq
kinoda ilk böyük filmim Şamil Nəcəfzadənin
quruluş verdiyi "Qala" filmində oldu. Kino başqa bir möcüzədir, bu baxımdan elə
bir aktyor yoxdur ki, kinoda çəkilməyi arzulamasın.
Ancaq bir məqam var - az qala bütün
dünya aktyorları, hətta kino ilə tanınan aktyolar belə
etiraf edir ki, teatrın cazibəsi kinodan daha
güclüdür.
- Yəqin ki, canlı sənət
olduğu üçün belədir...
- Əlbəttə
ki, canlı sənət olduğuna görə, bundan başqa,
teatr aktyorun öz üzərində mütəmadi
çalışması, hər zaman formada qalmasını
saxlayan bir məkandır.
- Ancaq aktyoru daha çox kino
tanıdır.
- Bu fikirlə razıyam, neçə
ildi teatrda çalışsam da tanınmadım, ancaq bir
seriala çəkildim, hamı küçədə məni
göstərirdi. Bir serial məni məşhurlaşdırdı.
Ancaq yenə də öz fikrimdə qalıram ki, teatrın
gözəlliyini heç bir şeylə əvəz etmək
olmaz...
Xədicə
QİYAS
Ekspress.-2015.- 10-12
yanvar.- S.14.