"Nə qədər Qərbə
inteqrasiya eləsək də..."
Firudin
Məhərrəmov: "Mədəniyyətimizin
kökünü öz köklərimizdə axtarmaq
lazımdır"
Əməkdar artist, Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov Azərbaycanın barmaqla sayılacaq sanballı rejissorlarındandır. Belə rejissorların yetişməsi üçün bəlkə də 20-25 il vaxt gərəkir. O, Vasili Şukşinin "Diribaş adamlar", Kiplinqin "Özxoşuna yaşayan pişik", "Hamlet", Cəfər Cabbarlının "Aydın", Con Qolsoursinin "Birincilər və sonuncular", Yucin Onilin "Qarağaclar altında məhəbbət" əsərlərinə quruluş verib, Çingiz Aytmatovun "Dəniz kənarında qaçan alabaş" povesti əsasında "Ümid sahili", Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı" əsərləri, Hidayət Orucovun "Burdan min atlı keçdi" və s. əsərləri əsasında eyniadlı tamaşalar qoyub. Bu tamaşalar dövlət televiziyasının "Qızıl fond"unda saxlanılır, bir sıra müsabiqələrin qalibi olub, tamaşaçıların rəğbətini qazanb.
F.Məhərrəmov, eləcə də, 5 pyesin tərçüməçisi, 5 pyesin isə müəllifidir. Onun ssenarisi əsasında bir çox film və seriallar çəkilib. Bunlardan "İynə-sap" (2 hissəli), "Şans" (2 hissəli), "Yanmış körpülər" (25 seriya), "Susmuş vicdan" (50 seriya), "Qağayı" (12 seriya) film və serialları göstərmək olar.
Həyatını teatra həsr edən sadə, səmimi, vətənpərvər insan olan Firudin Məhərrəmovla görüşüb sənət haqda düşüncələrini öyrəndik, gələcək planları barədə söhbət etdik.
- Firudin müəllim, rejissorluğa maraq sizdə nə vaxtdan yarandı?
- Mən Sumqayıt şəhərində doğulmuşam. O vaxt şəhərdə xalq teatrları, dərnək bumu var idi. 1969-1970-ci illərdən söhbət gedir. Biz klublara, dərnəklərə dəvət alırdıq. Yəni, elanlar verirdilər, biz də gedib dərnəklərə yazılırdıq. Mən ilk dəfə Sumqayıtda Nəriman Nərimanov klubunun nəzdində fəaliyyət göstərən "Sevinc" dram dərnəyinə getmişəm. Sonra bu dərnək xalq teatrına çevrildi. O dərnəkdəki rejissorumuz mərhum Arif Ağayev idi. Moskvada Efrosun kursunu bitirib gəlmişdi. İki il sonra artıq teatrın aktyorlarını mənə həvalə elədilər. Müəllim olmayanda, mən aktyorlarla iş prosesi aparırdım. Marağın bir əsası da o idi ki, o vaxt Sumqayıt Dövlət Dram Teatrına tamaşalara baxmağa gedirdik. Yadıma gəlir ki, "Müsibəti-Fəxrəddin" tamaşasına baxmışdım. Azərbaycan teatrının korifeyləri Barat Şəkinskaya, Rza Əfqanlı onda Sumqayıt Teatrında işləyirdilər. Onda aktyorlar necə də möhtəşəm görünürdülər?!. Bəlkə də o maraq bizdə o möhtəşəmliyi, o sehirli dünyanı görəndən sonra yaranırdı. Bizim bir fəaliyyətiniz də var idi ki, teatrda gördüyümüz tamaşaları gedib həyətdə, məhəllədə imitasiya edirdik. Səhnələr qururduq, evdən paltarlar gətirirdik... Belə-belə, gəlib incəsənətə çıxdıq...
Sonradan sənədlərimi
İncəsənət İnstitutuna verdim. Bəxtim gətirdi ki, müəllimim professor,
SSRİ xalq artisti Mehdi Məmmədov və Azərpaşa Nemətov
oldu.
- Mehdi müəllim xatirinizdə
necə qalıb?
- İnstitutda
bütün tələbələr istəyirdilər ki, Mehdi
müəllimin dərsində olalar. Amma
bizdə o vaxt rejissor kursunda cəmi üç nəfər
oxuyurdu. Onlardan biri də mən idim. Mehdi Məmmədov icazə vermirdi ki, başqası
gəlib onun dərsində otursun. Çünki
hərənin öz müəllimi var idi. Mehdi
Məmmədov ən çox nəzəriyyədən dərs
deyirdi. Rejissor təcrübəsi tərəfdən
bizə Azərpaşa Nemətov dərs deyirdi. O da o vaxt
Leninqrad Teatr Məktəbini bitirib gəlmişdi. Onun da özünün maraqlı, zövqlü
proqramı var idi. Mən öz taleyimə
minnətdaram ki, Azərbaycanın iki böyük rejissorunun tələbəsi
olmuşam. Bu saat hansı uğurlara imza
atıramsa, onlardan öyrəndiklərimin hesabınadır.
