"Azərbaycan teatrında rejissor qıtlığı var"

 

Firudin Məhərrəmov: "Əgər güclü müəllim-pedaqoq-rejissor yoxdursa, güclü tələbə hardan olsun?!."

 

Əməkdar artist, Sumqayıt Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov Azərbaycanın barmaqla sayılacaq sanballı rejissorlarındandır. Belə rejissorların yetişməsi üçün bəlkə də 20-25 il vaxt gərəkir. O, Vasili Şukşinin "Diribaş adamlar", Kiplinqin "Özxoşuna yaşayan pişik", "Hamlet", Cəfər Cabbarlının "Aydın", Con Qolsoursinin "Birincilər və sonuncular", Yucin Onilin "Qarağaclar altında məhəbbət" əsərlərinə quruluş verib, Çingiz Aytmatovun "Dəniz kənarında qaçan alabaş" povesti əsasında "Ümid sahili", Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", "Anamın kitabı" əsərləri, Hidayət Orucovun "Burdan min atlı keçdi" və s. əsərləri əsasında eyniadlı tamaşalar qoyub. Bu tamaşalar dövlət televiziyasının "Qızıl fond"unda saxlanılır, bir sıra müsabiqələrin qalibi olub, tamaşaçıların rəğbətini qazanb.

   F.Məhərrəmov, eləcə də, 5 pyesin tərçüməçisi, 5 pyesin isə müəllifidir. Onun ssenarisi əsasında bir çox film və seriallar çəkilib. Bunlardan "İynə-sap" (2 hissəli), "Şans" (2 hissəli), "Yanmış körpülər" (25 seriya), "Susmuş vicdan" (50 seriya), "Qağayı" (12 seriya) film və serialları göstərmək olar.

   Həyatını teatra həsr edən sadə, səmimi, vətənpərvər insan olan Firudin Məhərrəmovla görüşüb sənət haqda düşüncələrini öyrəndik, gələcək planları barədə söhbət etdik.

       - Sonradan bir neçə dəfə də "Müsyo Jordan və dərviş Məstəli Şah"a müraciət etdiniz...

   - Sumqayıt Teatrında işlədiyim müddətdə -iki-üç ildən sonra yenə bu əsərə müraciət eləməli oldum. Həm də ona görə ki, Sumqayıt Teatrının əsası 1969-cu il martın 14-də bu tamaşa ilə qoyulub, teatr bu tamaşa ilə pərdələrini açıb.

   Mən bu əsəri işləyəndə, artıq başqa şeylər gördüm. Həmin dövrdə söhbət Qarabağ torpağından getdiyinə görə mənə maraqlı idi. Əsərdə söhbət gedir ki, hadisələr Novruz ərəfəsində Qarabağ torpağında vaqe olur. Qarabağın o vaxt Rus quberniyasının tərkibində olmağı... Elə bil ki, Azərbaycanın Sovetlər Birliyindən çıxmaq teması gəlib çıxırdı... Mən orda cəsarətlə rus jandarmlarını verdim. Göstərdim ki, Qarabağ necə rusların əsarəti altında olub. Tamaşaya əcinnələr obrazı əlavə etdim. Mirzə Fətəli Axundovun verdiyi gözəgörünməyən əcinnələri mən obraz kimi atdım. Hardasa altı aktyor əcinnələri oynayırdı. O əcinnələr, elə bil ki, mühiti qaynadırdılar. Necə ki, Parisdə inqilab olanda inqilabçılar ölkəni qaynadırdılar... Bunun bir ayağı da Parislə bağlıdı. Parisdə inqilabı gənclər -dəliqanlılar başladı. Tamaşada da əcinnələr rəmzi mənada, doğrusu, bir qrotesk kimi, elə bil, o inqilabçıların rolunu oynadı. Qızışdırdılar ki, Azərbaycan o rus əsarətindən çıxsın... Belə bir rəng verdik tamaşaya. Amma sonda da belə bir ideya gəldi beynimizə: bu inqilabçıların çoxunu, ən fəallarını güllələyib öldürüblər. Tamaşanın əvvəlində olan rus jandarmları da sonda əcinnələri güllələyib öldürürlər...