İndi də bir iş görəndə, Mehdi Məmmədovu
gözümün qabağına gətirirəm. Düşünürəm ki, o bu işə
baxsaydı, nə deyərdi, necə qiymət verərdi?
- Sumqayıt Dövlət Dram
Teatrına nə vaxtdan gəldiniz, nə kimi işlər
görə bildiniz?
- Mən İnstitutu bitirəndə,
bizdən rəhmətlik Həsənağa Turabov imtahan
götürdü. Mənim diplom işim Vasili
Şukşinin "Diribaş adamlar" əsəri idi.
O vaxt az tələbə-rejissorlar var idi
ki, diplom işini verəndə, maket, tərtibat qururdular. Mən maket də qurmuşdum. İmtahanı
əla qiymətlə verdim Həsən Turabova. Sumqayıtdan gəldiyim üçün mənim təyinatımı
Sumqayıt Teatrına verdilər. Sumqayıt
Teatrında rejissor üçün vakant yer yox idi. Məcbur
olub, bir il baş rejissorun turuppa üzrə
müavini işləmişəm. Amma, eyni
zamanda, tamaşa qurmuşam. Diplom
tamaşasını burda qurdum, uğurla təhvil verdim. İkinci tamaşam Kiplinqin "Özxoşuna
yaşayan pişik" tamaşası olub. Yaxşı mənada
bir az ajiotaja səbəb oldu. O vaxt Azərbaycan
televiziyası bu tamaşanı çəkdi, ildə iki dəfə
verirdi. Televiziyanın "Qızıl
fond"una da düşüb. O tamaşadan sonra məktəblərdə
inşa yazdırırdılar. Məktəblərdən
şagirdlərin bizə məktubları gəlirdi. Obrazların təhlili, teatrı necə başa
düşdükləri ilə bağlı. Tamaşadan
sonra görüşlər keçirirdik...
Sonra Azərbaycanda
mono-tamaşalar festivalı vüsət götürdü.
Mən o festivalın hər ilində bir
tamaşa ilə çıxış eləyirdim. Maraqlı orası idi ki, orda rejissora tam sərbəstlik
verilirdi. Mən əsasən klassik
materiallar götürürdüm. Təsəvvür
edin ki, "Hamlet" əsərini götürürsən,
bütün əsəri bir nəfərin dili ilə oynayaraq
verirsən. Çox maraqlıdı ki, orda
kontras bir şey eləmişdim -Valeh Kərimov Hamlet rolunda.
Hamı öyrəşmişdi ki, Valeh Kərimov
ancaq "Moşu" və o xarakterli rollar oynaya bilər.
Amma sən demə, Valeh Kərimovun aktyor
ampluasında dramatik rollara meyllilik də varmış. Biz o tamaşanı qoyduq, həmin tamaşaya görə
mükafat da aldıq. Həmin diplomda
yazılıb ki, "cəsarətli rejissor addımına
görə təltif edilir". Ondan sonra mən
Cəfər Cabbarlının "Aydın"
tamaşasını hazırladım. Orxan Fikrətoğlunun
"Qapı" hekayəsi əsasında bir tamaşa
qoydum...
Ən çox
sevdiyim müəlliflər Qərb müəllifləri olub.
Əksəriyyəti də Nobel mkafatı
laureatları. Məsələn, Con Qolsoursi. Onun "Birincilər və sonuncular" əsəri
əsasında hazırladığım tamaşa uğurla
getdi. Biz o tamaşanı Ankarada festivalda
Oda Teatrında da oynamışıq.
Nobel mükafatı
laureatı Yucin Onilin "Qarağaclar altında məhəbbət"
əsəri əsasında qoyduğum tamaşa bizim teatrda
maraqlı tamaşalardan biri olub.
Çingiz Aytmatovun
"Dəniz kənarında qaçan alabaş" povesti əsasında
özümün səhnələşdirdiyim "Ümid
sahili" tamaşası da uğurlu tamaşalar
sırasındadı. Həmin
tamaşaların hər biri dövlət televiziyası tərəfindən
çəkilib, "Qızıl fond"da saxlanılır.
Cəlil Məmmədquluzadənin
əsəri əsasında quruluş verdiyim "Danabaş kəndinin
əhvalatları" tamaşası Bakıda klassik
tamaşalar festivalında oynanıldı. Və
12 tamaşa içərisində sanballı tamaşa kimi
göstərildi.
Təxminən
yüzə qədər tamaşam var. Başqa teatrlara da dəvət
alıram. Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin
"Anamın kitabı"na quruluş
vermişəm. Ora gedəndə, özüm istəyirdim
təklif verəm. Teatrın direktoru
İsrafil İsrafilov qayıtdı ki, bu tamaşa bizim
repertuarımızdadı, dövlət sifarişidi. Mənə
elə gəlirdi ki, "Anamın kitabı"nda bir az oyun azdı. Azərbaycan
dövlətçiliyi ilə bağlı orda bəzi ifadələr
var. Çox qəribədir ki, mən bunu ancaq plakat tamaşa
kimi görürdüm. Əvvəl istədim
razı olmayım. Sonra Mirzə Cəlilin adı gələndə...
O əsər hansı teatrda qoyulubsa, səhnə ömrü
qısa olub. "Azdrama"nın
özündə o vaxt qoyulub, cəmi iki tamaşası gedib. Bizdə də -Sumqayıt Dram Teatrında da qoyuldu, cəmi
iki-üç tamaşası getdi. Bir qorxu
da var idi məndə. Aktyorlarla öz aramızda söhbət
edəndə, deyirdilər ki, bu tamaşa bir-iki tamaşadan
artıq getməz, aktual deyil... Guya Cəlil Məmmədquluzadənin
zəif əsərlərindəndi...
Mən bu işə
girişdim, işlədikcə üzə maraqlı priyomlar
çıxdı. Məşq prosesində
gördüm ki, bəlkə də Mirzə Cəlilin əsərləri
içərisində ən aktualı məhz bu əsərdi.
Bir əsərdə ki, millətə yol göstərirlər,
bir ailədən söhbət gedir... Şübhəsiz
həmin ailə Azərbaycan cəmiyyətinin obrazı kimi
götürülüb Cəlil Məmmədquluzadə tərəfindən.
Və həmin cəmiyyətdə gedən proseslər, yəni,
hərə bir yana dartmaq -biri bir xalqın ənənəsini
yaşatmaq istəyir, digəri başqasının. Nicat yolunu bunda görürlər. Kimsə Qərbə
doğru meyllidir... Bu əsərdə
gördüm ki, Cəlil Məmmədquluzadə sonda çox
cəsarətli addım ataraq başqa meylli kitabları
yandırır. Gülbaharın əli ilə.
Təkcə "ana kitabı"nı saxlayır.
Biz nə qədər Qərbə inteqrasiya eləsək
də, nə qədər Qərbə meylli olsaq da, mədəniyyətimizin
kökünü yenə də öz köklərimizdə
axtarmaq lazımdır. Bizim belə
meyarlarımız ola-ola niyə Qərbə meylli
olmalıyıq? O tamaşa çox maraqlı
alındı. Gözəl oyunlar tapıldı.
Finalı elə məşq prosesində yarandı: ana öləndən
sonra elə bil ki, övladlarının gözləri tutulur. Artıq yollarını itirirlər. Səhnədə tüstü verilir. Bütün qardaşlar yol axtarırlar. Bir-birilərinə deyirlər ki, "mən yolu
görmürəm, yol hardadı?" Bu, məcazi
simvolik mənada verilib. Mirzə Cəlilin
ideyasında var. O ideyanı, o sonluğu mənə verən
Mirzə Cəlilin "Tüstü" felyetonu oldu. Orda hər yanı cəhalət, ruhaniyyət
tüstüsü bürüyür. O tüstü mənə
imkan verdi ki, belə bir səhnəni
işləyim. Çox maraqlıdır, deyirdilər
ki, bu tamaşa iki-üç tamaşadan artıq getməyəcək.
Amma artıq üçüncü ildir ən
çox oynanılan tamaşalar sırasındadı.
Müəlliflər
var ki, elə bil rejissorun kumirinə çevrilirlər. Əsrin ideyası o qədər ləzzət verir
ki, rejissor əvvəldən axıra qədər o əsərdən
əl çəkə bilmir. Və onun bir
neçə variantını axtarır. Bizim
böyük mütəfəkkirimiz, Azərbaycan peşəkar
teatrının banisi Mirzə Fətəli Axundzadənin
"Müsyo Jordan və dərviq Məstəli şah" əsərini
ilk dəfə institutda oxuduğum dövrdə -sonuncu kursda
qoymuşam. Tədris Teatrının
aktyorlarından istifadə etmişdim. O zaman
Gürcüstana sel gəlmişdi, Azərbaycan kəndlərini
yuyub aparmışdı. Biz xeyriyyə
tamaşası kimi iki-üç gün gedib Gürcüstanda
oynadıq. Və o vaxtdan o əsərə
vuruldum. Düzdür, əsər Tədris
Teatrında hazırlandığına görə hardasa tələbə
teatrı kimi gedib, çox mahiyyətinə
varmamışdıq. Tamaşanı
olduğu kimi qurmuşduq. Şübhəsiz,
orda simvolik ideyalar da var idi.
(davamı var)
Namiq MƏMMƏDLİ
Ekspress.-2015.- 10-12
yanvar.- S.19.