   Biz Sumqayıt Teatrının 25 illiyində də o əsərdən istifadə elədik. 1998-ci ildə Gürcüstanda "Qızıl maskarad" Teatr Festivalı keçirilidri. Biz orda o tamaşanı oynadıq. Tamaşa "Klassik əsərlər üzərində maraqlı eksperiment" diplomuna layiq görüldük.

   - Müsyo Jordan"ı Amerikada da tamaşaya qoymusunuz. Orada necə alındı?

   - Məni Amerikaya dəvət edəndə, onlara "Müsyo Jordan" tamaşasını təklif elədim. Oynaqlığına və etnoqrafik marağına görə. Əgər bir xarici ölkədə tamaşa qoyursansa, şübhəsiz ki, onun geyimlərini də, etnoqrafiyasını da orda göstərməlisən. Mən orda Azərbaycan Assosiasiyasının rəhbərliyi ilə görüşdüm. İki ay yarım orda qaldım. Məqsəd Nyu York şəhərində Azərbaycan teatrının yaranması idi. Peşəkar aktyorlar yoxdu. Biz ordakı azərbaycanlılardan obraza uyğun olanlarını seçdik. Onlar iş adamı idi. Bu səbəbdən də axşamlar məşqlərə başlayırdıq. Səhərə qədər işləyib ay yarıma tamaşanı təhvil verdik. Bizimlə yenə əlaqə qurmaq istəyirlər. Sumqayıt Musiqili Dram Teatrı ora dəvət alıb. Növbəti tamaşa Üzeyir Hacıbəyovun əsərlərindən olacaq. Onlara parixlər, bığ, saqqal, tamaşa diskləri və əsərlər göndərmişik. Yəqin ki, bu yaxınlarda Amerikaya səfər olacaq.

   - Professional rejissor kimi aktyorlarla necə işləyirsiniz?

   - Təhsilimi Mehdi Məmmədovdan almışam. O cür sənətkarlar iş prosesində aktyorlara böyük önəm veriblər. Aktyor yetişməsə, obrazı tamamlamasa, onu səhnəyə buraxmırdılar. Mən aktyorlara sərbəstlik verməyi xoşlayıram. Aktyor var, rejissoru aldadır ki, guya obrazı başa düşüb. Amma həqiqətdə həmin obraz tamaşaçı ürəyinə yol tapmır. Aktyor obrazın xəttini sona qədər başa düşməlidir. Aktyorun savadı olmalıdır ki, rejissorun tələblərinə əməl edə bilsin. Belə aktyorlar teatrlarda çox azdır. Rejissor nə deyir, aktyor "baş üstə" deyir. Əgər aktyor obrazı məşq edəndə narahatdırsa, mən məşqi saxlayıb onu narahat edən cəhətləri soruşuram. Xoşlayıram ki, aktyor bu cəhəti tapıb desin, bir fikrə gələk. Belə olanda, obraz düzgün təqdim edilir.

   - Bu yaxınlarda tanınmış ictimai xadim, dramaturq, şair Hidayət Orucovun ssenarisi əsasında quruluş verdiyiniz "Burdan min atlı keçdi" tamaşasına baxdım. Son illərin ən aktual, ən uğurlu və yüksək səhnə quruluşuna malik olan bu tamaşa barədə nə deyərdiniz?

   - Bu tamaşa Hidayət Orucovun yazdığı xatirə-oçerk əsasında yaranıb. İlk dəfə oçerk mənə verildi. Hansılarının səhnəyə uyğun gəldiyi barədə düşündük. Məhz həmin səhnələr üzərində pyes yazıldı. Həmin pyesdə Hidayət özünün ədib obrazını yaradıb. O, 16 il İrəvan Dram Teatrına rəhbərlik edib. Həmin dövr azərbaycanlıların İrəvanda erməni şovinizmi ilə mübarizəsindən bəhs edir. Hələ Sovet bayrağı ermənilərin başının üstündə idi. Onlar açıq-saçıq mübarizəyə girişmirdilər. Amma canlarındakı şovinizm azərbaycanlıların uğurlarını qəbul edə bilmirdi. Onları bu narahat etdiyi üçün müxtəlif mübarizə üsullarından istifadə edirdilər. Ən maraqlı cəhət də ondan ibarətdir ki, ulu öndərin obrazı göstərilir. Faktlara əsaslanan əsərdə o dövrdə Heydər Əliyevin İrəvanda azərbaycanlıları necə müdafiə etməsindən, onların taleyi ilə maraqlanmasından, fəaliyyətlərinə kömək etməsindən bəhs olunur.

   Tamaşanın çətin bir strukturu var idi. On iki məkandan ibarət səhnə əsərini səhnədə qurmaq praktiki baxımdan çox çətindir. Qərara aldım ki, səhnəni iki yerə bölək. Bölünən hissə həm arxa planda növbəti məkanın qurulmasına xidmət etsin. Həm də tamaşa gedə-gedə ikinci hadisələri arxadan işıq verməklə tamaşaçılara göstərmək mümkün olsun. Bu forma özünü doğrultdu. Kölgə vasitəsilə verilən səhnələr tamaşaya bir dinamika verdi. Siyasi motivli əsərin tamaşaya qoyulması həmişə çətinlik törədib. Ona görə burda bütün siyasi dialoqları gərgin dramatik fonda işləməyi qarşıma məqsəd qoydum.

   - Bu yaxınlarda "Azdrama"da tamaşaya qoyulan "Qatil" tamaşası açıq-saçıq səhnələrə görə böyük səs-küyə səbəb oldu. Siz də "Qatil" tamaşasına qurluş verən rejissorlardansınız...

   - Mən ilk dəfə "Qatil" tamaşasına Türkiyə teatrının aktyorlarının ifasında baxmışam. Bu tamaşa başqa bir estetika ilə qurulmuşdu. Onun rejissoru Məlahət Abbasova idi. Onunla bir vaxtda oxumuşuq -mən rejissorluq, o, aktyorluq kursunda. Bu tamaşanın tərtibatı xoşuma gəldi. Maraqlı aktyor oyunları var idi. Özüm bu tamaşanı quran bir rejissor kimi çox çalışmışam ki, dramatik situasiyanı, obrazların mahiyyətini müəllif və həyat məntiqinə uyğun açım.

   "Azdrama"da qoyulan "Qatil" tamaşasının da özünün estetik və ideya prinsipləri var. Müqayisə etmək fikrində deyiləm. Zövqlər müxtəlifdir. O tamaşanı quran rejissorun öz dünyagörüşü var. Hadisələrə münasibəti tamam başqadır. İdeyasını həmin səhnədə başqa cür təcəssüm etdirir. Açıq-saçıqlığı qəbul edən də var, etməyən də. Mehribanın tamaşasından söhbət gedirsə, o, rəngarəng, dramatik səpkili bir tamaşa meydana çıxarıb. Amma mənim məntiqim tamam başqadır. Mən 43 yaşlı müəllimənin o cür səhnələrə belə tez hazır olduğunu görə bilmirəm. Bu qadın ömrü boyu öz aləminə qapanan, daim kitablar arasında, öz peşəsinin vurğunu olan bir müəllimədir. Ona görə mənim məntiqimlə, o qadında komplekslər olmalıdır. Və əsərdə də müəllif məhz bu məntiqi göstərib. Səhnədə müəllimənin döyülməsi, əzabvermə səhnələri var. Mən bu əzabı fiziki əzab kimi görə bilmədim. Müəlliməni tamaşaçının gözü qarşısında döymək, sürümək yox, onu mənən yaralamaq mənim üçün tamaşada önəmli idi. Hətta tamaşada müəllif məntiqi var. Gənc kişi müəllimə ilə mübahisə zamanı belə bir ifadə işlədir: "Səni söyürəm, döyürəm? Nə edirəm ki, sənə?" Onu döymək, söymək yox, mənəvi işkəncə vermək ideya baxımından doğru olardı.

   Tamaşadakı erotik səhnələrdən söhbət düşmüşkən, demək istəyirəm ki, mən əsərin qəhrəmanlarının bir yerdə olduqları səhnəni çox mübhəm, hətta səhnə yox, kölgə vasitəsilə göstərmişəm. Davamını isə tamaşaçıların öz təxəyyülünə buraxmışam.

   - Bir rejissor kimi, Azərbaycanda rejissor qıtlığı hiss edirsinizmi?

   - Azərbaycan teatrlarında rejissor qıtlığı problemi var. Bunu həm zamanla, həm də klassik teatr məktəbinin getdikcə zəifləməsi ilə əlaqələndirirəm. O müəllimlər ki, pedaqoq-rejissorlar ki, var idi vaxtilə, indi demək olar, yox dərəcəsindədir. Əgər güclü müəllim-pedaqoq-rejissor yoxdursa, güclü tələbə hardan olsun? Azərbaycan teatrında böyük pedaqoq-rejissorlar olub: Mehdi Məmmədov, Ağakişi Kazımov, Nəsir Sadıqzadə, Azərpaşa Nemətov, Vaqif İbrahimoğlu və başqaları. Onlardan bir neçəsi dünyasını dəyişib. Qalanları isə Azərbaycan teatr mühitinə gələcək teatr rejissorları yetişdirmək üçün çox azlıq təşkil edir. Əsas problem budur.

   İkincisi, zaman dedim. Zamanın tələbləri bu saat başqa estetikanı diqtə edir. Sürətli oynaqlıq və əyləncə kimi məfhumlar. Bu, teatra da sirayət edib. Gənc rejissorlar çox zaman özlərini bu tələblərə uyğun formalaşdırırlar. Ona görə də teatrın sanbalı, klassikliyi getdikcə aşağı yuvarlanır, səviyyə enir.

   - Yaxın vaxtlara kimi Sumqayıt Dram Teatrında durğunluq və sönüklük hiss olunurdu. İndi vəziyyət necədir?

   - Teatrımızda çox aktual, dinamik bir iş gedir. Teatr ardıcıl olaraq həm planlı, həm də repertuardankənar tamaşalar hazırlamaqla məşğuldur. Baş rejissor kimi, mənim işim teatrdakı yaradıcı mühiti ayaqda saxlamaq, sönməyə qoymamaqdı. Amma yaradıcı adama bu işi yüksək səviyyədə görmək üçün münbit şərait yaradılmalıdı. Teatrın yeni təyin olunmuş direktoru İsalm Həsənov bu şəraiti yaratmağa qadir olan direktorlardandı. O, təkcə münbit şərait yaratmaqla kifayətlənmir, həm də yaradıcı adamları yeni ideyalara sövq edir. Bu baxımdan teatrımızın gələcəyini uğurlu görürəm.

   - Hansı planlarınız var, hansı arzularla yaşayırsınız?

   - Arzular tükənməzdir. İstərdim ki, bütün arzularım yerinə yetsin. Bu isə mümkün deyil. İkinci də, arzu bitəndə, həyat bitir. Rejissorun arzusu ən çox peşəsi ilə bağlı olur: planda nəzərdə tutduğu tamaşaları yüksək səviyyədə qura bilsin. Həmin tamaşaları tamaşaçının yaddaşına əbədi həkk etdirə bilsin. Əgər tamaşaçı sənin qurduğun tamaşanı 5-10 gündən sonra yaddan çıxaracaqsa, bu artıq sənin faciəndir. Ona görə çalışıram ki, tamaşalarım uzunömürlü olsun. Şəxsi həyat arzularımı hələ ikinci plana atmışam...

 

  əvvəli var

 

Namiq MƏMMƏDLİ

Ekspress.-2015.- 13 yanvar.- S.15.